Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-318/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2025-ci il tarixli 1(101)-1540/2025 nömrəli (hakimlər: Həsənova Şəlalə Akif qızı (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət məhkəmə tərkibində) hökmü ilə ##.##.2007-ci ildə x şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN: *******), subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, x qeydiyyatda olmaqla, x nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən 14.09.2024-cü il tarixdən 15.01.2025-ci il tarixədək tutulduğu və ev dustaqlığında olduğu 4 (dörd) ay 1 (bir) gün müddətin bir günə bir gün hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin 14.07.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Nizami Cəniyev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli 1(103)-2358/2025 nömrəli (hakimlər: Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Zəfər Vahid oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 6 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində ünvan 1 nömrəli ünvanda yerləşən “x” adına Bakı Musiqi Akademiyasının qarşısı ilə piyada hərəkət edən zərərçəkmiş şəxs1 aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs danışmaq adı ilə mobil telefonunu istəmiş, o, sonuncuya məxsus üzərində 11 manat danışıq konturu olan 10 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən, ekranın üzərində 10 manat dəyərində ekran qoruyucusu, 10 manat dəyərində bir ədəd mobil telefon koburu olan 500 manat məbləğində bir ədəd “Iphone” markalı, “11” modelli mobil telefonu alıb zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 541 manat məbləğində əmlakı ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs aralarında olan ümumi razılıqdan kənara çıxaraq, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan qəsdlə (icraçının ekstsessi) zərərçəkmiş şəxs1 hücum edərək qəsdən üz nahiyəsindən bir neçə dəfə yumruq ilə vurub yerə yıxmaqla sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid olan sol mil sümüyünün qapalı yerini dəyişməyən sınığı, sol üst göz qapağının qançırı ilə müşayiət olunan xəsarət yetirib quldurluq etdikdən sonra hadisə yerindən qaçıb uzaqlaşaraq soyğunçuluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum müdafiəçisi verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Məhkum Təqsirləndirilən şəxsla əvvəlcədən cinayət məqsədli razılaşmaya gəldiyini təsdiq edən müstəqil, obyektiv sübutlar təqdim edilməmişdir. Əksinə, hadisənin gedişinə dair ifadələrdə X-in telefonu “danışmaq üçün” istətməsi və sonradan gözlənilmədən zor tətbiq etməsi (icraçının ekstsessi kimi təqdim olunur) fonunda Məhkumun qəsdinin həmin nəticəni əhatə etməsi sübuta yetirilməmiş qalır. Birgə iştirakçılıq qaydalarına görə şəxs cinayətin icrasına qəsdən və şüurlu şəkildə qoşulmadıqca birgə icraçı-köməkçi kimi məsuliyyət daşıya bilməz. Soyğunçuluq cinayətində tamah qəsdi və talanmış əmlakdan istifadə etmək və ya onun üzərində sərəncam vermək imkanı üzrə hüquqi qiymətləndirmə hər bir iştirakçıya ayrıca tətbiq edilməlidir. Iş üzrə Məhkum talanmış əmlakı öz xeyrinə yönəltməsi, onu satması, pulun əldə edilməsi və ya bölüşdürülməsi barədə motivasiyalı nəticə və sübut yoxdur. Əksinə telefonun sonradan digər şəxslərin sərəncamına keçməsi və onun maddi fayda əldə etməməsi işin məzmununda öz əksini tapır. Bu isə CM-in 180.2.1-ci maddəsi üzrə məsuliyyətin qurulması üçün tələb olunan subyektiv elementlərin şübhəsiz sübutunu zəiflədir. Hadisə Bakı şəhərinin mərkəzində, müşahidə kameralarının mövcudluğu yüksək ehtimal olunan ərazidə baş vermişdir. Müdafiə tərəfi birinci instansiyada videogörüntülərin sorğu ilə əldə edilməsi barədə vəsatət qaldırmış, vəsatət təmin edilsə də sonradan “vaxt keçdiyi üçün videogörüntülər yoxdur” cavabı alınmışdır. Eyni zamanda digər epizodlar üzrə videogörüntülərin iş materiallarına əlavə olunması göstərir ki, bu kateqoriyalı dəlilin toplanması real idi. Bu vəziyyətdə sübutetmə yükünün nəticəsi təqsirləndirilən şəxsin üzərinə keçirilə bilməz, aradan qalxmayan şübhələr onun xeyrinə qiymətləndirilməlidir. Məhkəmə aktlarında Məhkum telefonla davranışı, hadisədən dərhal sonra baş verənlər və zərərçəkmişin müşahidə imkanları barədə ziddiyyətli məlumatlar mövcuddur. Bu ziddiyyətlərin aradan qaldırılması üçün obyektiv sübutlar (video, əlavə şahidlər) təmin edilmədiyi halda, məhkəmənin nəticəsi qəti sübut standartına uyğun qurulmalı idi. Apellyasiya instansiyası müdafiənin əsas arqumentlərinə (qabaqcadan əlbirlik yoxluğu, qəsdin əhatəsi, videogörüntülərin olmaması) məzmunlu hüquqi cavab vermədən ümumi ifadələrlə hökmü qüvvədə saxlamışdır. Bu, sübutların qiymətləndirilməsi və məhkəmə aktlarının əsaslandırılması tələbləri baxımından işin nəticəsinə təsir edən pozuntu kimi qiymətləndirilməlidir. Sübutlar natamam olduqda və şübhələr aradan qalxmadıqda, təqsirsizlik prezumpsiyası tələbinə görə şəxs təqsirli hesab edilə bilməz. Videogörüntülərin təqdim edilməməsi, ziddiyyətlərin qalması və Məhkum qəsdini birbaşa təsdiq edən obyektiv dəlilin olmaması fonunda şübhələrin onun əleyhinə şərh edilməsi ədalətli məhkəmə araşdırması standartları ilə uzlaşmır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarının ləğv edilərək, Məhkum bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətinin törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin Qərarın 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Plenum qərarının 11-ci bəndində isə qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində CM-in 180.2.1-ci maddəsi üzrə əməlində cinayət tərkibinin olmadığından məhkumun əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi onun özünün və digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında 09.09.2024-cü il tarixli protokol, könüllü təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 14.09.2024-cü il tarixli protokol, əşyanın tanınmaya təqdim edilməsi haqqında 15.09.2024-cü il tarixli protokol, tanınmaq üçün şəxsiyyətin təqdim edilməsi haqqında 16.09.2024-cü il tarixli protokol, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya şikayətində göstərilən dəlillər iş materialları və məhkəmələr tərəfindən araşdırılmış sübutların məcmusu ilə müqayisədə əsassızdır və aşağıdakı səbəblərə görə qəbul edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını, aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələri və tətbiq edilmiş maddi-hüquqi normaları birlikdə qiymətləndirərək hesab edir ki, müdafiə tərəfinin Məhkum əməlində CM-in 180.2.1-ci maddəsinin tərkibinin olmaması, onun Təqsirləndirilən şəxs niyyətindən xəbərsiz olması və hadisənin icraçının ekstsessi kimi qiymətləndirilməli olması barədə dəlilləri iş materialları ilə öz təsdiqini tapmır və həmin arqumentlər əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, hadisə təsadüfi və ani xarakterli davranış nəticəsində deyil, təqsirləndirilən şəxslərin uzlaşdırılmış və qarşılıqlı tamamlayan hərəkətləri nəticəsində baş vermişdir. Zərərçəkmiş zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ardıcıl və bir-birini tamamlayan ifadələrindən görünür ki, təqsirləndirilən şəxslər birlikdə ona yaxınlaşmış, ilkin ünsiyyəti Məhkum qurmuş, məhz o, “telefonla danışmaq” bəhanəsi ilə mobil telefonu əldə etmiş, həmin vaxt Təqsirləndirilən şəxs isə zərərçəkmişin diqqətini yayındırmaq məqsədilə onunla söhbət etmiş və dərhal sonra zor tətbiq etmişdir. Zərərçəkmiş açıq şəkildə göstərmişdir ki, Təqsirləndirilən şəxs onu vurduğu zaman telefon artıq Məhkum əlində olmuş və sonuncu telefonla birlikdə hadisə yerindən qaçmışdır. Müdafiə tərəfinin x telefonu yerə atmışdır” və buna görə də onun tamah məqsədinin olmadığı barədə dəlili də iş üzrə mötəbər sübutlarla təkzib olunur. Ilk növbədə zərərçəkmiş zərərçəkmiş şəxs1 məhkəmədə qəti şəkildə bildirmişdir ki, Məhkum telefonu yerə atmamış, telefon onun əlində olmaqla hadisə yerindən qaçmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, Məhkum telefonu götürdükdən sonra o zərərçəkmişə zərbələr vurmuş, daha sonra telefonu özü götürərək hadisə yerindən uzaqlaşmış və sonradan həmin telefon satılmışdır. Həmçinin iş materiallarında olan 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, məhz həmin hadisə nəticəsində əldə olunmuş “Iphone 11” markalı telefon sonradan könüllü təqdim olunmuş və zərərçəkmiş tərəfindən tanınmışdır. Bu hallar telefonun faktiki olaraq təqsirləndirilən şəxslərin sərəncamına keçdiyini və cinayətin nəticəsinin başa çatdığını təsdiq edir. Müdafiə tərəfinin “Məhkumun talanmış əmlakdan maddi fayda əldə etməməsi” barədə dəlili də hüquqi baxımdan əsassızdır. Soyğunçuluq cinayətinin başa çatmış hesab olunması üçün hər bir iştirakçının ayrıca maddi gəlir əldə etməsi zəruri deyildir. Ali Məhkəmə Plenumunun qərarına əsasən cinayət talanmış əmlak üzərində sərəncam vermək üçün real imkan yarandığı andan başa çatmış hesab edilir. Iş üzrə müəyyən olunur ki, telefon təqsirləndirilən şəxslərin faktiki nəzarətinə keçmiş, sonradan satılmış və bu barədə Təqsirləndirilən şəxs ifadə vermişdir. Məhkum əldə olunan vəsaitdən birbaşa pay alıb-almaması onun birgə icraçı kimi məsuliyyətini aradan qaldırmır. Videogörüntülərin əldə olunmaması ilə bağlı müdafiə tərəfinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericilik hər hansı konkret sübut növünü hökm çıxarmaq üçün məcburi və əvəzolunmaz sübut kimi müəyyən etmir. Videogörüntülərin əldə edilməməsi digər mötəbər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Iş üzrə zərərçəkmişin ardıcıl ifadələri, təqsirləndirilən şəxslərin öz ifadələri, tanınma protokolları, hadisə yerinə baxış protokolu, maddi sübutun götürülməsi və tanınması barədə sənədlər bir-biri ilə uzlaşaraq hadisənin faktiki hallarını kifayət qədər təsdiq edir. Müdafiə tərəfinin istinad etdiyi videogörüntülərin olmaması avtomatik olaraq təqsirləndirilən şəxsin təqsirsizliyi nəticəsinə gətirib çıxarmır. Apellyasiya instansiyası məhkəməsi də müdafiə tərəfinin dəlillərini araşdıraraq onlara hüquqi qiymət vermiş, xüsusilə qabaqcadan əlbirlik və Məhkum niyyətdən xəbərsiz olması barədə arqumentlərin iş üzrə sübutların məcmusu ilə təkzib olunduğunu əsaslandırmışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası formal deyil, iş materiallarına əsaslanan hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində CM-in 180.2.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət tərkibi mövcuddur, onun cinayətkar niyyətdən xəbərsiz olması, hadisənin icraçının ekstsessi təşkil etməsi və ya qəsdin sübuta yetirilməməsi barədə kassasiya şikayətinin dəlilləri iş üzrə araşdırılmış sübutların məcmusu ilə təkzib olunur. Aşağı instansiya məhkəmələri sübutları CPM-in tələblərinə uyğun qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, hökm və qərarın ləğv edilməsini şərtləndirən hallar müəyyən edilməmişdir. Nəticə etibarilə, kassasiya şikayətində irəli sürülmüş dəlillər məhkəmələr tərəfindən araşdırılmış sübutların düzgünlüyünü və kifayətliliyini şübhə altına almır, əsasən ehtimallara və subyektiv mülahizələrə əsaslanır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermiş və qanuni, əsaslı qərar qəbul etmişdir. Bu səbəbdən kassasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarına əsasən aydın olur ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 180.2.1-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq hərəkətlərinə dair protokollarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmiş olması barədə aşağı instansiya məhkəmə kollegiyalarının gəlmiş olduğu nəticə ilə razılaşır. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçi iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qarşı CM-in 180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmaığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 180.2.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin əsassız olması qənaətinə gəlinməsinə baxmayaraq, kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın qanunauyğunluğu, ədalətliliyi və törədilmiş əmələ uyğunluğu məsələlərini də ayrıca qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, cinayəti törədən zaman yetkinlik yaşına çatmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmışlar. Lakin kassasiya məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və cinayət qanununun tələblərini məcmu halında qiymətləndirərək hesab edir ki, məhkum Məhkum barəsində təyin olunmuş cəza fərdiləşdirmə prinsipi baxımından yenidən qiymətləndirilməli və ona münasibətdə CM-in 62-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Iş üzrə müəyyən edilmiş hallardan görünür ki, məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, yaşayış yeri üzrə mənfi xarakterizə edilməmiş, zərərçəkmiş şəxslə barışmış, vurulmuş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görmüş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi qalmamışdır. Bundan əlavə, cinayət əməlini törədərkən onun yetkinlik yaşına çatmaması da onun şəxsiyyətini səciyyələndirən mühüm amillərdən biridir və qanunvericilik baxımından xüsusi humanizm prinsipi ilə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası cəzanın fərdiləşdirilməsi zamanı məhkum Məhkum yaş xüsusiyyətlərini və gənc yaşda məhkum olunmasının onun gələcək həyatına göstərə biləcəyi təsirləri də nəzərə almağı zəruri hesab edir. Belə ki, cinayət əməli törədilən zaman onun yetkinlik yaşına çatmaması və ya gənc yaş dövründə olması, şəxsiyyətinin tam formalaşmaması, həyat təcrübəsinin məhdudluğu və davranışına xarici təsirlərin daha güclü olması baxımından cəzanın seçilməsində xüsusi əhəmiyyət kəsb edən hallardandır. Məhkəmə nəzərə alır ki, gənc yaşda uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məruz qalmaq şəxsin sosial formalaşmasına, təhsil və əmək fəaliyyətinə inteqrasiyasına, psixoloji inkişafına və gələcəkdə cəmiyyətə adaptasiya imkanlarına ciddi mənfi təsir göstərə bilər. Xüsusilə penitensiar mühitdə uzun müddət qalma gənc şəxsin kriminogen təsirlərə daha çox məruz qalmasına, onun sosial əlaqələrinin zəifləməsinə və gələcək həyat perspektivlərinin məhdudlaşmasına səbəb ola bilər. Bu isə cəzanın əsas məqsədi olan islah etmə və yenidən cəmiyyətə qazandırma məqsədləri ilə tam uzlaşmır. Kollegiya hesab edir ki, yetkinlik yaşına çatmayan dövrdə cinayət törətmiş şəxslər barəsində cəza siyasəti həyata keçirilərkən repressiv yanaşmadan daha çox preventiv və islah yönümlü yanaşmaya üstünlük verilməsi hüquqi dövlət və humanizm prinsiplərinin tələblərindən irəli gəlir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cəzanın təyin edilməsində yalnız törədilmiş əməlin formal hüquqi tərkibi deyil, həm də təqsirkar şəxsin ictimai təhlükəlilik səviyyəsi, onun davranışının sonrakı inkişafı və islah olunma perspektivi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasından, CM-in 8 və 41-ci maddələrinin mənasından irəli gələn hüquqi mövqeyə görə, cəza yalnız repressiya vasitəsi olmayıb, ilk növbədə şəxsin islah edilməsinə və sosial ədalətin bərpasına xidmət etməlidir. Bu baxımdan məhkumun cinayətdən sonrakı davranışı, peşmançılıq nümayiş etdirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı hər hansı irad və tələb irəli sürməməsi onun ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığını göstərən hallar kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, mövcud yüngülləşdirici halların məcmusu öz xarakterinə və mahiyyətinə görə müstəsna hal kimi qiymətləndirilməlidir. Belə ki, məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yetkinlik yaşına çatmadan cinayət törətməsi, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, habelə ağırlaşdırıcı halların ümumiyyətlə müəyyən edilməməsi birlikdə onun şəxsiyyətinin yüksək ictimai təhlükəlilik daşımadığını və daha yüngül cəza tədbiri ilə də islah olunmasının mümkün olduğunu göstərir. Məhkəmə kollegiyası nəzərə alır ki, CM-in 180.2.1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunverici CM-in 62-ci maddəsi ilə məhkəməyə konkret işin hallarından çıxış edərək istisna qaydasında daha yüngül cəza təyin etmək səlahiyyəti vermişdir. Bu norma formal yanaşmanın qarşısını almağa, cəzanın fərdiləşdirilməsi prinsipini təmin etməyə və humanizm prinsipi əsasında ədalətli nəticəyə nail olmağa xidmət edir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası formal olaraq maddə sanksiyası daxilində olsa da, iş üzrə müəyyən edilmiş çoxsaylı yüngülləşdirici halların məcmusu fonunda həmin cəza məhkumun şəxsiyyətinə və islah olunma imkanlarına tam adekvat hesab edilə bilməz. Məhz buna görə də CM-in 62-ci maddəsinin tətbiq edilməsi və təyin olunmuş cəzanın qanunda nəzərdə tutulmuş aşağı həddən aşağı müəyyən edilərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Məhkəmə kollegiyası nəticə etibarilə belə qənaətə gəlir ki, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası məhkumun islah olunması, yeni cinayətlərin qarşısının alınması, sosial ədalətin bərpası, yəni CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin olunması üçün kifayət edən və zəruri tədbirdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilə endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 fevral 2026-cı il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-318/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-318/2026
12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver