Məhkəmə qərarları › İş №1(1-8)-256/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-256/2026

23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-256/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 17 fevral 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## ###### 1982-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilsiz, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Şıxlar kəndində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 3 ünvanında yaşamışdır.

2. 11 oktyabr 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, ölkə ərazisində narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Süleyman Pur” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda ünvan 2 ünvanının qarşısında “Süleyman Pur” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4.740,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2024-cü il tarixdə, saat 10:20-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı sellofan paketin içərisindən təmiz çəkisi 4.740,0 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

3. 29 oktyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 4740 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis Idarəsinin cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 11 iyun 2024-cü il tarixdə, saat 10:20-də ünvan 1 saylı ünvanın qarşısında saxlanılaraq x ünvanında yerləşən Nəsimi rayon Polis Idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı sellofan paketin içərisindən təmiz çəkisi 4740 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 5.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, narkotik vasitənin nə istifadəçisi, nə də satıcısı olmadığını, saxlanılarkən üzərində narkotik vasitə aşkar edilmədiyini, əvvəllər məhkum olunduğuna görə ona qarşı həqiqətə uyğun olmayan ittiham irəli sürüldüyünü bildirərək hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 17 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, 10 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində apellyasiya şikayətində irəli sürdüyü eyni dəlilləri təkrarlayaraq cinayət əməlini törətmədiyini, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək narkotik vasitələrin satışı ilə bağlı məhkum olunduğunu bildirmiş, bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 17 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual

12. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Məhkum kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığına baxmayaraq məhkum edildiyini iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciət kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 17 fevral 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir. 17.Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022ci il).

20. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. 21.Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, hazırda mübahisəsi aparılan qərar üzrə məhkumun eyni əsas və dəlillərlə birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdırarkən apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkum Məhkum ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının məhkəməyədək və məhkəmə qarşısında verdikləri bir-biri ilə uzlaşan ifadələri, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılması haqqında protokol (üzərinə şəxsi axtarış keçirilərkən Məhkum sorğu zamanı “morex.az” yazı olan sellofan paketin içərisində bir ədəd bağlama təqdim edərək, içərisində “marixuana” olduğunu, həmin narkotik vasitəni “Kubinka“ adlanan yerdən Süleyman Pur adlı Iran Islam Respublikasının vətəndaşından əldə etdiyini, marixuananın yarısını özü istifadə edəcəyini, digər hissəsini isə satmaqla gələcəkdə 5000 manat məbləğində pulu Süleyman Pura verəcəyini bildirməsi), məhkəmə-kimyəvi, məhkəmə-bioloji ekspertizalarının rəyləri, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, maddi sübutlar və başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. 22.Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkum Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. 23.Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür. 24.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlillərini müzakirə edərək hesab edir ki, hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğundur. 25.Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. 26.Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət- 27. Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 28.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 17 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 17 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar