Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-332/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət məhkəmə tərkibində) 16 yanvar 2025-ci il tarixli 1(091)-61/2025 nömrəli hökmü ilə ## ##### 1988-ci ildə x rayonunun x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, x rayonunun x kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra, “CM-in”) 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 8 iyul 2024-cü il tarixdən hesablanması, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrliyi və məruzəsi ilə), Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət məhkəmə tərkibində) 29 may 2025-ci il tarixli 1(107)-136/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni, quldurluq cinayətini törətmişdir. Belə ki, Məhkum 6 dekabr 2023-cü il tarixdə saat 08 radələrində özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə sifətinə tanınmaması üçün kustar üsulla kapron parçadan hazırladığı maskanı keçirib, əllərinə isə tibbi və təsərrüfat əlcəkləri geyinib x rayonunun x kənd sakini şahid9 həmin kənddə yerləşən evinin həyətinə hasarın üzərindən keçməklə, daha sonra isə evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq qeyd olunan vaxt evdə tək olan sonuncunun arvadı Zərərçəkmiş şəxs basqın edib qolundan tutaraq üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi mətbəxt bıçağı ilə onu həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi, öldürəcəyi ilə hədələyib ondan pul və qızıl-zinət əşyaları tələb etməklə quldurluq cinayətini törətmiş, Zərərçəkmiş şəxs ona müqavimət göstərib sifətindəki maskanı çıxarmaq istəyərkən oradan qaçıb uzaqlaşmışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, himayəsində 3 azyaşlı övladı olmasını, ilk məhkumluğunun olmasını, səmimi peşmançılığını, ağır xəstəliklərdən, yəni hepatit B, onkoloji, epilepsiya xəstəliyindən əziyyət çəkməsini, səhhətinin günü-gündən pisləşməsini nəzərə almadan, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan barəsində məhkəmə tərəfindən ağır cəza təyin edilmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarının ləğv edilərək, barəsində olan yüngülləşdirici halları nəzərə alaraq CM-in daha yüngül maddəsi ilə cəza təyin edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, maddi sıxıntılar səbəbindən bu yola əl atdığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşyadan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq cinayətini törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CMin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli, hətta maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı Məhkum cəzasını yüngülləşdirən əlavə hər hansı hal müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən təyin edilmiş cəza CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə, habelə iş üzrə mövcud olan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun müəyyən edilmişdir. Kassasiya şikayətində məhkumun müxtəlif xəstəliklərdən əziyyət çəkməsi və səhhətinin pisləşməsi də cəzanın yüngülləşdirilməsi üçün əsas kimi göstərilmişdir. Lakin iş materiallarında həmin halların təyin edilmiş cəzanın qanuniliyinə və ədalətliliyinə təsir göstərə biləcək həddə olmasını təsdiq edən elə bir məlumat müəyyən edilmir. Bundan başqa, məhkumun səhhəti ilə bağlı hallar məhkəmə tərəfindən onun şəxsiyyətini xarakterizə edən məlumatlar sırasında nəzərə alınmışdır. Təkcə xəstəliklərin mövcudluğu CM-in tətbiq edilmiş maddəsinin dəyişdirilməsi və ya daha yüngül cəza təyin olunması üçün mütləq əsas hesab edilə bilməz. Məhkumun təqsirli bilindiyi CM-in 181.2.3 və 181.2.5-ci maddələri ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin maddələrin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən isə məhkuma sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə, yəni 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-332/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-332/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver