Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-242/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(105)-33/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Mirzəyev (sədrlik edən), Elçin Məmmədov və Nürəddin Hüseyinli) 17 oktyabr 2024-cü il tarixli 1(124)-632/2024 nömrəli hökmü ilə 11 iyul 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 3 azyaşlı uşağı olan, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM- in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs 3 noyabr 2023-cü il tarixədək olan müddət ərzində digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək ölkə ərazisində satışını həyata keçirmək barədə razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvü 2 bükümdə, külli miqdarda 197,382 qram heroin narkotik vasitəsi və 3 bükümdə, külli miqdarda 975 qram metamfetamin psixotrop maddəsini Azərbaycan Respublikasına göndərmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərinə “PB” yazılmış, 44 ölçülü, alt hissəsi ağ, üst hissəsi qara rəngdə olan bir cüt ayaqqabının tərliklərinin altına sol tayına 1 bükümdə külli miqdarda 310 qram, sağ tayına isə 1 bükümdə külli miqdarda 325 qram olmaqla metamfetamin psixotrop maddəsini, üzərində “Prada” yazılmış, 42 ölçülü, qara rəngli bir cüt ayaqqabının tərliklərinin altına isə sol tayında 1 bükümdə külli miqdarda 340 qram metamfetamin psixotrop maddəsi, sağ tayında 1 bükümdə külli miqdarda 192,6 qram heroin narkotik vasitəsi olmaqla yerləşdirmiş, həmin ayaqqabıları 1 bükümdə külli miqdarda 4,782 qram heroin narkotik vasitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindən Bakı şəhərinə hərəkət edən avtobusla 02.11.2023-cü il tarixdə saat 20 radələrində X1 Buraxılış Məntəqəsindən birlikdə keçən Məhkum və Təqsirləndirilən şəxs İran İslam Respublikasının Culfa şəhərində vermiş, onlar da öz növbələrində qeyd edilən külli miqdarda psixotrop maddə və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında istintaqa məlum olmayan yerdə qrupun digər üzvlərinə və ya sonuncunun tapşırığı ilə cinayətkar qrupun digər istintaqla müəyyən edilməmiş üzvünə təhvil vermək üçün qanunsuz olaraq tamah və satış məqsədi ilə qəsdən əldə etmiş, 1 bükümdə külli miqdarda 4,782 qram heroin narkotik vasitəsini Məhkum üzərində, içərisində ümumilikdə külli miqdarda 635 qram psixotrop maddə gizlədilmiş ayaqqabını Təqsirləndirilən şəxs ayağına geyinməklə saxlamış, 340 qram metamfetamin psixotrop maddəsi və 192,6 qram heroin narkotik vasitəsi gizlədilmiş ayaqqabını isə sonuncunun anası X2 ayağına geyindirməklə, həmin külli miqdarda psixotrop maddə və narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına, 3 noyabr 2023-cü il tarixdə saat 6 radələrində Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin Biləsuvar rayonu ərazisində yerləşən 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və həmin gün gömrük əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və X2 tətbiq edilmiş yoxlama və baxış nəticəsində 1 bükümdə, külli miqdarda 192,6 qram heroin narkotik vasitəsi və 3 bükümdə, külli miqdarda 975 qram metamfetamin psixotrop maddəsi gizlədildiyi ayaqqabıların içərisindən aşkar edilərək götürülmüş, Məhkum isə üzərində saxladığı və Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirdiyi 1 bükümdə külli miqdarda 4,782 qram heroin narkotik vasitəsini Biləsuvar rayonundan Bakı şəhəri istiqamətində daşıyaraq Abşeron rayonu, Ə. Vahid küçəsində yerləşən “Tri Palma” adlı mehmanxananın 6-cı otağındakı sanitar qovşağının qapısının üst hissəsində saxlamış, 8 noyabr 2023-cü il tarixdə, saat 2 radələrində həmin ünvana keçirilmiş baxış nəticəsində qeyd olunan narkotik vasitə də gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Elman Əhmədov) 14 yanvar 2025-ci il tarixli 1(105)-33/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 1(124)-632/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi Abışov İsmayıl Abış oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(105)-33/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı məhkəmələrin gəldikləri nəticə cinayət qanunvericiliyi normalarının tələbləri ilə yanaşı, Konstitusiyada, prosessual qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına da uyğun olmamışdır. Hazırkı iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında isə məhkəmələr ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətməsi, yəni cinayətin obyektiv cəhətinə aid hərəkətlər etməsi barədə düzgün və bu əməlin subyektiv cəhətinin də sübuta yetirilib yetirilməməsi ilə bağlı hər hansı əsaslandırma aparmamış, bu cəhət üzrə sübutlarla qanuna müvafiq qaydada, yəni mötəbərlilik, mənsubiyyət və mümkünlük üzrə qiymət verilməmiş və nəticədə onun törətdiyi əməli düzgün tövsif etməyərək, bununla da CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. İşə mahiyyəti üzrə baxılarkən məhkəmələr də ibtidai istintaq orqanının təqdim etdiyi sübutlardan əlavə başqa sübutlar əldə etməmiş, yalnız ittiham aktında təsvir edilmiş sübutları araşdırmaqla kifayətlənmiş və qəbul etdikləri yekun məhkəmə aktlarında onu narkotik vasitəni əldə etmə, saxlama, daşıma əməlinə münasibətdə həmin əməldə məhz CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması üzrə heç bir əsaslandırma aparılmamışdır. Məhkum qeyd etmişdir ki, onun qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına, respublikanın gömrük sərhədindən, gömrük nəzarətindən, gizli qaçaqmalçılıq yolu ilə keçirməklə ölkə ərazisində satışını həyata keçirmək barədə və ya razılığa gəlmək, cinayətkar qrupun üzvləri arasında əlaqə yaradılması və ya hər hansı bir hərəkətlərin edilməsini sübuta yetirən mötəbər sübutlar mövcud deyildir. Məhkəmə iclaslarında da bu kimi halları təsdiq edən əsaslar mövcud olmamış, belə olduğu halda belə instansiya məhkəmələri qanuna müvafiq hökm və ya qərar qəbul etməkdən yayınmışlar. Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması instansiya məhkəmələrinin iclaslarında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, cinayət işi materialları, çoxsaylı şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tamamilə uyğunsuzdur və bununla da sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum Məhkum öz kassasiya şikayətində qeyd etmişdir ki, onun tərəfindən ittihamda göstərilən cinayət əməllərinin törədilməsi mötəbər sübutlarla təsdiq olunmamış, lakin buna baxmayaraq məhkəmələr əsassız olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi istintaq orqanının təqdim etdiyi sübutları – digər məhkum Təqsirləndirilən şəxs, şahidlər şahid1, K.İ.İsayevin, Ü.şahid3nın, A.müdafiəçi3anın və şahid4 ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertizaların rəylərini məhkəmə istintaqı zamanı tədqiq etmiş və nəticəyə gəlmişdir ki, həmin sübutlarla məhkum Məhkum tərəfindən hökmün təsviri hissəsində göstərilən əməllərin törədilməsi və onun əməlində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətlərinin mövcudluğu tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tövsiyyələrinə riayət etmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin qanunun yuxarıda qeyd edilən normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edilmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum Məhkum birinci instansiya məhkəməsində irəli sürülən ittihamda özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam təsdiq edilir. İş materiallarından görünür ki, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılmış və onların nəticələri qanuna uyğun protokollaşdırılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işin hallarını və yuxarıda qeyd edilən Plenum Qərarlarının izahlarını nəzərə alaraq hesab edir ki, Məhkum narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmiş və onun əməlinin CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi barədə işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum həmçinin kassasiya şikayətini onun törətdiyi cinayətlərinin ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsi ilə əlaqədar vermişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın əsaslığını yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri tövsif edərək ona CM-in 206.3.2-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkum Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanı əsaslı hesab etsə də, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanı ədalətli hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin maddə ilə nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Birinci instansiya məhkəməsi Məhkum himayəsində üç azyaşlı uşağın olmasını, habelə həyat yoldaşının III qrup müddətsiz əlilliyi olmasını Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası göstərilən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmadığından, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə sanksiyanda nəzərdə tutulmuş daha aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun islah olunmasını, habelə cəzanın qanunla müəyyən edilmiş məqsədlərinə nail olunmasını təmin edəcəkdir. Buna görə də məhkəmə kollegiyası məhkum Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə daha yüngül cəza təyin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(105)-33/2025 nömrəli qərarının dəyişdirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli 1(105)-33/2025 nömrəli qərarı dəyişdirilsin. Məhkum Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum hazırkı qərarla Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2ci maddəsi ilə təyin edilmiş cəzaları qismən birləşdirilməklə Məhkum qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-242/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-242/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver