Məhkəmə qərarları › İş №1(1-8)-263/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-263/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-263/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(105)-571/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 25 iyun 2025-ci il tarixli 1(077)- 1/2025 nömrəli hökmü ilə 18 aprel 1981-ci il tarixdə Oğuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Oğuz şəhəri, Ş.İ.Xətai küçəsi ev 2 ünvanında qeydiyyatda olmaqla, Oğuz rayonunun Kərimli kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci və 228.5-ci maddələri ilə təqsirli bilinərək, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 228.5-ci maddəsi ilə 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum 06.02.2025-ci il tarixdə işlədiyi “Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Şuşa rayon Turşsu qəsəbəsi ərazisində yerləşən yataq düşərgəsində 5 nömrəli otaqda iş yoldaşı X2 əvvəllər yatdığı ikimərtəbəli dəmir konstruksiyalı çarpayının birinci mərtəbəsindəki yataq dəstinin (döşəyin) altından Rusiya Federasiyasının “İjevsk” mexaniki zavodunda istehsal edilmiş, 171144536 nömrəli, üzərində təyinatını dəyişdirən əlavə dəyişiklik edilməyən, saz vəziyyətdə və atəş açmaq üçün yararlı- yəni barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş. hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan, “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı, 7.62 mm kalibrli, 1 (bir) ədəd döyüş təyinatlı, yivli-odlu avtomat silahını və həmin avtomat silahında, habelə “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarında, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı olan, döyüş sursatı hesab edilən 29 (iyirmi doqquz) ədəd patronu, habelə qeyd olunan markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı olan, silahdan təyinatı üzrə istifadə etməyə- atəş açmağa imkan verən 1 (bir) ədəd sandıqçanı, həmçinin zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağını tapdıqdan sonra qeyd olunan predmetləri mənimsəmək qərarına gələrək bu məqsədlə real imkanları olmasına baxmayaraq, bununla bağlı işlədiyi şirkətin rəhbər heyətinə və ya müvafiq quruma hər hansı məlumat verməməklə, əvvəlcə qəsdən qanunsuz olaraq qeyd olunan odlu avtomat silahını, onun komplekt hissələrini və döyüş sursatını, habelə soyuq silahı əldə etmiş, daha sonra həmin otaqda öz yatdığı yataq dəstinin (döşəyin) altına gətirib qoymaqla qəsdən qanunsuz olaraq daşımış, daha sonra isə qeyd edilən yerdə gizlədərək 11.02.2025-ci il tarixədək saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Məmmədov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Kamran Muxtarov) 02 dekabr 2025-ci il tarixli 1(105)-571/2025 nömrəli qərarı ilə Şuşa Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 1(077)- 1/2025 nömrəli hökmü dəyişdirilmiş, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 228.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(105)-571/2025 nömrəli qərarının dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi barəsində olan yüngülləşdirici halları nəzərə almayaraq, ədalətsiz, qərəzli hökm çıxarmışdır. Məhkum cinayət işinə yenidən baxılmasını, ədalətli məhkəmə mühakiməsinin keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(105)-571/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələri ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, işğaldan azad edilmiş bölgədə ictimai-faydalı əməklə məşğul olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və ali təhsilli olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və barəsində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla da birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CMin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMin 228.5-ci maddəsi ilə 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş cəzanı 2 (iki) il müddətinə müəyyən etmiş, CM-in 66.2-ci maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkum saz vəziyyətdə və atəş açmaq üçün yararlı - yəni barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan, “Kalaşnikov” konstruksiyalı, AK-103 markalı, 7.62 mm kalibrli, 1 (bir) ədəd döyüş təyinatlı, yivli-odlu avtomat silahını və həmin avtomat silahında, habelə “AK”, “AKM”, “AKMS” markalı avtomat silahlarında, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, 7,62x39 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı olan, döyüş sursatı hesab edilən 29 (iyirmi doqquz) ədəd patronu, habelə qeyd olunan markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı olan, silahdan təyinatı üzrə istifadə etməyə- atəş açmağa imkan verən 1 (bir) ədəd sandıqçanı, həmçinin zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağını hansı məqsədlə saxlaması istintaqa məlum olmasa da, gələcəkdə baş verə biləcək ağır nəticələrin qarşısını almaq məqsədilə ona törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin hallarını nəzərə alıb nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş cəza sərtliyinə görə açıq-aydın ədalətsiz hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(105)-571/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 228.5-ci maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(105)-571/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar