Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-261/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında barəsində şikayət verilən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tərəf olduğu işlə tanış olarkən, şikayət etdiyi şəxsin ona böhtan atdığını aşkar etmişdir, belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 20 fevral 2024-cü ildə X8 vasitəsi ilə, guya X6 Bakı şəhər Yaşıl Bazar ərazisində şahidlik edib. Belə halın olmaması haqda elə X6 guya hadisənin 24 fevral 2024-cü il baş verməsi haqqında 19 sentyabr 2024-cü il tarixli ifadəsi və x ilə üzləşməsi yalan və böhtanın sübutudur. Yəni, X8 vasitəsi ilə mənə pul verilməsi halına şahidliyi, şikayət etdiyim şəxsin birbaşa mənim maraqlarıma toxunmaqla mənə qarşı böhtandır. Bu səbəblə, onu xüsusi ittihamçı qismində tanınmağı haqqında qərar qəbul edib, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə fakt üzrə cinayət işi başlanılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim: Əliyev Şəhriyar Ibrahim oğlunun sədrliyi) 18 dekabr 2025-ci il tarixli 1(011)-547/2025 nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında Xüsusi ittihamçı tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2026-cı il tarixli 1(3-6)-94/2026 nömrəli (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti vermişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Xüsusi ittiham qaydasında şikayət verən Xüsusi ittihamçı kassasiya şikayəti ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2026-cı il tarixli qərarının ləğv edilməsi və materialı hazırlıq iclası mərhələsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Xüsusi ittiham qaydasında Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərarın əsassız olaraq qəbul edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, iş materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək o nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli 1(011)-547/2025 nömrəli qərarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Kassasiya şikayətinin dəlilləri araşdırılaraq iş materialları ilə birlikdə qiymətləndirildikdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin düzgün və qanuni olduğu qənaətinə gəlir. Iş materiallarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edərkən həm maddi, həm də prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə mövcud hallara hüquqi qiymət vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, cinayət məsuliyyəti yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əmələ görə yarana bilər. Bu baxımdan xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması üçün şikayətdə göstərilən əməldə cinayət tərkibinin zəruri elementlərinin mövcudluğu ilkin mərhələdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinə uyğun olaraq məhkəmənin hazırlıq iclasında əsas vəzifələrdən biri də məhz şikayətdə göstərilən əməldə cinayət tərkibinin əlamətlərinin mövcudluğunu ilkin hüquqi təhlil etməkdir. Aşağı instansiya məhkəmələri haqlı olaraq müəyyən etmişlər ki, təqdim olunmuş şikayətdə göstərilən hallarda CM-in 147-ci maddəsi ilə nəzərdə tutulmuş böhtan cinayətinin bütün zəruri elementləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014cü il tarixli 3 saylı Qərarında qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilərək, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda və kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyası – böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, guya xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməməli, material hazırlıq iclasına qaytarılmalı idi. Lakin iş materiallarından və məhkəmələrin gəldiyi nəticələrdən görünür ki, şikayət CPM-in xüsusi ittiham üzrə müəyyən etdiyi minimal prosessual tələblərə cavab verməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin şikayəti icraata qəbul etməməsi qanuni və əsaslı olmuşdur. Xüsusi ittiham qaydasında şikayət üzrə əsas məsələ CM-in 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayətinin obyektiv əlamətlərinin mövcud olub-olmamasıdır. Şikayətçi tərəfindən göstərilən hallar isə məhkəmələr tərəfindən düzgün olaraq böhtan cinayətinin tərkibini yaratmayan məlumatlar kimi qiymətləndirilmişdir. Belə ki, şikayət edilən məlumatlar cinayət işi materiallarında, izahatlarda və məhkəmə icraatı çərçivəsində təqdim edilmiş məlumatlardan ibarət olmuşdur. CM-in 147.1-ci maddəsinin dispozisiyası birbaşa göstərir ki, böhtan yalnız məlumatların “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya internet informasiya ehtiyatında” yayılması halında cinayət məsuliyyəti yaradır. Iş materiallarından görünür ki, xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş şikayətdə qeyd edilən prosessual tələblərə tam əməl edilməmişdir. Şikayətdə Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv əlamətləri konkretləşdirilməmiş, təhqir və ya böhtan xarakterli məlumatların hansı formada, hansı şəraitdə, hansı vasitə ilə və konkret olaraq hansı ifadələrlə yayıldığı tam göstərilməmişdir. Eyni zamanda həmin məlumatların kütləvi çıxış, media və ya internet informasiya ehtiyatı vasitəsilə yayılmasını təsdiq edən sübutlar, elektron daşıyıcılar, görüntülər, linklər, şahid ifadələri və digər mötəbər sübutlar şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmçinin qeyd edilir ki, “məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.” Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən hüquqi mövqeyə tam uyğun nəticəyə gəlmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Kassasiya şikayətində maddi hüquq normalarının yanlış tətbiq edildiyi göstərilsə də, əslində apellyasiya instansiyası birinci instansiyanın nəticəsini həm qanunun məzmunu, həm də Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi əsasında düzgün qiymətləndirmişdir. Şikayətçi böhtan cinayətinin zəruri elementi olan “yayılma üsulu”nu və “kütləvi xarakteri”ni sübut edə bilməmişdir. Bundan əlavə, xüsusi ittiham qaydasında verilmiş şikayətdə ittihamın hüquqi tövsifi də qeyri-müəyyən olmuşdur. Şikayətçi CM-in 147-ci maddəsinə ümumi istinad etsə də, əməlin 147.1 yoxsa 147.2-ci maddə ilə tövsif edilməli olduğunu göstərməmişdir. Halbuki həmin maddələrin hüquqi tərkibi və sübutetmə predmeti fərqlidir. Məhkəmə ittiham tərəfinin əvəzinə ittihamı formalaşdırmalı və ya konkretləşdirməli deyildir. CPM-in tələblərinə görə xüsusi ittiham qaydasında şikayət konkret, aydın və hüquqi cəhətdən müəyyən olmalıdır. Ittihamın qeyri-müəyyən formada təqdim olunması müdafiə hüququnun və cinayət prosesində tərəflərin bərabərliyi prinsipinin pozulmasına səbəb ola bilər. Bu baxımdan məhkəmənin CPM-in 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən şikayətin icraata qəbul edilməsindən imtina etməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: ........302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; ......... 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə;,.... Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətdə istinad edilmiş sübutlar şikayətçinin dəlillərini təsdiqləmədiyindən, əsassız hesab edilməli və CPM-in 302.2.3-cü maddəsinə əsasən icraata qəbul edilməkdən imtina edilməlidir. Şikayətə baxan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etməkdən imtina etməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu qərarı dəyişdirmədən saxlaması ilə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-261/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-261/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver