Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-271/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakimlər A.T.Rzayeva (sədrlik edən), E.Q.Məmmədov və N.N.Mirzəyev) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər K.N.Muxtarov (sədrlik edən), M.Ə.Rzayev və E.M.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli 1(105)-414/2025 qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımış və saxlamışdır. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə, təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxsin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsi sübuta yetirilməmiş, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən edilmişdir. Belə ki, məhkəmə hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq 910,04 qram çəkidə olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Ceyranbatan su anbarının dəmir hasarının yanından 1 ədəd sellofan bağlamada götürüb qanunsuz əldə edərək yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsinə daşıyıb orada özünə məxsus elektron tərəzi ilə hissələrə ayıraraq, 4 bükümdə ayrı-ayrı çəkiləri 17,280 qram, 22,150 qram, 12,30 qram, 14,680 qram, ümumilikdə 66,410 qram olan hissəsini üzərində, 5 bükümdə ayrı-ayrılıqda çəkib ümumi 843,63 qram olan qurudulmuş marixuananı idarə etdiyi «Hyundai Elantra» markalı, 77-XD- 302 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, ## ###### 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Məmmədli qəsəbəsində «Araz» marketin yaxınlığında saxlanılaraq həmin avtomobildə Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ və sol yan ciblərindən 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkisi 66,410 qram qurudulmuş marixuana aşkar olunub götürülmüş, əməliyyat tədbirinin davamı olaraq idarə etdiyi «Hyundai Elantra» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron RPI-nin inzibati binasının həyətində həmin gün baxış keçirilərkən avtomobilin yük yerindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi və boş plastik qab, 1 ədəd qara rəngli sellofanda 380,0 qram və 1 ədəd göy rəngli polietilen bağlamada 422,2 qram, avtomobilin salonundan isə 1 ədəd şəffaf sellofanda 21,480 qram və 2 ədəd göy rəngli polietilen kəsiyi bükümündə ümumi çəkisi 41,430 qram, ümumilikdə üzərindən və idarə etdiyi avtomobilindən 910,04 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan 1 ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarından narazıdır. Belə ki, məhkəmə onun işinə baxarkən müstəntiq tərəfindən ona qərəzli olaraq şişirdilmiş ittihamın verilməsini, narkotik vasitənin alqı-satqısına dair heç bir sübutun olmamasını, üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitələri satmaq və daşımaq niyyətinin olmamasını nəzərə almamışdır. Hesab edir ki, onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi əsassızdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli qərarının dəyişdirilməsini, onun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilərək, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq həmin maddə ilə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və onun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143— 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə həmin norma (hazırki işin kontekstində) satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il ## #### tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il ## #### tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”ya (İ siyahıya) əsasən marixuananın kütləsinin aşağı həddi 5 qram təşkil etdikdə xeyli miqdarda, 500 qram olduqda külli miqdarda, 50000 qram olduqda isə xüsusi ilə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il ## #### tarixli * saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “Işin halları” bölməsində təsvir olunmuş Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun onun əməlində CM-in 234.4.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, məhkəmələrin işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri Azərbaycan Respublikası CPM-in cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən məhkum edilmiş şəxsin özünün ibtidai istintaq zamanı etirafedici ifadələrinə, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” ##.##.2024 -ci il tarixli protokollara, istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş diskə, məhkəmə-bioloji ekspertizasının ##.##.2024-cü il tarixli rəyinə, şahidlərin ifadələrinə və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında gəldiyi nəticələri bu sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri hesab etmir). Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum saxlanılması və ondan sonra ətrafında aparılan prosessual hərəkətlər zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, müvafiq hərəkətlər qanunamüvafiq şəkildə protokollaşdırılaraq rəsmiləşdirilmişdir və iş materiallarında ittihamda qeyd olunan qanunsuz, dövriyyəsi qadağan edilmiş narkotik vasitə marixuananın şəxsi axtarış zamanı Məhkum üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilmiş olmasına şübhə yarada biləcək heç bir hal olmamış, həmçinin narkotik vasitə marixuananın külli miqdarda olması iş üzrə mötəbər sübutlarla təsdiq olunmuşdur. Məhkum kassasiya şikayətində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair sübutların olmaması barədə dəlillər irəli sürsə də, bu dəlillər əsaslı görünməmişdir. Belə ki, Məhkum üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə marixuananın ümumi miqdarı külli miqdar təşkil etməklə, şəxsi istehlak miqdarından dəfələrlə, külli miqdarın aşağı həddindən isə iki dəfəyə yaxın çox olmuşdur. Bundan əlavə aşkar edilmiş narkotik vasitələr bükümlərə bölünmüş, avtomobildən həmçinin elektron tərəzi aşkar edilmişdir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2024-cü il tarixli **** nömrəli rəyinə əsasən isə Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Məhkəmələr qeyd olunan sübutları məcmu şəkildə dəyərləndirməklə Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərində və avtomobilində saxlaması və daşıması qənaətinə gəlmişlər. Odur ki, məhkəmə kollegiyası nə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Bundan əlavə, Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hallar kimi onun himayəsində bir azyaşlı uşağının olmasından, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il ## #### tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-271/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-271/2026
08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver