Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-325/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru dövlət ittihamçısı2, Məhkumun müdafiəçisi – müdafiəçi1 və Zərərçəkmiş şəxs – X7 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxs X7 nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, hakimlər X4 və X3 ibarət tərkibdə) ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, ## ###### 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonu Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş 93 ünvanında yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 10 (on) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə qeyd olunan maddə ilə ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 10 (on) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının ## ###### 2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə) ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxs X7 nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Həmin qərardan kassasiya protesti və yaxud kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Iş üzrə qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Məhkum rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla, həmin saxta sənəddən bilə-bilə istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə dayısı X7 məxsus ünvan 3 ünvanında yerləşən 200,8 m2 və 497 m2 sahələri olan, iki çıxarışlı obyektləri icarəyə götürüb işlədəcəyinə dair yalan vəd verib aldadaraq, X10 Federasiyasından ona göndərdiyi həmin obyektləri satmaq hüququ olmadan idarə edilməsi üçün Moskva şəhər notariusu tərəfindən təsdiq edilmiş ##.##.2020-ci il tarixli **AQ******* nömrəli etibarnaməni istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırmaqla, ## ##### 2021-ci il tarixdə bilə-bilə saxta sənədlərdən istifadə edərək, ünvan 2 ünvanında yerləşən ** saylı notariat kontorunda ünvan 3 ünvanında yerləşən 957.000 manat dəyərində 200,8 m2 sahəsi olan obyekti alqı-satqı müqaviləsi ilə tanışı şahid7 adına rəsmiləşdirməklə özgəninkiləşdirib ələ keçirmiş, ## ##### 2021-ci il tarixdə həmin obyekti Bakı şəhər ** saylı notariat kontorunda şahid7 adından şahid9 adına alqı-satqı müqaviləsi ilə girov qoyub sonuncudan aylıq 12.000 manat əlavə qazanc ödəmək şərti ilə 338.000 manat pul götürmüş, nəticədə zərərçəkmiş şəxs X7 957.000 manat, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi müdafiəçi1 kassasiya şikayətində göstərmişdir ki, məhkum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq edilməmişdir. Çünki, məhkum Fəxrəddin Mustafayevə məxsus əmlakı aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirmək niyyəti olmamışdır. Belə ki, zərərçəkmiş şəxs məhkuma daşınmaz əmlakın idarə olunması və icarəyə verilməsi məqsədilə etibarnamə vermiş, tərəflər arasında uzun müddət mövcud olmuş qohumluq və etimada əsaslanan işgüzar münasibətlər nəticəsində obyektin təmiri, istifadəsi və gəlir əldə edilməsi barədə razılıq yaranmışdır. Müdafiə tərəfinin mövqeyinə görə, bu hallar təqsirləndirilən şəxsin məqsədinin özgə əmlakını mənimsəmək deyil, sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə etmək olduğunu göstərir. Kassasiya şikayətində bildirilir ki, məhkum edilmiş şəxs daşınmaz əmlakı satmaq məqsədi güdməmiş, maliyyə vəsaiti əldə etmək üçün obyektin faktiki olaraq girov qoyulması barədə şahid9lə razılığa gəlmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmanın mahiyyəti kredit münasibətlərinə əsaslanmış, alqı-satqı müqaviləsi isə yalnız təminat xarakteri daşımışdır. Bu səbəbdən alqı-satqı müqaviləsinin bağlanması əmlakın həqiqi mənada özgəninkiləşdirilməsi niyyətini ifadə etməmişdir. şahid9 obyekti bazar dəyərindən xeyli aşağı məbləğdə qiymətləndirərək formal alqı-satqı əsasında öz adına rəsmiləşdirmiş, sonradan isə əvvəlcədən əldə olunmuş razılığı pozaraq əmlakı geri qaytarmamışdır. Müdafiə tərəfinin qənaətinə görə, nəticədə zərərçəkmiş şəxsə məxsus əmlak məhz şahid9 tərəfindən mənimsənilmiş, təqsirləndirilən şəxs isə həmin şəxsin hərəkətlərinin nəticəsində özü də zərər çəkmişdir. şahid9 alınmış 338.000 manat məbləğində pulun əhəmiyyətli hissəsi daşınmaz əmlakın əsaslı təmirinə, ticarət fəaliyyətinin təşkili üçün avadanlıqların və malların alınmasına sərf edilmiş, əlavə olaraq şahid9 yeddi ay ərzində ümumilikdə 80.000 manat faiz ödənilmişdir. Bu hallar, məhkumun əvvəlcədən dələduzluq niyyəti ilə hərəkət etmədiyini, əksinə, maliyyə öhdəliklərini yerinə yetirməyə çalışdığını təsdiq edir. Şikayətdə həmçinin göstərilir ki, ödənişlərin sonradan dayandırılması təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan iqtisadi səbəblərlə, o cümlədən pandemiya dövründə sahibkarlıq fəaliyyətinin iflic olması ilə bağlı olmuşdur. Sonradan maliyyə öhdəliklərinin icra olunmaması özlüyündə əvvəlcədən dələduzluq niyyətinin mövcudluğunu sübut etmir. Kassasiya şikayətində qeyd edilir ki, təqsirləndirilən şəxs etibarnaməni saxtalaşdırmamış, onun üzərində hər hansı dəyişiklik etməmiş, sənədin saxtalaşdırılması ilə bağlı hər hansı hərəkətdə iştirak etməmişdir. Müdafiə tərəfi hesab edir ki, cinayət işində bu xüsusatın əksini təsdiq edən kifayət qədər və mötəbər sübutlar təqdim edilməmişdir. Müdafiə tərəfi X13in məhkəmə iclasında verdiyi ifadəyə xüsusi istinad edərək bildirir ki, zərərçəkmiş şəxs hazırda əsas şikayətinin şahid9 və ** saylı Notariat Kontoruna qarşı olduğunu, Məhkum qarşı isə heç bir tələb və ya şikayətinin qalmadığını bildirmişdir. Bu ifadə iş üzrə qiymətləndirilməli olan mühüm sübutlardan biridir. Şikayətdə həmçinin qeyd olunur ki, birinci və apellyasiya instansiyası məhkəmələri zərərçəkmişin məhkəmədə verdiyi ifadələrə, eləcə də müdafiə tərəfinin təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verməmiş, cinayətprosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası və aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması prinsiplərini tam tətbiq etməmişlər. Müdafiə tərəfi hesab edir ki, iş materialları üzrə məhkum edilmiş şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi yoxdur. Buna görə də məhkumun müdafiəçisi Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət hökmünün çıxarılmasını və barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmişə məxsus əmlakı etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirdiyi, habelə etibarnaməni saxtalaşdıraraq həmin sənəddən istifadə etdiyi nəticəsinə gəlmişdir. Lakin apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri bu nəticələrlə tam uzlaşmamışdır. Iş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs daşınmaz əmlakı mənimsəmək məqsədi ilə deyil, həmin əmlakı təminat kimi istifadə etməklə maliyyə vəsaiti əldə edib obyekti təmir etmək və sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə hərəkət etmişdir. Bu məqsədlə şahid9lə aylıq faiz ödənilməsi şərti ilə pul alınmasına dair razılıq əldə edilmiş, lakin girov müqaviləsinin bağlanması əvəzinə formal alqı-satqı müqavilələrindən istifadə olunmuşdur. Şikayətdə göstərilir ki, məhkəmə araşdırması zamanı həm təqsirləndirilən şəxsin, həm də şahid şahid7 ifadələri ilə təsdiq edilmişdir ki, tərəflərin həqiqi iradəsi daşınmaz əmlakın satılması deyil, onun təminat kimi istifadə olunması olmuşdur. Şahid şahid7 ifadəsində göstərmişdir ki, Elçindən alınan pul faktiki olaraq faizlə verilmiş borc olmuş, alqı-satqı müqavilələri isə yalnız həmin münasibətin rəsmiləşdirilməsi üçün istifadə edilmişdir. Kassasiya şikayətində vurğulanır ki, ilkin olaraq ** saylı Notariat Kontorunda etibarnamə ilə alqı-satqının mümkün olmadığı bildirilmiş, bundan sonra şahid9 tərəfindən başqa notariat kontoruna müraciət edilməsi təklif edilmiş və nəticədə daşınmaz əmlak əvvəlcə şahid7, daha sonra isə şahid9 adına rəsmiləşdirilmişdir. Şikayət müəllifinin qənaətinə görə, bu hallar məhkəmələr tərəfindən lazımi hüquqi qiymətləndirilməmişdir. şahid9 özünü vicdanlı alıcı kimi təqdim etsə də, iş üzrə toplanmış sübutlara əsasən onun faktiki fəaliyyəti faizlə borc verməkdən ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlakın bazar dəyəri təxminən 570.000 manat qiymətləndirildiyi halda, onun təminatı müqabilində 350.000 manat məbləğində vəsait verilmiş, həmin məbləğdən ilk ayın 12.000 manat faizi əvvəlcədən tutulmuş və faktiki olaraq 338.000 manat ödənilmişdir. Sonrakı yeddi ay ərzində isə ümumilikdə 80.000 manat faiz ödənilməsi barədə ifadələr verilmişdir. Şikayət müəllifinin fikrincə, bu hallar münasibətin alqı-satqı deyil, faizlə borc münasibəti olmasını təsdiq edir. Zərərçəkmiş şəxsin nümayəndəsi hesab edir ki, məhkəmələr şahid9 hərəkətlərinin hüquqi mahiyyətini araşdırmamış, onun əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə təqdimat göndərməmiş, həmçinin ** saylı Notariat Kontorunun və notariusun hərəkətlərinin qanunauyğunluğunu qiymətləndirməmişdir. Bu səbəbdən cinayət işinin halları tam araşdırılmamış qalmışdır. X13 məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və ya tələbinin olmadığını, ona vurulmuş ziyanın şahid9 və ** saylı Notariat Kontorunun hərəkətləri nəticəsində yarandığını bildirmişdir. Şikayət müəllifi hesab edir ki, zərərçəkmişin bu mövqeyi apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi səviyyədə nəzərə alınmamışdır. Nəticə etibarilə, bu əsaslara görə zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının qanunsuz və əsassız hesab edilərək ləğv olunmasını, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı qismən ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlilləri ilə zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri üst-üstə düşdüyündən məhkəmə kollegiyası hər iki müraciətə birlikdə münasibət bildirilməsini mümkün hesab edir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələblərindən çıxış edərək aşağıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkum Məhkum CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslı və ədalətli olsa da, məhkumun əməlinin CM-in 178.4-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə gəlinən nəticə uyğun olmamış və həmin hallar Məhkum əməlinin tövsifi məsələsində qanuni və əsaslı yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin plenum qərarında, o cümlədən göstərilmişdir ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-in 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Tədqiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, məhkəmələr Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “təqsirləndirilən şəxs onun doğma bacısı oğludur. Özü Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Rusiya Federasiyası vətəndaşıdır. Həmin obyekti 2005-ci il tarixdə anasının adına almış və “Buta” aptekinə icarəyə vermişdir. Sonradan həmin obyektə özünün adına çıxarışlar almışdır. Həmin obyektləri icarəyə vermiş, ona aylıq 2500 manat icarə haqqı verilmiş, həmin şəxslər 2013-cü ilə qədər işləmiş və sonra icarədən çıxmışlar. Sonra özü Azərbaycan Respublikasına gəlmişdir. Bacısı oğlu Məhkum ona bildirmişdir ki, obyekti əbəs yerə başqa şəxsə icarəyə verməsin, o özü obyekti işlədəcək və pul da qazanacaq. Vüsalın həmin təklifi ilə razılaşmış, çünki hesab etmişdir ki, bacısı oğludur. Istəyirdi ki, Vüsal işləyərək qazanc əldə etsin və onun da ailəsi yaxşı yaşasın. Daha sonra Moskva şəhərində olan zaman Məhkum ona zəng edərək bildirmişdir ki, obyekti icarəyə vermək üçün etibarnamə lazımdır. O da Moskva şəhərindən notarial qaydada etibarnamə alaraq Məhkum vermişdir. Məhkum Samir adlı dostu ilə birlikdə işləmişdir. Əvvəldən Məhkum ona bildirmişdir ki, bütün obyekti birlikdə ümumi olaraq 10 000 manat pula icarəyə verəcək. Vüsala 10.000 manata ehtiyac olmadığını və 5.000 manat verilməsini bildirmiş və razılıq əldə olunmuşdur. Daha sonra 2021-ci ilin əvvəllərində tanımadığı bir şəxs Bakı şəhərindən ona zəng etmiş, həmin vaxt Moskva şəhərində olmuşdur. Həmin şəxs özünü təqdim edərək bildirmişdir ki, onun adı şahid9dir. şahid9 ona bildirmişdir ki, həmin obyekti Vüsal adlı şəxsdən almışdır. Həmin şəxsə sual verərək, bunun necə ola biləcəyini, adına sənədinin və çıxarışının olmasını bildirmiş, ondan obyekti necə satın ala bilməsini, ümumiyyətlə satıla bilməyəcəyini bildirmişdir. şahid9 ona adına olan çıxarışın şəklini göndərmişdir. Daha sonra Elçinə demişdir ki, məsələni aydınlaşdırıb əlaqə saxlayar. Daha sonra bacısı oğlu Məhkum zəng edərək, məsələnin mahiyyətini öyrənməyə çalışmış, Vüsal ona bildirmişdir ki, hər şey qaydasındadır. Həmin vaxt Elçinə zəng etmiş və bir aya Bakıya gələcəyini və məsələni həll edəcəyini bildirmişdir. Daha sonra Bakı şəhərinə gəlmiş, Elçinlə görüşərək söhbət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bacısı oğlu Məhkum ona məxsus obyekti dostunun adına keçirmiş, Samir adlı dostu da həmin obyekti şahid9 satmışdır. Həmin vaxt Elçindən soruşmuşdur ki, bunu necə etmişlər, axı həmin etibarnamə alqı-satqı üçün verilməmiş və həmin etibarnamə ümumiyyətlə alqı-satqı üçün yararlı olmamışdır. Elçin isə ona cavab olaraq bildirmişdir ki, ** saylı notariat ofisinin notariusu dostudur. Onlar həmin etibarnaməni 19-cu notariat kontoruna aparıblar. Notarius isə həmin etibarnamənin alqı satqı üçün yararlı olmadığını bildirib. Daha sonra bunlar necə və hansı formada danışıblarsa, məsələ öz həllini tapıb. Əsas məsələ də ondan ibarət olub ki, bacısı oğlu Məhkum şahid9 faizə pul götürmək istəmiş, məhz ona görə də obyekti girov kimi vermişlər. Elçin ona bildirmişdir ki, o həmin obyekti qiymətləndirmiş, ümumi olaraq 570 000 manat qiymət qoymuşdur. Bunların da Elçinə borcu olmuş, axrıncı iki ayı ödəniş etməmişlər. Məsələnin mürəkkəbliyini görüb Vüsal və Samirə nəyə görə belə hərəkət etmələrini, ona məxsus obyektin nəyə görə satıldığını soruşmuş, bacısı oğlu Məhkum ona bildirmişdir ki, borcları var, həmin borclarını qaytarıb, obyekti yenidən onun adına rəsmiləşdirəcəklər. Həmin vaxt Vüsala artıq obyekti satdıqlarını, alqı-satqı müqaviləsi bağlanıldığını, həmin şəxsin çıxarışının olmasını bildirmiş, yenə də cavab olaraq Məhkum ona narahat olmamasını, bir-iki aya məsələni həll edəcəklərini və bir az gözləmələrini bildirmişdir. Ona görə də bir az da gözləmiş, nəticə olmamışdır. Həmin vaxt şahid9 də onunla dayanmadan kontakt yaratmağa çalışmış və bildirmişdir ki, “borcumu qaytarın, Sizin obyektinizi qaytarım”. Həmin vaxt Elçinə cavab olaraq bildirmişdir ki, nə borc? Səndən borc almışam ki, onu da qaytarım? Hətta təklif etmişdir ki, obyekti o özü satsın və Elçinin də borcunu qaytarsın. Ona isə şahid9 razılıq verməmişdir. Təkrarən Məhkum soruşmuşdur ki, bu oyunu niyə onun başına açmışdır, Vüsal da cavabında bildirmişdir ki, ona bir dayısı kimi sürpriz etmək istəmişdir. Məhkum oradan pul əldə etməsinə inanmır, ancaq Məhkum baş verən hadisələri ondan gizlədib. Bundan başqa bacısı oğlu Məhkum özü düşünülmüş şəkildə ancaq obyektin icarəyə verilməsi ilə bağlı etibarnamə vermiş, orada əmlakın alqı satqısı ilə bağlı bir cümlə də olmamış, məqsədi yalnız əmlakın idarə edilməsi ilə bağlı etibarnamə vermək olmuşdur. Həmin etibarnamənin konkret olaraq kimin tərəfindən saxtalaşdırıldığını deyə bilməz. Ancaq “satıla bilməz” ifadəsinin üzərindən “satıla bilər” ifadəsinin düzəliş edilməsi aşkar surətdə nəzərə çarpmış və buna görə də onun obyekti satılmışdır.”. Qeyd olunan halların cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq və ya məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə də öz təsdiqini tapdığı müəyyən olunur. Göründüyü kimi məhkəmələrin istinad etdiyi işin faktiki hallarından çıxış edərkən belə müəyyən olunur ki, X7 məxsus əmlakın Məhkum sərəncamına keçməsi üsulu və həmin əmlakın ələ keçirilməsi anı dələduzluq cinayətinin obyektiv cəhətinin fakültətiv əlamətləri ilə uyğunluq təşkil etmir. Belə ki, X7, əmlakını Məhkum etibar etmiş, lakin daha əvvəlcədən Məhkum bu etibardan sui-istifadə yolu ilə həmin əmlakı ələ keçirmə niyyəti formalaşmasını təsdiq edən sübutlar müəyyən olunmamış, bundan əlavə məhkum tərəfindən həmin əmlakın təminat kimi istifadə edilməklə maliyyə vəsaiti əldə edib obyekti təmir etdirmək və sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə hərəkət edilməsi, bu məqsədlə şahid9lə aylıq faiz ödənilməsi şərti ilə pul alınmasına dair razılıq əldə edilməsi məhkəmələrin özlərinin müəyyən etdiyi sübutlarla təsdiq olunmuşdur. Qeyd olunan hallardan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs daşınmaz əmlakı satmaq məqsədi güdməmiş, maliyyə vəsaiti əldə etmək üçün obyektin faktiki olaraq girov qoyulması barədə şahid9lə razılığa gəlmiş, tərəflər arasında əldə olunmuş razılaşmanın mahiyyəti kredit münasibətlərinə əsaslanmış, alqı-satqı müqaviləsi isə yalnız təminat xarakteri daşımışdır. Eyni zamanda, şahid9 alınmış 338.000 manat məbləğində pulun əhəmiyyətli hissəsi daşınmaz əmlakın əsaslı təmirinə, ticarət fəaliyyətinin təşkili üçün avadanlıqların və malların alınmasına sərf edilmiş, əlavə olaraq şahid9 yeddi ay ərzində ümumilikdə 80.000 manat faiz ödənilmişdir. Bu hallar, məhkumun əvvəlcədən dələduzluq niyyəti ilə hərəkət etmədiyini, əksinə, maliyyə öhdəliklərini yerinə yetirməyə çalışdığını təsdiq edir. Ödənişlərin sonradan dayandırılması məhkum Məhkum iradəsindən asılı olmayan iqtisadi səbəblərlə, o cümlədən pandemiya dövründə sahibkarlıq fəaliyyətinin iflic olması ilə bağlı olmuşdur. Sonradan maliyyə öhdəliklərinin icra olunmaması özlüyündə əvvəlcədən dələduzluq niyyətinin mövcudluğunu sübut etmir. Bütün şərh olunanlara baxmayaraq, aşağı instansiya məhkəmələri məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunan faktları təkzib edən hər hansı sübut əldə edilmədən, Məhkum əmlakı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsinə dair niyyətinin əvvəlcədən formalaşması hallarını sübuta yetirən mötəbər dəlillər olmadan onun dələduzluq cinayətini törətdiyi qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Belə ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143- 146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hər hansı bir mötəbər sübutların məcmusuna istinad etmədən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirliliyinin olmasına dair gəlmiş olduğu nəticə aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə uyğun deyil. Iş üzrə kassasiya şikayətlərin dəlillərinə qiymət verilərkən müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış qərarında göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialara uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; sübutlar Azərbaycan Respublikası CPMin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və Məhkum CM-in 178.4cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Bundan əlavə kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə müxtəlif tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın yuxarıda göstərilən meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha ətraflı, tam araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etmədikdə və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) yaradan pozuntular kimi qiymətləndirərək, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən qismən məhkəmə istintaqı keçirilməklə yuxarıda sadalanan sübutların yenidən tədqiq olunaraq qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiya məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxara bilər. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin hökm cinayət-prosessual normalara uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı kassasiya şikayətlərinə əsasən məhkum Məhkum CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxs X7 nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı kassasiya şikayətlərinə əsasən qismən, yəni məhkum Məhkum CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-325/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-325/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver