Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-283/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 06 yanvar 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## ###### 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, məhkumluğu olan, x daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır.
2. 13 may 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. 10 iyun 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 yanvar 2025ci il tarixdə, saat 16 radələrində şahid4 məxsus x adlanan ərazidə yerləşən evin pəncərəsini əli ilə açaraq oradan içəriyə qanunsuz daxil olub qonaq otağında yerləşən sandıqdakı pul kisəsindən sonuncunun anası Zərərçəkmiş şəxs məxsus 50 manat pulu, sandıqda olan kvadrat formalı qutudan 01 ədəd 500 manat dəyərində 585 əyarlıq qızıl üzüyü, 01 ədəd 2.600 manat dəyərində 585 əyarlıq qızıl boyunbağını, 01 ədəd 600 manat dəyərində 585 əyarlıq qızıl sırğanı, 01 ədəd 300 manat dəyərində 585 əyarlıq aypara formalı qızıl kulonu, 01 ədəd 3 manat dəyərində 4,01 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli üzüyü, 01 ədəd 5 manat dəyərində 4,99 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış, üzərində ərəb və ya fars dilində yazı olan, sarı rəngli kulonu, 01 ədəd 1 manat dəyərində 0,93 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış, halqa formalı, sarı rəngli sırğa tayı, 100 manat dəyərində kameraların birləşdiyi yaddaş blokunu (DVR) gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, ümumilikdə 4.159 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, 29 sentyabr 2025ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 yanvar 2025-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə düzgün baxılmadığını, qərəzli şəkildə hökm çıxarıldığını bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 06 yanvar 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, 29 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilmiş, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay azaldılmış və üzərində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti vermişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkəmələrin Məhkum təqsirli hesab etmələrinin əsassız olduğu, bu nəticəyə sonuncunun şübhəli şəxs qismində dindirilərkən işgəncə və qeyriqanuni rəftar nəticəsində əldə edilmiş ilkin ifadəsi nəzərə alınmaqla gəlindiyi, əslində Məhkum cinayət törətmədiyi, onun təqsirliliyini şübhədən kənar təsdiq edən mötəbər və kifayət qədər sübutların mövcud olmadığı, onunla aparılmış istintaq hərəkətləri zamanı müdafiəçinin iştirakının təmin edilməməsi səbəbindən müdafiə hüququnun pozulduğu göstərilmiş, bu əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)- ****/**** nömrəli, 06 yanvar 2026-cı il tarixli qərarının ləğv edilərək Məhkum bəraət verilməsi, əlavə araşdırmaya zərurət olduğu halda cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 12.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində məhkum Məhkum təqsirliliyinin yolverilməz sübutlar əsasında müəyyən edildiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda məhkum edildiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 06 yanvar 2026-cı il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 19.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,
20. cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası, məhkum Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. 22.Belə ki, baxılan kassasiya şikayətində məhkum edilmiş şəxsin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz olduğu, ibtidai istintaq orqanı tərəfindən onun təqsirini təsdiq edən sübutların əldə edilmədiyi, məhkəmələrin isə ittihamedici mövqelərini məhkumun ibtidai istintaq dövründə qanunsuz təsir altında və müdafiəçisinin iştirakı təmin edilmədən verdiyi ifadələrə əsaslanmaqla formalaşdırdıqları göstərilir. 23.Ilk növbədə, ibtidai istintaq orqanının cinayət işi üzrə topladığı sübutların mötəbərliyi və həcminə dair kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri birinci instansiya məhkəməsində: - özünün məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi; - zərərçəkmiş şəxsin və şahidlərin cinayət təqibinin bütün mərhələlərində verdikləri ifadələri; - “hadisə yerinə baxış keçirilməsi haqqında”, “diskə baxış keçirilməsi haqqında”, “əşyanın tanınmasının aparılması haqqında”, “təqdim etmə haqqında” prokotollar və sonuncuya əlavə edilmiş fotocədvəllər; - “Canlı şəxsin ekspertizası”nın və kompleks fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyləri; - “xxxx” MMC-dən daxil olmuş məktub və ona əlavə edilmiş 01 ədəd CD disk; - Azərbaycan Respublikası Ədliyyə Nazrliyinin Tibb Baş Idarəsi tərəfindən verilmiş məhkumun tibbi kitabçası; - “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar; - digər maddi sübutlar; - istintaq, məhkəmə hərəkəti protokolları; - cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Daha sonra məhkum Məhkum birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində Məhkum təqsirinin məhkəmə araşdırması zamanı deyil, ibtidai istintaq dövründə qeyri-qanuni təsir altında alınmış və həmin mərhələdə müdafiəçinin iştirakının təmin edilməməsi nəticəsində müdafiə hüququnun pozulması şəraitində verilmiş ifadələrə əsaslanmaqla müəyyən edilməsinin qanunsuz və əsassız olması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № **, § 33, 24 dekabr 2021-ci il). 26.Istinad edilən mövqedən çıxış edən məhkəmələr əvvəla müəyyən etmişlər (bu hallar cinayət işinin materialları ilə də təsdiqlənir) ki, 13 yanvar 2025-ci il tarixdə istintaq orqanı tərəfindən Məhkum vəkillərin siyahısı təqdim edilmiş, o, həmin tarixli ərizəsi ilə hüquqlarının Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən müdafiə edilməsinə dair müraciət etmişdir. Bundan sonra 13 yanvar 2025-ci il tarixdə müstəntiq Rasim Salahov tərəfindən “müdafiəçi dəvət edilməsi haqqında” qərar qəbul edilmiş, vəkil müdafiəçi2 ****** nömrəli vəkil orderini istintaq orqanına təqdim etdikdən sonra Məhkum müdafiəsini həyata keçirmək üçün ona təqdim olunmuş, sonuncunun şübhəli şəxs qismində dindirilməsi və digər istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş, müvafiq sənədlər hər iki şəxs tərəfindən imzalanaraq təsdiq edilmişdir.
27. Müdafiəçinin məhkum Məhkum ibtidai istintaq dövründə etirafedici ifadələrinin işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması nəticəsində verildiyinə dair dəlillərinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilmiş qərarında ifadə olunmuş müvafiq hüquqi mövqeyi təkrarlanmaqla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, § 25). 28.Bu mövqe Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu formalaşdıran silsilə qərarlarından qaynaqlanır ki, həmin qərarlarda Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqinə dair şikayətlərin baxılması yalnız həmin şikayətin əvvəlki paraqrafda qeyd edilən Cinayət- Prosessual Məcəllənin müvafiq müddəaları ilə müəyyən edilmiş qaydaya riayət edilməklə ölkədaxili prosedur daxilində qaldırılması və baxılaraq ona münasibət bildirilməsindən sonra mümkün hesab edilmişdir (Məmmədov Azərbaycana qarşı, № *****/**, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № *****/**, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № ****/**, §§ 11-21, 2 oktyabr 2012-ci il).
29. Baxılan işin materiallarından isə müəyyən olunur ki, məhkum Məhkum məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə Suraxanı Rayon Məhkəməsindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar Idarəsinə daxil olmuş məlumat əsasında müvafiq araşdırma aparılmış, nəticədə 07 aprel 2025-ci il tarixli qərarla onun izahatında 13 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin şöbəyə gətirilməsi və orada polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə göstərdiyi xüsusatların təsdiq olunmadığı müəyyən edilmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
30. Habelə iş materiallarında olan “canlı şəxsin ekspertizası”nın ** nömrəli, 28 yanvar 2025-ci il tarixli rəyindən də görünür ki, Məhkum bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir.
31. Qeyd edilən qərardan məhkum özü və ya müdafiəçisi vasitəsilə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verərək müvafiq orqana müraciət etməmiş, bunun edilməməsini hər hansı yetərli dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Həmin qərarın mövcudluğu isə Məhkum ibtidai istintaq dövründə qanunsuz təzyiq və ya təsirə məruz qalması barədə iddialarının həqiqiliyini istisna edir. 32.Məhz yuxarıda qeyd olunmuş cinayət işinin hallarından, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edən məhkəmələr hesab etmişlər ki, Məhkum şübhəli şəxs qismində verdiyi ilkin ifadə işin obyektiv hallarına uyğun olduğundan səmimi ifadə kimi qiymətləndirilməli, həmin ifadənin mötəbərliyini şübhə altına almaq üçün əsaslar aşkar edilmədiyindən, ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə qarşısında verdiyi ifadələr isə işin faktiki halları ilə uzlaşmadığından həmin ifadələr müdafiə xəttinə uyğunlaşan subyektiv mülahizə və cinayət əməli üzrə məsuliyyətdən yayınmağa yönəlmiş cəhd kimi qəbul edilməlidir. 33.Məhkəmə kollegiyası məhkəmələrin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirinin müəyyən edilməsində onun ibtidai istintaq dövründə şübhəli şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələrin həlledici sübut kimi qəbul edilməsi, həmin ifadələrin qanunsuz təsir nəticəsində əldə olunmasına və müdafiə hüququnun pozulmasına dair müdafiə tərəfinin dəlillərinin əsassızlığı barədə gəlinmiş nəticə düzgündür. 34.Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı cinayət işinin hallarının obyektiv araşdırılmasına və Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinə uyğun qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər irəli sürülmədiyindən, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasına dair nəticə qanuni və əsaslı kimi qəbul edilməlidir.
35. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun və ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin səmərəli qaydada təşkil edilməsi və öz mənafeyini ifadə edən cinayət işinin hallarının təfsirinin təqdim olunması üçün bütün zəruri imkanlar yaradılmış, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir. 36.Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 37.Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 06 yanvar 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, 06 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.