Məhkəmə qərarları › İş №1(1-8)-329/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-329/2026

15.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-329/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X4, Məhkum – Məhkum, Müdafiəçi – “ Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263.2ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Pirallahı Rayon Məhkəməsinin 2025-ci il # ###### tarixli *(***)-*/**** nömrəli hökmü ilə (hakim F.Qasımov) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmündən birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis nümayəndəsi (vəkili) X1 və məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər M.Qarayeva (sədrlik edən), E.Mehdiyev və S.Bəhrəmzadə) 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərarına əsasən apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Pirallahı Rayon Məhkəməsinin 2025-ci il # ###### tarixli *(***)-*/**** nömrəli hökmü dəyişdirilmiş, Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il ## ###### tarixli Qərarının 2.2, 5.2.2 və 5.3-cü bəndləri tətbiq olunmaqla, o, hökmlə əsas cəza kimi təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən Məhkum idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, ##.##.2024-cü il tarixdə saat 21 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “B C DCE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi Şahid məxsus **-MT-*** dövlət qeydiyyat nişanlı, “Shacman Yük” markalı, “Özüboşaldan” tipli nəqliyyat vasitəsi ilə Qala-Pirallahı şossesi ilə Pirallahı qəsəbəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka ziyan vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yolhərəkəti qaydalarını pozması nəticəsində avtomobili qarşı əks hərəkət zolağına çıxararaq qarşıdan əks istiqamətdə hərəkətdə olan “Kia” markalı avtomobilin hərəkəti üçün təhlükə yaradaraq həmin avtomobillə ehtiyatsızlıqdan toqquşmasına, “Kia” markalı avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü X2 açıq kəllə beyin travması-sol gicgah nahiyəsində sol yanağı və çənə tinini əhatə edən əzilmiş yarası, alın-təpə şümüyününü xətti, sol gicgah sümüyünün basılmış qəlpəli sınıqları, beyin qişalarına, beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma, sol kürəkaltı-bel nahiyəsinin sıyrığı, sağ budun qançırları kimi bədən xəsarətləri nəticəsində həyat üçün təhlükəli olmaqla ölümlə birbaşa əlaqəsi olan sağlamlığına ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan zərəçəkmiş X2 ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş cəza törədilmiş cinayətin nəticəsinə uyğun olmamış, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonrakı davranışları nəzərə alınmamış, təyin edilmiş cəza sosial ədalətin bərpası baxımından CM-in 41-ci maddəsinin tələbləri ilə əhatə olunmamışdır. Bununla da məhkəmə tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Həmçinin iş üzrə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi özü də apellyasiya şikayəti verərək təyin edilmiş cəzanın yüngül olmasından, təqsirləndirilən şəxsə daha ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilsə də, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi istiqamətində hər hansı bir tədbir görməmiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən və cəzadan boyun qaçırmaq məqsədi ilə hadisənin nəqliyyat vasitəsinin texniki nasazlığı üzündən baş verməsini bildirmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi istiqamətində hər hansı bir tədbir görməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin nəticəsinə uyğun olmayan yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən CM-in 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Həmin hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza növünü təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. CM-in 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün əsas vermədikləri müəyyən olunur. Belə ki, Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum ehtiyatsızlıqdan ilk dəfə cinayət törətməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bundan başqa iş materiallarından görünür ki, Məhkum zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə, dəymiş ziyanın ödənilməsinə cəhdlər etsə də, buna nail ola bilməmişdir. Qeyd edilməlidir ki, baş vermiş hadisəyə görə zərər çəkmiş şəxsin hüquqi varisi məhkum edilmiş şəxslə barışmasa da, məhkum edilmiş şəxsin barışıq əldə etməyə cəhd etməsi onun şəxsiyyətini və törətdiyi əməldən sonrakı davranışını səciyyələndirən müsbət hal kimi nəzərə alına bilər. Digər tərəfdən qeyd edilməlidir ki, Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında əsas cəza kimi iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutmuşdur ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halların olmasına və cəzanı ağırlaşdıran halların olmamasına baxmayaraq, ona məhz zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsinə görə sanksiyanın yuxarı həddinə yaxın həddə, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi halında isə məhkum edilmiş şəxsin barəsində CM-in 60.1-ci maddəsinin tətbiqi üçün əsaslar yaranacaqdı və bu halda sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 4 il 6 aydan artıq ola bilməzdi. Habelə Məhkum əvvəllər cinayət törətməməsi, yəni əvvəllər ona cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq olunmaması da cəzanın seçilməsinə təsir göstərən (cəzanın məqsədləri üçün təqsirkara hansı cəzanın daha uyğun olmasının müəyyən edilməsi baxımından əhəmiyyətli olan) mühüm xüsusatdır. CM-in 59.2-ci maddəsi isə CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, məhkəmələrə belə halları (təqsirkarın ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını) cəzanı yüngülləşdirən hal qismində nəzərə almağa hüquq verir. Qeyd olunan hallar müvafiq sübutlara əsaslanır. Bu səbəbdən məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə CM-in 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların olmasının, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsinə dair məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar