Məhkəmə qərarları › İş №1(1-8)-264/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-264/2026

07.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-264/2026 07.04.2026 ALI MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Novruzov Ələsgər Əli Isgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun iştirakı ilə, ## ###### 1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Salyan rayon məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin 03.02.2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 (bir) il azaldılmış və 27.11.2021-ci il cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, H.Aslanov küçəsi, mənzil 57-də qeydiyyatda olmaqla yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 1(106)-582/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(073)-11/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: E.Ə.Əmirəliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı iş üzrə 13.09.2022-ci il tarixdən 15.09.2022-ci il tarixə kimi 2 (iki) gün, 23.02.2023-cü il tarixdən 09.03.2023-cü il tarixədək 15 (on beş) gün, cəmi 17 (on yeddi) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli 05 iyul 2023-cü il tarixindən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı ilə, (hakimlər: H.X.Bəhmənov (sədrlik edən), S.F.Həsənov və F.C.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, 2021-ci ilin may ayının ortalarında Cəlilabad şəhəri, Cavadxan küçəsindən keçən zaman orada yerləşən Azəriqaz Istehsalat Birliyinin Lənkəran Regional Qaz Istismarı Idarəsinə məxsus istismardan çıxarılmış d=273 mm-lik polad boruları görüb həmin idarəyə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəldikdən sonra 2021-ci ilin may ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən Azəriqaz Istehsalat Birliyinin Lənkəran Regional Qaz Istismarı Idarəsinə məxsus istismardan çıxarılmış d=273 mm-lik polad boruların yanına gəlib, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə həmin polad boruların oğurluq olmadığı barədə yalan məlumat verib aldadaraq onların köməkliyi ilə bir kiloqramının dəyəri 0,25 manat, cəmi 15389,25 manat dəyərində d=273 mm-lik polad boruların 61557 kiloqrama bərabər 1207 p/m hissəsini oğurladıqdan sonra istintaqa məlum olmayan yük avtomobilinə yükləyib Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləməklə Azəriqaz Istehsalat Birliyinin Lənkəran Regional Qaz Istismarı Idarəsinə məxsus cəmi 15389,25 manat dəyərində xeyli miqdarda əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, 2021-ci ilin may ayının ortalarında Cəlilabad şəhəri, H.Aslanov küçəsindən keçən zaman orada yerləşən Azəriqaz Istehsalat Birliyinin Lənkəran Regional Qaz Istismarı Idarəsinə məxsus istismardan çıxarılmış d=108 və d=159 mm-lik polad boruları görüb həmin idarəyə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsizolaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəldikdən sonra, 2021-ci ilin may ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Cəlilabad şəhəri, H.Aslanov küçəsində yerləşən Azəriqaz Istehsalat Birliyinin Lənkəran Regional Qaz Istismarı Idarəsinə məxsus istismardan çıxarılmış d=108 və d=159 mm-lik polad boruların yanına gəlib, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə həmin polad boruların oğurluq olmadığı barədə yalan məlumat verib aldadaraq onların köməkliyi ilə bir kiloqramının dəyəri 0,25 manat, cəmi 363 manat dəyərində d=108 və d=159 mm-lik polad boruların 1452 kiloqrama bərabər 110 p/m hissəsini oğurladıqdan sonra istintaqa məlum olmayan yük avtomobilinə yükləyib Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləməklə Azəriqaz Istehsalat Birliyinin Lənkəran Regional Qaz Istismarı Idarəsinə məxsus cəmi 363 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar (əməlindən peşman olması, çoxsaylı xəstəliklərdən əziyyət çəkməsini) nəzərə alınmamış, nəticədə o həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum iddia edir ki, məhkəmələr məhkəmə təcrübəsinə zidd olaraq, qanunvericiliyin tələblərini pozaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi əvəzinə qanunsuz olaraq onu azadlıqdan məhrum etmişlər. Məhkum Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkum Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkum Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, məhkum Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının başqa cəza növü ilə əvəz edilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə 3 (üç) il 5 (beş) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(073)-11/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halı – əməlindən peşman olmasını (CM 59.2), Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 1(106)-582/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 1(106)-582/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar