Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-317/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Ilkin Qismət oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X3, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, 23 noyabr 1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, x4-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-439/2025 nömrəli 16 oktyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-124/2025 nömrəli 2 may 2025-ci il tarixli hökmü ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), E.Məmmədov və N.Hüseynli ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilimiş, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 24 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-439/2025 nömrəli 16 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər K.N.Muxtarov (sədrlik edən və məruzəçi), M.Ə.Rzayev və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-124/2025 nömrəli 2 may 2025-ci il tarixli hökmü dəyişdirilmişdir, Məhkum təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Məhkum 18 iyul 2020-ci il tarixdə saat təxminən 18 radələrində Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsində həmkəndliləri şahid10, Zərərçəkmiş şəxs və şahid9 yaşadıqları ünvana gələrək bir gün əvvəl qardaşı Hafiz Ağamalıyevlə aralarında baş vermiş mübahisə ilə bağlı səs-küy salmaları səbəbindən aralarında yaranmış mübahisə zamanı avtomobilindən bıçağı götürüb həmin vaxt onunla əlbəyaxa olan Zərərçəkmiş şəxs qəsdən əlindəki bıçaqla vuraraq ona döş qəfəsinin sağ yan səthinin döş boşluğuna nüfuz edən sağ tərəfli pnevmohematoraks və posthemorragik anemiya ilə nəticələnən bir ədəd deşilmiş- kəsilmiş yarası, boyun nahiyəsinin sağ yan səthinin iki ədəd kəsilmiş yaraları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə qəsdən sağlamlığına ağır zərər yetirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2072/2025 nömrəli 5 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Kassasiya protestində göstərilmişdir ki, məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkum himayəsində ikisi azyaşlı olmaqla, üç uşağının olmasını, zərər çəkmiş şəxslə barışmasını və zərər çəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin mübahisənin qarşı tərəfin təşəbbüsü ilə başlaması və bu zaman Məhkum 8 ədəd bıçaq xəsarəti almasını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarının tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən olunmadığından həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası Məhkum müsbət xarakterizə olunmasını nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini yekun qərarda əsaslandırmamışdır. Məhkəmə yalnız Məhkum müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını hökmdə və qərarda göstərməmişlər. Bir sözlə Məhkum sağlamlığa ağır xəsarət yerirərək ağır cinayət əməli onun şəxsiyyətini müsbət xarakterizə edən hal deyildir. Məhkəmə cəza təyin edərkən ilk növbədə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almalıdır. Lakin görünən odur ki, işə baxan məhkəmə kollegiyası məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi nəticəsinə gələrkən istinad etdiyi cəzanı yüngülləşdirən halları əsaslandırmamış və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsinə dair Məhkum və müdafiəçisi müdafiəçi2, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş kassasiya protestində Sumqayıt Apellasiya Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli qərarının ləğv olunması və iş üzrə yeni apellyasiya baxışının təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə əsasən “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir və sözügedən əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X1rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Kassasiya kollegiyası kassiya protestinin məhkuma Azərbaycan Respublikası CM-in 70ci maddəsinin tətbiq edilməsinə aid hissəsində qeyd edir ki, aşağı instansiya məhkəmələri Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, habelə məhkum edilmiş şəxsin şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət vermiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanı şərti tətbiq etməklə əsaslı nəticəyə gəlmişlər. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Birinci instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirən hallar kimi iki azyaşlı uşağının olmasını, onun zərər çəkmiş şəxslə barışmasını və zərər çəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən məhkumun əməlində müəyyən edilmiş ağırlaşdırıcı və yüngülləşdirici hallarla razılaşmışdır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, həmçinin mübahisənin qarşı tərəfin təşəbbüsü ilə başlamasını və bu zaman Məhkum 8 ədəd bıçaq xəsarəti almasını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən qərar ilə məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 61 və 70-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq etməklə şərti tətbiq edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-439/2025 nömrəli 16 oktyabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)- 439/2025 nömrəli 16 oktyabr 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-317/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-317/2026
08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver