Məhkəmə qərarları › İş №1(1-8)-30/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-30/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-30/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarından məhkum Məhkum və onun müdafiəçisi Sadıqov Elçin Əli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu (məruzəçi) və Imanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, ## ###### 1967-ci il tarixdə Kəlbəcər rayonunun Zar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Dunyaninsesi.az” xəbər saytının (domeninin) təsisçisi olaraq həmin saytın baş redaktoru vəzifəsində işləmiş, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmü ilə CM-in 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2015-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2016-cı il tarixli qərarı ilə isə həmin cəzanın müddəti 5 (beş) ilədək endirilmiş, Şəki Rayon Məhkəməsinin # ### 2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi əməli CM-in 182.3.2-ci maddəsindən CM-in 182.2.4-cü maddəsinə tövsif edilməklə həmin maddə əsasında ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəzanı çəkib qurtarmış hesab edilməklə cəzadan azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kəlbəcər rayonunun Zar kəndində qeydiyyatda olmaqla Goranboy rayonunun Xoylu kəndində və Gəncə şəhəri, “Çil torpaq” idarəsinin binasında məskunlaşıb yaşamış, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 182.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin inzibati binasına gələrək həmin Mərkəzin direktoru vəzifəsində işləyən zərərçəkmiş şəxs7 xidməti iş otağında özünü “Dunyaninsesi.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib zərərçəkmiş şəxs7 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, maaş kartları vasitəsi ilə işçilərin əmək haqqı pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunu onun üçün rüsvayedici xarakter daşıyan məlumatları “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi, zərərçəkmiş şəxs7 xidməti fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə sonuncuya bilavasitə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs7 200 manat pul tələb etməklə ona məxsus 200 manat məbləğində pulu həmin gün xidməti iş otağında zərərçəkmiş şəxs7 hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı cinayətkar razılaşmaya əsasən zərərçəkmiş şəxs2 işlətməklə fəaliyyətinə rəhbərlik etdiyi, ünvan 2 ünvanında yerləşən “Sağlam ömür” Fitnes-Spa mərkəzində guya natəmizlik hallarının mövcud olduğuna, su hovuzlarının vaxtında təmizlənməməsi səbəbindən müştərilər arasında xəstəliklərin yayıldığına, qanunla nəzərdə tutulmuş şəkildə sanitariya normaları və qaydalarına, gigiyena normativlərinə riayət olunmadığına və əhalinin sanitariyaepidemioloji salamatlığının təmin edilmədiyinə dair baş redaktoru olduğu “Dunyaninsesi.az” xəbər saytında hazırlayıb internet üzərindən “Tik-Tok” sosial şəbəkə kanalında paylaşdıqları videogörüntüdən ibarət yalan və həqiqəti əks etdirməyən məlumatın mətbu dövriyyədən və “Tik-Tok” sosial şəbəkəsindən çıxarılması xahişi ilə özlərinə müraciət etmiş zərərçəkmiş şəxs2 məzmunu rüsvayedici xarakter daşıyan və onun işgüzar nüfuzuna xələl gətirən bu kimi əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəkləri, “Sağlam ömür” Fitnes-Spa mərkəzinin rəhbərliyi və fəaliyyəti haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracaqları barədə mobil telefon danışığı vasitəsi ilə Gəncə şəhərində hədə-qorxu gələrək həmin rüsvayedici məlumatların özləri tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs2 2000 manat pul tələb etmiş, Təqsirləndirilən şəxslə birgə zərərçəkmiş şəxs2 təsir altına salıb narahatlıq hissi yaratmaqla onun 500 manat pul vermək barədə məcburi razılığa gəlməsinə nail olduqdan sonra zərərçəkmiş şəxs2 ona əvvəldən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi proqramı üzərindən göndərmiş olduqları, Təqsirləndirilən şəxs adına olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinə aid plastik bank kartı hesabına köçürdüyü 500 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin oktyabr ayının ortalarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan zərərçəkmiş şəxs6 təsisçisi olduğu «Sell Credit Lombard» Məhdud Məsuliyyətli Cəmiyyətinə aid ünvan 3 ünvanında fəaliyyət göstərən lombardın, həmçinin zərərçəkmiş şəxs6 guya qanunsuz işlərlə məşğul olmasına, guya həmin lombarda müraciət etmiş müştərilərin hüquqlarının pozulmasına, onların təqdim etdikləri qızıl əşyalarının lombard tərəfindən guya qanunsuz ələ keçirilməsinə dair baş redaktoru olduğu “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirdiyi videogörüntüdən ibarət yalan və həqiqəti əks etdirməyən məlumatın xəbər saytından çıxarılması xahişi ilə özünə müraciət etmiş zərərçəkmiş şəxs6 məzmunu onun üçün rusvayedici xarakter daşıyan bu kimi əlavə məlumatları da “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi, onun işgüzar nüfuzuna və lombardın fəaliyyətinə mənfi təsir göstərə biləcək bu cür məlumatlarla haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Gəncə şəhəri, Dədə Qorqud prospekti 58 A ünvanında yerləşən “Xanımın dükanı” adı ilə tanınan ticarət obyektinin zirzəmi hissəsindəki öz işlədiyi ofis otağında bilavasitə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs6 500 manat pul tələb etməklə ona məxsus 500 manat məbləğində pulu həmin gün qeyd edilən ofis otağında zərərçəkmiş şəxs6 hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart ayının əvvəllərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin inzibati binasına gələrək həmin Mərkəzin direktoru vəzifəsini icra edən zərərçəkmiş şəxs3 xidməti iş otağında özünü “Dunyaninsesi.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib zərərçəkmiş şəxs3 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, vəzifəsindən sui-istifadə etdiyinə, rəhbəri olduğu dövlət orqanına aid pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunu onun üçün rusvayedici xarakter daşıyan məlumatları “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi, zərərçəkmiş şəxs3 xidməti fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə zərərçəkmiş şəxs3 bilavasitə, daha sonra isə özünün istifadəsində olmuş 050-xxx-xx-xx və 050-xxx-xx-xx mobil nömrələrdən zərərçəkmiş şəxs3 istifadəsində olan 050-xxx-xx-xx mobil nömrəyə zəng edib onunla danışıq aparmaqla hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs3 500 manat pul tələb etmiş, nəticədə bundan sonrakı müddətdə zərərçəkmiş şəxs3 məxsus 500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə 2022-ci ilin mart ayında özünə çatdırılması üçün zərərçəkmiş şəxs3 xidməti iş otağına göndərdiyi və cinayətə aidiyyəti olmayan şahid3 vasitəsi ilə naməlum şəraitdə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayının sonlarında özünün istifadəsində olmuş 050xxx-xx-xx mobil nömrədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən zərərçəkmiş şəxs3 istifadəsində olan 050-xxx-xx-xx mobil nömrəyə zəng edib onunla danışıq aparmaqla özünü bir daha “Dunyaninsesi.az” xəbər saytının baş redaktoru olaraq təqdim edib zərərçəkmiş şəxs3 guya xidməti vəzifə səlahiyyətlərini yerinə yetirərkən neqativ hallara, qanun pozuntularına yol verdiyinə, vəzifəsindən sui-istifadə etdiyinə, rəhbəri olduğu dövlət orqanına aid pul vəsaitlərini mənimsədiyinə, guya rüşvət qismində pul aldığına dair məzmunu onun üçün rusvayedici xarakter daşıyan əlavə məlumatları “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi, zərərçəkmiş şəxs3 xidməti fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə zərərçəkmiş şəxs3 mobil telefon vasitəsi ilə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs3 100 manat pul tələb etmiş, nəticədə bundan sonrakı müddətdə zərərçəkmiş şəxs3 məxsus 100 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə 2022-ci ilin aprel ayının sonlarında özünə çatdırılması üçün zərərçəkmiş şəxs3 xidməti iş otağına göndərdiyi istintaqa məlum olmayan şəxs vasitəsi ilə naməlum şəraitdə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan zərərçəkmiş şəxs8 təsisçisi və direktoru olduğu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə aid Gəncə şəhəri, Nizami prospekti 296A ünvanında fəaliyyət göstərən lombardın, həmçinin zərərçəkmiş şəxs8 guya qanunsuz işlərlə məşğul olmasına, guya həmin lombardda yuxarı vəzifəli şəxslərə aid pul vəsaitləri ilə qeyri-qanuni maliyyə əməliyyatlarının həyata keçirilməsinə dair baş redaktoru olduğu “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirdiyi videogörüntüdən ibarət yalan və həqiqəti əks etdirməyən məlumatın xəbər saytından çıxarılması xahişi ilə özünə müraciət etmiş zərərçəkmiş şəxs8 məzmunu onun üçün rusvayedici xarakter daşıyan bu kimi əlavə məlumatları da “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi, onun işgüzar nüfuzuna və lombardın fəaliyyətinə mənfi təsir göstərə biləcək bu cür məlumatlarla haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Gəncə şəhəri, Dədə Qorqud prospekti 58 A ünvanında yerləşən “Xanımın dükanı” adı ilə tanınan ticarət obyektinin zirzəmi hissəsindəki öz işlədiyi ofis otağında bilavasitə, daha sonra isə özünün istifadəsində olmuş 070-xxx-xx-xx və 050-xxx-xx-xx mobil nömrələrdən zərərçəkmiş şəxs8 istifadəsində olan 055-376-82-82 mobil nömrəyə zəng edib onunla danışıq aparmaqla hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü və qeyrisi tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs8 1000 manat pul tələb etmiş, nəticədə bundan sonrakı müddətdə zərərçəkmiş şəxs8 məxsus 1000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmə yolu ilə 2022-ci ilin iyun ayında özünə çatdırılması üçün həmin lombardda xəzinədar işləyən şahid6 yanına göndərdiyi istintaqa məlum olmayan şəxs vasitəsi ilə naməlum şəraitdə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayının əvvəllərində özünün istifadəsində olmuş 050xxx-xx-xx mobil nömrədən Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Poliklinika şöbəsinin müdiri vəzifəsində işləyən zərərçəkmiş şəxs1 istifadəsində olan 050-xxx-xx-xx mobil nömrəyə zəng edib onunla apardığı telefon danışığı zamanı özünü “Dunyaninsesi.az” xəbər saytının baş redaktoru olaraq təqdim edərək zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi Poliklinika şöbəsinin işçiləri tərəfindən guya xidməti vəzifə səlahiyyətləri yerinə yetirilərkən neqativ hallara, qanun pozuntularına yol verildiyi, guya müraciət etmiş xəstələrdən rüşvət qismində pul alındığı faktlar barədə məzmunu onun üçün rusvayedici xarakter daşıyan gizli çəkiliş edilmiş videogörüntülərə dair məlumatları “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi, zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi Poliklinika şöbəsinin fəaliyyətinin yarıtmaz olduğu, haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs1 200 manat pul tələb etməklə ona məxsus 200 manat məbləğində pulu həmin gün xidməti iş otağına gələrək zərərçəkmiş şəxs1 hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayının ortalarında zərərçəkmiş şəxs5 məxsus ünvan 4 ünvanında yerləşən və ictimai iaşə obyekti kimi fəaliyyət göstərən “Şah sarayı” restoranının guya qanunsuz fəaliyyət göstərməklə ətraf mühiti çirkləndirməsinə və təbiətə ziyan vurmasına, orada natəmizlik hallarının mövcud olduğuna, qanunla nəzərdə tutulmuş şəkildə sanitariya normaları və qaydalarına riayət olunmadığına, ekoloji tarazlığı pozmaqla orada antisanitariya hallarına yol verilməsinə, eləcə də guya qeyd olunan restoranın əxlaqsız yuva kimi istifadə olunmasına dair baş redaktoru olduğu “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirdiyi videogörüntüdən ibarət yalan və həqiqəti əks etdirməyən məlumatın sosial şəbəkədən çıxarılması xahişi ilə şahid7 vasitəsi ilə özünə müraciət etmiş zərərçəkmiş şəxs5 məzmunu onun üçün rusvayedici xarakter daşıyan və işgüzar nüfuzuna xələl gətirən bu kimi əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, “Şah sarayı” restoranının rəhbərliyi və fəaliyyəti haqqında ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə Gəncə şəhərində şahid7 vasitəsi ilə xəbər göndərməklə zərərçəkmiş şəxs5 hədə-qorxu gələrək həmin rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində şahid7 vasitəsi ilə zərərçəkmiş şəxs5 500 manat pul tələb etmiş, nəticədə bir neçə gün sonra 2023cü ilin may ayının ortalarında “Şah sarayı” restoranında özünün istintaqa məlum olmayan tanışları ilə birgə 420 manat dəyərində etdiyi nahara görə hesabı ödəməkdən vaz keçərək bu şəkildə zərərçəkmiş şəxs5 hədə-qorxu ilə tələb etdiyi pulu onun əmlak xarakteri daşıyan hərəkətlər etməsi ilə əvəzləşdirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin oktyabr ayının ortalarında Mingəçevir şəhəri, Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbinin direktor müavini vəzifəsində işləyən şahid2 əvvəlki iş yeri olan Mingəçevir şəhəri, Ü.Hacıbəyli adına 11 illik Musiqi məktəbində eyni vəzifədə çalışdığı müddətdə guya həmin təhsil müəssisəsinin müəlliməsi ilə intim münasibət qurması, guya yüngül əxlaqlı qadınlarla vaxt keçirib müəllimlik peşə fəaliyyəti ilə bir araya sığmayan və ailə-məişət dəyərlərindən kənar qeyri-etik davranışlarla tanınması barədə baş redaktoru olduğu “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirdiyi yazılı mətndən ibarət yalan və həqiqəti əks etdirməyən məlumatın mətbu dövriyyədən və sosial şəbəkədən çıxarılması mövzusu ilə bağlı özünə 051-xxx-xx-xx mobil nömrədən zəng etməklə xahişlə müraciət etmiş Mingəçevir şəhəri, Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbinin müəllimi zərərçəkmiş şəxs4 ilə öz istifadəsində olmuş 050-xxx-xx-xx mobil nömrə vasitəsi ilə Şəmkir rayonundan apardığı telefon danışığı zamanı ona məzmunu zərərçəkmiş şəxs4 mənsub olduğu məktəb və kollektivi, həmçinin direktor müavini şahid2 üçün nüfuzdansalıcı olmaqla rüsvayedici xarakter daşıyan bu kimi əlavə məlumatları da “Dunyaninsesi.az” xəbər saytı vasitəsi ilə internet üzərindən sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi, şahid2 işgüzar nüfuzuna və Mingəçevir şəhəri, Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbinin adına xələl gətirə biləcək bu cür məlumatlarla ictimaiyyət arasında mənfi rəy və fikir formalaşdıracağı barədə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatların özü tərəfindən yayılmaması müqabilində zərərçəkmiş şəxs4 100 manat pul tələb etmiş, nəticədə bundan sonrakı müddətdə 2023-cü ilin oktyabr ayının ortalarında zərərçəkmiş şəxs4 əvvəldən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi proqramı üzərindən göndərmiş olduğu, «xxxx» Açıq Səhmdar Cəmiyyətinə aid istintaqa məlum olmayan plastik bank kartı hesabına zərərçəkmiş şəxs4 tərəfindən köçürülmüş ona məxsus 100 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Hümbətov Nizami Xasay oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) # ### 2025-ci il tarixli qərarı ilə məhkum Məhkum müdafiəçisi Z.K.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi N.X.Hümbətovun apellyasiya şikayəti qismən təmin edilmiş, hökm məhkum Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilmiş, ona CM-in 182.2.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 3 (üç) il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunaraq o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş, sınaq müddətinin əvvəli # ### 2025-ci ildən hesablanmaaqla həmin müddət ərzində onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmuş, hökmün icrasına nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Idarəsinə həvalə edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarından məhkum Məhkum və onun müdafiəçisi E.Ə.Sadıqov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, hər birisi həmin qərarın ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, müdafiəçi isə eyni zamanda Məhkum “Insan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 3, 5, 6, 7, 10 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, CM-in, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə toplanmış və araşdırılmış sübutların bir hissəsinə və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi E.Ə.Sadıqov həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Məhkum məhz ifadə azadlığına görə, yəni Şəmkir rayon sakinləri X və Y polis rəisi X19dan şikayətçi olmaları barədə Daxili Işlər Nazirinə ünvanladıqları videomüraciətinin “youtube” kanalında yayıldığına görə əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş, bundan əvvəl isə digər şəxslər də şikayət etmədikləri halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə dəvət edilib ona qarşı ifadələr verməyə məcbur edilmiş, bununla da Avropa Konvensiyasının bir sıra maddələri kobud şəkildə pozulmuşdur. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, məhkəmələr hazırkı cinayət işinə mahiyyəti üzrə baxarkən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini də pozmuş, heç bir əsas göstərmədən müdafiə tərəfinin bütün vəsatətlərini rədd etmiş, məhkum olunmuş şəxsin və onun müdafiəçisinin elan olunmuş ittihama və zərər çəkmiş şəxslərin verdikləri ifadələrinə etiraz etmək, öz sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum etmiş, hökmdə və həmin hökmün Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması haqqında qərarda isə Məhkum verdyi ifadələrə deyil, zərərçəkmiş qismində tanınmış şəxslərin və şahidlərin ifadələrini ittiham aktından köçürməklə həmin ifadələrə üstünlük verilmiş, bu yekun məhkəmə aktlarında toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verilməmiş, nəticə də hüquqlarını müdafiə etdiyi şəxs qanunsuz və əsassız olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinib məhkum olunmuşdur. Halbuki Məhkum heç bir cinayət əməli, yəni hədə-qorxu ilə tələb etmə cinayətini törətməmiş, hər hansı şəxsdən bu yolla pul tələb edib almamışdır. Odur ki, müdafiəçi E.Ə.Sadıqov göstərilən dəlillərə əsaslanaraq onun kassasiya şikayətində irəli sürdüyü tələblərə uyğun qərarın qəbul edilməsini xahiş edir. Məhkum Məhkum da müdafiəçisi E.Ə.Sadıqovun kassasiya şikayətinin məzmununa ilə eynilik təşkil edən kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, CM və CPM-in bir sıra maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə toplanmış və araşdırılmış sübutların bir hissəsinə və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində cinayət işi sifariş əsasında başlanmış və bu da onun jurnalist kimi peşə fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor və qeyri-insani hərəkətlər tətbiq edilimiş, ondan işlətdiyi sayta aid parolun və digər məlumatların verilməsi tələb olunmuş, bundan sonra da ibtidai araşdırma zamanı istintaq hərəkətləri kobud prosessual pozuntulara yol verilməklə aparılmış, həmçinin Bakı Istintaq Təcridxanasında 9 ay müddətə əsassız olaraq həbsdə saxlanılmaqla onun azadlıq və digər konvensiyon hüquqları kobud şəkildə pozulmuş, istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə iclaslarında özünün və müdafiəçisinin qaldırdıqları vəsatətlər əsassız olaraq rədd edilmişdir. Məhkum Məhkum daha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə zərər çəkmiş qismində tanınmış şəxslər şahidlər də fiziki və psixoloji təzyiqlərə məruz qalmış və onlar ona qarşı ifadə verməyə məcbur edilmişlər. Halbuki o, heç kimdən rüsvayedici məlumatları yayma hədəsi ilə pul almamış və həmin şəxslər rəhbərlik etdiyi saytın fəaliyyət göstərməsi üçün arabir maddi yardım göstərmişlər. Onlar məhkəmə iclasında məhz bu barədə ifadələr versələr də, məhkəmələr bu ifadələrə heç bir qiymət verməmiş və ibtidai araşdırma zamanı onlardan alınmış ifadələri yekun məhkəmə aktlarına köçürməklə kifayətlənmiş, nəticə də də o, heç bir cinayət əməli törətmədiyi halda əsassız və qanunsuz olaraq məhkum olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkum Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2026-cı il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs6 və zərərçəkmiş şəxs3, məhkumun müdafiəçisi E.Ə.Sadıqov naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, məhkum Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.Imranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsininin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə adları sadalanan zərər çəkmiş şəxslərin, məhkum Məhkum və onun müdafiəçisi E.Ə.Sadıqovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Məhkum və onun müdafiəçisi E.Ə.Sadıqovun kassasiya şikayətlərinin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və Məhkum əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla da, hər iki şikayət müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum və onun müdafiəçisi E.Ə.Sadıqovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və həmin şikayətlərlə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar da öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eləcə də qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları araşdırmaqla və onları qanuna müvafiq qaydada qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya şikayətlərinə əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan baxaraq həmin məhkəmənin Məhkum münasibətdə gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin məhkum Məhkum münasibətdə gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayətlərində irəli sürülmüş apellyasiya instansiyası məhkəməsinin artıq araşdırılmış sübutların qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verməsi, məhkumun ona istinad olunan əməli törətməsinin sübuta yetirilməməsi haqqında dəlilləri və bu dəlillərə əsasən məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsinə dair tələblərin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Məhkəmələrin ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum əvvəllər qəsdən ağır cinayət törətdiyinə görə məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən, həmçinin bir dəfə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən zərər çəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini tələb edərək əldə etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini, zərər çəkmiş şəxslərdən hədə-qorxu ilə pul tələb etmədiyini göstərsə də, onun bu ifadələri hazırkı iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs, çoxsaylı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, sübut əhəmiyyətli sənədlərlə, o cümlədən bank sənədləri ilə, telefon danışıqlarının aparılması barədə məlumatlarla və həmin danışıqların məzmunu ilə təsdiq edilmişdir (bu sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların təkrarən hazırkı qərarda təsvirinə ehtiyac görmür). Iş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında kassasiya şikayətlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması, o cümlədən istər zərər çəkmiş şəxslərin, istərsə də şahidlərin dindirilmələri zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən işin təkzib olunmayan faktiki halları müəyyən edilmişdir. Eyni zamanda məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında sübutları təsvir etməklə kifayətlənməyib həmin sübutlara mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verərək onları Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün kifayət edən hesab etmiş və sonuncunun törətdiyi əməllərinin CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanının mövqeyi ilə razılaşaraq onun bu maddələr ilə təqsirli bilinərək cəzalandırmalı olması barədə mötəbər yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkəmələrin bu nəticəsini qanuni və əsaslı hesab edərək onu da vurğulamağı lazım bilir ki, məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarını əsaslandırarkən qanun pozuntusu ilə, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə olunmuş heç bir sübuta istinad etməmiş, çünki belə sübutların olması ümumiyyətlə müəyyən edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş, iş üzrə Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün apellyasiya icraatı mərhələsində əlavə araşdırmaların aparılmasına ehtiyac olmamış və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Iş materiallarından göründüyü kimi, məhkəmə baxışları zamanı həmçinin “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Eyni zamanda həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında mülahizələrə və ehtimallara deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış və istər işə mahiyyəti üzrə baxarkən, istərsə də yekun məhkəmə aktları qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmiş, həmçinin bunlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini də nəzərə almışlar. Belə ki, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti CM-in 182.1-ci maddəsində, bu əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməsinə görə isə belə məsuliyyət CM-in 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuşdur. Cinayət qanununun bu normasının tələblərinə əsaslanan məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, əvvəla həmin normada “rüsvayedici məlumatlar” dedikdə hədə-qorxuya məruz qalmış şəxsin yayılmasını istəməyən istənilən məlumat, o cümlədən onun həm hər hansı şəkildə təsdiq olunan, həm də təsdiq olunmayan qanunsuz, o cümlədən cinayət xarakterli əməlləri törətməsi, habelə ailə sirrini və ya işguzar fəaliyyətinə aid sirri təşkil edən hər hansı və bu kimi digər məlumatlar başa düşülür. Burada önəmli məsələ odur ki, zərər çəkmiş şəxs özü belə məlumatların yayılması nəticəsində rüsvay edilə biləcəyini dərk etsin, belə məlumatların yayılması ilə bağlı hədəqorxuya məruz qalsın, göstərilən məlumatların yayılmaması üçün isə təqsirkar tərəfindən onun əmlakı və ya əmlak xarakteri daşıyan digər hərəkətlər edilməsi ondan tələb olunsun. Məhkəmə Kollegiyası vurğulamağı lazım bilir ki, yuxarıda şərh edilən hüquqi mövqedən həmçinin Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” ## ####### 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərər çəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərər çəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərər çəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərər çəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərər çəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərər çəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1-182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədəqorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Eyni hüquq mövqe həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 1998-ci il tarixli Qərarında da (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdə də əksini tapmışdır. Belə ki, həmin Qərarın 3-cü bəndinin 2-ci abzasında izah olunmuşdur ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədəqorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Qərarın 3-1-ci bəndinə görə, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərər çəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Qərarın 5-ci bəndinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Həmin Qərarın 7-ci bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Məhkum təkrarən, hədəqorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə (bir epizod üzrə tanışı Təqsirləndirilən şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında) zərər çəkmiş şəxslərdən onların barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində pul tələb edildiyi andan onun törətdiyi cinayət əməlləri başa çatmış və bütün bu hallara görə ibtidai araşdırma orqanı ilə yanaşı, məhkəmələr də Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək bu nəticə ilə razılaşır, Məhkum əməllərinin isə başqa cür qiymətləndirilməsi, habelə iş üzrə başqa nəticəyə gəlmək, o cümlədən kassasiya şikayətlərinin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən # ### 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini mümkün bilmir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası instansiyası məhkəmələri iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən həmçinin prosessual qanunvericiliyin də aşağıdakı tələblərinə əməl etmişlər. Belə ki, CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-in 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərər çəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə kollegiyası hazırkı işin materiallarına əsaslanaraq onu da qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə işə baxarkən iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etməmiş, Məhkum, yaxud da hazırkı iş üzrə zərər çəkmiş qismində tanınmış şəxslərin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələrini, onların dindirilmələri zamanı hüquqlarının pozulmasını müəyyən etməmiş, məhkum olunmuş şəxsin ifadələri istisna olmaqla iş üzrə dindirilmiş digər şəxslərin ifadələri iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına məhz araşdırılmış və qiymət verilmiş sübutları qoymuş, bu sübutların əsasında da Məhkum CMin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, istər məhkum Məhkum, istərsə də onun müdafiəçisi E.Ə.Sadıqovun kassasiya şikayətlərində göstərdikləri dəlillər heç bir sübutla təsdiq olunmur və bu dəlillər Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Məhkumun müdafiəçisi E.Ə.Sadıqovun kassasiya şikayətində irəli sürülmüş tələblərə gəldikdə isə, məhkəmə kollegiyası əvvəla şərh edilənlərdən çıxış edərək Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür və eyni zamanda onun Avropa Konvensiyasının 3, 5, 6, 7,10 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasının tanınması barədə də qərar qəbul edilməsini mümkün bilmir ona görə ki, əvvəla belə pozuntulara yol verilməsi toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, digər tərəfdən isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Prosessual qanunvericiliyin bu normasının tələblərindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edə biləcəyi qərarların sırasında məhkum olunmuş şəxsin hər hansı konvensiyon hüququnun pozulması barədə qərar nəzərdə tutulmamışdır və məhkəmə kassasiya müraciətlərinə baxılması nəticəsində belə halları müəyyən etdikdə hüquq pozuntusunun tanınması deyil, apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün və ya qəbul edilmiş digər yekun aktın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da həmin hökmün və ya qərarın dəyişdirilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, təsvir olunanlardan görünür ki, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-in 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-in 416.1-ci maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.Imranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum və onun müdafiəçisi E.Ə.Sadıqovun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ### 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar