Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-259/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum İlqar Fizuli oğlu Mustafayevin iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli 1(107)- 197/2025 nömrəli qərarından məhkum Mustafayev İlqar Fizuli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 13 fevral 2025-ci il tarixli, 1(046)- 3/2025 nömrəli hökmü ilə 09 aprel 1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, Xəqani küçəsi ev 57A ünvanında qeydiyyatda olmaqla Göyçay şəhəri, Ə.Cavad küçəsində yaşayan Mustafayev İlqar Fizuli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 185.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun həbsdə saxlandığı 2 (iki) ay müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 3 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Mustafayev İlqar Fizuli oğlu özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 12 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Ucar şəhəri M.Ə.Rəsulzadə küçəsi 149 ünvanında yerləşən həyətin giriş qapısında saxlanılmış, şahid7 Əlisahib qızına məxsus və sonuncunun oğlu zərərçəkmiş şəxs1 faktiki istifadəsində olan 1988-ci il istehsalı VAZ markalı 21063 model, mühərrik gücü 1300 kub santimetr olan, 03-BJ-882 dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 0451861, ban nömrəsi XTA21063K2074760 olan sarı-ağ rəngli avtomobilin sol ön qapısını burğacdan (vint açan) istifadə edərək açmaq yolu ilə gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 15.02.2022-ci il tarixə saat 02 radələrində zərərçəkmiş şəxs3 məxsus İsmayıllı rayonunun İvanovka kəndində yerləşən ərzaq və qeyri ərzaq malları satılan "Bizim market" adlanan mağazanın plastik materialdan olan qapısının açarla bağlanan hissəsinə vintaçanla müdaxilə edib fiziki güc tətbiq edərək qapını açıb, saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla, 120 manat dəyərində kassa aparatını və kassanın içərisində olan 150 manat kağız və qəpik pulları, 300 manat dəyərində müşahidə kamerasının qurğusunu, ümumi dəyəri 40 manat olan 40 ədəd “1 manatlıq poz-qazan” lotereyası, ümumi dəyəri 60 manat olan 30 ədəd “2 manatlıq poz qazan” lotereysı, ümumi dəyəri 36 manat olan 40 ədəd “Snickers” şkoladı, ümumi dəyəri 36 manat olan 40 ədəd “Mars” şkoladı, ümumi dəyəri 27,9 manat olan 31 ədəd “Tvix” şkoladı, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie compact” markalı siqareti, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie nazik göy” markalı siqareti, ümumi dəyəri 80 manat olan 02 blok “Sobranie nazik qara” markalı siqareti, ümumi dəyəri 62 manat olan 02 blok “LD” nazik markalı siqareti, ümumi dəyəri 58 manat olan 02 blok “LD compact” markalı siqareti, ümumi dəyəri 74 manat olan 02 blok “Kend-4 nazik” markalı siqareti, ümumi dəyəri 42 manat olan 02 blok “Magna nazik ağ” markalı siqareti və ümumi dəyəri 35 manat olan “Winston nazik” markalı siqaretləri qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə 1280 (min iki yüz səksən) manat 90 (doxsan) qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa qohumu Hacıqabul şəhər sakini şahid8 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, əvvəlcədən əldə etdikləri razılıq əsasında 25.03.2022-ci il tarixdə saat 04 radələrində Ağdaş rayonuna gedib-qayıtmaq məqsədi ilə Göyçay şəhəri, Ə.Qarayev küçəsi, ev 78-də yaşayan zərərçəkmiş şəxs2 məxsus Göyçay şəhəri, Nizami küçəsi, ev 21 ünvanının qarşısında hərəkətsiz vəziyyətdə olan “Vaz 2106” markalı, 23 BX 920 dövlət qeydiyyat nişanlı minik avtomobilinə yaxınlaşıb avtomobilin qapısını açaraq salona daxil olub avtomobilin mühərrikini işə salmış, şahid8 isə avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra avtomobili idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Zamin Tahirov və Xəqani Səmədov) 27 may 2025-ci il tarixli 1(107)- 197/2025 nömrəli qərarı ilə Göyçay Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 1(046)- 3/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Mustafayev İlqar Fizuli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Mustafayev İlqar Fizuli oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli 1(107)-197/2025 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Mustafayev İlqar Fizuli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri ona cəza təyin edərkən cəzasını yüngülləşdirən halları lazımi qaydada nəzərə almamışlar. Belə ki, o, təqsirini könüllü olaraq etiraf etdiyini, cinayətin açılmasına və iş üzrə obyektiv halların müəyyən edilməsinə kömək göstərdiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyini və onunla barışdığını, habelə himayəsində heç bir yerdə işləməyən, hər hansı sosial təminatdan məhrum anasının olduğunu, atasının isə vəfat etdiyini göstərərək, həmin halların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Mustafayev İlqar Fizuli oğlunun əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs İ.F.Mustafayevin əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmənin hökmü ilə məhkum İ.F.Mustafayev Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 185.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona 4 il (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 185.2.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri məhkum İ.F.Mustafayevin təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və cinayət qanununun yuxarıda qeyd edilən maddələrinin tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi İ.F.Mustafayevə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını və ona qarşı heç bir tələblərinin olmadığını cəzasını yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Belə ki, cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Mustafayev İlqar Fizuli oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş, 10 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmiş və CM-in 18.1-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi İ.F.Mustafayevə cəza təyin edərkən işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərinə tam uyğun müəyyən edilmişdir. Məhkəmələr cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, işin hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin edilən cəzanın məhkumun islah olunmasına və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına təsirini nəzərə almışlar. Bu baxımdan, məhkuma təyin edilmiş cəzanı nə sərtliyinə, nə də yüngüllüyünə görə açıqaşkar ədalətsiz və cəzanın məqsədlərinə uyğun olmayan cəza hesab etmək olmaz. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın həddən artıq sərt olması və cəzanı yüngülləşdirən halların nəzərə alınmaması barədə dəlilləri ilə razılaşmır və həmin dəlilləri əsassız hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin məhkum İ.F.Mustafayev barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum İ.F.Mustafayevin barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Mustafayev İlqar Fizuli oğlu barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025ci il tarixli 1(107)-197/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Mustafayev İlqar Fizuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Səki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli 1(107)-197/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-259/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-259/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver