Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-277/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum olunmuş şəxs Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ##### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər: Ismayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid Ibadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, # #### 2004-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq edəcəyi hədəsi bağlı olan basqın etmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, ## ##### 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən şəhərətrafı avtobus dayanacağında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs şəxsiyyəti məlum olmayan qadının mobil telefon nömrəsini öyrənmək istəməsini guya irad tutub bəhanə edərək, aralarında olan cinayətkar razılığa əsasən onu söhbətə tutub piyada hərəkət etməklə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektindəki Olimpiya Stadionunun yaxınlığında yerləşən körpünün alt hissəsinə gətirib, orada özünü kriminal ailəmin üzvü kimi təqdim edərək silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək, bıçaqla Zərərçəkmiş şəxs həyat və sağlamlığına zərər yetirəcəyi ilə hədələyib, üzərində olan pul və qiymətli əşyalarını onlara verməsini tələb edərək, əl və ayaqla döyüb ona sol təpə və sol bud nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı kimi bədən xəsarətləri yetirib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla, habelə bu cür zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs əlindəki, içində 10 manat dəyərində mobil nömrə olan 510 manat dəyərində “Honor” markalı, ALI-NX1 (X9b) modelli mobil telefonu, əl çantasından 60 manat dəyərində naqilsiz qulaqcığı, qolunda olan 25 manat dəyərində “Haino Teko” markalı, SW RW-34 modelli elektron qol saatını, üzərindəki 7 manat nağd pulunu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 612 manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah qismində istifadə edilən əşya tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tədbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) # ##### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ##### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ona cəza təyin olunarkən iş üzrə zərər çəkmiş şəxslə barışıq əldə etməsi, sonuncuya dəymiş ziyanı könüllü olaraq ödəməsi, təqsirli bililindiyi cinayəti törədərkən yenicə yetkinlik yaşına çatması, həmçinin “ağır tənəffüs sistemi” xəstəliyindən əziyyət çəkməsi və digər cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Buna görə ona təyin edilmiş cəzanı həddindən artıq ağır hesab edən məhkum Məhkum onun kassasiya şikayətinin təmin olunmasını və cəzasının yüngülləşdirilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ona həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək bu cəzanın yüngülləşdirilməsi barədə qərarın qəbul olunmasına dair tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, həmin şikayətin məzmununa görə, məhkum Məhkum öz müraciətində ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və törətdiyi əməllərin hüquqi tövsifini mübahisələndirmir və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi ilə bağlı qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Bununla belə, kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarını tam və hərtərəfli öyrənən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkum Məhkum ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə (həmin ittiham üzrə müəyyən edilmiş işin faktiki halları birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarının təsviri-əsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində ətraflı təsvir edilmişdir) cinayət əməlini törətməsi məhkum olunmuş şəxsin istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri, məhkəmə-tibbi və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri ilə, videogörüntüyə baxış keçirilməsi haqqında, habelə bir sıra başqa istintaq hərəkətlərinin aparılmasına dair protokollarla, maddi sübutlarla və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin tam sübuta yetirilməsi və onun həmin əməlinin CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edilməsi barədə mötəbər nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı məhkəmələrin gəldikləri həmin nəticələri qanuni hesab edir və onların şübhə altına alınması üçün heç bir əsas görmür. Məhkum barəsində cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ona ağır cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası digər qərarlarında olduğu kimi, yenə də xatırladır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsasları, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəlləsində təsbit edilmiş prinsiplərə, o cumlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CM-in 62-ci maddəsinin tətbiq edilməsi halları istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçüsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün göstərilən şərtlərə bu məsələni həll edən məhkəmə tərəfindən mütləq məcmu şəkildə əməl olunmalı və yalnız belə halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə nail olmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumiyyətlə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində tələb olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməlləri CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişlər. Məhkum kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 181.2.1 və 181.2.5ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə çıxardığı və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı # ###### 2025-ci il tarixli hökmlə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 59.1.12 və 59.1.13cü maddələrinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışıq əldə etməsini və cinayət əməlini törətməsi nəticəsində sonuncuya vurulmuş ziyanı könüllü olaraq ödəməsini cəzanı yüngülləşdirən hallar qismində, eyni zamanda CM-in 61-ci maddəsində sadalanmış cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almaqla ona həmin maddənin sanksiyasının aşağı həddinə yaxın hədddə cəza təyin etmiş və bu zaman maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, həmçinin gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum Qərarlarında əksini tapmış izah və tövsiyələrə istinad etməklə lazımi qaydada əsaslandırmışdır. Məhkəmə kollegiyası istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə ilə də razılaşaraq eyni zamanda vurğulayır ki, həmin məhkəmələrin cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı cəzanı yüngülləşdirən halı nəzərə almamaları, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Halbuki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, birinci və ya apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırılmış sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı nəzərə almasın, yaxud da məhkəmələr cəza təyini zamanı CM-in 61.1-ci maddəsində nəzərdə tutulmamış hansısa hala cəzanı ağırlaşdıran hal kimi istinad etmiş olsunlar. Məhkum barəsindəki cinayət işinin materiallarından və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələr tərəfindən bu kimi nöqsanlara yol vermələri görünmür. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini qeyd edərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum, həmin şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ##### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ##### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-277/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-277/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver