Məhkəmə qərarları › İş №1(1-8)-28/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-28/2026

15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-28/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X6 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1969-cu ildə Tovuz rayonu Cilovdarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kənd Mədəniyyət evinin müdiri vəzifəsində işləmiş, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 2024-cü il # #### tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X5 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2025-ci il ## ######## tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən, Məhkum insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, ##.##.2024-cü il tarixdə saat 19 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbiristanlığında ##.##.1958-ci ildə anadan olmuş, Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini X3 özünə məxsus heyvanları qəbiristanlıq ərazisində otarmasına etiraz edərək əvvəlcə onunla sözlə mübahisə etmiş, mübahisə zamanı ona təhqiramiz ifadələr işlətdiyi üçün sonuncunun da öz növbəsində ona qarşı təhqiramiz ifadələr işlətməsindən sonra aralarında yaranmış mübahisə zamanı Novruz Hacıyevin sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcə Novruz Hacıyevlə əlbəyaxa olub onu yerə yıxaraq yumruq zərbələri ilə qəsdən onun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən baş nahiyyəsinə bir neçə dəfə vurmuş, daha sonra isə ayağa qalxan Novruz Hacıyevin əlindəki çomağı ondan alaraq onunla yenidən əlbəyaxa olub onu yerə yıxmaqla qəsdən sağlamlığına ağır zərər vurmaq niyyəti ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən bel və sağ qabırğa nahiyyələrinə həmin çomaqla çoxsaylı zərbələr endirərək, Novruz Hacıyevə sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıq-gicgah nahiyəsinin qançır-şişkinliyi, İ bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, XI və XII qabırğaların qəlpəli, yerdəyişməli sınığı, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid, həmçinin hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə X3 qəsdən ağır zərər vurmuş, nəticədə Novruz Hacıyevin aldığı həmin xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, həmçinin alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxmasından inkişaf edən beyin ödemi nəticəsində # #### 2024-cü il tarixdə saat 07:15 radələrində müalicə olunduğu Tovuz Rayon Mərkəzi X4 Şəxsdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən tərəflərindən dəfələrlə vəsatət verilərək təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin tərkibi olduğu üçün ağır ittiham verilməsi üçün istintaqa qaytarılması xahiş edilsə də məhkəmə heç bir əsaslı səbəb göstərmədən vəsatətləri araşdırmadan təmin etməmişdir. Ən azından ittihamdan da göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə zərərçəkmiş şəxsin müxtəlif nahiyyələrinə, ən əsası isə başına ağacla vurmuş və belə olan halda o artıq zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək məqsədi daşımamış, onu öldürmək məqsədi olmuşdu. Belə olan halda onun əməli CM-nin 120-ci maddəsinə tövsif edilməli idi. Eyni zamanda məhkəməyə verdikləri vəsatətlərində təqsirləndirilən şəxsin cinayəti qrup şəklində törətməsi barədə dəlillər irəli sürsələr də məhkəmə bu istiqamətdə heç bir araşdırma aparmamışdir. Məhkəmə isə bütün yuxarıda göstərilənləri nəzərə almayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, qanunun yuxarıda qeyd olunan normalarının tələblərini kobud şəkildə pozmaqla beləliklə də cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və cinayət işinin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərər çəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini və təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürülmüş və həmin dəlillər məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış, mövcud olan sübutlar qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmiş, məhkuma qarşı daha ağır ittihamın irəli sürülməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında zərərçəkmiş şəxsin hüquqi varisinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkuma təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirən zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasının orta həddində cəza təyin edilmişdir və həmin cəzanın ağırlaşdırılması üçün hüquqi və faktiki əsaslar müəyyən edilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-***/**** nömrəli qərarı, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar