Məhkəmə qərarları › İş №1(1-8)-282/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-282/2026

09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-282/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I.Işin halları:

1. Məhkum Təqsirləndirilən şəxs ## ###### 2000-ci il tarixdə Gədəbəy rayonu Fərzalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 4800 ünvanda qeydiyyatda olub, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsində nömrəsiz fərdi evdə yaşayan.

2. Birinci instansiya məkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,153 qram olan psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPI-nin 15-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ## ##### 2025-ci il tarixdə, saat 16:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 38 ünvanında şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən sellofan bükümdə 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,153 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim T.H.Həsənov) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 22 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 05 ay 26 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki iş üzrə ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmışdır.

4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## ###### 2025-ci tarixli hökmü ləğv edilərək, cinayət qanunu norması düzgün tətbiq edilərək, həmçinin Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, cəzanın həddi ilə bağlı edilmiş təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən), X2 və X4 ibarət məhkəmə tərkibində) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apelyasiya protestinin olunmaması, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü dəyişdirilməsi, “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 1.12-ci və 2.3-cü bəndlərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək, dərhal məhkəmə iclas zalından həbsdən azad olunması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri:

7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd etmişdir ki, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli verdiyi ifadəsi sübut kimi qəbul edilmiş, lakin məhkəmələr qəsdən yalan "sms" yazışmalarının məzmunu ilə ziddiyyət təşkil edən ifadə vermiş şəxslərin qəsdən yalan ifadə vermə ehtimalını və ya maraqlı şəxs olmasını lazımınca araşdırmamışlar. Məhkəmələr şahidlərin subyektiv, təkzibedilməsi mümkün olan ifadələrin obyektiv, sənədləşdirilmiş yazılı sübutdan üstün tutmuş, sadalanan sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi məqsədyönlü və özünümüdafiə xarakterli ifadəsinə üstünlük verməklə toplanmış sübutları müqayisəli şəkildə təhlil etmədən apardığı birtərəfli araşdırmanın nəticələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini əsassız olaraq CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişlər. Bununla da məhkəmələr iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişlər. Bundan başqa apelyasiya instansiya məhkəməsi "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.12 və 2.3-cü bəndlərini eyni anda tətbiq edərək onu qəti cəza olaraq təyin edilmiş 1 il 3 ay 28 gün azadlıqdan məhrumetmədən azad etməklə amnistiya qərarındakı normaları düzgün şərh etməmiş, amnistiya aktının tamamilə fərqli iki prosedur əsasını eyni anda tətbiq etməklə həmin qərarın tələblərini də pozmuşdur. Qanunun yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi üçün əsaslardır.

8. Qərardan kassasiya şikayəti verilməmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

III.Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

IV.Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş 13. hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edildiyini iddia etsə də, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

16. Bununla belə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 1,153 qram olan psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPI-nin 15-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ## ##### 2025-ci il tarixdə, saat 16:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 38 ünvanında şübhəli şəxs qismində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən sellofan bükümdə 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,153 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürüldüyündən, ona qarşı hazırkı ittiham irəli sürülmüşdür.

18. Ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə onun psixotrop maddələrin satışı ilə məşğul olması, psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı başqa sübut əldə etməmişdir.

19. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək, məhkumun əməlində psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə əldə olunması faktının sübuta yetirilməməsi, daha dəqiqi onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur.

20. Psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi faktının təsdiqi üçün aşkar edilən psixotrop maddənin kütləsi və bükümlərin sayı o vaxt həlledici rol oynayır ki, bu psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə artıq olsun, bükümlərin sayı kifayət qədər çox olsun və digər sübutlarla onun məhz bu psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas versin.

21. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin narkotik vasitələrin nəinki satışı ilə, hətta narkotik vasitələrin yayılması ilə belə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.

22. - Kassasiya protestinin dəlilləri qismində məhz “işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli verdiyi ifadəsi sübut kimi qəbul edilmiş, lakin məhkəmələr qəsdən yalan "sms" yazışmalarının məzmunu ilə ziddiyyət təşkil edən ifadə vermiş şəxslərin qəsdən yalan ifadə vermə ehtimalını və ya maraqlı şəxs olmasını lazımınca araşdırmaması”, barədə dəlillərinə münasibətdə;,

23. - Eləcə də “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həqiqəti əks etdirən ifadələri, narkotik satacağını bildirdiyi şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmçinin narkotik vasitənin miqdarı və istifadəsində olan mobil nömrəyə daxil olan "sms" yazışmanın onun narkotik vasitəni satış niyyəti ilə əldə etməsinə dəlalət etməsi” barədə dəlillərinə münasibətdə;

24. Kassasiya kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi qeyd edilən hallar məhkəmə tərəfindən əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan +***** *** ** ** saylı nömrəyə daxil olan SMS yazışmalarında mövcud olan +***** *** ** **; +******** ** ** və +***** *** ** ** mobil nömrələrin kimlərin adına qeydiyyatda olması və kimlər tərəfindən istifadə olunması ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi barədə “xxxx” MMC tərəfindən daxil olmuş ##.##.2025-ci il tarixli sorğuya cavabdan müəyyən edilmişdir ki, ********* saylı GSM nömrə şahid2, ********* saylı GSM nömrə şahid4 ********* saylı GSM nömrə şahid3(məxsusluq tarixçəsi ətraflı göstərilməklə, FIN, ünvan) məxsus olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan +***** *** ** ** saylı nömrəyə daxil olan SMS yazışmaları mövcud olan +***** *** ** ** mobil nömrəsinin kimin adına qeydiyyatda olması və kim tərəfindən istifadə olunması ilə bağlı məlumatları məhkəməyə təqdim edilməsi barədə “xxxx” MMC-dən daxil olmuş ##.##.2025-ci il tarixli sorğuya cavabdan müəyyən edilmişdir ki, +***** *** ** ** saylı mobil nömrə şahid5(ünvan, FIN) adına qeydiyyatdan keçmişdir. Iş materiallarında olan “xxxx” MMC tərəfindən daxil olmuş ##.##.2025-ci il tarixli sorğuya cavabdan müəyyən olunur ki, *** ******* saylı nömrə sorğulanan müddət ərzində “xxxx” şəbəkəsində istifadə olunmamışdır.

25. Bundan əlavə, iş materiallarına əlavə edilmiş hökm və qərarlardan görünür ki, şahid qismində dindirilmiş şahid5 ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrlə əlaqəsi yoxdur və heç vaxt istifadə etməmiş, namaz qılan adam olduğu üçün spirtli içki və tütün məmulatlarından istifadə etməmişdir. Heç vaxt bununla bağlı barəsində hər hansı cinayət və inzibati iş olmamışdır. Təqsirləndirilən şəxs tanımamış və birinci dəfə görmüş, ************ saylı mobil nömrə onun daimi istifadəsində olmuşdur. Onun telefonundan yazılmış “##.##.2025 21:18:00 “Günay, taksiynən boş boşuna gelmişəm Razina?pulum da gedti, özüm də” ##.##.2025 21:18:01-də “pis gündə. Düzgün eləmirsən" məzmunlu smslərin hansı məzmunda yazmasını xatırlamamış, ola bilsin ki, həmin yazışmalar taksi sürdüyü üçün taksi fəaliyyəti ilə əlaqədar yazmış, boş boşuna qeyd edilən ünvana getmiş, yol və benzin puluna görə, vaxtı getdiyinə görə əsəbləşib yazmışdır.

26. Iş üzrə dindirilmiş digər şahidlər şahid1, şahid2 və şahid4 eyni məzmunlu ifadələrində Təqsirləndirilən şəxs tanımadıqlarını, sms məlumatlarda narkotiklə bağlı hər hansı söhbət aparmadıqlarını öz ifadələrində bildirmişlər.

27. Bununla da, iş üzrə dindirilmiş şəxslərin ifadələri, eləcə də digər istintaq hərəkətləri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.

28. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

29. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

30. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

32. Məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

33. Aşağı instansiya məhkəmələrinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

34. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

35. Tamamilə eyni mövqe Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, Ilqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, Ilqar Məmmədov Azərbaycana qarşı, № ***/**, § 92, ## ###### 2017).

36. Kassasiya protestinin cinayət işinin mahiyyəti ilə bağlı dəlilərinə gəldikdə, məhkəmə kollegiyası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli, * saylı Qərarının 9-cu bəndinə əsasən narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

37. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, Ibrahimov və Məmmədov Azərbaycana qarşı, № *****/** və s., § 125, ## ###### 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № *****/** və s., § 88, ## ##### 2021).

38. Belə, yəni aparılmış istintaq nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa Insan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

39. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir

40. Məhkəmə Kollegiyası həmçinin kassasiya protestinin apelyasiya instansiya məhkəməsi tərəfindən "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarındakı normaları düzgün şərh etməməsi, amnistiya aktının tamamilə fərqli iki prosedur əsasını eyni anda tətbiq etməklə həmin qərarın tələblərini də pozmasına dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir:

41. CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.

42. CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

43. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə ## ###### 2025-ci il tarixli amnistiya qərarı elan olunmuşdur.

44. Həmin qərarın, 1.12-ci bəndinə əsasən, qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).

45. Qərarın 2.3-cü bəndinə əssən, bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).

46. Qərarın II bölməsinin 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərə münasibətdə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi amnistiya aktının təsiri altına düşür.

47. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin amnistiya aktının tətbiqi ilə bağlı mövqeyi birinci instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktının hüquqi nəticəsinə təsir göstərmədiyindən, həmçinin şəxsin vəziyyətini ağırlaşdırmadığından, bu hallar üzrə qəbul edilmiş məhkəmə qərarı formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

49. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar