Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-321/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, məhkum Məhkum və onun müdafiəçisi Mikayılzadə Sənan Mikayıl oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə (hakimlər Kərimova Mahirə Nəzər qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fəxri Afiq oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə) Məhkum, # ##### 1968-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada psixoloq kimi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə təhsil və təlim-tərbiyə müəssisələrində inzibati vəzifə tutma və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum himayəsində olan on dörd yaşına çatmayan qızının pornoqrafiyasını yayma, əldə edilməsinə şərait yaratma, yayma və reklam etməklə hazırlamışdır. Belə ki, o, istintaqa məlum olmayan internet hesabından 2023-cü ilin yay aylarında yaşadığı ünvan 1 ünvanında yerləşən evində istifadəsində olan mobil telefonla «Porno Free» internet saytına daxil olub, himayəsində olan övladı ## ###### 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə çəkdiyi, cinsi-intim nahiyələrinə yönəldilməsi, insanın seksuallığının ayrı-ayrı momentlərinə cəlb etməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, insanın və erotikanın humanistliyini məhv etməklə primitiv hisslər və münasibətlər yaratması, ictimai cəhətdən şərtləndirilmiş normaları pozması, başqalarında ikrah hissi oyatmaq məqsədi daşıması və qadın cinsi-intim nahiyələrinin təsviri əlamətləri olan uşaq pornoqrafiyasına aid videogörüntülərdən ibarət materialları yükləyərək yaymışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmündən məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Murad Akif oğlu (sədrlik edən və məruzəçi), Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) ## ###### 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması və ya ona bəraət verilməsi, bunlar mümkün olmadıqda isə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərarın qəbul etməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar nəzərə alınmamış və təkid etməsinə baxmayaraq müdafiə tərəfinin məhkəmə iclasında qaldırdığı vəsatətlər təmin olunmamışdır. Belə ki, işə birinci instansiya məhkəməsi tərəfindən doqquz ay müddətində qapalı məhkəmə iclaslarında baxılmasına baxmayaraq hökmdə bu iclasların açıq şəkildə keçirilməsi qeyd olunmuş, məhkəmə baxışı zamanı onun qızı Zərərçəkmiş şəxs mütəxəssis-psixoloqun iştirakı ilə dindirilməsi nəticəsində hazırkı işin predmeti olan videogörüntülərin sonuncunun özü tərəfindən qeyd alınması, buna görə qızının heç bir şikayətinin olmaması müəyyən edilmiş, o, isə həmin videogörüntüləri özü yaymamış, bunu edən şəxs haqqında tədbir görülməsi üçün dəfələrlə 7-# #### 2024-cü il tarixlərdə DIN-in “102” qaynar xəttinə və ərazi polis bölməsinə şikayətlər etmiş, bu halı təsdiq edən müvafiq prosessual sənədlər iş materiallarında olsa da, məhkəmələr bu sənədləri tədqiq etməyərək onlara digər sübutlarla birgə müqayisəli şəkildə lazımi qiymət verməmiş, bunun da nəticəsində o, qanunsuz olaraq məhkum edilməklə yanaşı, həm də ağır cəzaya məruz qalmışdır. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum Məhkum tərəfindən verilmiş həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, ona qarşı irəli sürülmüş cinayət əməllərinin onun tərəfindən törədilməsi sübuta yetirilməmiş, məhkəmələr işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, buna baxmayaraq, o, əsassız və qanunsuz olaraq CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş və bütün bunların nəticəsində ağır cəzaya məruz qalmışdır. Bununla da, məhkum Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli, yaxud da ona təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməli olması haqqında tələblərini CPM-in 416.1.1, 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də onlara qarşı törədilmiş cinayətlər nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayət törətmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə barələrində ittiham hökmləri çıxarılmaqla cəzalandırılmalarını, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinin tələblərinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunların isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prinsipi təmbit edilmiş CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq məhkum Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının qeyriobyektiv sayılması haqda kassasiya şikayətində istinad etdiyi dəlillərinin və həmin qərarın ləğv edilməsi haqqında tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına əsasən həmin məhkəmələrin müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum himayəsində olan on dörd yaşına çatmayan qızının pornoqrafiyasını yayma, əldə edilməsinə şərait yaratma, yayma və reklam etməklə hazırlamışdır. Belə ki, o, istintaqa məlum olmayan internet hesabından 2023-cü ilin yay aylarında yaşadığı ünvan 1 ünvanında yerləşən evində istifadəsində olan mobil telefonla «Porno Free» internet saytına daxil olub, himayəsində olan övladı ## ###### 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs çılpaq vəziyyətdə çəkdiyi, cinsi-intim nahiyələrinə yönəldilməsi, insanın seksuallığının ayrı-ayrı momentlərinə cəlb etməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, insanın və erotikanın humanistliyini məhv etməklə primitiv hisslər və münasibətlər yaratması, ictimai cəhətdən şərtləndirilmiş normaları pozması, başqalarında ikrah hissi oyatmaq məqsədi daşıması və qadın cinsi-intim nahiyələrinin təsviri əlamətləri olan uşaq pornoqrafiyasına aid videogörüntülərdən ibarət materialları yükləyərək yaymışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə yuxarıda şərh edilən əməlləri törətməkdə təqsirli bilməsə də, onun həmin əməlləri törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri, zərər çəkmiş şəxsZərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələr ilə, məhkəməyədək icraat dövründə keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəyləri ilə və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, ən əsası isə məhkum olunmuş şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsini təsdiq edən videogörüntülərlə, habelə cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Belə ki, Məhkum ifadələrində qızını çağıranda əlindəki telefonda reklam xarakterli bir proqram açıldığını, onlar bu proqramın nə olduğunu bilmədiklərini, qızını çimizdirəndə, qızı telefonunu paltaryuyan maşının üstünə qoyduğunu, onun isə bundan xəbəri olmadığını və telefonun açıq vəziyyətdə olduğunu bilmədiyini, Zərərçəkmiş şəxsin əlinin dəyərək hansısa proqramın açıldığını qeyd etsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunan pornoqrafik görüntülərin əks olunduğu diskdən görünür ki, Məhkum və Zərərçəkmiş şəxs hamam otağında olarkən əks olunan videogörüntülərdə heç də telefonun açıq vəziyyətdən xəbərsiz olmaları görünmür, belə ki, hər ikisi telefonun ekranına baxaraq müəyyən hərəkətlər edirlər, yəni telefonda öz görüntülərinin olduğunun fərqindədirlər. Eyni zamanda qeyd olunan vidogörüntülərlə otaqda aparılmış çəkiliş zamanı Məhkum telefonu əlində tutaraq qızı ilə birlikdə hər ikisinin telefona baxmaları və hətta Zərərçəkmiş şəxs “100 adamı keçsə” deməsi, Məhkum isə istər buna, istərsə pornoqrafik xarakterli videoçəkilişin aparılmasına heç bir reaksiya verməməsi, əksinə, qızının sözlərinə cavab olaraq “100 adamı keçmədiyi” sözlərini işlətməsi müəyyən edilir. Bütün bu görüntülər və çəkiliş zamanı aparılmış danışıqların məzmunun heç də bunların təsadüfən açılmış reklam xarakterli hansısa proqram vasitəsilə qeyd alınmasına, Məhkum isə bundan xəbərsiz olmasına dəlalət etmir, əksinə həm çəkilişlərin onun tərəfindən bilə-bilə, yəni qəsdən aparılmasını, sonradan isə pornosaytda yerləşdirilməklə yaymasını, yəni onun CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm istintaq orqanı, həm də məhkəmələr tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən Məhkum, zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin ifadələri qanuna müvafiq qaydada tərtib edilmiş müvafiq protokollarda öz əksini tapmış, işə əlavə olunmuş sənədlər və başqa sübutlar isə qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunaraq tədqiq edilmişdir. Həmçinin, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrək bu nəticənin əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmiş, digər tərəfdən isə cinayət prosesinin iştirakçıları tərəfindən təqdim olunmuş sübutların tədqiqindən imtina etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları təmin edilmişdir. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hazırkı qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda qeyd etməyi lazım bilir ki, məhkəmələr tərəfindən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarında məhz məhkəmə iclasında araşdırılmış sübutlara istinad edilmiş, həmin aktlar isə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmaqla kifayət qədər inandırıcı şəkildə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmündə və həmin hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən ## ###### 2026-cı il tarixli qərarında təsvir edilmiş, iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların fonunda məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin dəlilləri özünün cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş dəlillər kimi dəyərləndirilir və buna görə də kassasiya müraciətinin təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən təqsirli bilindiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, ibtidai araşdırma zamanı qanuni üsullarla əldə olunmuş və sonradan məhkəmə iclaslarında tədqiq edilmiş sübutların inkar edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmələr tam qanuni olaraq Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi, bu cinayəti törətməkdə təqsirli bilinməsi barədə mötəbər nəticəyə gələrək onun əməllərini CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə düzgün tövsif etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə istər CPM-in 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416.1-cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir və buna görə Məhkum təqsirliliyi və onun əməlinin hüquqi tövsif ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşaraq bu nəticələri qanuni və əsaslı hesab edir. Məhkum Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinə gəldikdə isə, sonuncu bu məsələ ilə bağlı hər hansı dəlil irəli sürməsə də, kassasiya şikayətində ağır cəzaya məruz qaldığını bildirdiyinə görə, məhkəmə kollegiyası ona təyin olunmuş cəzanın qanuni, ədalətli və əsaslı olub-olmamasını da yoxlamış və həmin yoxlamanın nəticəsində aşağıda göstərilən əsaslara görə həmin cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və bu maddələrdə göstərilən cinayət CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateoriyasına aid edilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-in yuxarıda istinad olunan 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Qeyd olunduğu kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayəthüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” * saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırkı iş üzrə birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum barəsində onun təqsirli bilindiyi CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkum olunmuş şəxsin törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-in 59.1.14-ci maddəsinə əsasən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaların hədlərində, azadlıqdan məhrum etmə cəzasının isə - aşağı həddində qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya şikayətinə baxılarkən apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmış və Məhkum təyin olunmuş həmin cəzaların hər hansı şəkildə yüngülləşdirilməsi üçün heç bir yeni hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə də razılaşaraq eyni zamanda qeyd edir ki, məhkumun kassasiya şikayətinə baxılarkən də həmin məhkəmələrin cəza təyini zamanı nəzərə almadıqları və müvafiq sübutlarla təsdiq olunan hər hansı yeni hal müəyyən edilməmişdir. Halbuki, kassasiya icraatı zamanı təqsirkara təyin olunmuş cəzanın yüngülləşdirilməli olması məsələsi o, halda nəzərdən keçirilə bilər ki, həmin məsələni ilk növbədə həll edən aşağı instansiya məhkəmələri bu zaman iş üzrə müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən halları nəzərə almasınlar və ya CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmayan halları cəzanı ağırlaşdıran hallar kimi nəzərə almış olsunlar, yaxud da cinayət törətmiş şəxsə təyin edilmiş cəza işin hallarına, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hallara və sonuncunun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən hallara uyğun olmasın. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkum Məhkum kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu şikayətin təmin edilməsi haqda sonuncunun və onun müdafiəçisi S.M.Mikayılzadənin, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 171-1.2.4 və 171-1.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.4 və 171- 1.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-321/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-321/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver