Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-270/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Müdafiəçi – “Yusifbəyli və Partnyorları Vəkil bürosunun” vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1992-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər İ.Cəfərzadə (sədrlik edən), N.Mirzəyev və N.Hüseynli) Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər K.Muxtarov (sədrlik edən), M.Rzayev və E.Əhmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, ittihama əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 12,871 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in II siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Şimal Mail” ticarət mərkəzinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum ## ###### 2025-ci il tarixdə, saat 19:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Xaçmaz Rayon Polis şöbəsinə gətirilmiş və orada həmin gün saat 20:22-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 12,871 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməmiş, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi (qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə saxlaması və daşıması) müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq CM-in 234.1- 1-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Belə ki, Məhkum şübhəli şəxs kimi saxlanılarkən qanunla nəzərdə tutulmuş qaydada üstünə dərhal baxış keçirilmədən polis şöbəsinə gətirilərək elə həmin polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparmaqla Məhkum üstündə axtarış keçirilmişdir. Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin X2 tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli protokoldakı qeydlərə əsasən şəxsi axtarış keçirilərkən Məhkum şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi selofan bükümün içindəkinin psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu qeyd olunsa da, həmin kütlənin hansı xassələri və əlamətlərinə görə məhz psixotrop maddə, həm də metamfetamin adlı olduğuna dair heç bir qeyd göstərilməmişdir. Şifahi sorğu zamanı Məhkum özü isə selofana bükülü kütlənin ##.##.2025-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhərində bazar adlanan yerdən tanınmadığı şəxsdən 50 manata aldığını bildirib. Beləliklə də, hər-hansı bir naməlum kütlənin narkotik və ya psixitrop maddə olub-olmadığı yalnız xüsusi təhqiqat nəticəsində müvafiq ekspert rəyi ilə müəyyənləşdirilməsi mümkün olduğu halda bu məsələ elə ilk baxışda təhqiqatçı tərəfindən müəyyənləşdirilib ardından Məhkum özü hər hansı ekspertiza keçirmədən təsdiqləmişdir. Bundan başqa, ittiham aktında məhkumun ##.##.2025-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhərində bazar adlanan yerdən tanımadığım şəxsdən 50 manata aldığı göstərilsə də, o həmin vaxt, yəni ##.##.2025-ci il tarixdə Quba rayonunda olmuşdur. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarına əsasən Məhkum barəsində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarın qanuniliyi tanınmadan geri qaytarılmış, Xaçmaz Rayon Məhkəməsinə isə həmin qərarının qanuniliyinin yoxlanılmasına dair material daxil olmamışdır. Belə olduğu halda, həmin qərar nəticəsində əldə edilmiş dəlillərin qanunvericiliyin tələbinə əsasən sübut kimi qəbul edilə bilməməsini məhkəmələr nəzərə almamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Cinayət Prosessual Məcəllənin 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, müdafiə tərəfinin məhkum Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya şikayətindən görünür ki, müdafiə tərəfi Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı bir cinayət əməlini törətmədiyini iddia etməklə, CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiə tərəfi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan eyni dəlillər məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkumun təqsirliliyi barədə yekun nəticələr işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu özünün ibtidai istintaq zamanı verdiyi etirafedici izahat və ifadələri (bütün izahat və ifadələrində, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılan zaman üzərindən aşkar edilən psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir), psixotrop maddənin müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı məhkumun üzərindən götürülməsi və həmin vaxt məhkumun aşkar olunan psixotrop maddənin özünə məxsus olduğunu etiraf etməsi, polis əməkdaşları tərəfindən ona qarşı işgəncə və ya sair zorakılığın, hər hansı formada qanunsuz təsir etmənin tətbiq edilmədiyini bildirməsinə dair ifadələri, məhkumdan götürülmüş predmetin təmiz çəkisi 12,871 qram təşkil edən psixotrop maddə metamfetamin olması barədə məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkumda psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar edilməsinə dair narkoloji-tibbi yoxlamanın rəyi, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Müdafiə tərəfi Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixoloji təzyiq və təsirə məruz qaldığını iddia etsə də, bu əsassız olmaqla iş materialları ilə təkzib edilmiş, müdafiə tərəfi məhkumun polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkum və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də psixoloji təsir göstərilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Bütün bunlar isə psixotrop maddənin məhkumun üzərinə qoyulması, psixoloji təsir və təzyiq göstərilməklə etirafedici izahat verməyə məcbur edilməsi barədə müdafiə tərəfinin dəlillərinin əsassız olduğunu göstərir. Ittiham aktında Məhkum üzərindən aşkar edilən psixotrop maddə metamfetamini ##.##.2025-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhərində bazar adlanan yerdə tanımadığı şəxsdən aldığı göstərilsə də, həmin vaxt onun Quba şəhərində olması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, bu barədə məlumatı Məhkum özü ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində bildirmişdir. Lakin həmin məlumatın həqiqiliyi müəyyən olunmadığından, ittihamda, eləcə də məhkəmənin hökmündə Məhkum “məlum olmayan mənbədən, məlum olmayan vaxtda və şəraitdə” qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması qənaətinə gəlinmişdir. Bundan başqa, kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarına əsasən Məhkum barəsində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarın qanuniliyi tanınmadan geri qaytarılmışdır. Xaçmaz Rayon Məhkəməsinə isə həmin qərarının qanuniliyinin yoxlanılmasına dair material daxil olmamışdır. Belə olduğu halda, həmin qərar nəticəsində əldə edilmiş dəlillər qanunvericiliyin tələbinə əsasən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat axtarış tədbirlərinə telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi və insanların güdülməsi aid edilmişdir. CPM-in 445.2-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Iş materiallarından görünür ki, “Əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar əsasında Məhkum üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmiş, üzərinə baxış zamanı ondan ittihamda göstərilən psixotrop maddə metamfetamin aşkar edilmiş, nəqliyyat vasitəsinə baxış zamanı isə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. “Əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarda göstərilən və Məhkum barəsində keçirilən “üzərinə baxış” tədbiri nəinki CPM-in 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında həyata keçirilməli olan əməliyyat-axtarış tədbiri deyil, ümumiyyətlə əməliyyat-axtarış tədbiri hesab olunmur. Çünki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən həyata keçirilə bilən əməliyyat-axtarış tədbirlərinin dəqiq siyahısı “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir və həmin maddədə “üzərinə baxış” növündə əməliyyat-axtarış tədbiri nəzərdə tutulmamışdır. Nəqliyyat vasitəsinə baxış keçirilməsi isə əməliyyat-axtarış tədbiri olsa da, CPM-in 445.1-ci maddəsində nəzərdə tutulan əməliyyat-axtarış tədbirlərinə aid deyil. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə “şəxsin üzərinə baxış” növündə əməliyyat axtarış tədbiri nəzərdə tutulmadığından, nəqliyyat vasitəsinə baxış tədbiri isə məhkəmə nəzarəti qaydasında qanuniliyi yoxlanılmalı olan əməliyyat-axtarış tədbirlərinə aid olmadığından, Məhkum barəsində həmin tədbirlərin keçirilməsinə dair qərarın qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasına da lüzum olmamışdır. Məhkum təyin edilmiş cəza məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası həmin cəzanın yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas tapmır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2026-cı il ## ###### tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-270/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-270/2026
08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver