Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-313/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Kamran İsrafil oğlu Ağayevin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2026-cı il tarixli 1(103)- 2431/2025 nömrəli qərarından məhkum Məhkum İsrafil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Roman Ələkbərli (sədrlik edən), Elnur Nuriyev və Azər Tağıyev) 28 oktyabr 2025-ci il tarixli 1(101)-1599/2025 nömrəli hökmü ilə 11 fevral 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 37, mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum İsrafil oğlu Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2025-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum İsrafil oğlu məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,930 qram və 8,067 qram olmaqla, ümumi təmiz çəkisi 12,997 qram, yəni külli miqdar təşkil edən psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlayıb, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 ünvanının yaxınlığına daşımışdır. Həmin kütlələr 21 aprel 2025-ci il tarix, saat 15-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxsin göstərilən yerdə saxlanılmasından sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Aqil Musayev (sədrlik edən), Cavid Hüseyn və Habil Məmmədov) 4 fevral 2026-cı il tarixli 1(103)-2431/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 1(101)-1599/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum İsrafil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum İsrafil oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral iyul 2026-cı il tarixli 1(103)-2431/2025 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum İsrafil oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, apellyasiya məhkəməsinin qərarından narazıdır. Belə ki, məhkəmələr cinayət işinə baxarkən cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum İsrafil oğlunun əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edilərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət edilmiş, istintaq və prosessual hərəkətlər öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum İsrafil oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin yuxarıda göstərilən maddəsi ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum Məhkum İsrafil oğlunun kassasiya şikayətinin başlıca dəlili apellyasiya məhkəməsi tərəfindən onun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum İsrafil oğluna cəza təyin edərkən himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi müəyyən etmiş və hər hansı ağırlaşdıran hallar müəyyən etməmişdir. Təqsirləndirilən şəxs Məhkum İsrafil oğlu Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,930 qram və 8,067 qram olmaqla, ümumi təmiz çəkisi 12,997 qram, yəni külli miqdar təşkil edən psixotrop maddə metamfetamini əldə etmiş və saxlanılmışdır. Həmçinin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxlamaqla, məhkum Məhkum İsrafil oğluna cəzasını yüngülləşdirən əlavə hallar müəyyən etməmiş, nəticədə ona təyin olunmuş cəzanın yüngülləşdirməsini məqsədə müvafiq hesab etməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında isə 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkum Məhkum İsrafil oğluna təyin edilmiş minimum həddə yaxın cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, işin halları və ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum İsrafil oğlunun barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2026-cı il tarixli 1(103)-2431/2025 qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum İsrafil oğlunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2026-cı il tarixli 1(103)-2431/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-313/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-313/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver