Məhkəmə qərarları › İş №1(1-8)-311/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-311/2026

15.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-311/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Məhkum – Məhkum, Müdafiəçi – “Yusifbəyli və Partnyorları Vəkil bürosunun” vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta texniki təhsilli, evli, Bakı şəhəri, “X4” neft şirkətində operator işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263- 1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər A.Rzayeva (sədrlik edən və məruzəçi), F.Hümbətov və H.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum Məhkum və müdafiəçisi müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər E.Əhmədov (sədrlik edən və məruzəçi), R.Ağayev və K.Muxtarov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ##### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2026-cı il ## ###### tarixli *(*-**)-**/**** nömrəli qərarına əsasən X1 barəsində “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.2-ci bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Bundan sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ## ######## 2024-cü il tarixdə saat 22 radələrində psixotrop maddə metamafetamin istifadə etməsi nəticəsində sərxoş halda olub idarə etdiyi “Mersedes-Benz” markalı, AZ **-KV-*** qeydiyyat nişanlı minik avtomobillə Quba şəhəri, Heydər Əliyev prospektində yolun əks hərəkət zolağında, Quba şəhəri istiqamətində saatda 140 km/sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin həmin qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metereoloji şəraiti, xüsusən hərəkəti istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürərkən hərəkət üçün təhlükə yarandığı gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirlər görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək Zərərçəkmiş şəxs idarə etdiyi “Opel-Astra” markalı AZ **-DN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərəkət zolağında onunla toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkən şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyi, hadisə zamanı qarşı tərəfə dəymiş ziyanın tam ödənildiyini, zərəçəkmiş şəxsin himayəsində olan 2 azyaşlı uşağın yetkinlik yaşına çatanədək onun tərəfindən himayəyə alınacağının razılaşdırıldığı, həmçinin özünün də himayəsində bir azyaşlı övladının olması məhkəmələr tərəfindən nəzərə alınmamış, ona ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il ## #### tarixli qərarının ləğv edilməsi, onun əməlinin düzgün tövsif edilməklə CM-in 59.2, 59.1.4 və 59.1.12-ci maddələri nəzərə alınaraq onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində onun əməlinin düzgün tövsif olunmadığını, həmçinin barəsində təyin edilmiş cəzanın ağır olmasını iddia etməklə, faktiki olaraq mübahisələndirilən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslarını Azərbaycan Respublikası CPM-in 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, o, əməlinin CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, ilk olaraq mübahisələndirilən məhkəmə aktının əməlin tövsifi hissəsində dəyişdirilməsi barədə tələb irəli sürmüşdür. Iş materiallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində hadisə vaxtı narkotik vasitənin təsiri altında sərxoş olduğunu bildirsə də, məhkəmə istintaqı zamanı aradabir dostlarından narkotik vasitə əldə edib qəbul etdiyini, lakin hadisə günü metamfetamin qəbul etmədiyini bildirmişdir. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri (psixotrop dərman metamfetaminin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olaraq) törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi etirafedici izahat və ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, “müşahidə kamerasına baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş disk, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokol, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, məhkəmə-tibb ekspertizasının ##.##.2024-ci il tarixli ** nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli ****/K nömrəli rəyi (rəyə əsasən hadisə günü Məhkum götürülmüş qan nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir) və digər sübutlar təkzib olunması haqqında nəticəyə gəlmişdir. Adı çəkilən sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində əməlin tövsifi ilə bağlı məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum Məhkum təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 62, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda məhkumun ona münasibətdə ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinin müəyyən etdiyi məhrumiyyət beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Məhkum kassasiya şikayətində cinayət qanunu normasına isnad etməsə də, ona təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etməklə, faktiki olaraq onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini istəmişdir. Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza növünün təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmamış və belə qənaətə gəlmişdir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzalar həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM, maddə 8). Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi isə motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair hallar nəzərə alınmaqla kompleks halda qiymətləndirilir. Iş materiallarından görünür ki, Məhkum yol-nəqliyyat hadisəsini törədən zaman psixotrop maddələrin təsiri altında olması öz təsdiqini tapmış, hadisə vaxtı o, idarə etdiyi avtomobillə əks hərəkət zolağına çıxıb avtomobili yüksək sürətlə idarə etmiş və öz yolu ilə qarşıdan gələn zərərçəkmiş şəxsin idarə etdiyi avtomobil ilə toqquşaraq qəza törətmiş, nəticədə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Göründüyü kimi, əks hərəkət zolağında avtomobilin yüksək sürətlə idarə edilməsi özlüyündə təhlükəli bir hal olmaqla yanaşı, Məhkum psixotrop maddənin təsiri altında sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını kobud surətdə pozub qarşı hərəkət zolağında avtomobili yüksək sürətlə idarə edərək, həm yol hərəkəti qaydalarına, həm də yol hərəkətinin digər iştirakçılarının həyat və sağlamlıqlarına laqeyd münasibət bəsləmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, o cümlədən cəzanı yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağının olmasından, vurulmuş ziyanı könüllü ödəməsindən, zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə edilməsindən, Vətən müharibəsi iştirakçısı olmasından (halbuki kassasiya şikayətində bu halların cəza təyini zamanı nəzərə alınmadığı iddia edilmişdir), cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib məhkuma təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzaları dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 41.2, 58, 59, 60, 61-ci maddələrinin tələblərinə əməl etmiş, CM-in 8ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkumun cəzasının yüngülləşdirilməsi, eləcə də onun barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud deyil. Belə ki, CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-in 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Lakin işdən görünür ki, istər Məhkum törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, istərsə də onun şəxsiyyətini səciyyələndirən hallar baxımından işdə müstəsna hallar yoxdur. Hökmdə nəzərə alınan cəzanı yüngülləşdirən hallar isə müstəsna halların olmasını şərtləndirmir. Kollegiyanın qənaətinə görə müstəsna hallar bir qayda olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən hallarla bağlı olan elə halları ehtiva edir ki, belə halların nəticəsində cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalır, təqsirkar özünün ən yüksək etimada layiq olduğunu, habelə islah olunduğunu sübut etmiş olur, iştirakçılıqla törədilən cinayətlərdə həmin cinayətin üstünün açılmasına fəal kömək edir və s. Lakin hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən hallar müstəsnalıq barədə məhkəmə kollegiyasında təsəvvür formalaşdırmır. Hazırki halda Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum şəxsiyyətini, o cümlədən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almış, nəticə etibarilə ona cəzanın məqsədlərini təmin edən həddə əsas və əlavə cəzalar təyin etmişdir. Apellyasiya məhkəməsi isə haqlı olaraq hökmü cəza təyini hissəsində də dəyişdirilmədən saxlamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsində olan 2025-ci il ## #### tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar