Məhkəmə qərarları › İş №1(1-8)-269/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-269/2026

26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-269/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Kürdəmir Rayon Məhkəməsinin (hakim: Imanov Xaliq Xalıq oğlunun sədrliyi) 23 aprel 2025-ci il tarixli 1(041)-5/2025 nömrəli hökmü ilə ## ###### 1980-ci ildə x rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, x rayonu x kəndində qeydiyyatda olmaqla yaşayan Bəraət almış şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yeri olan x rayonu x kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, x rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinə yaşayış yeri üzrə x rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxs Bəraət almış şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər: Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin Isgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibаrət məhkəmə tərkibində) 12 dekabr 2025-ci il tarixli 1(106)- 547/2025 nömrəli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Bəraət almış şəxs CM-in 188.3-cü maddəsi ilə bəraət verilməsi, onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən Bəraət almış şəxs qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və ona cəza təyin edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi hüququnun və bu hüququn həyata keçirilməsi qaydasının izah edilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxs CM-in 188.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, vahid qəsdlə 2020-ci ildən etibarən, x rayonu x bələdiyyəsinə məxsus, x kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 9.45 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək əkin əkərək, eləcə də x bələdiyyəsinə məxsus x kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 0.0123 ha və 0.0326 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək süni göllər qazaraq öz başına tutmuşdur. KASSASIYA PROTESTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇISININ ÇIXIŞI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq Bəraət almış şəxs əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, Bəraət almış şəxs vahid qəsdlə 2020-ci ildən etibarən, x rayonu x bələdiyyəsinə məxsus, x kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 9.45 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək əkin əkərək, eləcə də x bələdiyyəsinə məxsus x kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 0.0123 ha və 0.0326 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək süni göllər qazaraq öz başına tutması iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi isə Bəraət almış şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi, birinci instansiya məhkəməsinin onu təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yekun qərar qəbul etməklə yanlış nəticəyə gəlməsi qənaətinə gəlməklə ona CM-in 188.3-cü maddəsi ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Bəraət almış şəxs verdiyi özünü müdafiə xarakterli ifadələrinə, həmçinin onun qohumları və tanışları olan əlavə şahidlərin apellyasiya məhkəməsindəki ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Bəraət almış şəxs cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şahidlərin ifadələri, baxış və digər istintaq hərəkətlərinin protokolları, mütəxəssis və ekspertiza rəyləri və digər sübutlarla Bəraət almış şəxs ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin, məhkəmə kollegiyası isə hökmlə işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini, baxış və digər istintaq hərəkətlərinin protokollarını, mütəxəssis və ekspertiza rəylərini, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamışdır. Bunun əvəzinə yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxs Bəraət almış şəxs verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də onun qohumları və tanışları olan əlavə şahidlərin apellyasiya məhkəməsindəki ifadələrinə əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi əsassız olaraq qəbul etməmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrındа оlаn sübutlаrın Bəraət almış şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifаyət еtməməsi, Bəraət almış şəxs istifadə etdiyi torpaq sahəsinin bələdiyyəyə aid olduğunu bilməməsi, onun əməlində birbaşa qəsdin olmaması, onun qəsdinin qanunsuz olaraq bələdiyyə mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtinə yönəlməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Halbuki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar müqayisəli təhlil edilib onlara məcmu halında obyektiv qiymət verilməklə Bəraət almış şəxs ittiham verilmişdir. Verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla Bəraət almış şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatlı təyinatlı torpaqları qanunsuz zəbt edərək özbaşına tutma cinayət əməlini törətməyə dair ona istinad edilən əməli törətməsi tamamilə təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası qeyd olunan gedişatda Bəraət almış şəxs əməlində birbaşa qəsdin olmaması, bələdiyyəyə məxsus torpaq sahəsini zəbt etməyin onun çatmaq istədiyi məqsəd olmaması, həmin ərazini ona müvafiq qaydalara əsasən verilmiş ərazi kimi qəbul edərək becərməsi, onun qəsdinin qanunsuz olaraq bələdiyyə mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbtinə yönəlməməsi kimi əsassız qənaətə gəlmiş, bununla da Bəraət almış şəxs onun kənd təsərrüfatlı təyinatlı torpaqları qanunsuz zəbt edərək özbaşına tutma cinayətini törətməsinə dair əsassız ittiham verilməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə Bəraət almış şəxs bəraət verərkən mövqeyini onunla əsaslandırmışdır ki, pozulması ehtimal olunan torpaq üzərində mülkiyyət hüququnun cinayət məsuliyyətinə cəlb edilmə yolu ilə yox, hər hansı digər hüquqi təminatlar vasitəsilə bərpa edilməsi istiqamətində zərərçəkmiş şəxs tərəfindən heç bir hərəkət edilməmiş, zərərçəkmiş şəxsi təmsil edən Nümayəndə cinayət-hüquqi qaydada şikayəti məhz Bəraət almış şəxs ondan daha əvvəl etdiyi şikayətlərə görə cəzalandırmaq və yeni şikayətlər etməsindən çəkindirmək xarakteri daşımışdır. Halbuki, məhkəmənin bu mövqeyi də tamamilə əsassız olmaqla, iş materialları ilə, o cümlədən bələdiyyənin sabiq sədri Nümayəndə ifadələri ilə tam təkzib olunur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2025-ci il tarixli hökmünü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2025-ci il tarixli hökmünün ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 188.3-cü maddəsi ilə məhkuma əsassız olaraq bəraət verildiyi iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq belə hesab etmişdir ki, Bəraət almış şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı özbaşına tutma ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Apellyasiya instansiya məhkəməsinin hökmünə qarşı verilmiş protestdə ittiham tərəfi sübutların kifayət qədər olduğunu, məhkəmənin onları düzgün qiymətləndirmədiyini və nəticəyə səhv gəldiyini iddia etsə də, protestdə göstərilən dəlillərin hər biri ayrıca və məcmu şəkildə təhlil edildikdə onların ittiham hökmü üçün zəruri olan “şübhədən kənar sübut” standartını təmin etmədiyi açıq şəkildə görünür. Dövlət ittihamçısının kassasiya protestində göstərilən dəlillər cinayət işinin faktiki halları, apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı göstərilmiş nəticələr, habelə Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından təhlil edildikdə əsassız və qanuni əsaslardan məhrum olduğu müəyyən edilir. Ilk növbədə qeyd edilməlidir ki, dövlət ittihamçısı protestində apellyasiya instansiyası məhkəməsinin sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirmədiyini, sübutların tam və obyektiv araşdırılmadığını iddia etsə də, hökmün məzmunu bunun tam əksini göstərir. Iş materiallarına əsasən müəyyən olunur ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü barədə əsaslı şübhələrin mövcud olduğunu müəyyən etdikdən sonra iş üzrə qismən məhkəmə istintaqı aparmış, yalnız mövcud sübutların formal təhlili ilə kifayətlənməmiş, əlavə şahidlər dindirmiş, eksperti məhkəmə iclasında sorğu-sual etmiş, tərəflərin bütün arqumentlərini yoxlamış və bundan sonra yekun nəticəyə gəlmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin sübutları araşdırmadan və ya birtərəfli qaydada qiymətləndirərək hökm çıxarması barədə protest dəlilləri iş materialları ilə təkzib olunur. Kassasiya protestində məhkəmənin yalnız təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələrinə və onun qohumlarının ifadələrinə əsaslandığı göstərilsə də, hökmün məzmunundan aydın görünür ki, məhkəmə öz nəticələrini yalnız həmin ifadələr üzərində qurmayıb. Əksinə, məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadələrinə, ekspert şahid1 məhkəmə iclasında verdiyi izahatlara, iş üzrə digər sənədlərə və istintaq materiallarına da istinad etmişdir. Nümayəndə öz ifadəsində kənd sakinlərinin istifadə etdiyi torpaqların bələdiyyəyə aid olmasını yalnız mütəxəssislərin ölçmə işlərindən sonra bildiyini etiraf etməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin ifadə ittiham tərəfinin əsas arqumentlərindən biri olan “təqsirləndirilən şəxs torpağın bələdiyyəyə məxsus olduğunu əvvəlcədən bilirdi” iddiasını ciddi şəkildə şübhə altına alır. Bundan əlavə, ekspert şahid1 da məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, naturada göstərilən torpaq sahələrinin hüquqi mənsubiyyəti elektron kadastr məlumatları və aparılmış ölçmə işləri nəticəsində müəyyən edilmişdir. Daha da mühüm hal ondan ibarətdir ki, ekspert özü məhkəmədə etiraf etmişdir ki, ilk baxış zamanı Bəraət almış şəxs bələdiyyə torpağından istifadə etməsini bilməmiş, bu hal yalnız sonradan aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir. Bu vəziyyət onu göstərir ki, torpaq sahələrinin faktiki sərhədlərinin və hüquqi mənsubiyyətinin müəyyən edilməsi sadə və aşkar məsələ olmamış, xüsusi bilik və ölçmə işləri tələb etmişdir. Belə olan halda təqsirləndirilən şəxsin həmin torpaqların bələdiyyəyə məxsus olduğunu əvvəlcədən dəqiq bildiyini və buna baxmayaraq onları qəsdən zəbt etdiyini əsaslı şübhələrdən kənar sübut etmək mümkün olmamışdır. Dövlət ittihamçısı protestində təqsirləndirilən şəxsin bələdiyyə sədrinin xəbərdarlıqlarına baxmayaraq torpaqdan istifadə etməyə davam etdiyini bildirsə də, bu iddianı təsdiq edən qəti və təkzibedilməz sübutlar iş materiallarında mövcud deyildir. Əksinə, həm Nümayəndə, həm də digər sübutların məcmusundan görünür ki, torpaq sahələrinin hüquqi statusu ilə bağlı mübahisə uzun müddət davam etmiş, kənd sakinlərinin istifadəsində olan bir sıra torpaq sahələrinin də sonradan bələdiyyə torpaqları olduğu müəyyən edilmiş və həmin torpaqlar geri qaytarılmışdır. Bu isə göstərir ki, söhbət açıq-aşkar və qəsdən edilən zəbt hərəkətlərindən deyil, torpaq sərhədlərinin müəyyən edilməsində mövcud olmuş obyektiv qeyri-müəyyənlikdən gedir. CM-in 188-ci maddəsində nəzərdə tutulan cinayətin əsas elementlərindən biri subyektiv tərəf, yəni birbaşa qəsddir. Şəxs torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun ona məxsus olmadığını bilməli, buna baxmayaraq həmin torpağı qanunsuz tutduğunu dərk etməli və belə nəticəni arzulamalıdır. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutların məcmusuna əsasən müəyyən etmişdir ki, Bəraət almış şəxs istifadə etdiyi torpaq sahələrinin özünə və ya şifahi razılaşma əsasında istifadəsinə verilmiş şəxslərə məxsus olduğunu hesab etmişdir. Həmin nəticə təkcə onun öz ifadəsi ilə deyil, apellyasiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq edilmişdir. Şahidlər şahid4, şahid7, şahid8, şahid9, şahid6 və şahid2 məhkəmədə ifadə verərək Bəraət almış şəxs onların və ya ailə üzvlərinin istifadəsində olan torpaq sahələrini becərdiyini, əlavə torpaq zəbt etmədiyini, torpaq sərhədlərinin dəqiq müəyyən edilməsinin çətin olduğunu bildirmişlər. Dövlət ittihamçısı həmin şəxslərin qohum və ya tanış olduqlarını göstərməklə onların ifadələrini etibarsız hesab etməyə çalışsa da, CPM-in tələblərinə görə şəxsin qohum olması onun ifadəsini avtomatik olaraq yolverilməz və ya qeyri-mötəbər sübut etmir. Məhkəmə hər bir ifadəni digər sübutlarla birlikdə qiymətləndirməli və yalnız bu halda nəticəyə gəlməlidir. Apellyasiya məhkəməsi də məhz belə etmişdir. Protestdə göstərilir ki, apellyasiya məhkəməsi bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəblərini göstərməmişdir. Halbuki hökmün məzmunundan görünür ki, məhkəmə ittiham tərəfinin sübutlarını kifayət qədər təhlil etmiş və onların əsaslı şübhələrdən kənar sübut standartına cavab vermədiyini ətraflı əsaslandırmışdır. Məhkəmə xüsusilə vurğulamışdır ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar arasında ziddiyyətlər mövcuddur, həmin sübutlar təqsirləndirilən şəxsin qəsdinin mövcudluğunu qəti şəkildə təsdiq etmir və onların əsasında ittiham hökmü çıxarmaq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilməyənədək o təqsirsiz hesab edilir. Həmin maddədə, eləcə də CPM-in 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə görə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Apellyasiya məhkəməsi məhz bu konstitusion prinsipi rəhbər tutaraq iş üzrə mövcud olan şübhələri təhlil etmiş və həmin şübhələrin ittiham tərəfi tərəfindən aradan qaldırılmadığı qənaətinə gəlmişdir. Bundan başqa, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq üzərində mülkiyyət hüququnun hər bir pozuntusu avtomatik şəkildə cinayət məsuliyyəti yaratmır. Qanunvericilik torpaq münasibətlərinin pozulmasına görə mülki, inzibati və digər hüquqi vasitələr də nəzərdə tutur. Iş materiallarından görünür ki, mübahisəli torpaq sahələri ilə bağlı mülki-hüquqi xarakterli münasibətlər və sərhəd mübahisələri mövcud olmuş, lakin zərərçəkmiş tərəf tərəfindən bu münasibətlərin mülki-hüquqi qaydada həlli istiqamətində ciddi addımlar atılmamışdır. Bu hal da cinayət-hüquqi müdaxilənin zəruriliyini şübhə altına alan amillərdən biri kimi düzgün qiymətləndirilmişdir. Həmçinin diqqətəlayiq haldır ki, bələdiyyənin yeni sədrinin birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə süni göllərin yerləşdiyi torpaq sahələrinin olduğu kimi qalmasına etiraz edilmədiyi açıq şəkildə göstərilmişdir. Bu fakt ittiham tərəfinin iddia etdiyi yüksək ictimai təhlükəlilik dərəcəsinin və hüquq pozuntusunun xarakterinin reallıqda fərqli olduğunu göstərən əlavə amildir. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr iş üzrə tədqiq olunmuş sübutların məcmusuna, təqsirsizlik prezumpsiyasına, sübutetmə yükünün ittiham tərəfinin üzərində olması prinsipinə və cinayət hüququnun əsas prinsiplərinə tam uyğundur. Dövlət ittihamçısının kassasiya protestində göstərilən hallar isə faktiki olaraq apellyasiya məhkəməsinin sübutlara verdiyi qiymətləndirmə ilə razılaşmamaqdan ibarətdir və hökmün ləğv edilməsinə səbəb ola biləcək mühüm prosessual və ya maddi hüquq pozuntularının mövcudluğunu ortaya qoymur. Qeyd olunlarla yanaşı protestdə məhkəmənin sübutları birtərəfli qiymətləndirdiyi iddia edilsə də, əksinə, məhkəmə hər bir sübutu ayrı-ayrılıqda və məcmu halda təhlil etmiş, ziddiyyətləri göstərmiş və həmin ziddiyyətlərin digər sübutlarla aradan qaldırılmadığını əsaslandırmışdır. Beləliklə, protestdə göstərilən dəlillər ya artıq məhkəmə tərəfindən qiymətləndirilmiş və inandırıcı hesab edilməmiş, ya da sübutların qanuniliyinə və mötəbərliyinə dair mövcud şübhələri aradan qaldıra bilməmişdir. Bu səbəbdən protestdə irəli sürülən arqumentlər hökmün ləğvi və ittiham hökmünün çıxarılması üçün yetərli hüquqi əsas yaratmır. Apellyasiya məhkəməsinin hökmünün kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bəraət almış şəxs CM-in 188.3cü maddəsi ilə təqsirliliyinin əsaslı şübhələrdən kənar sübut edilmədiyi barədə gəlinmiş nəticə qanuni, əsaslı və işin faktiki hallarına uyğun olmuş, dövlət ittihamçısının kassasiya protestində irəli sürülən dəlillər həmin nəticəni təkzib etmədiyindən protest təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2025-ci il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar