Məhkəmə qərarları › İş №1(1-8)-295/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-295/2026

16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-295/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, məhkum Məhkum və onun müdafiəçisi Əhmədova Aygün Şaiq qızının iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və Imanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, # ###### 1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, “Azəriqaz” Istehsalat Birliyinin Tərtər RQII üzrə Təmir-tikinti sahəsində “qazla kəsən” vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, saxlamaq, daşımaq və satmaq niyyəti ilə şəxsiyyəti dəqiq məlum olmayan tanışları “Həsən” və digərləri ilə qabaqcadan razılaşıb əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəlib «WhatsApp» sosial şəbəkə vasitəsi ilə danışdıqdan sonra Samux rayonu, Institut qəsəbəsində yerləşən Samux rayon Institut Tam Orta məktəbin yaxınlığında yarımtikilinin içərisində şəxsiyyəti məlum olmayan şəxs(lər) tərəfindən qoyulmuş və içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddə olan 1 (bir) ədəd sintetik bazar çantasının məkanını (konumunu) və fotoşəkilini “WhatsApp” mobil tətbiqi vasitəsilə istifadəsində olan nömrəsinə göndərildikdən sonra ## #### 2024-cü il tarixdə Samux rayonuna gəlməklə göstərilmiş ünvanda həmin yeri məkan (konum) və fotoşəkilə əsasən tapıb ona göndərilmiş sintetik bazar çantasını götürüb üzərində daşıyaraq saxlamış, həmin gün saat 02:30-da Samux rayonu, Institut qəsəbəsi, Atabəylər prospektində Samux RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılıb Samux RPŞ-nin inzibati binasına gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı həmin çantadan 1 (bir) ədəd qara rəngli polietilen torbada şəffaf polietilen kəsiyi bükümündə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 220 qram tiryək, 1 (bir) ədəd qara rəngli torbada şəffaf polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə ümumi təmiz çəkisi 50,140 qram maddə metamfetamin, 4 (dörd) ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1555 qram, 1675 qram, 1210 qram, 1040 qram olmaqla, ümumi təmiz çəkisi 5480 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 825 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olmaqla xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən məhkum Məhkum və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, ona təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilədək endirilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkum Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olduğu ehtimal edilən narkotik vasitə onun üzərindən və ya hər hansı bir əmlakından aşkar edilməmiş, narkotik vasitəni götürmək üçün getsə belə onu deyildiyi yerdən tapa bilməmiş, qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən tutularaq həmin narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verməyə məcbur edilmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, məhkəmələr tərəfindən ona cəza təyin edilərkən ailə vəziyyəti, himayəsində azyaşlı uşaqlarının olması, cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmaması nəzərə alınmamışdır. Odur ki, məhkum Məhkum qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, o, bir tərəfdən məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verilmədiyini, bunun da nəticəsində barəsində qanunsuz və əsassız yekun məhkəmə aktlarının qəbul edilməsini, digər tərəfdən isə cinayət qanunvericiliyinin tələblərinin pozulmasını və buna görə də ağır cəzaya məruz qalmasını iddia edir, bununla da öz kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə cinayət işinin materiallarını və onun barəsindəki yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını həmin materiallarla ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda belə təminat verən konstitusyon tələblər hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bu konstitusiyon tələblərin mənası isə ondan ibarətdir ki, məhkəmə bu və ya digər cinayət işinə, sadələşdərilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə, habelə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında materiallara baxarkən ittiham və müdafiə tərəfinin nümayəndələri olan cinayət prosesinin iştirakçılarına çəkişmə prinsipinə uyğun olaraq bərabər şərait yaratmaqla onların məhkəməyə təqdim etdikləri sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməli, məhkəmə iclasında qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməli və qanunvericiliyin tələblərindən çıxış edərək, baxdıqları iş üzrə araşdırılmış sübutlara əsaslanaraq və onları qanuna müvafiq qaydada qiymətləndirərək qanuni və ədalətli qərar qəbul etməlidirlər. Bu tələblərin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində çıxarılmış hökm və ya məhkəmənin digər yekun aktı qanuni və əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə hər hansı iş üzrə hökm çıxararkən və ya digər yekun qərar qəbul edərkən qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməlidir. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qrarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. Ittihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin Qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin Qərarda qeyd olunmuşdur ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. Ittiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkum Məhkum hökmün təsviriəsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahidlər şahid2, şahid4, şahid3, şahid5 və şahid1 ifadələri ilə, məhkəmə-kimyəvi ekspertizasının ## #### 2024-cü il tarixli **/*** saylı rəyi ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutla, ən əsası isə - “mobil telefona baxış keçirilməsi haqqında” ## ### 2024-cü il tarixli protokolla tam təsdiq edilir. Iş materiallarından görünür ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum ## #### 2024-cü il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin – narkotik vasitə olan 220 qram çəkidə tiryəkin, 825 qram çəkidə heroinin, 5480 qram çəkidə qurudulmuş marixuananın və psixotrop maddə olan 50,140 qram çəkidə metamfetaminin əldə edilməsində, daşınmasında və saxlanılmasında, yəni CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində icraçı qismində iştirak etmişdir. Işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətlərinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırkı qərarda təsvir edilməsinə ehtiyac görmür. Həmçinin iş materialları ilə Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının fikrincə, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkum Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun həmin əməli CM-in 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmiş, bu haqda məhkəmələrin gəldikləri nəticə isə həm toplanmış və araşdırılmış sübutlarla, həm də aşağıda təsvir olunanlarla da tam uzlaşır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## ##### 2022-ci ill tarixl 516-VIQD nömoəli Qanunu ilə isə CM-nə 234.4-1-ci maddə əlavə edilmiş və həmin maddədə CM-in 234.1–234.4-cü maddələrində, o cümlədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xüsusilə külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinin törədilməsinə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Qanunu ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanununa dəyişiklik ediələrək narkotik vasitələrə aid olan heroinin xüsusilə külli miqdarının aşağı həddi 800 qram, tiryəkin külli miqdarının aşağı həddi 50 qarm, qurudulmuş marixuannanın külli miqdarının aşağı həddi 1000 qram (Siyvhı 1), psixotrop maddə olan metamfetaminin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir (Siyahı 2). Hazırkı işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, Məhkum satış məqsədilə əldə edərək saxladığı və daşıdığı narkotik vasitə olan heroinin miqdarı həmin narkotik vasitənin xüsusilə külli miqdarından, tiryəkin, qurudulmuş marixuananın, habelə psixotrop maddə olan metamfetamin miqdarları isə külli miqdardan artıq olmuş və buna görə onun törətdiyi əməllərin CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməsi üçün qanuni əsaslar yaranmışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əməllərə verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-in 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla tam təsdiq olunur və burada məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının mülahizələrə əsaslanmasından, yəni CPM-in 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini tələb edən CPM-in 416.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkum CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması nəticəsində ağır cəzaya məruz qalması ilə bağlı məhkumun iddiasına münasibət bildirən məhkəmə kollegiyası, bir çox digər qərarlarında olduğu kimi, yenə də xatırladır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsasları, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəlləsində təsbit edilmiş prinsiplərə, o cumlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CM-in 62-ci maddəsinin tətbiq edilməsi halları istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən sui-istifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cinayət törətmiş şəxs haqqında bu və ya digər cəza təyin edərkən bu məsələnin düzgün həllinə yönəlmiş bütün bu şərtlərə əməl etməli və yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində tələb olunur ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 27-ci bəndində izah olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il #######ın ##-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən, yəni birinci instansiya məhkəməsi tərəfindən ona təyin olunmuş cəzanı yüngülləşdirərkən məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, eyni zamanda CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmalarını, CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq isə ilk dəfə olaraq cinayət əməli törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını,yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəzanın ən aşağı həddində (həmin maddənin sanksiyasında səkkiz ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşaraq eyni zamanda qeyd edir ki, məhkəmənin cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halı nəzərə almaması, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir, kassasiya şikayətində nəzərə alınmamış cəzanı yüngülləşdirən halların mövcudluğu hər hansı şəkildə əsaslandırılmamış və belə halların olmasını təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim olunmamışdır. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə cinayətin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-in 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırkı işin materiallarından isə Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinə əsas verə bilən hər hansı halın olması görünmür və bu baxımdan ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da az müddətə endirilməsi, yaxud da bu cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həm qanuni, həm də kifayət qədər ədalətli cəza təyin etmişdir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası kassasiya müraciətinin dəlillərini qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda məhkum Məhkum və onun müdafiəçisi A.Ş.Əhmədovanın, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar