Məhkəmə qərarları › İş №1(1-8)-316/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-316/2026

23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-316/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 29 oktyabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## ###### 1956-cı il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, mama-ginekoloq həkim vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla yaşayır.

2. 15 iyul 2024-cü il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 313 və 314.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür.

3. Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, 01 avqust 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin Regional Perinatal Mərkəzinin həkim mama-ginekoloqu vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli, ** nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 24, 25 maddələrinə əsasən, müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin ambulator aparılması taktikasını və müayinə planını hazırlamalı, anemnezə, klinik müşahidə və müayinə, həmçinin, klinik-laborator tədqiqatların nəticələrinə əsasən, diaqnozu müəyyənləşdirməli, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak etməli olduğu halda işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, səhiyyə sistemində qüvvədə olan ** saylı əmrin 24.1-ci bəndinin tələblərini pozmaqla, 03 noyabr 2023-cü il tarixdə saat 23:00-da “H2D1A0; 39 həftə hamiləlik, baş gəlişi, çoxsululuq, preeklampsiya” diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin Regional Perinatal Mərkəzinə müraciət edən Zərərçəkmiş şəxs, doğuşdan öncəki vəziyyətini düzgün qiymətləndirib dölün uşaqlıq boynunda duruşu və gəlişinin müəyyən edilməsi üçün zəruri olan müayinə üsullarını seçməyərək, dölün ana bətnində kəskin hipoksiya vəziyyətində olması “Köndələn qasıqüstü orta aşağı kəsiklə Laparotomiya” cərrahiyyə əməliyyatının dərhal icra edilməsi üçün tibbi göstəriş olduğu halda, əməliyyatın icrasını gecikdirib 04 noyabr 2023-cü il tarixdə saat 07:35-də icra edib vaxtında dölün ana bətnindən götürülməsini təmin etməməklə, ana bətnindən vaxtında götürülməyən dölün bətndaxili hipoksiyanın postanatal asfiksiyaya keçməsi fonunda kəskin ağciyər ürək çatışmazlığından əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölməsindən ibarət ağır nəticələrə səbəb olan səhlənkarlıq etmiş, daha sonra törətdiyi cinayət əməlinin ictimai təhlükəli nəticələrini görüb cinayət məsuliyyətindən yayınmaq niyyətilə öz səhlənkarlıq hərəkətlərini ört-basdır etmək üçün Zərərçəkmiş şəxs doğumunun gedişini və nəticələrini əks etdirən və rəsmi sənəd hesab edilən ****** nömrəli “Doğum tarixi” sənədinə Zərərçəkmiş şəxs bətnində olan dölünün Perinatal Mərkəzə daxil olarkən diri olması məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2023-cü il tarixli, ** nömrəli, komisyon məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2024-cü il tarixli KEŞ-*** nömrəli, əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 18 aprel 2024-cü il tarixli, ***/KEŞ nömrəli rəyləri, şahid ifadələri və ****** nömrəli doğum tarixinin “Qəbulda hamilənin müayinəsi” vərəqəsində “Dölün ürək döyünməsi: yeri” qrafasının qarşısında yazılmış “Eşidilir 180” xətt və rəqəm nümunələri ilə təsdiq edildiyi halda guya ki, onun tərəfindən aparılmış müayinə zamanı bətndaxili dölün ölü olması barədə 03 noyabr 2023-cü il tarixdə Perinatal Mərkəzin qəbul otağında “ölü döl” qeydi yazıb rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir.

5. Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, 31 yanvar 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 313 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müddətə mama-ginekoloq həkimliyi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci və 68.3-cü maddələrinə əsasən islah işləri cəzasının iki gününün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla və təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 01 (bir) il müddətə mama-ginekoloq həkimliyi fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması, üzərinə vəzifələr qoyulması, cəza müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 29 oktyabr 2025-ci il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, 31 yanvar 2025-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissəsində ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığına görə ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CMnin 314.2-ci maddəsi üzrə əməlin eyni Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməklə Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinməsi, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir.

II. Kassasiya protestinin dəlilləri

9. Kassasiya protesti belə əsaslandırılmışdır ki, Məhkum "vəzifəli şəxs" statusu daşımaması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti yanlışdır və Cinayət Məcəlləsinin normalarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 41ci maddəsi ilə təsbit olunmuş sağlamlığın qorunması hüququ dövlətin mühüm sosial vəzifəsidir və publik hüquqi şəxs statuslu tibb müəssisəsində çalışan həkim dövlət adından bu ümumdövlət əhəmiyyətli fəaliyyəti icra edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarındakı şərhə istinadən, şəxs hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitamı ilə nəticələnən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunur. Hazırkı işdə Məhkum həkim mama-ginekoloq kimi tibbi diaqnozu və müalicə taktikasını müəyyən etməsi, habelə müvafiq dövrlərdə şöbə müdiri və Perinatal Mərkəzin direktoru vəzifələrini müvəqqəti icra etməsi onun inzibatisərəncamverici funksiyalar daşıyan subyekt olduğunu birbaşa təsdiq edir. Bu baxımdan onun Azərbaycan Respublikası CM-nin 313-cü və 314.2-ci maddələrinin subyekti olması qanunauyğundur. Məhkum Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə bəraət verilməsi faktiki hallarla kəskin ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs rəsmi sənəd hesab edilən "Doğum tarixi" sənədinə bətnindəki dölü diri olan xəstə barədə bilə-bilə yalan olan "ölü döl" qeydini daxil etmişdir. Əgər məhkəmə şəxsi vəzifəli şəxs hesab etmirdisə, o halda aşkar cinayət faktının mövcudluğunu nəzərə alaraq əməli Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə tövsif etməli idi. Hüquqazidd hərəkətin sübuta yetirildiyi şəraitdə "cinayət tərkibi yoxdur" əsası ilə bəraət verilməsi ədalətli mühakimə prinsipləri ilə bir araya sığmır. Kassasiya protestində ikinci dəlil olaraq qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əməlin Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsindən eyni Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi cinayət qanununun zaman etibarilə qüvvəsi prinsipinə ziddir. Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinə görə, əməlin cinayət sayılması və cəzalandırılması onun törədildiyi vaxt qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir və cəzanı ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur. Hadisə 04 noyabr 2023-cü il tarixdə törədildiyi halda, Azərbaycan Respublikası CM-nin 142-ci maddəsi qanunvericiliyə yalnız 13 iyun 2025-ci il tarixdə əlavə edilmişdir. Yeni maddənin sanksiyası hadisə vaxtı qüvvədə olan və eyni hüquqi nəticəni doğuran Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsindən daha ağır olduğu üçün, məhkəmənin şəxsi daha ağır cəza nəzərdə tutan yeni maddə ilə təqsirli bilməsi maddi hüquq normasının kobud şəkildə səhv tətbiqidir. Kassasiya protestində sonuncu arqument kimi göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə əlavə cəzanın təyin edilməməsi qərarda müvafiq sübutlarla əsaslandırılmamışdır. Cinayət qanununun tələbinə görə, məcburi əlavə cəzanın tətbiq olunmaması üçün əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan "müstəsna hallar" məcmusu mövcud olmalıdır. Məhkəmə hökmündə bu halların nədən ibarət olduğu və hansı sübutlara əsaslandığı göstərilməmiş, yalnız ümumi xarakterli mülahizələrə istinad edilmişdir. Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsinə əsasən əlavə cəza imperativ norma kimi müəyyən edildiyi halda, ondan imtina edilməsi cəzanın fərdiləşdirilməsi prinsiplərinə uyğun deyildir. Yuxarıda göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2025-ci il tarixli hökmünün maddi və prosessual hüquq normalarının pozulması səbəbindən ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual

12. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya protestində Məhkum əməlində cinayət tərkibinin mövcud olmasına baxmayaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə bəraət hökmünün əsassız çıxarıldığı, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlin eyni Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı, habelə onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edildiyi iddia edilir, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.13, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğvi və ya dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından öz səlahiyyətlərinə aid kassasiya müraciəti kimi qiymətləndirir və həmin müraciət üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 29 oktyabr 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq belə qənaətə gəlir ki, aşağıda təfsir edilən əsaslara görə kassasiya protesti təmin edilməlidir.

17. Kassasiya protestinin Məhkum əməlində cinayət tərkibinin mövcud olmasına baxmayaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə bəraət hökmünün əsassız çıxarıldığına dair dəlili ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi sistemində cinayət məsuliyyətinin müəyyən edilməsi və tətbiqi fundamental hüquqi prinsiplərə söykənir. Bu prinsiplərin ən mühümü olan və cinayət hüququ sisteminin təməlini təşkil edən müddəa Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, cinayət məsuliyyətinin yeganə əsası bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsidir. Bu norma, bir tərəfdən dövlətin cəza tətbiq etmək səlahiyyətinin hüdudlarını müəyyən edir, digər tərəfdən isə fərdin azadlıq hüququnun qanunsuz müdaxilələrdən qorunmasına xidmət edir.

18. Cinayət hüququ doktrinasında Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinin rolu təkcə texniki bir qayda kimi deyil, həm də maddi hüququn ədalət və qanunçuluq məqsədlərinin təminatı kimi qəbul edilir. "Qanunsuz cinayət və cəza yoxdur" (nullum crimen, nulla poena sine lege) prinsipinin qanunvericilikdəki birbaşa təzahürü olan bu maddə, cinayət qanununda nəzərdə tutulmayan heç bir davranışın ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq cinayət sayıla bilməyəcəyini təminat altına alır. Cinayət məsuliyyətinin yaranması üçün sadəcə ictimai təhlükəli əməlin törədilməsi kifayət deyil, həmin əməlin qanunvericinin müəyyən etdiyi normativ modelinə – yəni cinayət tərkibinə tam uyğun gəlməsi mütləqdir. 19.Cinayət hüququ nəzəriyyəsində cinayət tərkibi cinayət məsuliyyətinin hüquqi modeli kimi xarakterizə olunur. Cinayət tərkibi dedikdə, qanunla nəzərdə tutulmuş və konkret ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirən obyektiv və subyektiv əlamətlərin məcmusu başa düşülür. Bu əlamətlərin mövcudluğu olmadan əməl cinayəthüquqi qiymət ala bilməz. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinin normativ məzmunu da məhz bu konsepsiyaya əsaslanır. Cinayət tərkibi dörd zəruri elementdən ibarətdir: cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Hər bir element müstəqil hüquqi əhəmiyyətə malik olmaqla yanaşı, yalnız qarşılıqlı vəhdətdə konkret cinayətin hüquqi modelini formalaşdırır. 20.Cinayətin obyekti dedikdə, cinayət qanunu ilə mühafizə olunan və cinayət nəticəsində zərər vurulan və ya zərər vurulması təhlükəsi yaradılan ictimai münasibətlər başa düşülür. Obyekt cinayətin sosial mahiyyətini, onun ictimai təhlükəliliyinin istiqamətini və xarakterini müəyyən edir. Məhz obyekt vasitəsilə qanunverici hansı ictimai münasibətlərin cinayət-hüquqi mühafizə ilə qorunmalı olduğunu müəyyən edir. Obyektin müəyyən edilməsi cinayətin düzgün tövsifi, oxşar tərkiblərin bir-birindən fərqləndirilməsi və əməlin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 21.Cinayətin obyektiv cəhəti cinayətin xarici təzahürünü əks etdirən əlamətlərin məcmusudur. Buraya ictimai təhlükəli əməl, ictimai təhlükəli nəticə, əməl ilə nəticə arasında səbəbli əlaqə, habelə qanunda nəzərdə tutulduğu hallarda törədilmə üsulu, aləti, şəraiti, vaxtı və yeri daxildir. Obyektiv cəhət cinayətkar davranışın zahiri formasını müəyyən edir və hüquq tətbiq edən orqana faktiki halları cinayət qanununun dispozisiyası ilə müqayisə etməyə imkan verir. Məhz bu element vasitəsilə konkret davranışın cinayət qanununda qadağan olunmuş xarici əlamətlərə uyğunluğu müəyyən edilir. 22.Cinayətin subyekti cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb edilə bilən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və anlaqlı fiziki şəxsdir. Ümumi qayda olaraq, cinayət məsuliyyəti yalnız bu əlamətlərə malik şəxslər üçün mümkündür. Bununla yanaşı, bəzi cinayət tərkibləri xüsusi subyekt tələb edir. Xüsusi subyekt, ümumi əlamətlərlə yanaşı, əlavə hüquqi statusa, vəzifə mövqeyinə və ya digər xüsusi keyfiyyətlərə malik olan şəxsdir. Xüsusi subyekt əlamətinin mövcudluğu belə cinayətlərin tərkibinin zəruri elementi kimi çıxış edir və həmin əlamət olmadıqda konkret (xüsusi subyekti nəzərdə tutan) maddə ilə cinayət məsuliyyətinin yaranması istisna edilir. 23.Cinayətin subyektiv cəhəti şəxsin törətdiyi əmələ və onun nəticələrinə psixi münasibətini ifadə edir. Onun əsas elementi təqsirdir ki, bu da qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Qanunda nəzərdə tutulmuş hallarda motiv və məqsəd də subyektiv cəhətin fakültativ əlamətləri kimi hüquqi əhəmiyyət kəsb edə bilər. Subyektiv cəhət cinayət məsuliyyətinin fərdiləşdirilməsi, təqsirin formasının müəyyən edilməsi və əməlin düzgün tövsifi baxımından həlledici rol oynayır. Təqsir olmadan cinayət məsuliyyəti mümkün deyildir ki, bu da təqsirə görə məsuliyyət prinsipinin birbaşa ifadəsidir. 24.Beləliklə, cinayət tərkibinin hər bir elementi cinayət məsuliyyətinin yaranması üçün zəruri hüquqi şərtdir. Yalnız cinayət tərkibinin bütün zəruri elementləri tam, hərtərəfli və şübhədən kənar müəyyən edildiyi halda şəxs konkret cinayətin törədilməsində təqsirli hesab edilə bilər. Əksinə, cinayət tərkibinin elementlərindən hər hansı birinin olmaması həmin konkret cinayətə görə cinayət məsuliyyətini istisna edir. Bu nəticə Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinin birbaşa normativ məzmunundan irəli gəlir və cinayət-hüquqi tövsifin əsas metodoloji qaydasını təşkil edir. 25.Lakin konkret cinayət tərkibi elementlərindən birinin olmaması hər bir halda şəxsin cinayət məsuliyyətindən azad edilməsini şərtləndirmir. Məhkəmə və ya cinayət təqibini həyata keçirən orqan ilkin hüquqi qiymətləndirmə zamanı ittiham olunan əməl üzrə müəyyən maddədə nəzərdə tutulmuş obyektiv cəhətin mövcud olduğunu, lakin həmin maddənin tələb etdiyi subyektiv cəhətin və ya subyekt əlamətinin olmadığını müəyyən edə bilər. Belə hallarda hüquqi qiymətləndirmə yalnız ilkin ittiham çərçivəsi ilə məhdudlaşmamalı, əməlin digər cinayət-hüquqi normaların dispozisiyalarına uyğunluğu da araşdırılmalıdır. Cinayət hüququnda əsas olan əmələ verilmiş ilkin hüquqi ad deyil, onun faktiki və hüquqi əlamətləridir. 26.Yuxarıda göstərilənlərin apellyasiya instansiyası məhkəməsinin kassasiya protesti ilə mübahisələndirilən hökmünə tətbiqi göstərir ki, məhkəmə cinayət tərkibinin bütün elementlərini qarşılıqlı əlaqədə araşdırmamışdır. Məhkum qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan əməlin obyektiv cəhətinin mövcudluğu ümumiyyətlə yoxlanılmamış, bununla da cinayəthüquqi tövsif üçün zəruri olan faktiki və hüquqi əsas müəyyən edilməmişdir. Bu şəraitdə subyekt və subyektiv cəhətə dair nəticələr tam cinayət tərkibi çərçivəsində deyil, ondan təcrid olunmuş şəkildə formalaşdırılmış, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinin tələb etdiyi kompleks hüquqi yanaşma tətbiq edilməmişdir. Nəticədə, xüsusi subyekt əlamətinin olmaması yalnız ilkin ittihamın istisna edilməsi kimi qiymətləndirilmiş, lakin əməlin digər mümkün cinayət tərkibi üzrə hüquqi tövsifi məsələsi araşdırılmamışdır. 27.Bu isə cinayət məsuliyyətinin yalnız qanunda nəzərdə tutulmuş tam cinayət tərkibi əsasında müəyyən edilməsi prinsipinə zidd olmaqla, iş üzrə səhv hüquqi nəticəyə gəlinməsinə səbəb olmuşdur.

28. Qeyd edilənlərlə əlaqədar xatırladılmalıdır ki, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi vəzifə saxtakarlığına görə məsuliyyəti nəzərdə tutur və vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsini, habelə həmin sənədlərdə düzəlişlər etməsini və ya bilə-bilə saxta sənədlər tərtib və ya verməsini cinayət hesab edir. Lakin, eyni xarakterli hüquqazidd davranış yalnız həmin maddənin dispozisiyası ilə məhdudlaşmır, belə ki, rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz hazırlanması və ya satılması kimi oxşar əməllər Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsində də cinayət kimi nəzərdə tutulmuşdur və həmin norma bu növ hərəkətləri ümumi subyekt tərəfindən törədildiyi hallarda cinayət-hüquqi məsuliyyət dairəsinə aid edir. 29.Hər iki cinayət tərkibinin obyektiv cəhətində rəsmi sənədlərlə bağlı həqiqətə uyğun olmayan məlumatların yaradılması, sənədin saxtalaşdırılması və ya hüquqi dövriyyəyə daxil edilməsi kimi xarici davranış formaları nəzərdə tutulur. Bu baxımdan, həmin cinayətlərin fərqləndirilməsi ilk növbədə onların subyekt əlamətlərinin və cinayətin hüquqi obyektinin düzgün müəyyən edilməsini tələb edir.

30. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin zəruri elementi xüsusi subyektdir. Bu maddə ilə yalnız vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər. Vəzifəli şəxs statusu həmin maddənin tərkib əlaməti olmaqla, maddənin tətbiqinin vacib şərtidir. Şəxsin vəzifəli şəxs hesab olunmaması onun əməlinin Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə tövsifini hüquqi cəhətdən istisna edir. 31.Lakin belə vəziyyətlə qarşılaşan məhkəmə və ya cinayət təqibini həyata keçirən orqan hüquqi qiymətləndirməni yalnız subyekt əlamətinin olmamasının təsdiqi ilə yekunlaşdırmamalı, çünki obyektiv cəhət üzrə təsvir olunan davranışın mövcudluğu əməlin digər cinayət-hüquqi normalar baxımından yenidən tövsifini zəruri edir. Bu baxımdan Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə xüsusi subyektin mövcud olmaması avtomatik olaraq əməlin cinayət-hüquqi xarakterini aradan qaldırmır, əksinə, onun başqa normativ tərkib üzrə qiymətləndirilməsinə keçidi tələb edir.

32. Məhz bu mərhələdə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin dispozisiyası nəzərdən keçirilməlidir ona görə ki, həmin norma rəsmi sənədin saxtalaşdırılması, qanunsuz hazırlanması və ya satılması kimi əməlləri xüsusi subyekt tələb etmədən kriminalizasiya edir. Bu maddə üzrə cinayət tərkibinin subyekti ümumi subyektdir, yəni cinayət məsuliyyətinə cəlb edilə bilən, anlaqlı və qanunla müəyyən edilmiş yaş həddinə çatmış hər hansı fiziki şəxs bu cinayətin subyekti ola bilər.

33. Bu o deməkdir ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi vəzifə statusundan asılı olmayaraq rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı ictimai təhlükəli əməlləri ümumi cinayət-hüquqi qiymətləndirmə müstəvisinə daxil etdiyindən, şəxsin vəzifəli şəxs statusunun olmaması onun əməlini cinayət-hüquqi qiymətləndirmədən kənarda qoymamalı, əksinə, obyektiv cəhətin mövcudluğu şəraitində qiymətləndirmə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi əsasında davam etdirilməli və hüquqi tövsif həmin normanın tələblərinə uyğun aparılmalıdır.

34. Baxılan iş üzrə isə apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihama əsasən Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə törədilmiş əməldə xüsusi subyekt əlamətinin, yəni onun vəzifəli şəxs statusuna malik olmadığını əsas götürməklə kifayətlənmiş, lakin bu nəticədən çıxış edərək əməl üzrə obyektiv cəhətin digər cinayət-hüquqi tərkiblərlə müqayisəli şəkildə qiymətləndirilməsini həyata keçirməmiş, xüsusilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkib baxımından mümkün hüquqi tövsifin araşdırılmasına dair zəruri hüquqi təhlili aparmamışdır.

35. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cinayət-hüquqi tövsifin mərhələli və kompleks xarakterini təmin etmədən, yalnız cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin xüsusi subyekt əlamətinin müəyyən edilmədiyini əsas götürərək yekun qənaətə gəlmiş, bununla da Məhkum əməli üzrə hüquqi qiymətləndirmənin və tövsifin bütün mümkün istiqamətlər üzrə tam həcmdə aparılmasını təmin etməmişdir. Belə yanaşma Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə bəraət verilməsi ilə kifayətlənilməsinin cinayət-hüquqi qiymətləndirmənin tam, hərtərəfli və sistemli şəkildə aparılması vəzifəsinin yerinə yetirilmədiyini göstərir və apellyasiya instansiyası məhkəməsinin iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməməsi nəticəsinə gəlməyə əsas verir. 36.Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmadığından, kassasiya protestinin mübahisələndirilən hökmün həmin hissəsinə dair dəlilləri yetərli hesab edilməli və protest bu hissədə təmin edilməlidir.

37. Kassasiya protestinin növbəti dəlili Məhkum qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsindən eyni Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi və bu zaman cinayət qanunvericiliyinin tələblərinin pozulması ilə bağlıdır. 38.Kassasiya protestinin müvafiq hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsi cinayət qanununun zaman baxımından tətbiqi institutunun mühüm elementlərindən birini təşkil edir və cinayət hüququnda qanunun geriyə şamil olunması məsələsini tənzimləyir. Bu norma mahiyyət etibarilə hüquqi dövlət, ədalət, humanizm və şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılmaması prinsipləri ilə sıx bağlıdır. Maddənin mənasına görə, əməlin cinayət sayılmasını aradan qaldıran, cəzanı yüngülləşdirən və ya cinayət törətmiş şəxsin vəziyyətini başqa qaydada yaxşılaşdıran yeni qanun, müəyyən hallarda, onun qüvvəyə minməsindən əvvəl əməli törətmiş şəxslərə də tətbiq oluna bilər.

39. Qanunun geriyə şamil olunması dedikdə, sonradan qəbul edilmiş cinayət-hüquqi normanın, onun qüvvəyə minməsindən əvvəl baş vermiş əmələ və həmin əməli törətmiş şəxsə tətbiq edilməsi başa düşülür. Cinayət hüququnda ümumi qayda ondan ibarətdir ki, əmələ onun törədildiyi vaxt qüvvədə olan qanun tətbiq edilir. Bu, tempus regit actum – "zaman əməli idarə edir" – qaydasının cinayət hüququnda tətbiqidir. Həmin qayda hüquqi müəyyənlik və şəxsin öz davranışını qabaqcadan hüquqi nöqteyi-nəzərdən qiymətləndirə bilməsi baxımından vacib əhəmiyyət daşıyır. Lakin istisna olaraq, yeni qanun şəxs üçün daha əlverişlidirsə, yəni onun vəziyyətini yaxşılaşdırırsa, həmin qanunun geriyə qüvvəsi tanınır. Beləliklə, retrospektiv tətbiq cinayət hüququnda ümumi prinsip deyil, yalnız qanunun humanist məzmunu ilə əsaslanan xüsusi istisnadır. 40.Bu cür tətbiqin mümkün olduğu hallar normanın öz mahiyyətindən irəli gəlir maddənin mətnində üç əsas tətbiq halı müəyyən edilir. Birinci hal dekriminallaşdırmadır: əvvəllər cinayət hesab olunan əməl yeni qanunla cinayət siyahısından çıxarılır. Bu, ən güclü retrospektiv tətbiq halıdır, belə ki cəmiyyət həmin davranışı artıq kriminogen hesab etmədiyindən, şəxsin törətdiyi anda cinayət sayılan əmələ görə məsuliyyət daşımağa davam etməsi qeyri-ədalətli olardı. Ikinci hal cəzanın yüngülləşdirilməsidir: yeni qanun eyni əmələ görə daha yüngül növdə və ya az həddə sanksiya nəzərdə tutur və bu halda yeni sanksiya tətbiq olunmalıdır. Üçüncü hal isə vəziyyətin başqa cür yaxşılaşdırılmasıdır – bu geniş formula cinayətin tövsifini yüngülləşdirən, məsuliyyəti istisna edən yeni halların normaya daxil edilməsini, normanın hər hansı formada liberallaşdırılmasını əhatə edir.

41. Geriyə şamil etmənin hüquqi əsasları bir neçə mənbədən qaynaqlanır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi hüququ, in dubio pro reo – "şübhə şübhəyə məruz qalanın xeyrinədir" – prinsipi, eləcə də “Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 7-ci maddəsi ilə qorunan qanunilik prinsipi bu əsasların kökündə dayanır. Həmin normaların məqsədi isə müxtəlif istiqamətlərdə özünü göstərir - ədalət prinsipi baxımından dövlət müəyyən davranışın artıq cinayət-hüquqi qiymətləndirməyə layiq olmadığını qəbul edirsə, həmin davranışa görə keçmişdə məsuliyyətə cəlb olunmuş şəxslərə daha ağır hüquqi nəticələrin tətbiqi ədalətliliklə uzlaşmır. Humanizm prinsipi baxımından şəxsin vəziyyətini yaxşılaşdıran yeni hüquqi tənzimləmələrin artıq cəza çəkən şəxslərə də şamil edilməsi cəzanın icrasında bərabərliyin təmin olunmasına xidmət edir. Hüquqi müəyyənlik baxımından isə qanunilik prinsipi tələb edir ki, cinayət-hüquqi nəticələr yalnız cəmiyyətin mövcud hüquqi dəyərləndirməsinə uyğun və aktual normativ tənzimləməyə əsaslanmaqla tətbiq edilsin. 42.Yuxarıda qeyd edilənlərin fonunda mübahisələndirilən hökmün müvafiq hissəsinin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi üzrə ittiham edilən əməlinin Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsinə tövsif edilməsi, yuxarıda göstərilən üçüncü hal – cinayət-hüquqi tövsifin yüngülləşdirilməsi və bununla məhkum edilmiş şəxsin vəziyyətinin yaxşılaşdırılması məqsədinə yönəlmişdir. 43.Lakin apellyasiya instansiyası məhkəməsinin baxılan iş üzrə qəbul etdiyi hökmün təsviri hissəsi nəzərdən keçirildikdə müəyyən olunur ki, məhkəmənin qiymətləndirilməsi əvvəlcə Məhkum qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 313cü maddəsinə münasibətdə aparılmışdır. Həmin hissədə məhkəmə Cinayət Məcəlləsinin 313-cü maddəsinin dispozitiv şərtlərindən, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutların məcmusundan, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 iyul 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” qərarında göstərilən hüquqi mövqedən çıxış edərək, Məhkum “vəzifəli şəxs” olmadığı barədə nəticəyə gəlmiş, müvafiq olaraq vəzifə saxtakarlığı cinayətinin subyekti ola bilmədiyindən, ona həmin maddə ilə bəraət verilməli olduğunu hökm etmişdir. 44.Apellyasiya instansiyası məhkəməsi bundan sonra Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin dispozisiyasına istinad edərək həmin maddədə nəzərdə tutulmuş cinayətin subyektinin də yalnız vəzifəli şəxs ola biləcəyini qeyd etmişdir. Davam edilərək hökmdə göstərilmişdir ki, “Məhkum iş üzrə təqsirli bilindiyi üçün CM-in 314.2-ci maddəsinə əsasən deyil, CM-in hazırda qüvvədə olan (yeni redaksiyada) 142.4cü maddəsi ilə təqsirli hesab edilməlidir”, daha sonra isə qeyd edilmişdir ki, “təqsirləndirilən şəxsin əməlində vəzifə saxtakarlığı cinayətinin tərkibi olmadığına görə Məhkum CM-in 313-cü maddəsi ilə bəraət verilməli, eyni zamanda Məhkum təqsirli bilindiyi CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli CM-in 142.4-cü maddəsinə tövsif edilməlidir”.

45. Göründüyü kimi, məhkəmənin yekun qənaəti qeyri-müəyyən olmaqla ziddiyyət təşkil etmişdir - Məhkum hökmün təsviri-əsaslandırıcı hissəsində əvvəl həmin dövrdə Cinayət Məcəlləsində mövcud olmamış 142.4-cü maddəsi üzrə təqsirli hesab edilmiş, davamında isə ittihamın həmin hissəsinə aid olan əməl Azərbaycan Respublikası CMnin 142.4-cü maddəsi üzrə tövsif edilmişdir. 46.Yuxarıda qeyd edilənlər yekunda onunla nəticələnmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı verilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə aid hissəyə münasibətdə həm prosessual, həm də maddi normaların tətbiqində kobud səhvlərə yor vermişdir.

47. Belə ki, Azərbaycan Respublikası CM-nin 313 və 314.2-ci maddələrinin dispozisiyalarının təhlili göstərir ki, hər iki maddədə nəzərdə tutulmuş əməllər yalnız xüsusi subyekt – vəzifəli şəxs tərəfindən törədildiyi halda cinayət məsuliyyətinə səbəb olur və bu baxımdan həmin normalar subyekt əlaməti üzrə eyniyyət təşkil edir. Mübahisələndirilən hökmdən isə müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi əvvəlcə Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə irəli sürülmüş ittihamı qiymətləndirərək onun vəzifəli şəxs statusuna malik olmadığı, bu səbəbdən həmin maddə üzrə cinayətin subyekti ola bilmədiyi qənaətinə gəlmiş və ona həmin hissədə bəraət vermişdir. Daha sonra isə eyni hüquqi mövqeyə, yəni Məhkum vəzifəli şəxs olmamasına bir daha istinad edilmiş, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi üzrə də subyekt əlamətinin yalnız vəzifəli şəxs olması təkrar qeyd olunmuşdur. Bununla yanaşı, irəli sürülmüş ittiham üzrə 314.2-ci maddənin tətbiqi ilə bağlı fərqli nəticəyə gəlinərək əməl başqa maddə üzrə tövsif edilməli olduğu qənaəti ifadə edilmişdir ki, bu da apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyində ziddiyyətə səbəb olmuşdur. 48.

49. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 12 aprel 2017-ci il).

50. Digər tərəfdən, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə nəticə verilərkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını da düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinə istinad edərək, Azərbaycan Respublikası CMnin 314.2-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas verən əməli onun törədildiyi dövrdə qüvvədə olmayan Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsi ilə tövsif etməklə, cinayət qanununun geriyə qüvvəsinin yaranması üçün zəruri olan həlledici imperativ şərti nəzərdən qaçırmışdır. 51.Belə ki, yeni qanunun geriyə tətbiqi yalnız o şəxsə münasibətdə mümkündür ki, məhkəmə tərəfindən cinayət törətmiş şəxs qismində müəyyən edilmiş olsun. Başqa sözlə, Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tətbiq obyekti abstrakt davranış deyil, cinayət törətmiş şəxsdir. Bu isə o deməkdir ki, retrospektiv tətbiqin hüquqi predmeti yalnız o hallarda yaranır ki, şəxsin konkret əməli törətməsi və həmin əməlin ona aidiyyəti məhkəmə aktında müəyyən edilmiş olsun. Cinayət qanununu yüngülləşdirən və ya dekriminallaşdıran normanın tətbiqi mahiyyət etibarilə cinayət məsuliyyətinə münasibətdə həyata keçirilir, cinayət məsuliyyəti isə yalnız təqsirin müəyyən edildiyi halda yaranır. 52.Bu baxımdan, şəxsin cinayətdə təqsirli bilinməsi sadəcə texniki şərt deyil, normanın tətbiqinin məntiqi və hüquqi əsasını təşkil edir. Əgər məhkəmə araşdırması nəticəsində şəxsə aid edilən əməli onun törətmədiyi, yaxud əməldə cinayət tərkibinin olmadığı, yaxud da onun təqsirinin sübuta yetirilmədiyi müəyyən olunursa, həmin şəxs cinayət törətmiş şəxs hesab edilə bilməz. Belə halda Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsində nəzərdə tutulan “cinayət törətmiş şəxsin vəziyyətinin yaxşılaşdırılması” mexanizminin tətbiqi də predmetsiz qalır. Çünki yaxşılaşdırılacaq cinayət-hüquqi status yoxdur, şəxs artıq təqsirsiz sayılmış, onun barəsində cinayət məsuliyyətinin növünün və ya həddinin dəyişdirilməsi, yaxud belə məsuliyyətdən azad olunması deyil, ümumiyyətlə, bu məsuliyyətin yoxluğu hüquqi nəticə doğurur. 53.Məhz buna görə də, əgər məhkəmə şəxsi təqsirsiz hesab edibsə, sonradan qəbul olunmuş daha yüngül qanunun həmin şəxsə tətbiqi yolu ilə əmələ yeni hüquqi qiymət verilməsi və ya cinayətin hüquqi tövsifinin dəyişdirilməsi mümkün deyildir. Bu nəticə bir neçə hüquqi arqumentə əsaslanır.

54. Birincisi, bəraət almış şəxsə münasibətdə cinayət-hüquqi məsuliyyət münasibəti yaranmır və ya xitam olunur, deməli, dəyişdiriləcək tövsif də cinayət məsuliyyəti institutunun hüdudlarında mövcud olmur. 55.Ikincisi, şəxsin təqsirsiz hesab edilməsi onun cinayət törətmiş şəxs statusunu istisna edir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsi isə məhz cinayət törətmiş şəxsin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir, təqsirsiz bilinmiş şəxsə yeni cinayət-hüquqi status verilməsinə deyil. 56.Üçüncüsü, bəraət almış şəxs barəsində sonradan “daha yüngül qanunun tətbiqi” əsasında hüquqi tövsif aparılması, mahiyyət etibarilə bəraət hökmünün hüquqi nəticələrini pozaraq əməl üzrə təqsirin dolayı şəkildə tanınması kimi qiymətləndirilə bilər. Bu isə təqsirsizlik prezumpsiyası, məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. 57.Dördüncüsü, qanunun geriyə şamil olunması institutunun məqsədi bəraəti dəyişdirmək deyil, yalnız təqsiri müəyyən edilmiş şəxsin vəziyyətini yaxşılaşdırmaqdır. Əgər şəxs təqsirsizdirsə, onun vəziyyəti artıq cinayət-hüquqi baxımdan mümkün olan ən əlverişli vəziyyətdir. Belə vəziyyətdə yeni qanunun tətbiqindən söhbət gedə bilməz, çünki tətbiq ediləcək cinayət-hüquqi məsuliyyət bazası mövcud deyil.

58. Beləliklə, Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsi hüquqi dövlət və humanizm prinsiplərinin ifadəsi kimi, yalnız daha əlverişli cinayət qanununun geriyə tətbiqini nəzərdə tutur. Bu tətbiq dekriminallaşdırma, cəzanın yüngülləşdirilməsi və ya şəxsin vəziyyətinin başqa formada yaxşılaşdırılması hallarında mümkündür və öz hüquqi əsasını ədalət, qanunçuluq və humanizm prinsiplərindən götürür. Lakin bu institutun tətbiqi üçün zəruri ilkin şərt şəxsin cinayət törətmiş şəxs kimi hüquqi baxımdan müəyyən olunması, yəni onun təqsirinin təsdiq edilməsidir. Əgər məhkəmə şəxsi təqsirsiz hesab etmişdirsə, ona münasibətdə yeni qanunun tətbiqi, eləcə də cinayətin hüquqi tövsifinin dəyişdirilməsi nə nəzəri, nə də praktiki baxımdan yolveriləndir. Bu halda cinayət-hüquqi münasibət artıq mövcud olmadığından, geriyə şamil olunan qanunun tətbiq predmeti də yoxdur.

59. Yuxarıda təfsir edilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 313 və 314.2-ci maddələri üzrə irəli sürülmüş ittihamlar baxımından onun vəzifəli şəxs statusuna dair ziddiyyətli hüquqi nəticələrə gəlməklə yanaşı, habelə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi üzrə əməlin hüquqi qiymətləndirilməsi zamanı həmin əməldə “vəzifəli şəxs” xüsusi subyekt əlamətinin və nəticə etibarilə cinayət tərkibinin mövcud olmadığını müəyyən etməklə Məhkum faktiki olaraq bəraət verilməli olan şəxs hesab etmişdir. Belə olan halda Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tətbiqi üçün zəruri şərt olan “cinayət törətmiş şəxs” statusunun mövcud olmamasına baxmayaraq, həmin normaya istinad edilərək əməlin daha yüngül cinayət qanunu ilə tövsif edilməsi maddi hüquq normasının mahiyyətinə zidd olmaqla onun tətbiqi üçün nəzərdə tutulmuş imperativ şərtin pozulmasına səbəb olmuşdur.

60. Mövcud vəziyyətdə, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə aid əməlin məhkəmə kollegiyasının özünün hüquqi təfsiri əsasında da Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsinə tövsif edilməsi qeyri-mümkündür ona görə ki, bu cür hüquqi qiymətləndirmənin verilməsi üçün əvvəl Məhkum Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə təqsirli hesab edilməlidir. Lakin hazırkı qərarın 43-48-ci paraqraflarında göstərildiyi kimi, apellyasiya instansiyası məhkəməsi onu həmin maddə üzrə təqsirsiz hesab etmiş, hazırda onun kassasiya instansiyası məhkəməsi tərəfindən təqsirli hesab edilərək Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tətbiqi ilə törətdiyi müvafiq əməlinin Azərbaycan Respublikası CM-nin 142-ci maddəsinə tövsif edilməsi məhkumun vəziyyətinin ağırlaşdırılması ilə nəticələnəcəkdir ki, bu cinayət-prosessual qanunvericiliyin tələblərinə görə yolverilməzdir.

61. Odur ki, Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsindən eyni Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi zamanı cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulmasına yol verildiyinə dair kassasiya protestinin dəlilləri əsaslı hesab edilməli, həmin əmələ münasibətdə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq yenidən qiymətləndirmə aparılmaqla müvafiq hüquqi nəticə verilməlidir. 62.Yuxarıda təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin tibbi xidmətin göstərilməsi qaydalarının pozulması yaxud tibb işçisinin işinə vicdansız və ya laqeyd münasibəti, başqa sözlə həkim səhvi nəticəsində bədbəxt hadisənin baş verməsinə səbəb olan hərəkətin hüquqi tövsifi ilə bağlı məhkəmə təcrübəsində əvvəllər mövcud olmuş fərqli hüquqi mövqelərin və hal-hazırda olan vəziyyətin nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir. 63.Belə ki, əvvəlki dövrlərdə həkimlər digər peşə sahibləri ilə eyni hüquqi statusa malik subyekt kimi qiymətləndirilmiş, onların peşə fəaliyyətinin icrası zamanı yol verdikləri səhv nəticəsində ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisələr üzrə hərəkətləri həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. Həmin yanaşmaya əsasən, tibbi fəaliyyət zamanı belə nəticənin baş verməsi halları nəticəyə uyğun olaraq Azərbaycan Respublikası CM-nin 124-cü və ya 131-ci maddələri ilə tövsif olunmuş, müvafiq məhkəmə təcrübəsi də həmin hüquqi mövqedən çıxış edərək formalaşmışdır. 64.Lakin sonrakı dövrdə ittiham orqanı eyni xarakterli hərəkətlər nəticəsində törədilmiş əməlləri Cinayət Məcəlləsinin qulluq mənafeyi əleyhinə olan cinayətlər kateqoriyasına aid edilən 314-cü maddəsinin müvafiq hissəsi ilə tövsif etməyə başlamış, həmin yanaşma məhkəmə təcrübəsində də əksini tapmışdır.

65. Həkimi Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinin xüsusi subyekti olan vəzifəli şəxs kimi qiymətləndirən məhkəmələr bunu belə izah edirdirlər ki, həkimlər bir qayda olaraq “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxslər kimi yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan tibbi müəssisələrdə fəaliyyət göstərirlər. Həmin müəssisələr hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasını doğuran fəaliyyət həyata keçirməklə vətəndaşların tibbi yardım almaq hüququnun realizəsini təmin edirlər. 66.Məhkəmələr eyni zamanda nəzərə alırdırlar ki, tibb müəssisələrində çalışan tibb işçilərinin, o cümlədən həkimlərin fəaliyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirinin ** nömrəli, 19 sentyabr 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı” ilə tənzimlənir. Həmin təlimata əsasən həkim ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, səlahiyyətləri daxilində onların fəaliyyətinə nəzarət edir, sərəncamlar verir, rəhbərliyə həvəsləndirmə və tənbeh tədbirləri barədə təkliflər təqdim edir, müvafiq qayda və standartlara uyğun olaraq diaqnozu müəyyən edir, müalicə taktikasını seçir və zəruri tibbi yardımın göstərilməsini təmin edir. Bu vəzifələr mahiyyət etibarilə vətəndaşın tibbi yardım almaq hüququnun təmin edilməsi sahəsində ictimai əhəmiyyətli xidmətin həyata keçirilməsi ilə bağlı olduğundan, məhkəmələr hesab edirdirlər ki, dövlət adından yaradılmış publik hüquqi şəxslərdə fəaliyyət göstərən və dövlət tərəfindən əhaliyə tibbi xidmətin göstərilməsi vəzifəsi həvalə edilmiş həkimlər hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasına təsir edən səlahiyyətlərə malik olduqlarına görə vəzifəli şəxs statusunda çıxış edirlər. 67.Məhkəmə təcrübəsində yaranmış fərqli yanaşmaların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə 19 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Qərar qəbul edilmişdir. Həmin Qərarda müəyyən edilmişdir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni digər şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam olunmasına səbəb olan və ya belə nəticələrə səbəb ola bilən hərəkətləri həyata keçirdikləri halda vəzifəli şəxs hesab olunurlar. Bununla belə, məhkəmə təcrübəsində həkim səhvi nəticəsində baş vermiş bədbəxt hadisələrlə bağlı əməllərin hüquqi tövsifinə dair vahid və birmənalı yanaşma tam formalaşmamış, qeyd olunan kateqoriya üzrə işlərdə müxtəlif hüquqi mövqelər davam etmişdir. 68.Məhz belə fərqliliyin aradan qaldırılması və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi üçün qanunverici Cinayət Məcəlləsinə həyat və sağlamlıq əleyhinə olan cinayətlər siyahısına yeni, ixtisaslaşmış 142-ci maddəni daxil edərək tibb işçilərini xüsusi subyekt kateqoriyasına aid etməklə tibbi xidmətin göstərilməsi qaydalarının pozulması nəticəsində baş vermiş cinayətlərin həmin maddə ilə tövsif edilməli olduğunu müəyyən etmişdir. 69.Lakin həmin maddənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə daxil edilməsindən əvvəl məhkəmələrin icraatına daxil olmuş və bu kateqoriyadan olan işlər üzrə təqsirləndirilən şəxslərin əməllərinin ittiham orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə tövsif edildiyi cinayət işləri də mövcuddur ki, bu işlər üzrə düzgün hüquqi nəticəyə gəlinməsi, baxılan işdə müşahidə olunduğu kimi, hüquqi qiymətləndirmə baxımından çətinliklər yaradır. 70.Məhkəmə kollegiyasının fikrincə, belə hallarda əməlin düzgün hüquqi tövsifi onun törədilməsi zamanı təqsirləndirilən şəxsin hansı funksiyanı həyata keçirməsindən və ictimai təhlükəli nəticənin məhz hansı fəaliyyətlə səbəbli əlaqədə olmasından asılı olaraq müəyyən edilməlidir. 71.Belə ki, ictimai təhlükəli nəticə şəxsin tibb müəssisəsində tutduğu inzibati vəzifədən irəli gələn təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətlərini həyata keçirərkən yol verdiyi hərəkət və ya hərəkətsizlik nəticəsində baş vermişdirsə, həmin əməl qulluq mənafeyi əleyhinə olan cinayət kimi Azərbaycan Respublikası CMnin 314-cü maddəsi ilə tövsif olunmalıdır. 72.Əksinə, ictimai təhlükəli nəticə şəxsin sırf peşəkar tibbi fəaliyyəti, yəni diaqnozun müəyyən edilməsi, müalicə taktikasının seçilməsi, tibbi müdaxilənin aparılması və ya ümumilikdə tibbi xidmətin göstərilməsi zamanı yol verdiyi nöqsanlar nəticəsində yaranmışdırsa, belə əməl xüsusi norma kimi Azərbaycan Respublikası CM-nin 142-ci maddəsi ilə tövsif edilməlidir. 73.Bununla yanaşı, əgər əməlin törədildiyi vaxt qüvvədə olan cinayət qanununa əsasən həmin əməl Azərbaycan Respublikası CM-nin 314-cü maddəsi ilə tövsif edilmiş, lakin sonradan qəbul edilmiş və təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran cinayət qanunu ilə həmin əməlin Azərbaycan Respublikası CM-nin 142-ci maddəsi ilə tövsifi nəzərdə tutulmuşdursa, bu halda şəxsin əvvəlcə Azərbaycan Respublikası CM-nin 314cü maddəsi ilə təqsirli olduğu öz təsdiqini tapmalı, yalnız bundan sonra Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsi tətbiq edilməklə əməl Azərbaycan Respublikası CM-nin 142-ci maddəsinə tövsif edilməlidir. 74.Başqa sözlə, yalnız şəxsin əməlinə şamil edilməli olan, cinayət törədilən vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddəsi dəqiq müəyyən edildikdən sonra, həmin əməllə bağlı yeni cinayət qanunu normasının müqayisəsi əsasında bu normanın şəxsin vəziyyətini yaxşılaşdıran olub-olmaması barədə mühakimə yürütmək olar. 75.Bu kimi hallarda hüquqi tövsifin müəyyən edilməsində həlledici meyar şəxsin formal vəzifə statusu deyil, konkret ictimai təhlükəli nəticəyə səbəb olmuş fəaliyyətin hüquqi mahiyyəti və funksional xarakteridir. 76.Beləliklə, kassasiya protestinin müvafiq hissəsinin qiymətləndirilməsini yekunlaşdıran məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə dair yeni araşdırma aparılarkən apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hüquqi təfsiri nəzərə almalıdır.

77. Kassasiya protestinin növbəti dəlili Məhkum təyin olunmuş cəza ilə bağlıdır, bu hissədə onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsində nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmamasının əsaslandırılmadığı, bunun isə cəzanın fərdiləşdirilməsi prinsiplərinə uyğun olmadığı mübahisələndirilir. 78.Kassasiya protestinin bu hissəsinə dair dəlillərlə bağlı olaraq ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edilməklə qeyd olunmalıdır ki, cinayət qanunvericiliyinə əsasən cinayət xarakterli ictimai təhlükəli əməli törətmiş hər bir şəxs cinayət məsuliyyətinə cəlb olunmalı və qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

79. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 80.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

81. Cəzanın məqsədini əks edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 82.Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların və eyni Məcəllənin 41.2-ci maddəsində əksini tapan məqsədlərin birlikdə götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 83.Cəza təyininə aid ümumi prinsiplərin təsviri ilə yanaşı həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nin 46-cı maddəsi cinayət-hüquqi təsir tədbirləri sistemində əlavə cəza növü kimi müəyyən edilən və şəxsin müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsini nəzərdə tutan normativ institut kimi çıxış edir. Bu maddənin hüquqi mahiyyəti ondan ibarətdir ki, o, əsas cəza növü ilə yanaşı tətbiq edilən və cinayət törətmiş şəxsin gələcəkdə eyni və ya oxşar hüquq pozuntularını törətməsinin qarşısını almağa yönəlmiş məhdudlaşdırıcı xarakterli dövlət məcburetmə tədbirini təsbit edir. Həmin normanın tətbiqi zamanı məhkəmə şəxsin törətdiyi əməllə onun peşə və ya vəzifə fəaliyyəti arasında birbaşa əlaqənin olub-olmamasını müəyyən edir, habelə bu fəaliyyətin davam etdirilməsinin ictimai təhlükəsizlik üçün real risk təşkil edib-edilməməsi üzrə hüquqi qiymətləndirmə aparır.

84. Azərbaycan Respublikası CM-nin 46-cı maddəsində nəzərdə tutulan tədbirin hüquqi təbiəti cəza və profilaktik funksiyaların vəhdəti ilə xarakterizə olunur. Bu tədbir formal baxımdan əlavə cəza kimi çıxış etsə də, mahiyyət etibarilə xüsusi hüquqi statusun məhdudlaşdırılması vasitəsidir və dövlətin cinayət-hüquqi müdaxiləsinin qeyriazadlıq məhdudiyyəti formasında təzahür edir. Bu cəzanın cinayət hüququ sistemində tətbiq edilməsi zərurəti ondan irəli gəlir ki, bəzi hallarda yalnız əsas cəza növü cinayətin törədilməsi ilə bağlı riskləri aradan qaldırmaq üçün kifayət etmir və şəxsin müəyyən sahədə fəaliyyətinin davam etdirilməsi yeni hüquq pozuntularının törədilməsi ehtimalını aradan qaldırmır. 85.Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyini çoxaspektli xarakter daşıyır. Cəza məqsədi baxımından həmin tədbir törədilmiş cinayətə görə dövlətin reaksiyası funksiyasını ifadə edir və hüquq pozuntusuna mütənasib hüquqi nəticə yaradır. Təqsirkar şəxsin islah olunması baxımından Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinin tətbiqi onun davranış modelinin dəyişdirilməsinə, peşə və ya vəzifə səlahiyyətlərinin icrası zamanı cinayət törədilmiş fəaliyyət sahəsindən uzaqlaşdırılmasına və gələcəkdə eyni xarakterli cinayətlərin qarşısının alınmasına xidmət edir. Ümumi və xüsusi preventiv məqsədlər baxımından isə bu norma həm cəmiyyət üzvlərinə hüquqi xəbərdarlıq funksiyası daşıyır, həm də konkret şəxsin təkrar cinayət törətmə ehtimalını aradan qaldırmağa yönəlmiş fərdi təsir mexanizmi yaradır. 86.Praktik tətbiq müstəvisində bu normanın əhəmiyyəti xüsusilə peşə fəaliyyəti ilə bağlı cinayət işlərində aydın şəkildə özünü göstərir. O cümlədən, həkim tərəfindən peşə vəzifələrinin icrası zamanı vəzifələrin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi nəticəsində xəstənin sağlamlığına zərər vurulduğu yaxud ölümünə səbəb olduğu hallarda məhkəmə tərəfindən həmin şəxsin həkimlik fəaliyyətindən məhrum edilməsi barədə qərar qəbul edilir. Bu qadağanın hüquqi əsaslandırılması ondan ibarətdir ki, tibbi fəaliyyət yüksək ictimai etimad və xüsusi peşə bacarığı tələb edir və bu sahədə yol verilmiş hüquq pozuntusu həmin şəxsin gələcəkdə eyni fəaliyyət sahəsində qalmasının ictimai təhlükəsizlik baxımından risk yaratdığını göstərir. Belə qadağanın məqsədi cəmiyyətin sağlamlığının qorunması, tibbi xidmət sahəsində məsuliyyət standartlarının təmin edilməsi və peşə etikasının hüquqi mexanizmlərlə gücləndirilməsidir.

87. Qeyd edilənlərin baxılan işin mübahisəsiz hallarına tətbiqi göstərir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsində nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəzanın təyin edilməməsinin səhv nəticə olmasına dair kassasiya protestinin dəlilləri əsaslıdır.

88. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum zərərçəkmiş şəxsin hamiləlik vəziyyətini düzgün qiymətləndirməmiş, nəticədə dölün kəskin hipoksiya vəziyyəti vaxtında müəyyən edilməmiş, təcili qeysəriyyə əməliyyatı gecikdirilmiş, dölün vaxtında ana bətnindən çıxarılması təmin edilməmiş və bununla onun postnatal asfiksiya fonunda kəskin ağciyər-ürək çatışmazlığından ölümünün baş verməsinə səbəb olan səhlənkarlığa yol verilmişdir.

89. Göründüyü kimi, Məhkum cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbi məhz onun həkim kimi peşə vəzifələrini lazımi peşəkarlıq və diqqətlə yerinə yetirməməsi olmuşdur. 90.Bununla belə, apellyasiya instansiyası məhkəməsi baxılan işin istinad edilən xüsusatına lazımi diqqət yetirmədən Məhkum barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin tətbiqini onun zərərçəkmişlə barışıq əldə etməsi, ilk dəfə məhkum olunması, ilk dəfə cinayət törətməsi (faktiki olaraq bu, ilk dəfə məhkum olunma halının təkrarıdır) və digər hallarla (nədən ibarət olduğu açıqlanmamışdır) əsaslandırmağa çalışmışdır ki, bu isə iş üzrə müəyyən edilmiş faktiki hallarla və cəzanın fərdiləşdirilməsi prinsipi ilə uyğunluq təşkil etmədiyindən, qanuni və əsaslı nəticə kimi qəbul edilə bilməz. 91.Əvvəla, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş aşağı həddən də az cəzanın təyin edilməsi, həmin maddədə nəzərdə tutulandan daha yüngül cəza növünün müəyyən edilməsi və ya təyin edilməsi məcburi olan əlavə cəzanın tətbiq edilməməsi Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilən əsasların mövcudluğu ilə şərtlənir. Həmin əsaslara cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və ondan sonra davranışı ilə bağlı müstəsna hallar, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar, habelə iştirakçılıqla törədilmiş cinayətdə iştirakçının cinayətin açılmasına fəal köməyi daxildir. Lakin göstərilən hallardan hər hansı birinin baxılan iş üzrə müəyyən edilməsi mübahisələndirilən hökmdə öz əksini tapmamış, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə hər hansı əsaslandırma verilməmişdir. 92.Ikincisi, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəzanın təyin edilməsinə yol verilməməsi, habelə hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, seçilmiş cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması baxımından məqsədəuyğunluğunun əsaslandırılmasının mütləq xarakter daşıdığına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişinə (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № **, § 45, 24 dekabr 2021-ci il) riayət edilməmişdir ki, bu da Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci və 416.2-ci maddələrinin tələblərinə ziddir. 93.Nəhayət, bilavasitə həkim kimi peşə vəzifələrinin lazımi peşəkarlıqla icra edilməməsi nəticəsində cinayət törətmiş şəxs barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilməklə ona həkim fəaliyyəti ilə məşğul olmasına davam etməsi imkanının yaradılması əlavə cəza institutunun tətbiqinin məqsəd və funksiyasına zidd olmaqla onun preventiv və ictimai təhlükəsizliyin təmin edilməsinə yönəlmiş mahiyyətini faktiki olaraq aradan qaldırır. Belə kateqoriyadan olan cinayətlərdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi nəticəsində təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsində nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəzanın təyin edilməməsi Cinayət Məcəlləsinin 62-ci maddəsinin məqsədi ilə uzlaşmır, çünki bu yanaşma cinayətin peşə fəaliyyəti çərçivəsində törədilməsi və onun ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması fonunda cəzanın fərdiləşdirilməsinin düzgün təmin edilməməsinə səbəb olur. Bu isə peşə məsuliyyətinin preventiv funksiyasını zəiflədir, tibbi fəaliyyətə olan ictimai etimadın qorunması və bu sahədə təhlükəsizlik standartlarının təmin edilməsi məqsədlərinə zidd nəticə yaradır.

94. Nəticə etibarilə, qeyd edilənlər apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin etdiyi cəza üzrə gəldiyi nəticələrin Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi şərtlərinə, cəzanın fərdiləşdirilməsi prinsiplərinə, eləcə də əlavə cəzanın məqsədinə uyğun gəlmədiyini göstərir və kassasiya protestinin bu hissədə də təmin olunmasına əsas verir.

95. Beləliklə, yuxarıda təsviri verilənlərin məcmu təhlili ilə müəyyən edilir ki, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə münasibətdə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə tövsif edilmiş əməlin tövsifinin Azərbaycan Respublikası CM-nin 142.4-cü maddəsinə dəyişdirilməsi, habelə onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmündə gəlinmiş nəticələr, kassasiya protestində iddia edildiyi kimi, törədilmiş cinayətlərdən biri üzrə əsassız olaraq bəraət verilməsi (CPM 416.1.13), digər əməlin hüquqi tövsifinin müəyyən edilməsində səhvə yol verilməsi (CPM 416.1.15), habelə cinayət işinin halları lazımi qaydada nəzərə alınmadan cəza təyin edilməsi (CPM 416.1.21) kimi pozuntular təşkil etdiyindən, protestin təmin edilməsinə və həmin hökmün kassasiya qaydasında ləğv edilməsinə əsas verir.

96. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, hazırkı qərarda təfsir edilmiş məsələlər üzrə yeni məhkəmə araşdırma aparılması məqsədilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 29 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 29 oktyabr 2025-ci il tarixli hökmü ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar