Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-32/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 1(005)- 202/2025 nömrəli (hakim: Əlisoy Xalidə Kəramət qızının sədrliyi) hökmü ilə ##.##.1978-ci il tarixdə x ərazi dairəsi x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 3 azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, usta işləyən, x rayonu, x ərazi dairəsi x kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 178.2.4-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, ona cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Məhkum qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması, mülki iddiaçıya mülki icraat qaydasında iddia vermək hüququnun izah edilməsi müəyyən edilmişdir. Hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Allahverdiyev Ramiz Xalıqverdi oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli 1(103)-2101/2025 nömrəli (hakimlər: Qarayeva Mehriban Cəfər qızı (sədrliyi və məruzəsi ilə), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 31.01.2025-ci il tarixdən 18.09.2025-ci il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 18 (on səkkiz) gün müddət nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla 1 (bir) il 3 (üç) ay 6 (altı) gün müddət hazırkı hökmlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yeri üzrə x rayonunun ərazi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Icra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın qismən təmin edilməsi, Məhkum törədilmiş əməl nəticəsində dəymiş zərərə görə 40500 (qırx min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi mütənasib olaraq 210 (iki yüz on) manat pul vəsaitinin mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və məhkum Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. IŞIN HALLARI: Ittiham aktına əsasən, Məhkum CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, ona Bakı şəhərində yerləşən “Ağ şəhər” binalarında tikinti işlərinə sərmayə qismində pul vəsaiti yatıracağı təqdirdə, həmin pul vəsaitini tikinti sferasında dövriyyə etdirməklə əldə olunan qazancın 50 faizini ona verəcəyinə dair yalan vəd verib aldatmaqla 2019-cu ilin əvvəllərində xxxx keçmiş tramvay dairəsi adlanan yerdə yerləşən sonuncunun işlədiyi avtomobillərin təmiri emalatxanasında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini alıb ələ keçirdikdən sonra, vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs özünün x rayonu, x kəndində tikdirdiyi marketi onun mülkiyyətinə keçirəcəyinə və həmin marketin fəaliyyətindən əldə olunan gəlirə şərik edəcəyinə dair yalan vəd verərək sənədləşdirmə işlərinə məsrəf qismində 2020-ci ilin sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ünvanda tanışına 2000 (iki min) manat verdirmiş, bundan 10 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, x küçəsi, keçmiş tramvay dairəsi adlanan yerdə yerləşən sonuncunun işlədiyi avtomobillərin təmiri emalatxanasında həmin vədin davamı kimi pul qismində sonuncuya məxsus ondan 1 ədəd dəyəri 13.500 (on üç min beş yüz) manat olan “Mazda” markalı nəqliyyat vasitəsini üçüncü şəxsə sataraq ələ keçirmiş, bundan 10 gün sonra həmin ünvanda vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək 1 ədəd dəyəri 11.000 (on bir min) manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsini üçüncü şəxsə sataraq həmin məbləğdə pul vəsaitini ələ keçirməklə verdiyi yalan vədə əməl etməyərək, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxsə məxsus 46.500 (qırx altı min beş yüz) manat pul vəsaitini alıb ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASIYA ŞIKAYƏTLƏRININ VƏ KASSASIYA PROTESTININ DƏLILLƏRI, PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsin təqdim etdiyi səs yazılarında təqsirləndirilən şəxs tərəfindən hər hansı etirafedici ifadələrə rast gəlinmir. Lakin ibtidai istintaq zamanı müstəntiq tərəfindən həyata keçirilmiş və 5 səhifədə tərtib edilərək iş materiallarına hamısı “səh 55” kimi nömrələnərək cinayət işi materiallarına əlavə edilmiş 23.12.2024-cü il tarixli “Diskə baxış protokolu” isə səsyazıları qəsdən təhrif olunmuş şəkildə təqsirləndirilən şəxs Məhkum “etirafedici ifadələri“ kimi saxtalaşdırılmaqla əks olunmuşdur. Habelə baş müstəntiq tərəfindən Məhkum istifadəsində olmuş “Bakcell” mobil operatoruna məxsus nömrəsinin anten dairəsinin müəyyən edilməsi barədə vəsatətlərini əngələmək məqsədilə bu barədə müvafiq mobil operatora sorğu göndərərkən həmin telefon nömrəsini “55*******4” əvəzinə “”55******4” kimi qeyd etmiş, nəticədə sorğu zamanı başqa şəxsə məxsus nömrənin məlumatları əldə edilərək iş materiallarına əlavə edilmişdir. Məhz elə bu səbəblərdən birinci instansiya məhkəməsi haqlı olaraq cinayət işinin istintaqını aparan müstəntiq barəsində xüsusi qərar qəbul etmişdir. Eləcə də iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin istintaq və məhkəmə mərhələlərində verdiyi ifadələr arasında ciddi ziddiyyətlər mövcuddur. Apellyasiya məhkəməsi isə həmin ziddiyyətləri zərərçəkmiş şəxsin əsəb gərginliyi keçirməsi, yaddaşsızlığı ilə ört-basdır edib haqq qazandırmağa çalışmış, hətta aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin aydınlaşdırılmasına belə təşəbbüs göstərməmişdir. Beləliklə də, apellyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmünün ləğv edilərək, barəsində cinayət işinin icraatına əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində tamamilə qanunsuz və əsassız olduğundan dəyişdirilməli və Məhkum təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Iş materiallarından göründüyü kimi CM-in 178.2.4-cü maddəsi ilə Məhkum aldatma və ya etibarımdan sui-istifadə edilməsi nəticəsində xeyli miqdarda əmlakım sonuncu tərəfindən mənimsənilmiş və maddi zərər vurulmuşdur. Bakı Apellyasiya məhkəməsi Məhkum törətdiyi əməl üzrə cəza təyin edərkən, ibtidai və məhkəmə istintaqı zamanı səmimi olmayaraq yalan məlumatlar verməsini, əməlini etiraf edərək peşman olmamasını, aldatmaqla mənimsənilmiş əmlakı qaytarması üçün təşəbbüs belə göstərməməsini, ona qarşı şikayətçi olunması nəzərə almamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmünün qismən, yəni cəza təyin edilməsi hissəsində dəyişdirilməsi və Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ittiham hökmü çıxarsa da, cəza təyini ilə bağlı hissədə isə ədalətsiz mövqedən yanaşılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Məhkum ilk dəfə az ağır cinayəti törətməsini, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin iş materiallarından da görünür ki, məhkum Məhkum nə istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməmiş, əksinə zərərçəkmiş tərəfə hər hansı bir borcunun olmadığını israrlı şəkildə bildirmişdir. Məhkum zərərçəkmiş şəxsə 46500 manat məbləğində vurulmuş ziyandan 6000 manat pul qaytarmışdır. Cinayət hadisəsi 2019-2020-ci illərdə törədilmiş, zərərçəkmiş şəxsin hüquq mühafizə orqanlarına müraciətinə qədər isə hissə-hissə olmaqla ümumilikdə 6000 manat ziyandan ödəmə halı olmuşdur. Bu isə vurulmuş ziyanla müqayisədə, olduqca aşağı məbləğdir. Məhkum tərəfindən nə istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı isə hər hansı ödəmə halları olmamış, barışıq əldə edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən Zərərçəkmiş şəxs vurulmuş 46500 manat məbləğində ziyandan 6000 manat ödəniş etdiyi halda, məhkəmə təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə ona əsassız olaraq humanist mövqedən yanaşmış, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsində israrlı və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmünün ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs çıxış edərək, kassasiya protestinin və özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, kassasiya protestinin və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu, cəza təyininə dair cinayət qanunvericiliyinin müddəalarının pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun CM-in 178.2.4-cü maddəsi üzrə əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya şikayətində irəli sürülən dəlillər iş materialları və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə müqayisəli şəkildə təhlil edildikdə onların əsassız olduğu aydın görünür. Ilk növbədə, müdafiə tərəfi səsyazılarında təqsirləndirilən şəxs tərəfindən etirafedici ifadələrin olmadığını iddia etsə də, məhkəmə baxışı zamanı tədqiq edilmiş diskdəki danışıq məzmunu bunun əksini göstərir. Belə ki, təqsirləndirilən şəxs öz cavablarında zərərçəkmiş şəxsdən pul və əmlak aldığını inkar etməmiş, əksinə “bilirəm”, “çalışıram ki borcumu ödüyüm” kimi ifadələrlə faktiki borc münasibətlərini və öhdəliyin yerinə yetirilmədiyini dolayısı ilə təsdiq etmişdir. Bu isə onun müdafiə mövqeyində göstərdiyi “borcun olmaması” barədə ifadələri ilə ziddiyyət təşkil edir və həmin səsyazının sübut əhəmiyyətini gücləndirir. Bundan əlavə, müdafiə tərəfi tərəfindən 23.12.2024-cü il tarixli “Diskə baxış protokolu”nun saxtalaşdırıldığı iddia olunsa da, apellyasiya məhkəməsi həmin protokolu sübut kimi qəbul etməmiş, onu əhəmiyyətsiz hesab etmişdir. Yəni, məhkəmə qərarı bu sənədə əsaslanmamış, nəticə digər mötəbər sübutların – zərərçəkmiş şəxsin ifadələrinin, səsyazının və təqsirləndirilən şəxsin qismən etiraflarının məcmusu əsasında çıxarılmışdır. Bu səbəbdən qeyd olunan protokolla bağlı iddialar yekun nəticəyə təsir edən hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda, mobil operatora göndərilən sorğuda telefon nömrəsinin yanlış göstərilməsi barədə dəlil də işin mahiyyətinə təsir edən hal kimi çıxış etmir. Belə ki, həmin məlumatlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində həlledici rol oynamamış, məhkəmə tərəfindən əsas sübutlar kimi qəbul edilən digər materiallarla əvəz olunmuşdur. Bu baxımdan, prosessual xarakterli bu nöqsan kassasiya instansiyasında hökmün ləğvi üçün əsas hesab edilə bilməz. Zərərçəkmiş şəxsin ifadələrində ziddiyyətlərin olması ilə bağlı dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi həmin ifadələri digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmiş və onların əsas hissəsinin bir-birini tamamladığını müəyyən etmişdir. Ayrı-ayrı detallar üzrə uyğunsuzluqlar isə işin ümumi faktiki hallarına təsir etməyən, təbii və izah oluna bilən hallardır. Üstəlik, zərərçəkmiş şəxsin ifadələri səsyazının məzmunu və digər sübutlarla uzlaşdığı üçün məhkəmə tərəfindən üstün sübut kimi qəbul edilməsi əsaslı olmuşdur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq zərərçəkmiş qismində dindirilmiş şəxsin təqsirini təsdiq edən məzmunda verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası da Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyi barədə verdiyi ifadələrini, işin faktiki hallarına uyğun hesab edilməməli olması barədə aşağı instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Bundan başqa, təqsirləndirilən şəxsin müxtəlif mərhələlərdə verdiyi ifadələr arasında ciddi ziddiyyətlərin mövcudluğu onun müdafiə mövqeyinin qeyri-sabit və özünümüdafiə xarakterli olduğunu göstərir. O, bir tərəfdən borcun olmadığını bildirsə də, digər tərəfdən pul götürdüyünü və qaytardığını etiraf etmiş, həmçinin faizlə borc münasibətləri barədə fərqli və bir-birini təkzib edən izahatlar vermişdir. Bu hal məhkəmənin onun ifadələrinə tənqidi yanaşmasını tam əsaslandırır. Eyni zamanda, iş üzrə şahid qismində dindirilmiş şəxsin ifadələri də zərərçəkmiş şəxsin mövqeyini dolayısı ilə təsdiqləmişdir. Şahid təqsirləndirilən şəxsin zərərçəkmişdən pul aldığını təsdiq etmiş, lakin avtomobil alqı-satqısı ilə bağlı hər hansı biznes münasibətinin mövcudluğunu təsdiqləməmişdir. Bu isə müdafiə tərəfinin hadisəni mülki hüquqi münasibət kimi təqdim etmək cəhdini zəiflədir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu göstərir ki, təqsirləndirilən şəxs əvvəlcədən öhdəliyini yerinə yetirmək niyyəti olmadan zərərçəkmiş şəxsin etibarından suiistifadə edərək onun pul və əmlakını ələ keçirmişdir. Bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətinin tərkibini tam şəkildə yaradır. Kassasiya şikayətində Məhkum əməlində hər hansı bir cinayət tərkibinin olmadığı, onun barəsində cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməli olduğunu irəli sürməklə, həmçinin yeni faktlardan çıxış edərək kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Məhkum verilmiş kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Işdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə az ağır cinayəti törətməsi, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CMin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Belə ki, cinayət işi materiallarında olan x Rayon Icra Hakimiyyəti Başçısının x Kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş arayışdan və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan və AA seriyalı 1303186 nömrəli, AA seriyalı 1411811 və AA seriyalı 1760795 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məhkum himayəsində üç yetkinlik yaşına çatmayan- 14.07.2011-ci il təvəllüdlü xxx, 03.05.2009-cu il təvəllüdlü xxx və 04.04.2013-cü il təvəllüdlü xxxx adlı övladları vardır. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinə ünvanlanmış tələbnaməyə 24.03.2025-ci il tarixli cavabından görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Zərərçəkmiş tərəf və dövlət ittihamçısı Məhkum əməlini etiraf etməməsini və peşman olmamasını cəzanın ağırlaşdırılması üçün əsas kimi göstərsələr də, qeyd olunmalıdır ki, şəxsin özünü müdafiə hüququndan istifadə edərək ittihamı inkar etməsi onun əleyhinə qiymətləndirilə bilməz və bu hal avtomatik olaraq daha ağır cəza təyin edilməsini şərtləndirmir. Cinayətprosessual qanunvericiliyə əsasən, şəxs özünü təqsirli bilməmək mövqeyini sərbəst ifadə etmək hüququna malikdir və bu, onun vəziyyətini ağırlaşdıran hal kimi qəbul edilə bilməz. Eyni zamanda, vurulmuş ziyanın tam ödənilməməsi də təkbaşına daha ağır cəza təyin olunması üçün mütləq əsas hesab edilmir. Iş materiallarından görünür ki, Məhkum tərəfindən ziyanın bir hissəsi – 6000 manat məbləğində vəsait qaytarılmışdır. Bu hal məhkəmə tərəfindən nəzərə alınmış və onun şəxsiyyətini xarakterizə edən müsbət amillərdən biri kimi qiymətləndirilmişdir. Ziyanın qalan hissəsinin ödənilməməsi isə mülki hüquq münasibətləri çərçivəsində həll edilə bilən məsələ olmaqla, cəzanın növünün mütləq şəkildə sərtləşdirilməsini tələb edən hal kimi çıxış etmir. Dövlət ittihamçısının cəzanın həddən artıq yüngül olması barədə mövqeyi də əsaslı hesab edilə bilməz. Belə ki, təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in müvafiq maddəsinin sanksiyası daxilində olmaqla qanuni cəza növlərindən biridir və məhkəmə tərəfindən fərdiləşdirmə prinsipi gözlənilməklə seçilmişdir. Məhkəmə cəzanın məqsədlərini – sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması kimi meyarları nəzərə alaraq nəticəyə gəlmişdir ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqi zəruri deyil. Bundan əlavə, iş üzrə ağırlaşdırıcı hallar müəyyən edilməmiş, təqsirləndirilən şəxsin cəmiyyət üçün yüksək ictimai təhlükə törətməsi sübuta yetirilməmişdir. Bu baxımdan, daha ağır cəza növünün – azadlıqdan məhrum etmənin tətbiqi mütənasiblik prinsipinə zidd olardı və cəzanın fərdiləşdirilməsi tələblərini pozardı. Həmçinin, zərərçəkmiş şəxsin Məhkum qarşı şikayətçi olması və daha ağır cəza tələb etməsi məhkəmə üçün mütləq xarakter daşımır. Cinayət mühakimə icraatında cəza təyini dövlət adından həyata keçirilir və məhkəmə yalnız qanun və iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq qərar qəbul edir. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddəti ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza müddətinin təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxs isə kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxs isə kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza müddətinin təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri və kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2025-ci il tarixli hökmü kassasiya şikayətlərinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-32/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-32/2026
07.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver