Məhkəmə qərarları › İş №1(1-8)-33/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-33/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-33/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasının ləğv edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il # ###### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay hissəsinin Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Məhkum üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 2024-cü il ## ##### tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, ## ##### 2024-cü il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,255 qram, 0,059 qram, 0,011 qram, 0,005 qram, ümumi təmiz çəkisi 0,330 qram olmaqla xeyli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə təmiz çəkisi 0,086 qram olmaqla az miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla üzərində daşımış, ## ##### 2024-cü il tarixdə, saat 00:12 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 11 ünvanında yerləşən Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sol yan cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,255 qram, 0,059 qram, 0,011 qram, 0,005 qram, ümumi təmiz çəkisi 0,330 qram ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd təmiz çəkisi 0,086 qram, qəhvəyi rəngli, toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələrin qərarları əsassızdır. Belə ki, o narkotik vasitə daşıyıcısı olmamış və tutulan zaman üzərindən çıxan narkotik vasitənin yalnız bir hissəsi ona aid olmuşdur. Bundan başqa, məhkum bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir və heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən onun təqsirli bilindiyi cinayət əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran hal kimi cinayətin residivinin olması nəzərə alınmaqla, ona qanuni və əsaslı olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il # ###### tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar