Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-27/2026 21.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-558/2025 nömrəli, 28 oktyabr 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum 26 avqust 1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla yaşamışdır.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-169/2025 nömrəli, 08 may 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən məhkum Məhkum apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatət verib, müvafiq müddətin ötürülməsini hüquqi savadsızlığı, psixiki və fiziki durumunda yaranmış problemlərlə əsaslandırmışdır.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-169/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qərarı ilə məhkum Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarından məhkum Məhkum apellyasiya şikayəti verib, qərarın ləğv edilməsini, müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-558/2025 nömrəli, 28 oktyabr 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin xəstə olması səbəbindən ötürüldüyü göstərilərək, bu əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-558/2025 nömrəli, 28 oktyabr 2026-cı il tarixli qərarının ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərarın qəbul edilməsi xahiş olunmuşdur.
9. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.
11. Həmin Məcəllənin 384.2-ci maddəsi ilə müəyyən edildiyi qaydaya görə, yalnız həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
12. Istinad edilən prosessual normalarla müqayisəli təhlil olunan cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-169/2025 nömrəli, 08 may 2025-ci il tarixli hökmü məhkum Məhkum 14 may 2025-ci il tarixdə çatdırılmış, həmin halı onun öz imzası ilə təsdiq edən müvafiq qəbz cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, səh.122).
13. Işin materiallarından həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsinin hökmü məhkumun və onun müdafiəçisinin iştirakı ilə elan olunmuş, elan edildikdən sonra sədrlik edən tərəfindən proses iştirakçılarına məhkəmə hökmündən şikayət verilməsi qaydası və müddəti izah edilmişdir.
14. Bununla belə, Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətlə 05 sentyabr 2025-ci il tarixdə müraciət etmiş, həmin vəsatət birinci instansiya məhkəməsinə 19 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur.
15. Göründüyü kimi, məhkum Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 169/2025 nömrəli, 08 may 2025-ci il tarixli hökmündən apellyasiya şikayətini həmin hökmün qəbul edildiyi vaxtdan 3 (üç) ay müddət keçdikdən sonra vermiş, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini hüquqi savadsızlığı və səhhətində yaranmış problemlərlə əsaslandırmağa çalışsa da, müddətin bərpasına əsas verə biləcək hər hansı yetərli izahı məhkəməyə təqdim etməmişdir.
16. Təsvir olunanlardan görünür ki, məhkum Məhkum birinci instansiya məhkəməsinin qərarından vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni, birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ərzində hökmü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü səbəblərdən baş verməmişdir.
17. Baxılan kassasiya şikayətində məhkum Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin vaxtında verilməməsini xəstə olması ilə əlaqələndirsə də, bu halı təsdiq edən hər hansı sənəd və ya məlumat məhkəmə kollegiyasına təqdim olunmamışdır.
18. Bu səbəblərə görə məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum verdiyi kassasiya şikayətində üzrlü səbəb kimi göstərilən hal heç bir sübuta əsaslanmayan mülahizədən ibarət olduğundan, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas kimi qəbul oluna bilməz.
19. Belə qənaətə gələn məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyini də nəzərə alır.
20. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, prosessual müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
21. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası cinayət işininə mahiyyəti üzrə məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların, məhkum Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hallarının müəyyən edilmədiyini nəzərə alır.
22. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən heç bir əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-558/2025 nömrəli, 28 oktyabr 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-558/2025 nömrəli, 28 oktyabr 2026-cı il tarixli qərarı məhkum Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.