Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-328/2026 14.04.2026 ALI MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum Məhkum müdafiəçisi müdafiəçi1 iştirakları ilə, ## ###### 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2026-cı il tarixli 1(103)- 1335/2021 nömrəli qərarından müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.Ə.Qəniyev (sədrlik edən),hakimlər M.A.Xankişiyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) 24 iyun 2021-ci il tarixli 1(101)-983/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmündən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum 16.12.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qarşısında vəsatət qaldıraraq kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2026-cı il tarixli qərarı ilə (sədrlik edən: İ.A.Ibrahimli, hakimlər: Z.V.Ibrahimov və A.F.Ibrahimov), Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından məhkumun kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2026-cı il tarixli qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarının məhkuma çatdırılmasını təsdiq edən qəbzdə olan imza Məhkum məxsus olmamış, həmin imza saxtalaşdırılmışdır. Müdafiəçi bildirir ki, ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı verilmiş vəsatət əsassız olaraq rədd edilmişdir. Müraciət müəllifi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2026-cı il tarixli qərarı ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli, tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə iştirak etmiş Məhkum, onun müdafiəçisinin və dövlət ittihamçısının iştirakları ilə elan olunmuş, qərarın surəti isə məhkum Məhkum təqdim edilməsi üçün 27 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına göndərilmiş və müvafiq qərar 10 oktyabr 2021-ci il tarixdə Məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Öyrənilmiş cinayət işi materiallarında görünür ki, məhkum N Məhkum tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə müvafiq olaraq 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə verilmişdir. Göründüyü kimi, müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətini qanunla müəyyən edilmiş 12 aylıq müddət ərzində deyil, həmin müddətdən uzun bir surə (4 ildən artıq) keçdikdən sonra vermişdir. Bu hal kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin hər hansı üzrlü səbəb olmadan buraxıldığını göstərir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 23 yanvar 2026-cı il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPMin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1ci maddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 17 sentyabr 2021-ci il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 23 yanvar 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI : Müdafiəçi müdafiəçi1 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 23 yanvar 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-328/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-328/2026
14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver