Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-281/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli 1(101)-846/2025 nömrəli (hakimlər: Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrliyi), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə ## ####### 1999-cu il tarixdə x rayonunun x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, x rayonu x kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 avqust 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Murad Akif oğlu (sədrliyi və məruzəsi ilə), Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) 2 oktyabr 2025-ci il tarixli 1(103)-1862/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin yerləşdiyi ünvan barədə Iran Islam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, x ünvanında gizlədilmiş külli miqdarda olmaqla ümumi təmiz çəkisi 5450,0 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, 27 avqust 2024-cü il tarixdə saat 00:00 radələrində Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanını yaxınlığında saxlanılaraq x ünvanında yerləşən Nərimanov rayon Polis Idarəsinə aparılmış, orada üzərinə müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan göy rəngli sellofan torbanın içərisindən üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 5450,0 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək müdafiə tərəfi belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum əməli CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum əməlinin CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildiyi, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143- 146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-IIQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olubolmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şahid2, şahid3 və şahid1 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 27 avqust 2024-cü il tarixli protokol, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk, məhkəmə-bioloji ekspertizasının 27 avqust 2024-cü il tarixli rəyi, mobil telefona baxış keçirilməsi haqqında 27 avqust 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş şəkillər, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar, Məhkum əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Belə ki, şəxsi axtarış və götürmə aparılması haqqında 27 avqust 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Məhkum paltarlarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Məhkum əlindəki göy rəngli sellofan torbanın içərisindən 1 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o , polis əməkdaşları tərəfindən barəsində hər hansı zorakılığa yol verilməməsini, saxlanılarkən üzərinə baxış keçirilmədiyini bildirmişdir. Bundan başqa şifahi sorğu zamanı Məhkum təqdim etdiyi göy rəngli selefon torbanın içərisindəki qara rəngli bükümün içərisində olan maddənin narkotik vasitə “nəşə” olmasını, həmin bükümü təxminən bir aya yaxın olar ki, sosial şəbəkəsində tanış olduğu Iran Islam Respublikasının vətəndaşı adını bilmədiyi şəxslə 26.08.2024-cü il tarixdə +************ saylı nömrə ilə vatsap vasitəsi ilə danışdığından ona özünün istifadəsi üçün 5 qram metafetamin və çatdırası olduğu nəşəni isə götürüb sonradan ona dediyi yerə qoymasını bildirmişdir. Həmçinin cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 27 avqust 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəkillərdən görünür ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi Note 8” markalı mobil telefona baxış zamanı mobil telefonda olan “WhatsApp” proqramında Iran Islam Respublikasına məxsus +************ saylı mobil nömrə ilə Məhkum məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 26 avqust 2024-cü il tarixdə narkotik vasitənin əldə edilərək ayrıayrı ünvanlara qoyulması barədə səs yazı və yazışmanın, məkan və narkotik vasitənin qoyulduğu yerin işarələnmiş fotoşəkillərinin göndərilməsi, “Gallery” bölməsinə daxil olduqda orada narkotik vasitənin qoyulduğu ünvanların işarələnmiş fotoşəkillərinin olması aşkar edilmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, Məhkumla +************ nömrəsi istifadəçisi ilə 26 avqust tarixdə (il görünmür) saat 23:51 radələrində danışıqlar aparılmış, lakin saat 00:02 radələrində işə +************ nömrəsindən zən gəlsə də Məhkum həmin zəngə cavab verə bilməmişdir. Bununla bağlı Məhkum +************ mobil nömrənin ona məxsus olduğunu, Iran Islam Respublikasına məxsus +************ saylı mobil nömrənin narkotik vasitəni əldə etdiyi Iran islam Respublikasının vətəndaşına məxsus mobil nömrə olduğunu bildirmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində göstərilən dəlillər iş materialları ilə tam təkzib olunduğundan, həmin dəlillər əsassız və hüquqi cəhətdən qəbuledilməz hesab edilməlidir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu məhkum Məhkum narkotik vasitəni yalnız şəxsi istifadə məqsədilə deyil, satış və yayma məqsədi ilə qanunsuz əldə edib saxlamasını birmənalı şəkildə təsdiq edir. Ilk növbədə, iş materiallarından müəyyən olunur ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi xüsusilə böyük həcmdə - 5450 qram qurudulmuş marixuana olmuşdur. Bu miqdar narkotik vasitənin şəxsi istifadə məqsədi ilə əldə olunması həyat təcrübəsi və məhkəmə praktikası baxımından inandırıcı hesab edilə bilməz. Məhkumun özünün narkotik istifadəçisi olması belə, bu qədər böyük miqdarda narkotik vasitənin yalnız şəxsi istehlak üçün saxlanmasını əsaslandırmır. Əksinə, narkotik vasitənin həddindən artıq iri həcmdə olması onun gələcəkdə ayrı-ayrı şəxslərə çatdırılması və yayılması məqsədilə əldə edildiyini göstərən əsas əlamətlərdən biridir. Bundan başqa, Məhkum həm ibtidai istintaq zamanı, həm də şəxsi axtarış protokolunda verdiyi ilkin izahatlarda narkotik vasitəni ona göndərilən “konum” əsasında götürdüyünü və sonradan deyiləcək ünvanlara yerləşdirməli olduğunu etiraf etməsi müdafiə tərəfinin mövqeyini tam təkzib edir. Həmin ifadələrdən görünür ki, narkotik vasitənin əldə edilməsinin məqsədi yalnız istifadə deyil, konkret olaraq digər ünvanlara çatdırılma olmuşdur. Bu isə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmə niyyətini və satış məqsədini birbaşa təsdiq edən haldır. Mobil telefona baxış keçirilməsi haqqında protokol və telefonun “WhatsApp” tətbiqində aşkar edilmiş yazışmalar da müdafiə tərəfinin dəlillərinin əsassız olduğunu sübut edir. Belə ki, Iran Islam Respublikasına məxsus nömrə ilə aparılmış yazışmalarda narkotik vasitələrin götürülməsi, yerləşdirilməsi, ünvanların göndərilməsi və narkotik vasitələrin qoyulduğu yerlərin fotoşəkillərinin paylaşılması müəyyən edilmişdir. Həmin məlumatlar təsdiq edir ki, Məhkum narkotik vasitələrin gizli dövriyyəsi sxemində iştirak etmiş və ona verilən göstərişlər əsasında narkotik vasitələrin yerləşdirilməsi funksiyasını icra etməli olmuşdur. Bu hallar CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan “satış məqsədi ilə əldə etmə və saxlama” anlayışına tam uyğun gəlir. Şahid ifadələri də ittihamın düzgünlüyünü təsdiq edir. Şahid şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxs onu konkret “konum” göndərərək müəyyən ünvana aparmasını xahiş etmiş, həmin yerdən “çanta” götürəcəyini bildirmişdir. Bu hal əvvəlcədən planlaşdırılmış hərəkətlərin mövcudluğunu və təqsirləndirilən şəxsin narkotik vasitənin olduğu yeri əvvəlcədən bildiyini təsdiqləyir. Digər şahid olan polis əməkdaşı şahid3 isə təqsirləndirilən şəxsin əlində olan sellofan bağlamada marixuananın olduğunu və saxlanılma zamanı onun tərəfindən könüllü təqdim edildiyini göstərmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsinə dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Müdafiə tərəfinin “yalnız narkotik vasitənin miqdarı satış məqsədini sübut etmir” barədə arqumenti formal xarakter daşıyır. Çünki ittiham yalnız narkotik vasitənin çəkisinə deyil, sübutların bütöv məcmusuna əsaslanmışdır. Iş üzrə mövcud olan videogörüntülər, şəxsi axtarış protokolu, telefon yazışmaları, geolokasiya məlumatları, fotoşəkillər, şahid ifadələri və məhkumun ilkin etirafedici izahatları birlikdə qiymətləndirildikdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etdiyi tam sübuta yetirilir. Məhkum məhkəmə baxışı zamanı verdiyi “çantanın içində marixuana olduğunu bilməmişəm” məzmunlu ifadəsi isə özünü müdafiə xarakterli sonrakı mövqe olmaqla iş üzrə digər obyektiv sübutlarla ziddiyyət təşkil edir. Belə ki, o, ilkin mərhələdə həmin maddənin marixuana olduğunu bildirmiş, onu sonradan müxtəlif ünvanlara yerləşdirməli olduğunu etiraf etmişdir. Məhkəmə təcrübəsində şəxsin sonradan məsuliyyətdən yayınmaq məqsədilə əvvəlki etirafedici ifadələrini dəyişməsi həmin ilkin ifadələrin sübut əhəmiyyətini aradan qaldırmır. Həmçinin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəllər də həmin Iran vətəndaşı ilə əlaqədə olmuş, ondan narkotik vasitə əldə etmiş və əlaqə davamlı xarakter daşımışdır. Bu hal da onun təsadüfi istifadəçi deyil, narkotik vasitələrin qanunsuz dövriyyəsinə şüurlu şəkildə cəlb edilmiş şəxs olduğunu göstərir. Beləliklə, məhkəmələr tərəfindən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirilmiş, Məhkum əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Əməlin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsini və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkum, ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfdən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə dair dəlillərinə də münasibət bildirərək qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən cəzanın hesablanmasına dair cinayət qanunvericilik normalarına, həmçinin bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı da Məhkum cəzasını yüngülləşdirən hər hansı hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-281/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-281/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver