Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-251/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, məhkum Məhkum, onun müdafiəçisi Əmrahov Zaur Abdulhəsən oğlunun və tərcüməçi X9 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, # ###### 1981-ci il tarixdə Iran Islam Respublikasının Dolat Abad şəhərində anadan olmuş, Iran Islam Respublikasının vətəndaşı, orta təhsilli, subay, sürücü kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış CM-in 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, ## #### 2024-cü il tarixədək olan müddət ərzində Iran Islam Respublikasının Isfahan şəhərində buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 0,154 qram təşkil edən, üzərində “B2” yazısı olan, ağ rəngli 77 ədəd həbləri satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin həblərdən 12 ədədini idarə etdiyi “Scania” markalı, “IT794IT/NN836H” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsində olan qırmızı rəngli gödəkcəsinin astarında, 65 ədədini isə əynindəki şalvarın sağ cibində salfet kağızına bükərək saxlamış, daşımış və ## #### 2024-cü il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük Idarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı həmin həblər saxlanıldığı yerlərdən aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin Isgəndər oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun barəsində cəza tədbirinin seçilməsi məsələsi həll olunarkən onun başqa ölkənin vətəndaşı olması, Azərbaycan Respublikasının qanunlarını bilməməsi, üzərində aşkarlanan dərman vasitəsinin səhhəti ilə əlaqədar olaraq həkim tərəfindən təyin edilməsi, yaşadığı ölkədə həmin dərman vasitəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmaması nəzərə alınmamış və ona nəticədə həddindən artıq ağır cəza təyin edilmişdir. Odur ki, qeyd etdikləri ilə yanaşı istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətdiyi əməlləri etiraf edərək səmimi peşman olmasını və başqa ölkədə cəza çəkməsinin ağırlığını nəzərə alaraq ona təyin edilmiş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum Məhkum apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin olunması haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın qeyd olunan tələbləri həmçinin hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin şikayətin məzmununa görə, məhkum Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılıbaraşdırılmamasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən onun barəsində cəza təyininə münasibətdə qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Bu iddiaya cavab olaraq məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkəmələr hər hansı cinayət törətmiş şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsini həll edərkən cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlərə mütləq məcmu şəkildə əməl etməlidirlər və yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olubolmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edən sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da riayət olunmalıdır. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). Bundan başqa, “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş və Plenumun ## ##### 2021-ci il tarixli Qərarı ilə müvafiq dəyişikliklər və əlavələr olunmuş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 27-ci bəndinin 1-3-cü abzaslarında məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmaları, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasında, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət kimi qiymətləndirilərək Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab olunmuşdur. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlər şahid2, şahid4, şahid3 və şahid1 ifadələrinə, malların və nəqliyyat vasitəsinin yoxlanılmasına dair protokola, şəxsi axtarış və götürmə aparılması haqqında protokola, məhkəmə ekspertizalarının rəylərinə, maddi sübuta və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanıb CPM-in 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona istinad olunan cinayət əməllərini törətməsi və onun həmin əməllərinin CM-in 206.2 və 234.1-1-ci maddələri ilə tövsif edilməsi barədə düzgün nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların təkrarən araşdırılmasına ehtiyac görməyib haqlı olaraq həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən qüvvədə saxladığı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən görünür ki, həmin məhkəmə Məhkum barəsində təqsirli bilindiyi CM-in 206.2 və 234.1-1-ci maddələri ilə (CM-in 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 234.1-1-ci maddəsinin sanksiyasında isə üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını göstərmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzaların ən aşağı hədlərində, CMin 66.3-cü maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş maddi və prosessual hüquq normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanıb Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın həddi ilə razılaşmır və iş materiallarını təhlil edib CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkum olunmuş şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına keçirdiyi və üzərində aşkar edilərək götürülmüş buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda - 0,154 qram təşkil edən, üzərində “B2” yazısı olan, ağ rəngli 77 ədəd həbləri özünün əzab çəkdiyi xəstəlikdən müalicə olunmaq məqsədilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir hissəsini üzərində, digər hissəsini isə idarə etdiyi avtomaşında saxlamasını və daşımasını, bu halın da iş üzrə toplanmış və araşdırılmış sübutlarla təkzib edilməməsini də cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsini mümkün bilir, digər tərəfdən isə - iş üzrə cəzanı ağırlaşdıran halların da müəyyən edilməməsini nəzərə alır və bütün bu halların məcmusundan çıxış edərək ona təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə müəyyən edilmiş qəti cəzanın müddətinin azaldılmasını, bununla da kassasiya şikayətinin qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarında gəldiyi nəticəyə uğun olan dəyişikliliyin edilməsini məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə bir daha təhlil edib işin müəyyən edilmiş hallarına, bu halların arxasında duran sübutlara və maddi hüquq normalarının yuxarıda təsvir edilmiş tələblərinə, bu normalara dair verilmiş şərhlərə və izahlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi haqda məhkum Məhkum və onun müdafiəçisi Z.A.Əmrahovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-in 206.2 və 234.1-1-ci maddələri ilə təyin olunmuş cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq təyin edilmiş qəti cəzanın müddəti azaldılmalı, bu əsasla da onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təyin edilmiş cəzaları CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ilədək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-251/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-251/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver