Məhkəmə qərarları › İş №1(1-8)-243/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-243/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-243/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2025-ci il tarixli hökmündən məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli 1(099)-11/2024 nömrəli (hakimlər: Əhmədov Vüqar Ikram oğlu (sədrliyi ilə), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə # #### 1970-ci ildə x rayonunun, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, x rayonunun x kəndində qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, onun CM-in 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 19 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, yaşadığı ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad Ibiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əhmədov Ismayıl Həmid oğlundan ibarət məhkəmə tərkibində) 12 dekabr 2024-cü il tarixli 1(106)-713/2024 nömrəli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs münasibətdə ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, Məhkum Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmələrinə dair müddəalar hökmündən xaric edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və onun saxlanıldığı Umbakı Penitensiar müəssisəsindən dərhal həbsdən azad olunması müəyyən edilmiş, hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin Isgəndər oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində) 8 may 2025-ci il tarixli 1(106)-429/2025 nömrəli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü Məhkum CM-in 32.5,206.2-ci maddələri ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə Məhkum ittiham olunduğu CM-in 32.5,206.3.2ci maddəsi ilə bəraət verilmiş, Məhkum üzərində hökmlə ona təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmdən Məhkum CM-in 32.5,206.2-ci maddəsi ilə cəza təyin edilməsinə, həmçinin CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin həmin hökmündən məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş «x» adı ilə tanıdığı Iran Islam Respublikası vətəndaşı olan şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda psixotrop maddə və narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən Iran Islam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək Biləsuvar rayonu, x kəndi ərazisində yerləşən əkin sahəsində gizlədilmiş bir ədəd çantanın içərisində olan külli miqdarda, 5710 (beş min yeddi yüz on) qram narkotik vasitə tiryək, külli miqdarda 470 (dörd yüz yetmiş) qram narkotik vasitə heroin, külli miqdarda, yəni 1965 (bir min doqquz yüz altmış beş) qram psixotrop maddə metamfetamin, külli miqdarda, yəni 500 (beş yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda, yəni 88,0 qram narkotik vasitə metadonu əldə etmək məqsədilə külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair Təqsirləndirilən şəxs ilə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 18 oktyabr 2022-ci il tarixdə saat 13:30 radələrində sonuncunun idarə etdiyi «VAZ-2109» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin içərisində olduğu bir ədəd idman çantasını gizlədildiyi yerdən götürüb, avtomobilin arxa oturacağının üzərinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, DSX-nin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin 2ci sərhəd komendatının əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Məhkum dayanmaq əmri verilməsinə baxmayaraq, onlar əkin sahəsindən qaçaraq narkotik vasitənin götürüldüyü yerdən uzaqlaşmış, daha sonra həmin şəxslərin saxlanılmasında köməklik göstərilməsi üçün RPŞ-nə daxil olmuş müraciət əsasında Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2109» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Sərhəd yolu ilə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olarkən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən sürücüyə «saxla» işarəsi verilmiş, lakin Təqsirləndirilən şəxs həmin avtomobillə Ələt-Astara yolu ilə Cəlilabad rayonu istiqamətində hərəkət etmiş, daha sonra isə avtomobili Biləsuvar rayonu Aşağı Cürəli və Əsgərabad kəndləri ərazisində hərəkət etdirərək Astara-Ələt yolunun Biləsuvar rayonu ərazisinə çıxaraq hərəkətinə davam etmiş, yalnız həmin avtomobil Biləsuvar rayonu ərazisində yerləşən “x” ovçuluq təsərrüfatı ərazisinə su kanalına düşdükdən sonra avtomobillə irəli getmək imkanları tükəndiyinə görə avtomobili saxlamış, bundan sonra Məhkum içərisində külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə olan çantanı götürərək həmin yerdən uzaqlaşmış, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılanaraq DSX-nin əməkdaşlarına təhvil verilmiş, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 19 oktyabr 2022-ci il tarixdə saat 02:35 radələrində Məhkum Biləsuvar rayonu, Əsgərabad kəndi ərazisində, əkin sahəsinə çəkilmiş su kanalının üzərində quraşdırılmış 6-cı su tənzimləyici qurğunun yaxınlığında əlindəki idman çantası ilə birlikdə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra həmin çantaya baxış keçirilərkən çantanın içərisindən 6 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1240 (bir min yüz qırx) qram, 505 (beş yüz beş) qram, 980 (doqquz yüz səksən) qram, 1125 (bir min yüz iyirmi beş) qram, 680 (altı yüz səksən) qram və 1180 (bir min yüz səksən) qram olmaqla ümumilikdə külli miqdarda, 5710 (beş min yeddi yüz on) qram narkotik vasitə tiryək, bir ədəd sellofan bağlamada külli miqdarda, yəni 470 (dörd yüz yetmiş) qram narkotik vasitə heroin, iki ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 (doqquz yüz doxsan) qram və 975 (doqquz yüz yetmiş beş) qram, ümumilikdə külli miqdarda, yəni 1965( bir min doqquz yüz altmış beş) qram psixotrop maddə metamfetamin, bir ədəd sellofan bağlamada külli miqdarda, yəni 500 (beş yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 220 (iki yüz iyirmi) ədəd konvalyutun hər birində 10 (on) ədəd olmaqla ümumi sayı 2200 (iki min iki yüz) ədəd, külli miqdarda ümumi təsiredici miqdarı 88,0 (səksən səkkiz) qram olan metadon həbləri aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirli bilindiyi cinayət işi ilə əlaqəli barəsində qəbul edilmiş hökmlər əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində kobud qanun pozuntularına yol verilmiş, işin halları hissəsində təsviri verilən hərəkətlərin tələblərindən, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və həmin Məcəllənin ümumi hissəsinin müddəalarından çıxış edərək, əməldə CM-in ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətin tərkibinin olmasını sübuta yetirilməsində bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların, yəni CM-in 42.1ci maddəsində təsbit edilmiş halların əsaslı olmasına dair nəticəyə gəlməkdən yayınmışdır. Istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi hökmlərində satış məqsədinin olması qanunla müəyyən edilmiş qaydada əsaslandırmamış, bununla bağlı məhkəmənin istinad etdiyi sübutlar göstərilməmişdir. Hazırkı işin hallarından görünür ki, narkotik vasitələrin onun tərəfindən satılacağını təsdiq edən heç bir sübut mövcud deyildir. Hər hansı istehlakçı ilə satışla bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə onda narkotik vasitə və psixotrop maddə ilə bağlı heç bir avadanlıq və onun gələcəkdə narkotik vasitəni satmaq məqsədilə əldə etməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Törədilmiş əməlin hüquqi tövsifi ilə bağlı məhkəmələrin gəldiyi nəticə cinayət qanunvericiliyinin normalarının tələbləri ilə yanaşı, konstitusiyada, prosessual qanunvericilikdə və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş cinayət mühakimə icraatının prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına da uyğun olmamışdır. Bu baxımdan irəli sürülmüş ittiham üzrə göstərilən növdə və miqdarda narkotik vasitəni satış məqsədilə əldə edərək saxlama və daşıma cinayətini törətməsi barədə məhkəmələrin gəldiyi nəticəyə dair hökmlər yalnız ehtimallara əsaslanmış və belə nəticə istər ayrı-ayrı sübutlarla, istərsə də onların məcmusu ilə təsdiq edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, təqsirli bilindiyi cinayət işi üzrə barəsində verilmiş hökmlər tam, hərtərəfli və obyektiv araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, əməlindən peşman olduğunu bildirib, ona verilən cəzanın azaldılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2025-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz hökmlər qəbul edildiyi, məhkəmələr tərəfindən əməlinin düzgün tövsif edilmədiyi iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2025ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2025-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkum Məhkum verilmiş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı hissəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959- IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə cinayət əməlini törətməsinin onun özünün verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şahid6, şahid2, şahid11, şahid3, şahid4, X6, şahid5 və s. ifadələri, Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran Regional Bölməsinin 19.10.2022-ci il tarixli 19/1099 nömrəli ekspert rəyi, “təqsirləndirilən şəxs Məhkum məxsus mobil telefona baxış keçirilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli protokol, “xxxx” MMC-nin 29.12.2022-ci il tarixli 27493 nömrəli məktubu, 01.12.2022-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 21.11.2022-ci il tarixli 1200 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə tam təkzib olunduğundan əsassız hesab edilməlidir. Iş materiallarından görünür ki, Məhkum CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinməsi yalnız ehtimallara deyil, bir-biri ilə uzlaşan çoxsaylı sübutların məcmusuna əsaslanmışdır. Birinci instansiya və apellyasiya məhkəmələri CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında qiymətləndirərək əsaslı nəticəyə gəlmişlər ki, məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində açıq şəkildə göstərmişdir ki, “18 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində X ona zəng edərək Biləsuvar rayonu ərazisində içərisində narkotik vasitə olan çanta gizlədilməsini, həmin çantanı aparıb Salyan rayonu, x kəndi ərazisində deyəcəyi şəxsə verməsini istəmiş, bunun əvəzində isə ona 200-300 qram narkotik vasitə heroin verməyi təklif etmişdir. O da düşünmədən X-in bu təklifini qəbul etmişdir.” Həmin ifadədən aydın görünür ki, məhkum narkotik vasitələrin sadəcə istifadəçisi deyil, onların müəyyən ünvana çatdırılmasını üzərinə götürmüş şəxs olmuş, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsində bilavasitə iştirak etmişdir. O, eyni zamanda ifadəsində qeyd etmişdir ki, Biləsuvar rayonu, x kəndi ərazisində yerləşən əkin sahəsində “bir ədəd qara rəngli çantanı tikan kollarının arasından götürüb avtomobilə qoymuş”, daha sonra polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Bu hal onun törətdiyi əməlin hüquqazidd xarakterini əvvəlcədən dərk etdiyini və məsuliyyətdən yayınmağa çalışdığını təsdiq edir. Cinayət işinin materiallarına əlavə olunmuş 01.12.2022-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokol da həmin halları obyektiv şəkildə təsdiqləyir. Həmin protokoldan görünür ki, “DSX və Biləsuvar RPŞ əməkdaşları tərəfindən sürücüyə avtomobili saxlamaq işarəsi verilsə də, sürücü həmin əmrə tabe olmamış, müxtəlif istiqamətlərdə hərəkət etməklə polis əməkdaşlarından yayınmağa çalışmış, hətta DYP avtomobilinə çırpılmış və son nəticədə avtomobil su kanalına düşdüyü üçün dayandırılmışdır.” Bu davranış təsadüfi şəxsin deyil, qanunsuz fəaliyyətlə məşğul olduğunu bilən şəxsin davranışıdır. Məhkumun özü də ibtidai istintaq zamanı “çantanı özü ilə götürüb avtomobildən uzaqlaşdığını, təxminən 50-60 metr getdikdən sonra çantanı su kanalına atdığını” etiraf etmişdir. Narkotik vasitələrin su kanalına atılması onların hüquq-mühafizə orqanlarından gizlədilməsi məqsədinə xidmət etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 19/1099 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Məhkum daşıdığı çantadan “ümumilikdə 5710 qram tiryək, 470 qram heroin, 1965 qram metamfetamin, 500 qram qurudulmuş marixuana və 2200 ədəd metadon həbi” aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitələrin miqdarı və müxtəlifliyi onların şəxsi istifadə üçün deyil, məhz satış və qanunsuz dövriyyə məqsədilə əldə olunmasını birmənalı təsdiq edir. Məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, bir narkotik istifadəçisinin şəxsi istifadəsi üçün eyni vaxtda bu qədər müxtəlif növdə və xüsusilə külli miqdarda narkotik vasitə saxlaması həyat təcrübəsi və məntiq baxımından inandırıcı deyildir. Bundan əlavə, məhkumun özü ifadəsində narkotik vasitələri daşımasına görə “200-300 qram heroin” alacağını bildirmişdir ki, bu da onun narkotik vasitələrin qanunsuz dövriyyəsində maraqlı şəxs olduğunu göstərir. Məhkumun mobil telefonuna baxış keçirilməsi haqqında 26 oktyabr 2022-ci il tarixli protokol da onun Iran Islam Respublikasında olan şəxslərlə intensiv əlaqədə olduğunu təsdiqləmişdir. Protokolda göstərilmişdir ki, onun telefonunda Iran mobil operatorlarına məxsus çoxsaylı nömrələr qeydə alınmış, həmin nömrələrdən “salam qardaş”, “mənə zəng vur”, “cavab ver” kimi mesajlar göndərilmiş, həmçinin “WhatsApp” proqramında Iran nömrələri ilə davamlı yazışmalar və əlaqələr müəyyən edilmişdir. Bundan əlavə, telefonun yaddaşında müxtəlif şəxslərə pul köçürmələrini təsdiq edən qəbzlərin və elektron tərəzidə narkotik vasitələrin çəkilməsini əks etdirən fotoşəkillərin olması aşkar olunmuşdur. Bu hallar məhkumun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə sistemli şəkildə məşğul olduğunu təsdiq edən əlavə sübutlar kimi qiymətləndirilmişdir. Kassasiya şikayətində satış məqsədinin sübuta yetirilmədiyi barədə göstərilən arqumentlər də əsassızdır. Məhkəmə təcrübəsinə və cinayət qanunvericiliyinin tələblərinə görə satış məqsədi yalnız narkotik vasitənin konkret alıcıya satılması faktı ilə deyil, həm də narkotik vasitələrin miqdarı, çeşidi, qablaşdırılması, daşınma üsulu, şəxsin davranışı və digər obyektiv hallar əsasında müəyyən edilir. Hazırkı iş üzrə isə narkotik vasitələrin külli miqdarda olması, müxtəlif növlərdə qablaşdırılması, gizli yerdən götürülməsi, digər şəxsə çatdırılmalı olması, Iran vətəndaşı ilə koordinasiyalı əlaqələrin mövcudluğu, hüquq-mühafizə orqanlarından qaçmağa cəhd edilməsi və narkotik vasitələrin gizlədilməyə çalışılması məhkumun əməlinin məhz satış məqsədilə törədildiyini tam təsdiq edir. Məhkumun məhkəmə baxışında verdiyi, guya polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması və ifadələrinin zorla alınması barədə iddiaları da məhkəmələr tərəfindən əsaslı şəkildə tənqidi qiymətləndirilmişdir. Belə ki, həmin iddiaları təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmiş, əksinə, onun ibtidai istintaq zamanı verdiyi ifadələri iş üzrə digər sübutlarla – ekspert rəyi, videogörüntülər, mobil telefon məlumatları və baxış protokolları ilə tam uyğunluq təşkil etmişdir. Məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə icraatında məsuliyyətdən yayınmaq məqsədilə əvvəlki etirafedici ifadələrindən imtina etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsinə dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya şikayətində irəli sürülən dəlillər iş üzrə toplanmış və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, həmin dəlillər əsaslı hesab edilə bilməz. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu məhkumun əməlində narkotik vasitələrin yalnız saxlanması deyil, həm də satış məqsədinin mövcud olduğunu təsdiq edir. Buna görə də, əməlin daha yüngül maddə ilə tövsif olunması barədə kassasiya şikayətində göstərilən arqumentlər də əsassızdır və qəbul edilə bilməz. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən cəzanın hesablanmasına dair cinayət qanunvericilik normalarına, həmçinin bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən əlavə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2025-ci il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar