Məhkəmə qərarları › İş №1(1-8)-246/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-246/2026

08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-246/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X3, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1977-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtomobil yuma məntəqəsində avtoyuyucu işləmiş, məhkumluğu olmayan, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər O.Cəlilov (sədrlik edən və məruzəçi), X.Nuriyev və N.Məmmədov) Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər H.Bəhmənov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və Y.Həşimov) apellyasiya şikayəti və ona əlavə təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayəti və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ## ####### 2024-cü il tarixdə, saat 20 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Salyan şəhəri, Əlibəy Hüseynzadə küçəsində “Alion” adlı məişət avadanlıqlarının satışı dükanının yaxınlığında dayandığı vaxt qonşusu X2 yüngül dərəcəli sərxoş vəziyyətdə ona yaxınlaşaraq aqressiv formada siqaretinin olub-olmadığını soruşmuş, Əziz Salayev siqaretinin olmadığını bildirdiyi üçün sonuncu ona cibinə siqaret alıb qoymasını dediyindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Əziz Salayev onun özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsi səbəbindən Əziz Salayevdən qonşuları şahid3, şahid2 və şahid1 yanında onu və ailə üzvlərini söyməməsini tələb edərək yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Əziz Salayevi həmin küçənin digər tərəfində yerləşən yarımtikilinin yanına dəvət etmiş, Əziz Salayev onu və ailə üzvlərini söyməyə davam etdiyinə görə aralarında olan mübahisə şiddətlənərək bir-biri ilə əlbəyaxa olan zaman Əziz Salayev onu yerə yıxaraq sinəsinin üstündə oturub ona əli ilə zərbələr vuraraq sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan alın sol nahiyəsinin sıyrığı xəsarəti, o, isə sonuncuya sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan sol və sağ çiyin nahiyələrinin qançırları xəsarətlərini yetirmiş, onların ardınca həmin yerə gəlmiş şahid3, şahid2 və şahid1 Əziz Salayevi ondan araladıqdan sonra, o ayağa qalxaraq Əziz Salayevi cəzalandırmaq məqsədilə hadisə yerindən götürdüyü daş parçası ilə sonuncunun başının sol qulaq ətrafı nahiyəsindən qəsdən vurmaqla Əziz Salayevə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid başın sol ənsə nahiyəsinin əzilmiş-sıyrılmış yaraları, qapalı kəllə beyin travması, beyin qışaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, sol ənsə çuxurunun sınığı kimi bədən xəsarətləri yetirməklə, Əziz Salayevin başın küt travmasından törənmiş beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar səbəbindən həmin tarixdə saat 21 radələrində hadisə yerində ölməsi nəticəsində, Əziz Salayevin sağlamlığına qəsdən ağır xəsarət yetirməsi ilə nəticələnən əməlləri ilə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara münasibətdə Məhkum əməlinə düzgün hüquqi qiymət verməmiş və onun əməlini CM-in 126.3-cü maddəsinə tövsif etməklə səhvə yol vermiş, lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Işin faktiki hallarından göründüyü kimi Əziz Salayevin cinayət qanunu ilə nəzərdə tutulmuş obyektlərə qəsd etməsi (insan həyat və sağlamlığına və şəxsiyyətin ləyaqətinə) açıq aydın görünür ki, belə olan vəziyyətdə Məhkum əməli zəruri müdafiə vəziyyətində və ya zəruri müdafiə həddini aşmaqla törədib-törədilməməsi məsələsi aydınlaşdırılmalı idi. Belə ki, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən və hadisənin videogörüntüsündən görünür ki, hadisə zamanı Əziz Elşəni döydüyü zaman Mikayıl bir dəfə onları ayırmağa cəhd etsə də, Əziz Mikayıla da xəsarət yetirmiş və yenidən Elşənə qarşı hüquqazidd hərəkətlərini davam etdirmişdir. Elşən isə Mikayılın ikinci dəfə onları ayırmasından istifadə edərək ona daşla xəsarət yetirmişdir. Əziz Elşənə xəsarət yetirdikdən sonra oradan uzaqlaşmamış və ya arxasını Elşənə tərəf dönərək oradan getməmişdir. Daşın atılması zamanı onlar üzbəüz dayanmışdılar. Məhkəmələr sözügedən halları araşdırmamış, sübutları bu istiqamətdə təhlil etməmiş, verilmiş ifadələr arasındakı ziddiyyətləri aradan qaldırmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün təhlil edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.11 (məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, yəni X2 ehtiyatsızlıqdan onun ölümünə səbəb olmaqla qəsdən ağır zərər vurması kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaqla sonuncunun ölümünə səbəb olması haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlillər (aralarında baş vermiş mübahisə zamanı Əziz Salayev onu vursa da, onun Əziz Salayevi vurmaması, yerdən daş götürüb Əzizin arxasınca atmaması, polis əməkdaşları tərəfindən təzyiq göstərildiyi üçün etirafedici ifadə verib Əzizi daşla vurmasını bildirməsi barədə iddialar) məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavəyə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, maddi sübutlar, məhkəmə ekspertizalarının rəyləri və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin CM-in 126.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Hadisə vaxtı Məhkum zərərçəkmiş şəxsə daş atarkən sonuncunun qanunsuz hərəkətlərindən özünü qoruduğu, bu səbəbdən onun əməli zəruri müdafiə vəziyyətində və ya zəruri müdafiə həddini aşmaqla törətməsi barədə kassasiya şikayətində irəli sürülən dəlillərini cinayət işinin materialları ilə müqayisə etdikdə aydın olur ki, müdafiə tərəfinin bu qənaəti tədqiq edilmiş sübutlarla uzlaşmır, hadisə vaxtı Məhkum zərərçəkmiş şəxsə xəsarət yetirərkən zəruri müdafiə vəziyyətində olmamışdır. Belə ki, zəruri müdafiə (zəruri müdafiə vəziyyətində olma) CM-in 36-cı maddəsində “özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət” kimi təsbit edilmişdir. CM-in 36.1-ci maddəsinə görə zəruri müdafiə həddini aşmayan hərəkət cinayət sayılmır. CM-in 36.3-cü maddəsində isə göstərilir ki, “qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir”. Göründüyü kimi, cinayət qanunu şəxsin özünü və ya başqa şəxsləri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanıyır. Müdafiənin zəruriliyini də qanun məhz onda görür ki, bu cür müdafiə şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını, hüquqularını, dəvlətin və cəmiyyətin mənafelərini təhlükə altına alan ictimai-təhlükəli qəsdlə şərtləndirilmiş olur. Müdafiə olunmaq hüququ şəxsin qəsddən yayınması, məsələn zorakılıq edən şəxsdən qaçıb qurtarmasında deyil, qəsd edənə zərər vurmaq yolu, yəni ona yönəlik aktiv hərəkətlərlə qarşılıq verməsində (qəsdi dəf etmək üçün səy göstərməsi) ehtiva olunur. Qəsdin mövcudluğu zəruri müdafiənin qanuniliyini şərtləndirən əlamətlərdən biridir. Yəni yalnız qəsdin davam etməsi vəziyyətində şəxsin qəsd edənə zərər vurması zəruri müdafiə vəziyyətində edilən hərəkət hesab edilə bilər. Və yaxud qəsd başa çatsa da, işin həqiqi hallarına görə şəxsin bunu dərk etməsi istisna edildikdə də (nə vaxt ki, şəxs ictimai təhlükəli qəsdin davam etdiyini ağlabatanlıqla güman edir) hərəkət zəruri müdafiə vəziyyətinin şərtlərinə cavab verən əməl kimi qiymətləndirilə bilər. Hərəkətin müdafiə xarakterli olub-olmamasını (o cümlədən, qarşılıqlı dalaşma şəraitində baş verib-verməməsini), onun nə dərəcədə zəruri olduğunu, ictimai-təhlükəli qəsdlə müdafiə arasında uyğunluğun gözlənilib-gözlənilmədiyini düzgün müəyyən etmək üçün hadisədə bilvasitə iştirak edən şəxslərin qarşılıqlı hərəkətləri ilə yanaşı, hadisənin baş verdiyi şərait də, o cümlədən digər şəxslərin hadisəyə cəlb edilib-edilməməsi, əgər cəlb ediliblərsə, onların nə kimi rol oynaması diqqətlə araşdırılmalıdır. Məhkəmələr tərəfindən tədqiq edilmiş Məhkum ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrin, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin, hadisənin videogörüntüsünün və digər sübutların müqayisəli təhlil əsasında müəyyən edilmişdir ki, hadisə zamanı ilkin olaraq X1 Səmədova hücum edib onu yerə yıxsa da, hadisə yerində olan digər şəxslər onları ayırdıqdan sonra, Məhkum yerdən götürdüyü daş ilə Ə.Salayevin başının sol qulaq ətrafı nahiyəsindən qəsdən vurmaqla ona ağır xəsarət yetirmişdir. Işin hallarından göründüyü kimi, ətrafdakı şəxslər Məhkumla zərərçəkmiş şəxs Ə.Salayevi ayırdıqdan sonra Məhkum həyat və sağlamlığı üçün zərərçəkmiş şəxs tərəfindən hər hansı bir təhlükə, hücum aktı olmadığı halda, Məhkum bunu dərk edərək hər hansı zərurət olmadan yerdən götürdüyü daşı müəyyən məsafədən zərərçəkmiş şəxsə atıb onun ölümünə səbəb olan ağır xəsarət yetirmişdir. Məhkum ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində də şahidlər onları ayırdıqdan sonra Ə.Salayev tərəfindən ona qarşı edilən hücumu dəf etmək üçün deyil, Ə.Salayevin onun ailə üzvlərini nalayiq söyüşlər söyməsi səbəbindən özündən çıxdığını və bu səbəbdən ona daş ataraq xəsarət yetirdiyini demişdir. Belə olan halda Məhkum zəruri müdafiə vəziyyətində olması istisna olunur. Onun zərər çəkmiş şəxsə yetirdiyi xəsarət özünü müdafiə etməyə çalışan bir şəxsin yetirdiyi xəsarət olmamışdır. Bir sözlə, Məhkum zəruri müdafiə vəziyyətində olması, onun əməlinin CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif edilməməsi barədə müdafiə tərəfinin iddiası ilə razılaşmaq üçün əsaslar müəyyən edilməmişdir. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən hallar kimi himayəsində iki azyaşlı uşağının olmasından, hadisənin zərərçəkmiş şəxsin hüquqazidd hərəkətləri nəticəsində baş verməsindən, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, ona təqsirli bilindiyi CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 60, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkumun cəzasının yüngülləşdirilməsi, onun barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiqi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud deyil. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar