Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-249/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – məhkum1 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum1 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2026-cı il tarixli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Hüseynli Nurəddin Nizami oğlu və Cəfərzadə Ilham Nizami oğlundan ibarət məhkəmə tərkibində) 9 oktyabr 2025-ci il tarixli 1(124)-325/2025 nömrəli hökmü ilə ## ######## 1973-cü il tarixdə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, onun 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08.01.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin məhkum2 da CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs məhkum1, müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Muxtarov Kamran Nüsrət oğlundan ibarət məhkəmə tərkibində) 21 yanvar 2026-cı il tarixli 1(105)-794/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum2 hökmlə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2026-cı il tarixli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli hökmünə əsasən məhkum1 təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o və məhkum2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xeyli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə tanışları şəxsiyyəti istintaqla araşdırılan "x” adlı Iran Islam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, şəxsiyyəti istintaqa məlum olmayan ’’Əfşin" adlı Iran Islam Respublikasının vətəndaşı tərəfindən külli miqdarda ümumi təmiz çəkisi 10995 qram narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda ümumi təmiz çəkisi 0,613 qram narkotik vasitə heroin və xeyli miqdarda təmiz çəkisi 0,384 qram psixotrop maddə metamfetamin Astara rayonu ərazisində yerləşdirilib "WhatsApp" ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə məhkum2 məlumat verildikdən sonra sonuncu istintaqa məlum olmayan vaxtda və şəraitdə Aslara rayonu ərazisinə gedərək əvvəlcədən təyin olunmuş yerdən qeyd olunan narkotik vasitə və psixotrop maddələri götürüb qanunsuz olaraq əldə edərək Abşeron rayonu ərazisinə daşımaqla 10 ədəd bağlamada 8385 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə, 1 ədəd bağlamada 710 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, x küçəsində yerləşən nömrəsiz fərdi evdə saxladıqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən satışını və paylanılmasını həyata keçirmək məqsədilə məhkum1la görüşərək satış üçün ayırdıqları 2 ədəd bükümdə 0,613 qram çəkidə narkotik vasitə heroini və 1 ədəd bükümdə 0,384 qram çəkidə psixotrop maddə metamfetamini məhkum2 üzərində, 2 ədəd bağlamada 1900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı məhkum1 idarə etdiyi ”Kia Ceed” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 8 yanvar 2025-ci il tarixdə, saat 22:25-də ünvan 1 ünvanında saxlanılaraq üzəriləri yoxlanılan zaman məhkum2 əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə xeyli miqdarda 0,384 qram çəkidə ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfelamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram və 0,301 qram olmaqla, xeyli miqdarda 0, 613 qram çəkidə tərkiblərinə görə eyni, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin ünvanda məhkum1 idarə etdiyi "Kia Ceed" markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılan zaman avtomobilin arxa yük yerindən 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 875 qram və 1025 qram olmaqla, xeyli miqdarda 1900 qram çəkidə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq, 8 yanvar 2025-ci il tarixdə, saat 23:35-dən etibarən məhkum2 müvəqqəti olaraq kirayələdiyi x yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin zirzəmisindən 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 60 qram, 1010 qram, 1040 qram, 965 (doqquz yüz altmış beş) qram, 900 (doqquz yüz) qram, 985 (doqquz yüz səksən beş) qram, 970 (doqquz yüz yetmiş) qram, 945 (doqquz yüz qırx beş) qram, 710 (yeddi yüz on) qram və 800 (səkkiz yüz) qram olmaqla, külli miqdarda 8385 qram çəkidə həm öz aralarında, həm də avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalarla eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 9 yanvar 2025-ci il tarixdə saat 00:15-dən etibarən məhkum2 müvəqqəti olaraq kirayələdiyi x küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman evin yataq otağında olan dolabın içərisindən 1 ədəd bağlamada xeyli miqdarda 710 qram çəkidə həm avtomobildən, həm də x yerləşən nömrəsiz fərdi evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalarla eyni tərkibə malik olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum məhkum1 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum1 qarşı məhkəmə istintaqı zamanı qanuni yolla əldə edilmiş hər hansı bir sübut müəyyən olunmamış, ona qarşı ittihamın əsasını təşkil edən sübutlar qanunu pozmaqla əldə edilmiş sübutlardır. Belə ki, ibtidai istintaq zamanı həm təqsirləndirilən şəxs məhkum1, həm də digər təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadələr fiziki və psixi təzyiq nəticəsində əldə olunmuşdur. Hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etməmiş, həmin ifadələri müdafiəçinin iştirakı olmadan fiziki və psixi təzyiq nəticəsində verdiklərini bildirmişlər. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulub-pozulmamasını aydınlaşdırmaq üçün məhkəməyə müdafiə tərəfindən müdafiəçilərin iş üzrə müvafiq istintaq hərəkətləri aparılan zaman istintaq hərəkətlərinin aparıldığı yerdə olub-olmamalarını müəyyən etmək üçün onların anten məlumatlarının tələb olunması barədə verilən vəsatətlər qanunsuz və əsassız olaraq təmin edilməmiş, bununla da, müdafiə tərəfi əlverişsiz vəziyyətə salınmışdır. Odur ki, göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2026-cı il tarixli qərarının məhkum1 aid hissədə ləğv edilərək, məhkum1 barəsində cinayət təqibinə təqsiri sübuta yetirilmədiyi üçün bəraətverici əsasla xitam verilməsi barədə qərar qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum məhkum1 çıxış edərək, əməlindən peşman olduğunu, narkotik vasitənin satışı ilə məşğul olmadığını, maşınla hərəkətdə olduqdan sonra gələn qoxudan maşında narkotik vasitə olduğunu başa düşdüyünü bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2026-cı il tarixli qərarının məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum1 barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2026-cı il tarixli qərarı isə məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum məhkum1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. məhkum1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, məhkum1 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin onun özünün və iş üzrə digər təqsirləndirilən şəxs məhkum2 verdikləri izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid və Şahid1 ifadələri, 8 yanvar 2025-ci il tarixli “Raport”, 8 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokol, 8 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” protokol, 9 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” protokol, çəkilişlərin əks olunduğu DVD disklər, məhkəmə ekspertizasının 9 yanvar 2025-ci il tarixli 6/77 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 9 yanvar 2025-ci il tarixli 3-16-16-2-7/36 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş 3 fevral 2025-ci il tarixli 539 nömrəli rəyi, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Qeyd olunanlara əsasən, müdafiəçi tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “ ..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edibetməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən detallı sadalamağa zərurət görmür. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “fiziki təsir və təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən kassasiya şikayətində təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı guya təzyiqə məruz qalması barədə dəlillər əsassız hesab edilir. Belə ki, cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs məhkum1 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və tanışı məhkum2 qeyd etdiyi əşyanı götürüb başqa yerə aparmalı olduğunu bildirmişdir. Bir neçə dəfə əşyadan xəbərdar olmadan apardığını, lakin sonradan əşyanın narkotik vasitə olduğunu bildiyini qeyd etmişdir. Yəni, məhkum1 qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında da törətmiş olduğu cinayət əməli üzrə özünü tam təqsirli bilmiş, həmin mərhələdə də, hər hansı təzyiq və ya qeyri-qanuni təsir barədə məhkəməyə məlumat verməmiş, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmişdir. Əgər belə hallar mövcud olsaydı, onların həmin vaxt bildirilməsi üçün real və prosessual imkan mövcud olmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxsin saxlanılmasında və şəxsi axtarışın aparılmasında bilavasitə iştirak etmiş polis əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən məhkum1 nə saxlanılarkən, nə də polis idarəsində olarkən hər hansı fiziki və ya psixi təsirə məruz qalmadığını qəti şəkildə bildirmişlər. Iş materiallarında zor tətbiqini təsdiq edən hər hansı tibbi sənəd, ekspertiza rəyi və ya digər mötəbər sübut da mövcud deyildir. Beləliklə, müdafiə tərəfinin fiziki təsirə dair irəli sürdüyü dəlillər subyektiv mülahizələrə əsaslanır, iş üzrə toplanmış sübutlarla təsdiqini tapmır və buna görə də əsassız hesab edilməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyaları haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, məhkum1 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. məhkum1 məhkəmədə ifadələri arasındakı ziddiyyəti qorxu ilə, ona qarşı fiziki və ya psixoloji təzyiq göstərilməsi ilə əlaqələndirsə də, ona göstərilmiş təsirin konkret nədən ibarət olduğunu izah edə bilməmişdir. Belə olan halda, müdafiə tərəfinin ümumi və sübutsuz iddiaları ibtidai istintaq zamanı verilmiş ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsi üçün əsas yarada bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə görə, ifadənin zor tətbiq edilməklə alınmasına dair iddia konkret faktlar və sübutlarla əsaslandırılmalıdır. Iş üzrə isə belə sübutlar mövcud deyildir. Əksinə, istintaq hərəkətlərinin protokolları, videoçəkiliş materialları və digər sübutlar ifadələrin qanuni qaydada və könüllü verildiyini təsdiq edir. Bu səbəbdən məhkum1 təzyiqə məruz qalması barədə irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmadığından haqlı olaraq əsassız hesab edilmiş və həmin arqumentlər kassasiya instansiyası məhkəməsi tərəfindən də qəbul edilmir. Məhkum məhkum1 müdafiəçisinin kassasiya şikayətində qeyd edilmiş hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiə tərəfinin məhkəmə baxışı zamanı verdiyi vəsatətlərin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, CPM-in tələblərinə görə vəsatət yalnız iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən olunmasına xidmət etdikdə təmin edilməlidir. Müdafiə tərəfi tərəfindən təqdim edilmiş anten məlumatlarının tələb olunması barədə vəsatətin məqsədi müdafiəçilərin istintaq hərəkətlərinin aparıldığı vaxt həmin yerlərdə olub-olmamasını müəyyən etməkdən ibarət olmuşdur. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin iştirakı ilə aparılmış bütün əsas istintaq hərəkətləri barədə protokollar tərtib edilmiş, həmin protokollar təqsirləndirilən şəxslər və müdafiəçilər tərəfindən imzalanmış, müdafiəçilərin iştirakına dair qeydlər edilmişdir. Bu səbəbdən müdafiəçilərin mobil anten məlumatlarının əlavə olaraq tələb edilməsi iş üzrə artıq müəyyən edilmiş halların yenidən araşdırılmasına yönəlmişdir və işin halları baxımından zəruri hesab olunmamışdır. Bundan başqa, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin müdafiəçinin iştirakı olmadan alındığı barədə iddialar iş materialları ilə təkzib olunur. Ibtidai istintaq zamanı alınmış ifadələrdə müdafiəçilərin iştirakı qeyd edilmiş, həmin ifadələr müdafiəçilər tərəfindən də imzalanmışdır. Təqsirləndirilən şəxslər ifadələrin alınması zamanı hər hansı etirazlarını bildirməmiş, hüquqlarının pozulması barədə qeyd aparmamışlar. Məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, yalnız sonradan verilmiş ümumi xarakterli bəyanatlar həmin sübutların yolverilməz hesab olunması üçün kifayət etmir. Digər tərəfdən, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr təkcə etirafedici ifadələrdən ibarət olmamış, həmin ifadələr iş üzrə toplanmış digər sübutlarla, o cümlədən istintaq hərəkətlərinə dair protokolları, ekspertiza rəyləri, maddi sübutlar və videoçəkiliş materialları ilə təsdiq edilmişdir. Avtomobildən, eləcə də Qobu və Müşfiq qəsəbələrində yerləşən ünvanlardan külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi barədə protokollar qanunun tələblərinə uyğun qaydada tərtib edilmiş və həmin sübutların saxtalaşdırılmasını təsdiq edən hər hansı mötəbər məlumat müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatətlərini iş üzrə həqiqətin müəyyən olunmasına təsir göstərməyən, ehtimallara əsaslanan və prosesi əsassız olaraq uzatmağa yönəlmiş vəsatətlər kimi qiymətləndirməkdə haqlı olmuşdur. Ona görə də həmin vəsatətlərin təmin edilməməsi müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz və bu hal məhkəmə qərarlarının ləğvi üçün əsas yaratmır. məhkum1, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum məhkum1 cəza təyin edilərkən cəzanın hesablanmasına dair cinayət qanunvericilik normalarına, həmçinin bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı da məhkum1 cəzasını yüngülləşdirən hər hansı hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı məhkum1 aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum məhkum1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 9 oktyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş məhkum1 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-249/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-249/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver