Məhkəmə qərarları › İş №1(1-8)-253/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-253/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-253/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi Sənan İsrəfil oğlu Qəfərovun, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Türkan Qulu qızı İbrahimovanın və məhkumun müdafiəçisi X7 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2025-ci il tarixli, 1(104)-136/2025 nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsrafil qızı və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İsrəfil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Abdulla Məmmədov (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Roman Ələkbərli) 06 dekabr 2024-cü il tarixli, 1(100)- 382/2024 nömrəli hökmü ilə 10 iyun 1992-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qazax rayonu, Bağanıs Ayrım kəndində qeydiyyatda olmaqla Qazax rayonu Qazaxbəyli kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 221.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə, CM-in 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 16 noyabr 2023-cü il tarixdə saat 19:35 radələrində Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni qəsəbədəki 5-ci binanın yaxınlığında yerləşməklə ictimai yer hesab edilən çayxanada tanışı Qəfərov Kənan İsrafil oğlu ilə aralarında yaranmış mübahisə vaxtı sonuncunun pivəsindən az miqdar içməsinə görə Kənan Qəfərovun bakalı onun başına vuracağını söyləməsinə əsəbiləşib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, çayxanada əyləşən şəxslərə məhəl qoymadan, öz şəxsiyyətini tanışı və qohumu Qəfərov Kənan İsrafil oğlunun və ətrafdakı şəxslərin fövqündə qoyub çayxanadakı şəxslərin normal istirahətinə mane olaraq sonuncu ilə əsassız yerə mübahisə edib ondan “ağıllı olmasını” tələb etmiş, tanışlıq və dostluq münasibətində olduğu Kənan Qəfərovun üz nahiyəsinə sol əli ilə sillə vurub ona fiziki ağrı yetirərək çayxanadakı şəxslərin həyəcanlanması və normal istirahətinin pozulması ilə müşayiət edilən aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, zor tətbiq etməklə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum 16 noyabr 2023-cü il tarixdə Qəfərov Kənan İsrafil oğlu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun həmin gün axşam saat 20 radələrində Qazax rayonu, Qazaxbəyli kəndi, Yeni Qəsəbə ərazisində bıçaqla onu vuraraq ona sol saidin orta 1/3-nin yan səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin tikişə ehtiyacı olan kəsilmiş-deşilmiş yarası və sol budun ön iç səthinin dərialtı qansızması ilə müşayiət olunan sağlamlığa Yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməsinə görə qisas almaq üçün Kənan Qəfərovu qəsdən öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı evdən götürdüyü, həmin vaxt soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını üzərində gizlədib 22 noyabr 2023-cü ildə saat 19:20 radələrində sonuncunun istifadəsində olan və idarə etdiyi avtomobilin yaşadıqları qəsəbə ərazisində hərəkətdə olduğunu görüb sonradan belə imkanı olmayacağını qətiləşdirib avtomobili əl edib və səsləyərək saxlatmış, avtomobildən düşərək sürücü qapısını açıq vəziyyətdə qoymuş zərərçəkmiş şəxsi avtomobildən təxminən 5-10 metr aralıya İslam Nəsibov adına Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının yaxınlığına çağırıb 16 noyabr 2023-cü ildə onu səbəbsiz yerə vurmasını irad bildirmiş, avtomobildə arxa sərnişin oturacağında əyləşib onları müşahidə edən bacısı Zərərçəkmiş şəxs İsrafil qızının gözü qarşısında, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edib arzulayaraq Kənan Qəfərovun həyat üçün vacib əhəmiyyətli olan daxili orqanlarının yerləşdiyi qarın nahiyəsinə 1 (bir) dəfə qəsdən zərbə vuraraq ölümünə səbəb olan qarnın ön divarının daxilə sirayət edən, enən-çənbər bağırsağın və müsariqə arteriyasının zədələnməsi və kəskin daxili qanaxma ilə müşayiət olunan, ölümünə səbəb olan travmatik hemorragik şokla nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən kəsilmiş-deşilmiş yara xəsarətlərini, zərərçəkmiş şəxs özünü müdafiə üçün əlini irəli verdikdə isə bıçaqla müqavimətini qırmaq üçün sol qoluna 1 (bir dəfə ) xəsarət yetirərək dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən sol saidin orta 1/3-nin ön səthinin kəsilmiş-deşilmiş yarası xəsarətləri yetirməklə Kənan Qəfərovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Müşfiq Məmmədov (sədrlik edən), Əlizamin Abdullayev və Nural Əliyev) 22 dekabr 2025-ci il tarixli 1(104)- 136/2025 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 1(100)-382/2024 nömrəli hökmü dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə cəza təyin olunmamış, hökmdən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə dair müddəalar xaric edilmiş, Məhkum əməli CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş, CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2025-ci il tarixli 1(104)-136/2025 nömrəli qərarın ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsrafil qızı və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İsrəfil oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2025-ci il tarixli, 1(104)-136/2025 nömrəli qərarının ləğv edilməsi və məhkum Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli, 1(104)-136/2025 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. İbtidai istintaq zamanı Məhkum Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ibtidai istintaqın müvafiq protokollar, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün göstərilmiş sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və digər şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını nəzərə almamış, nəticə etibarı ilə Məhkum əməlini əsassız olaraq daha yüngül maddəyə tövsif etməklə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Məhkum əməlini istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan fərqli olaraq daha yüngül maddəyə tövsif edib yanlış nəticəyə gəlməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, işin hallarına əsasən qeyd olunan hadisənin baş verməsinə təşəbbüs təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüşdür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməsi barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz, təqsirləndirilən şəxsin əməli yalnız CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Lakin məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, hadisənin motivini, törədilmə mexanizmini və istintaq orqanı tərəfindən əməlin düzgün tövsif edilməsini təsdiq edən kifayət qədər sübutların olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası xüsusi amansızlığın əlamətinin olmaması ile bağlı qənaətini Məhkum hadisə zamanı zərərçəkmişin bacısının hadisəni gördüyünü bilmədiyi şəraitdə xəsarət yetirməsinə əsaslanaraq tövsiflə bağlı nəticəyə gəlmişdir. Lakin ifadələrdən mərhum zərərçəkmiş şəxsin bacısı tərəfindən hadisənin baş vermə mexanizminin görüldüyü mübahisəsizdir. Sadalanan hallardan da görünür ki, təqsirləndirilən şəxs hadisəni törətməzdən əvvəl yaxınlıqdan zərərçəkmiş şəxsin bacısının onlara baxdığını və Kənan Qəfərova bıçaqla xəsarət yetirərkən cəmi 6 metr məsafədə maşında əyləşmiş bacısının bu hadisədən iztirab keçirə biləcəklərini dərk etmiş və bilmişdir. Hazırkı cinayət işinin də faktiki mövcud halları nəzərə alındıqda təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs Kənan Qəfərovu bacısı Zərərçəkmiş şəxs İsrafıl qızının gözləri qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, bıçaqla qəsdən vuraraq ona həyət üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsi, təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə olunduğundan və bu xüsusat məhkəmədə öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli qəsdən xüsusi amansızlıqla zərərçəkmiş şəxsi həyatdan məhrum etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi məhkəmə kollegiyası sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Məhkum əməlində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CM-in 120.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsrafil qızı və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İsrəfil oğlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qərar maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərkən öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının müvafiq müddəalarına, eləcə də Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına nəzər yetirdikdə hazırkı cinayət işinin halları baxımından Məhkum əməlində CM-in 120.2.4-cü maddəsinin tərkib əlamətlərinin olduğu açıq aşkar görünür. Məhkum CM-in 120.2.4-cü maddəsi ilə ittiham ona görə verilmişdir ki, o, Qəfərov Kənan İsrafil oğlunu onları müşahidə edən bacısı Zərərçəkmiş şəxs İsrafil qızının gözü qarşısında, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edib arzulayaraq xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Cinayət işinin materialları ilə də Məhkum zərərçəkmiş şəxs Kənan Qəfərovun bacısı Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edib arzulayaraq bu cinayət əməlini törətməsi, qabaqcadan Zərərçəkmiş şəxs İsrafil qızının orada olmasını bilməsi, Zərərçəkmiş şəxs İsrafil qızının cinayətin törədilməsini bilavasitə müşahidə etməsi müəyyən edilmiş olsa da, məhkəmə kollegiyası iş materiallarında olan sübutları düzgün araşdırmamış, iş üzrə dindirilmiş şahid ifadələrinə düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən həmin protest və şikayətlər təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestində və kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qərarı məhkum Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə məhkum edilməsi hissəsində mübahisələndirilmir. Protestin və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-in 120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun əməlini əsassız və qanunsuz olaraq həmin Məcəllənin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin dispozisiyasına əsasən qəsdən adam öldürmə həmin maddə ilə əməlin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildiyi halda tövsif edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsrafil qızının ifadəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, məhkum Məhkum mərhum K.İ.Qəfərovu bıçaqla vuraraq qəsdən öldürməsini sonuncunun bacısı G.İ.Qəhrəmanova müşahidə etmiş, Məhkum isə bu əməli törədərkən həmin hərəkətlərinin G.İ.Qəhrəmanovaya xüsusi mənəvi əzab verdiyini dərk etmişdir. Bu əsasla istintaq orqanı məhkumun zərərçəkmiş şəxs K.İ.Qəfərovu qəsdən öldürmə əməlini xüsusi amansızlıqla törədilmiş qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif etmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanının bu hüquqi mövqeyi ilə razılaşaraq Məhkum barəsində Azərbaycan Respublikası CM-in 120.2.4 və 221.1-ci maddələri ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs Qəfərov Kənan İsrafil oğlunu xüsusi amansızlıqla, yəni onun bacısı Zərərçəkmiş şəxs İsrafil qızına xüsusi əzab və iztirab verdiyini dərk edərək qəsdən öldürməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmur. Buna görə də məhkəmə hesab etmişdir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif etməmişdir. Bununla yanaşı, məhkəmə müəyyən etmişdir ki, Məhkum zərərçəkmiş şəxs Qəfərov Kənan İsrafil oğlunu xüsusi amansızlıq əlamətləri olmadan qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Bu səbəbdən onun əməli Azərbaycan Respublikası CMin 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürmə cinayətinin tərkibini yaradır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, sübutların məcmusuna və cinayət qanununun tələblərinə uyğun olmaqla qanuni və əsaslıdır. Yuxarıda qeyd edildiyi kimi, həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsini onun cinayət əməlini mərhum K.İ.Qəfərovun bacısı G.İ.Qəhrəmanovanın gözü qarşısında törətməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsini onun cinayət əməlini mərhum K.İ.Qəfərovun bacısı G.İ.Qəhrəmanovanın gözü qarşısında törətməsi ilə əsaslandırmışdır. Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrində mərhum K.İ.Qəfərovun idarə etdiyi avtomobildə onun bacısı G.İ.Qəhrəmanovanın olmasından xəbərsiz olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsinə əsas verən, yəni zərərçəkmiş şəxsin bacısının gözü qarşısında öldürülməsini təsdiq edən yeganə sübut olan zərərçəkmiş şəxs G.İ.Qəhrəmanovanın ifadəsini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, həmin ifadənin mötəbərliyi əsaslı şübhə doğurur. İş üzrə bu halı təsdiq edən digər mötəbər sübutun olmaması məhkəməyə ittihamın bu hissəsinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verməmişdir. Belə ki, G.İ.Qəhrəmanova ibtidai istintaq zamanı və məhkəmə iclasında dindirilərkən məhkumun onun avtomobildə olmasını bilməsi, habelə onun zərərçəkmiş şəxsə bıçaq zərbəsi vurduğu anı görməsi ilə bağlı ziddiyyətli və ardıcıl olmayan ifadələr vermişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi G.İ.Qəhrəmanovanın ifadələrini qiymətləndirərkən nəzərə almışdır ki, həmin ifadədə göstərilən hallar hadisə zamanı zərərçəkmiş şəxsin avtomobilində olmuş, G.İ.Qəhrəmanovadan əvvəl avtomobildən düşərək məhkum və zərərçəkmiş şəxsə yaxınlaşmış şahid şahid2 (G.İ.Qəhrəmanovanın əri), eləcə də hadisədən dərhal sonra mərhuma və zərərçəkmiş şəxsə yaxınlaşmış şahidlər Anar İmamquliyev və Amil Əsgərovun ifadələri ilə ziddiyyət təşkil edir. Həmin şahidlərin ifadələri G.İ.Qəhrəmanovanın məhkumun zərərçəkmiş şəxsə bıçaq zərbəsi vurduğu anı gördüyünə dair ifadələrini təkzib edir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində qeyd edilir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsi isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlində xüsusi amansızlıq əlamətinin mövcudluğunu müəyyən etməyə yönəlmiş sübutları ayrı-ayrılıqda və onların məcmusu halında qiymətləndirərək əsaslı nəticəyə gəlmişdir ki, həmin sübutlar məhkum Məhkum avtomobildə zərərçəkmiş şəxsin bacısının olduğunu bilmədiyi barədə verdiyi ifadəni mötəbər şəkildə təkzib etmir. Bu səbəbdən, iş üzrə toplanmış sübutların məcmusu məhkumun zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla qəsdən öldürməsi barədə şübhədən kənar və yekun nəticəyə gəlməyə kifayət etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə cinayət işinin materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına tam uyğundur. Həmçinin, məhkumun təqsiri müəyyən edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144–146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv yoxlanılmış və qiymətləndirilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni, əsaslı və düzgün hesab edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki, təqsirkar öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir. Məhkəmə kollegiyasının qənaətinə görə, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə almadan, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməsi barədə nəticəyə yalnız zərərçəkmiş şəxsin bacısı G.İ.Qəhrəmanovanın cinayət baş verən zaman hadisə yerində, avtomobildə olması faktına əsaslanmaqla gəlmişdir. Halbuki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu məhkumun zərərçəkmiş şəxsi onun bacısına xüsusi mənəvi əzab verdiyini dərk edərək qəsdən öldürməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edərkən cinayət qanununu düzgün tətbiq etmişdir. Odur ki, kassasiya protestinin və kassasiya şikayətlərinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlilləri əsassızdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsrafil qızı və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis İsrəfil oğlu kassasiya şikayətlərinin digər dəlili məhkuma onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun gəlməyən açıqaydın yüngül cəzanın təyin edilməsi ilə əlaqədar olmuşdur. Məhkuma yüngül cəza təyin edilməsi barədə kassatorların dəlillərinə münasibət bildirərək kollegiya aşağıdakı qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halların isə mövcud olmadığını müəyyən etmişdir. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8 və 59.1.10–59.1.13-cü maddələrində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin edilən cəzanın müddəti və ya həcmi Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 60-cı maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum təyin etdiyi cəzanın növünü və müddətini qanuni, əsaslı və ədalətli hesab edir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin və şikayətlərin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2025-ci il tarixli 1(104)-136/2025 nömrəli qərarının kassasiya protestinə və kassasiya şikayətlərinin münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2025-ci il tarixli 1(104)-136/2025 nömrəli Məhkum haqqındakı qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar