Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-320/2026 07.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X1, Məhkum – Məhkum iştirakı ilə, Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin (hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə) *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli hökmü ilə, ## ###### 1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şabran Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzasının 01 (bir) il 04 (dörd) gün müddətində hissəsini çəkməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şabran Rayon Məhkəməsinin 1(031)- **/**** saylı, ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən (azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla) 06 (altı) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasının hesablanması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ####### 2024-cü il hesablanması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Əhmədov Elman Məmməd oğlunun sədrliyi və məruzəçiliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə) *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şabran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, o, istintaqa məlum olmayan şəraitdə, mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda, yəni 0.864 qram ümumi təmiz çəkisi olan narkotik vasitə olan heroini, 37 millilitrlik qabın içərisində olan metadon suyunun tərkibindəki 0,037 qram narkotik vasitə olan metadonu, xeyli miqdarda 1,541 qram psixotrop maddə olan metamfetamini və çəkisi 2,35 qram narkotik vasitə olan marixuananı əldə edib ünvan 1 ünvanında saxlamış, ##.##.2024-cü il tarixdə, saat 17:10-da Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Məhkum yaşadığı Şabran şəhəri, X2 küçəsində yerləşən evinə baxış keçirilərkən evin yataq otağında olan döşəmənin altından çəkiləri 0,032 qram, 0,030 qram, 0,025 qram, 0,032 qram, 0,025 qram, 0,035 qram, 0,112 qram, 0,238 qram olub cəmi 08 (səkkiz) bükümdə və evin həyətyanı sahəsində olan yardımçı tikilidə olan dolabdan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram olmaqla ümumilikdə 0,864 qram tünd boz rəngli narkotik vasitə olan heroin və evin yataq otağında olan döşəmənin altından 01 (bir) ədəd bükümdə 1,541 qram psixotrop maddə olan metamfetamin, bundan başqa evin girişində olan döşəmənin altında ümumilikdə 08 (səkkiz) ədəd bükümdə hər birində 0,28 qram, 0,29 qram, 0,33 qram, 0,38 qram, 0,32 qram, 0,29 qram, 0,15 qram, 0,31 qram olmaqla ümumilikdə çəkisi 2,35 qram narkotik vasitə olan marixuana və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum şikayətində göstərmişdir ki, məhkəmələr barəsindəki cinayət işini hərtərəfli araşdırmamış, təyin edilmiş cəza onun şəxsiyyətinə, təqsirlilik dərəcəsinə və həyat şəraitinə uyğun deyildir. Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarının ləğv edilməsini, barəsində daha düzgün və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını və ona ədalətsiz cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi məqsədilə işin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “Insan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Elşad Ibrahimovun təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, məhkumun kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPMnin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-320/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-320/2026
07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver