Məhkəmə qərarları › İş №1(1-8)-342/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-342/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-342/2026 02.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Şamaxı Rayon Məhkəməsinin (hakim: Ismayılov Natiq Əvəz oğlunun sədrliyi) 16 oktyabr 2024-cü il tarixli 1(074)-15/2024 nömrəli hökmü ilə # ###### 1996-cı il tarixdə Imişli şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 14 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 oktyabr 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında dərhal həbsə alınması, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) 18 fevral 2025-ci il tarixli 1(105)-42/2025 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət və hazırkı iş üzrə 16 oktyabr 2024-cü il tarixdən həbsdə saxlanıldığı 4 (dörd) ay 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanması nəzərə alınaraq hazırkı qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəza çəkdiyi müddət ərzində onun üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən evindən çıxmamaq, günün qalan hissəsini yaşadığı Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın çəkilməsi müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, qərarın icrasının yaşayış yeri üzrə Bakı şəhər Probasiya Idarəsinə həvalə edilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və həbsdən azad edilməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq (yeni dəyişikliklə xeyli) miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla, Şamaxı rayonu ərazisində daşımış, 14 sentyabr 2023-cü il tarixdə, saat 07 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci kilometrliyində, yolun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yerləşən “Şamaxı” restoranının yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 08:10 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman paltarının şalvarının sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümdə, ümumi təmiz çəkisi 1,023 (bir tam mində iyirmi üç) qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində müvafiq qərar əsasında əməliyyat-qeydiyyat işi açılmamış, bu iş əməliyyat-axtarış subyekti tərəfindən qeydiyyata alınmamış, həmçinin onun qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə ehtimal olunan məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmişdir. Belə bir sübut ümumiyyətlə cinayət işi materiallarında mövcud deyil. Bununla da «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 15ci maddəsinin İ və II hissələrinin tələbləri pozulmuşdur. Iş materiallarından görünür ki, Məhkum tutulması və üstündə şəxsi axtarışın aparılması qanunun tələblərinə uyğun olmadan qanun pozuntusu ilə həyata keçirildiyi üçün bu zaman onun məhkəmə istintaqı zamanı dediyi kimi həqiqətən də narkotik vasitənin ona polis şöbəsində “təqdim edildiyi”ni deməyə əsas verir. Məhkum CPM-in 148.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanmamış, zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini birbaşa göstərməmiş, tutulmamışdan əvvəl onun bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunmamışdır. Eyni zamanda iş materiallarına əsasən Məhkum tutulması üçün CPM-in 148.3-cü maddəsində göstərilən hallar da mövcud olmamış, onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar (əməliyyat-qeydiyyat işində qeydə alınmış məlumatlar, hazırlanan və törədilmiş cinayətlər haqqında fiziki şəxsin şifahi və yazılı məlumatları, hüquqi şəxsin verdiyi məlumatlar, kütləvi informasiya vasitələrindən verilmiş məlumatlar, cinayət prosesini həyata keçirən orqanın bilavasitə aşkar etdiyi məlumatlar) qeydə alınmamış, o, hər hansı hadisə yerindən qaçıb gizlənməmiş, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməmiş, daimi yaşayış yerinə malik olmuş və ya başqa ərazidə yaşamamış, şəxsiyyəti hüquq-mühafizə orqanlarına bəlli olmuşdur. Təhqiqatçı tərəfindən Məhkum şübhəli şəxs qismində tutulması protokolunda onun hansı əsaslarla CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsində şübhəli bilinərək tutulması hallarının (CPM-in 148.2.1-148.2-3 və 148.3.1-148.3.3-cü maddələri) olması göstərilməmişdir. Hazırkı iş materiallarından görünür ki, Məhkum faktiki tutulan zaman (şübhəli şəxsin tutulma protokolu, şahid ifadələri və təqsirləndirilən şəxsin ifadələri fərqlidir) hansı saatda, dəqiqədə və yerdə, hansı əsasa və şübhəyə görə və hansı məqsədlər üçün polis əməkdaşları tərəfindən tutulması sənədləşdirilməmişdir. Halbuki qanunun tələbinə görə tutulmanın dərhal sənədləşdirilməsi, bu zaman onun vaxtının, yerinin, hansı məqsədlər üçün və hansı şübhə və əsaslarla həyata keçirilməsinin qeyd edilməsi mütləq vacibdir. Məhkum məhkəmədə verdiyi ifadəsində onun üstündə tapıldığı iddia olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. O, eyni zamanda həbs edilən zaman onun üstündə dərhal axtarış və götürmənin aparılmadığını, Şamaxı RPŞ-də bir neçə saat saxlandıqdan sonra polis bölməsində formal axtarışa məruz qaldığını, polis əməkdaşlarının narkotik vasitənin özlərinin ona verdiyini və bir çox prosessual hüquqlarının pozulduğunu qeyd etmişdir. Eyni zamanda tərəflər arasında o da mübahisələndirilmir ki, baxış təqsirləndirilən şəxsin saxlandığı yerdə deyil sonradan Şamaxı RPŞ-də aparılmışdır. Məhkum məhkəmə baxışı zamanı 4-5 nəfər şəxsin onu saxlayaraq şöbəyə gətirdiyini, orada bir neçə saat tanımadığı polis əməkdaşının otağında saxlandığı, orada ona qarşı psixi zor tətbiq olunduğu, narkotik vasitənin polislər tərəfindən ona verilməsini, sonra üstünə guya şəxsi axtarışın keçirildiyini göstərimişdir. Polis əməkdaşları da məhkəmə iclasında verdiyi ifadələrində təqsirləndirilən şəxsin tutulduqdan sonra baxışın Şamaxı RPŞ-də keçirildiyini bildirirlər. Məhkum real həbsi ilə şəxsi axtarış arasında olan bu vaxt boşluğu maddi sübutun Məhkum qeyd etdiyi “təqdim edilməsi”nin mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar yaradır. Belə ki, bu vaxt, yəni ittihama görə istər yolda istərsə də gətirilməsindən sonra və polis bölməsində saxlanması zamanı Məhkum tamamilə polisin nəzarəti altında olmuşdur. Bunda əlavə, cinayət işinin materiallarında Məhkum üzərində şəxsi axtarışın onun həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu konteksdə ittihamın təqdim etdiyi həmin sübutlara ayrı-ayrılıqda hüquqi qiymət verilməsi zəruridir. Belə ki, məhkəmə tərəfindən işin faktoloji halları olaraq müəyyən edilmişdir ki, Məhkum polis əməkdaşları tərəfindən tutularkən, onun prosessual statusu, yəni hansı qisimdə-şübhəli və ya təqsirləndirilən şəxs qismində və ya digər statusda tutulması, tutulmanın əsasları və halları müəyyən olunmamış, ona tutulmanın əsasları barədə hər hansı məlumat verilməmiş, onun həmin vaxt tutulması sənədləşdirilməmiş, yəni tutulma faktı qeydə alınmamış, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, tutulmadan dərhal sonra tutulmasını, o cümlədən yaxın qohumlarına xəbər vermək hüququ izah edilməmiş, onun tutulma faktının qeydə alınmaq, tutulma sənədləri ilə tanış edilmək, tutulma barədə ailə üzvlərinə xəbər vermək, tutulduğu andan öz vəkili və qanun nümayəndələri ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəkili olmadıqla, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını almaq və seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək, maddi vəziyyəti imkan vermədikdə dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı əldə etmək və ya vəkildən imtina etmək hüquqları pozulmuşdur. Bundan başqa, videoçəkilişdən göründüyü kimi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlandığı vaxt, eyni zamanda onun bitdiyi vaxt göstərilmir. Videoda günəşin düşmə trayektoriyasından da aydın görünür ki, həmin vaxt ittiham tərəfinin iddia etdiyi kimi səhər saatları ola bilməz. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində təqsiri sübuta yetirilmədiyi üçün onun barəsində olan cinayət işinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi çıxış edərək, aşağı instansiya məhkəmələrində sübutlara düzgün qiymət verilmədiyini, şübhəli şəxsin tutulma vaxtının protokollarda qeyd edilmədiyini, işlə bağlı əməliyyat məlumatı olduğu bildirilsə də, əməliyyatçıların belə bir əməliyyat tapşırığının daxil olmadığını bildirdiyini qeyd edib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfdən verilmiş kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxsin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, ziddiyyətli sübutlara istinad olunmasına, müdafiə tərəfinin qaldırdığı çoxsaylı vəsatətlərə məhkəmələr tərəfindən baxılmamasına, bununla da məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025-ci il tarixli qərarı isə ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən məhkəmə cinayət mühakimə icraatını həyata keçirərkən işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, həm ittihamı, həm də müdafiəni təsdiq edən hallara eyni dərəcədə diqqət yetirməli, qərarını yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna əsaslandırmalıdır. CPM-in 143-cü maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, bütün sübutlar birlikdə isə ittihamın həlli üçün kifayət edib-etməməsi nöqteyinəzərindən araşdırılmalıdır. CPM-in 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Iş materiallarından görünür ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilə bilər, çünki birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələr iş üzrə mövcud olan bütün sübutların qarşılıqlı əlaqədə, məcmu halında və CPM-in 143–146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirilməsi əsasında deyil, əsasən ittihamyönümlü sübutların üstün tutulması əsasında formalaşdırılmışdır. Halbuki cinayət-prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü yalnız məhkəmə baxışı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış və qarşılıqlı əlaqədə qiymətləndirilmiş bütün sübutların məcmusuna əsaslanmaqla qərar qəbul etməlidir. CPM-in 143-146-cı maddələrinin mənasına görə hər bir sübut ayrıca qiymətləndirilməli, daha sonra isə bütün sübutlar qarşılıqlı əlaqədə təhlil olunmalı, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin motivləri məhkəmə qərarında ətraflı göstərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi və onun nəticələri ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirliliyi barədə qənaətə gələrkən əsasən yalnız ittihamı təsdiq edən sübutlara üstünlük vermiş, prosessual qanunvericilik baxımından mötəbərliyi şübhə doğuran, ziddiyyəti aradan qaldırılmamış sübutlara istinad etmiş, həmçinin müdafiə tərəfinin təqdim etdiyi sübutların isə hansı səbəbdən inandırıcı hesab edilmədiyini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə qərarlarının məzmunundan görünür ki, məhkəmələr iş üzrə mövcud olan obyektiv sübutları rədd etmiş, lakin həmin sübutların mötəbərliyini şübhə altına alan konkret faktlar göstərməmişlər. Kassasıya məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən dəlillər işin materialları və cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından əsaslı hesab edilməlidir. Belə ki, ittihamın əsasında duran ən mühüm sübut – Məhkum üzərindən heroinin aşkar olunması faktı – onun tutulmasının qanuniliyi, şəxsi axtarışın keçirilməsi qaydası və həmin maddi sübutun əldə edilməsinin prosessual etibarlılığı ilə birbaşa bağlıdır. Cinayət prosesində sübutların mötəbərliyi yalnız onların məzmunu ilə deyil, həm də əldə edilmə üsulunun qanuniliyinə görə qiymətləndirilir. Əgər şəxsin tutulması, polis orqanına gətirilməsi və sonradan şəxsi axtarışının aparılması qanunun tələblərinə uyğun həyata keçirilməmişdirsə, həmin hərəkətlər nəticəsində əldə edilmiş sübutların etibarlılığı ciddi şübhə altına düşür. Iş materiallarında Məhkum hansı konkret əməliyyat məlumatı əsasında saxlanıldığı, həmin məlumatın harada qeydiyyata alındığı, hansı əməliyyat-qeydiyyat işi çərçivəsində yoxlanıldığı və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair səlahiyyətli vəzifəli şəxsin qərarının mövcudluğu müəyyən edilmir. Bu isə müdafiə tərəfinin istinad etdiyi kimi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinin tələblərinə əməl olunmaması ehtimalını gücləndirir və tutulmanın hüquqi əsaslarının mövcudluğu barədə əsaslandırılmış şübhələr yaradır. Bundan əlavə, CPM-in 148-ci maddəsinin tələbləri baxımından da Məhkum tutulması üçün qanuni əsasların mövcudluğu iş materialları ilə təsdiqlənmir. O, cinayət başında yaxalanmamış, hər hansı şahid tərəfindən cinayəti törədən şəxs kimi göstərilməmiş, üzərində və ya istifadə etdiyi nəqliyyat vasitəsində cinayətin törədilməsini göstərən aşkar izlər tutulma anında müəyyən edilməmişdir. Eyni zamanda onun qaçmağa cəhd etməsi, yaşayış yerinin məlum olmaması və ya şəxsiyyətinin müəyyən edilməsinin mümkünsüzlüyü kimi CPM-in 148.3cü maddəsində nəzərdə tutulan hallar da mövcud olmamışdır. Belə olan halda, tutulmanın hansı hüquqi əsaslarla həyata keçirildiyi barədə istintaq orqanı tərəfindən inandırıcı və sənədlərlə təsdiqlənən izahat verilməmişdir. Xüsusilə diqqət çəkən məqam odur ki, tutulma protokolunda belə CPM-in 148.2 və 148.3-cü maddələrində nəzərdə tutulan konkret əsaslardan hansının tətbiq edildiyi göstərilməmişdir. Bu isə tutulmanın qanuniliyinin yoxlanılmasını faktiki olaraq mümkünsüz edir. Şikayətdə vurğulanan digər mühüm məqam şəxsin faktiki tutulması ilə onun üzərində şəxsi axtarışın aparılması arasında əhəmiyyətli vaxt fasiləsinin olmasıdır. Həm təqsirləndirilən şəxsin ifadələrindən, həm də polis əməkdaşlarının ifadələrindən görünür ki, axtarış hadisə yerində deyil, sonradan Şamaxı Rayon Polis Şöbəsində həyata keçirilmişdir. Bu müddət ərzində Məhkum polis əməkdaşlarının tam nəzarəti altında olmuşdur. Ittiham tərəfi həmin vaxt intervalının nə qədər davam etdiyini, bu müddətdə təqsirləndirilən şəxsin harada saxlanıldığını və niyə axtarışın dərhal keçirilmədiyini əsaslandıran hər hansı sübut təqdim etməmişdir. Cinayət işində də şəxsi axtarışın dərhal aparılmasına mane olan fövqəladə və ya obyektiv səbəbləri təsdiqləyən məlumat yoxdur. Belə şəraitdə müdafiə tərəfinin maddi sübutun sonradan təqdim olunması ehtimalı ilə bağlı irəli sürdüyü arqumentlər tamamilə fərziyyə kimi rədd edilə bilməz. Əksinə, bu ehtimalın istisna edilməsi ittiham tərəfinin üzərinə düşən vəzifə olduğu halda, həmin vəzifə yerinə yetirilməmişdir. Bu yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə də tam uyğundur. “Sakit Zayidov Azərbaycana qarşı” işində Məhkəmə qeyd etmişdir ki, şəxsin faktiki saxlanılması ilə onun üzərində axtarış aparılması arasında müəyyən və kifayət qədər müddət keçməsi sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaradır və bu hal sübutun etibarlılığını şübhə altına alır. Eyni hüquqi mövqe “Layicov Azərbaycana qarşı” işində də ifadə olunmuş, həbslə axtarış arasında təxminən otuz dəqiqəlik vaxt fərqinin belə sübutun mümkün manipulyasiyası ilə bağlı qanuni şübhələr doğurduğu vurğulanmışdır. Hazırkı işdə isə bu müddət daha uzun olmuşdur ki, bu da sübutun mötəbərliyini daha ciddi şəkildə şübhə altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, əsas məsələ konkret sübutun milli qanunvericiliyə uyğun olub-olmamasından daha çox, bütövlükdə prosesin ədalətliliyidir. Əgər sübutun əldə olunma üsulu ədalətlilik prinsipini pozur və müdafiə tərəfinin həmin sübutun etibarlılığına etiraz etmək imkanları formal xarakter daşıyırsa, bu halda Konvensiyanın 6-cı maddəsinin tələbləri pozulmuş hesab edilir. Hazırkı işdə şəxsi axtarışın dərhal aparılmaması və bunun üçün hər hansı obyektiv, zəruri və təxirəsalınmaz səbəbin göstərilməməsi, eləcə də bu xüsusatın yerli məhkəmələr tərəfindən lazımi qaydada qiymətləndirilməsi kassasiya instansiyasının müdaxiləsi üçün əsas yaratmır, əksinə, birinci instansiya məhkəməsinin mövqeyinin düzgünlüyünü təsdiq edir. Bundan əlavə, saxlanılma tarixinin cinayət işi materiallarında ziddiyyətli şəkildə göstərilməsi Cinayət-Prosessual Məcəllənin 148-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. CPM-in 148.5 və 148.6-cı maddələrinə əsasən, cinayət törətməsində şübhəli bilinən şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz və həmin müddət ərzində ya ittiham elan edilməli, ya da şəxs məhkəməyə çıxarılmalıdır. Iş materiallarından görünür ki, faktiki saxlanılma ilə rəsmi sənədləşmə arasında uyğunsuzluq mövcuddur və bu uyğunsuzluq saxlanılma müddətinin süni şəkildə uzadılması təəssüratı yaradır. Iş materiallarına əsasən müəyyən olunmuşdur ki, axtarış saxlanmadan müəyyən müddət sonra keçirilmişdir və bu müddət ərzində şəxs tam polis nəzarətində olmuşdur. Saxlanma ilə axtarış arasında bu qədər vaxt intervalının olması sübutun dəyişdirilməsi və ya “atılması” ehtimalını obyektiv olaraq istisna etmir. Ittiham tərəfi bu gecikmənin səbəbini əsaslandıra bilməmişdir. Cinayət-prosessual hüququn prinsiplərinə görə, sübutun əldə edilmə şəraitində hər hansı əsaslı şübhə varsa, bu şübhə aradan qaldırılmadan həmin sübut ittihamın əsasını təşkil edə bilməz. Cinayət-prosessual qanunvericiliyinin mahiyyətindən irəli gəlir ki, şəxsin üzərində cinayət predmeti olduğu ehtimal edilirsə, həmin əşyanın təhlükəsizliyinin və sübut kimi bütövlüyünün təmin olunması üçün axtarış mümkün qədər dərhal aparılmalıdır. Hazırkı işdə isə həm təqsirləndirilən şəxsin ifadələrindən, həm də polis əməkdaşlarının ifadələrindən görünür ki, Məhkum saxlanıldığı iddia edilən yerdə deyil, sonradan Şamaxı RPŞ-də şəxsi axtarışa məruz qalmışdır. Bu fakt tərəflər arasında mübahisələndirilmir. Lakin iş materiallarından həmin iki hadisə arasında nə qədər vaxt keçdiyi müəyyən edilmir. Ittiham tərəfi şəxsin hansı saatda faktiki tutulduğunu, hansı saatda polis şöbəsinə gətirildiyini, hansı saatda axtarışın aparıldığını və həmin müddətdə onun hansı şəraitdə saxlanıldığını dəqiq sübut edə bilməmişdir. Daha da əhəmiyyətlisi, həmin vaxt ərzində şəxsin üzərində fasiləsiz müşahidənin aparıldığını və onun üzərində sonradan hər hansı müdaxilənin mümkün olmadığını təsdiq edən obyektiv sübutlar təqdim edilməmişdir. Bu səbəbdən tutulma ilə axtarış arasındakı zaman boşluğu sadəcə texniki uyğunsuzluq deyil, maddi sübutun mənşəyinə dair əsaslı şübhə yaradan mühüm haldır. Xüsusilə qeyd edilməlidir ki, əgər şəxs bir neçə saat polis nəzarəti altında saxlanılmışdırsa və narkotik vasitə yalnız bundan sonra aşkar edilmişdirsə, həmin müddət ərzində baş vermiş hadisələrin tam rekonstruksiyası aparılmalı idi. Məhkəmə müəyyən etməli idi ki, həmin vaxt ərzində Məhkum hansı otaqlarda saxlanılmışdır, onunla hansı əməkdaşlar təmasda olmuşdur, üzərində hər hansı yoxlama aparılmışdırmı, həmin yerlərdə videomüşahidə sistemləri mövcud olmuşdurmu və varsa niyə həmin görüntülər əldə edilməmişdir. Bu sualların heç biri cavablandırılmamışdır. Aşağı məhkəmənin əsaslandırması isə bu mühüm prosessual pozuntuların mahiyyətinə toxunmadan əsasən təqsirləndirilən şəxsin sonradan ifadəsini dəyişməsinə və psixoloji təzyiqə dair ayrıca sübut təqdim etməməsinə istinad etmişdir. Halbuki müdafiə tərəfinin əsas arqumenti yalnız təzyiq göstərilməsi deyil, əldə edilmiş sübutların prosessual qanunauyğunluğunun təmin edilməməsi olmuşdur. Cinayət prosesində şəxsin işgəncəyə və ya təzyiqə məruz qalmasını ayrıca sübut edə bilməməsi, tutulma və axtarışın qanuniliyinə dair şübhələri aradan qaldırmır. Məhkəmə ilk növbədə sübutların hansı şəraitdə əldə edilməsini araşdırmalı, həmin sübutların etibarlılığına təsir göstərə bilən prosessual nöqsanlara qiymət verməli idi. Lakin qərardan görünür ki, məhkəmə müdafiə tərəfinin bu istiqamətdə irəli sürdüyü dəlilləri mahiyyəti üzrə araşdırmaq əvəzinə onları cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirməklə kifayətlənmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cinayət-prosessual hüququn əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Əksinə, ittiham tərəfi sübut etməlidir ki, narkotik vasitə həqiqətən də onun üzərində olmuş, tutulma və axtarış qanuni qaydada aparılmış və maddi sübutun mənşəyi barədə hər hansı ağlabatan şübhə mövcud deyil. Iş materiallarından isə görünür ki, tutulmanın əsaslarını təsdiqləyən əməliyyat sənədləri, əməliyyat-qeydiyyat işi, müvafiq qərarlar, tutulmanın dərhal sənədləşdirilməsini göstərən materiallar və hadisə yerində aparılmış axtarışa dair sübutlar mövcud deyildir. Bu hallar birlikdə qiymətləndirildikdə ittiham sübutlarının etibarlılığı barədə aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaradır. Bundan başqa, məhkəmə qərarına əsasən müəyyən olunur ki, apellyasiya məhkəmə kollegiyası telefon mesajlarına istinad etməklə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəsini təsdiqlənmiş hesab etmişdir. Əvvəla həmin mesajlar ittihamın əsasını təşkil edən 14 sentyabr 2023-cü il tarixli saxlanılma və üzərində heroinin aşkar edilməsi faktını birbaşa təsdiq etmir. Mesajların göndərildiyi tarixlər hadisədən xeyli sonrakı dövrə aiddir və onların məzmunu da konkret olaraq ittiham predmeti olan heroinin əldə edilməsi və ya saxlanılması faktını şübhəsiz şəkildə sübut etmir. Ona görə də həmin mesajlar tutulmanın qanuniliyinə və maddi sübutun əldə edilməsinin etibarlılığına dair mövcud şübhələri aradan qaldıra bilməz. Bundan başqa, mobil telefon əlaqələri ilə bağlı vəziyyət də ciddi araşdırma çatışmazlığını göstərir. Iş materiallarından görünür ki, Məhkum istifadəsində olmuş nömrədən 14 sentyabr 2023-cü il tarixdə saat 04:01:23 və 04:49:18-də atasının nömrəsinə zənglər edilmişdir. Aşağı məhkəmə bu halı yalnız onunla əsaslandırmağa çalışmışdır ki, həmin zənglərin məhz Məhkum tərəfindən edilməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmənin yanaşması birtərəflidir və məsələnin yalnız bir tərəfini nəzərə alır. Əslində müəyyən edilməyən tək məsələ zəngin Məhkum tərəfindən edilib-edilməməsi deyil. Əksinə, müəyyən edilməmiş məsələlərin dairəsi daha genişdir. Ilk növbədə, həmin zənglərə cavab verilib-verilmədiyi araşdırılmamışdır. Əgər zənglər cavablandırılmışdırsa, danışığın məzmunu və qarşı tərəfin nə eşitdiyi mühüm əhəmiyyət daşıya bilərdi. Əgər zənglər cavablandırılmamışdırsa, bu da ayrıca əhəmiyyətli haldır, çünki həmin vaxt telefonun kimdə olması və hansı məqsədlə istifadə edilməsi məsələsini gündəmə gətirir. Bundan əlavə, məhkəmə zənglərin hansı bazis stansiyalarından həyata keçirildiyini, telefonun həmin vaxt hansı ərazidə yerləşdiyini və bunun polis əməkdaşlarının təqdim etdiyi hadisələr ardıcıllığı ilə uyğun gəlib-gəlmədiyini araşdırmamışdır. Mobil operator məlumatları vasitəsilə telefonun konkret vaxtlarda hansı ərazidə olmasını müəyyən etmək mümkün olduğu halda, belə araşdırma aparılmamışdır. Daha vacib məqam isə ondan ibarətdir ki, həmin zənglərin edilməsindən sonra nə Məhkum atası, nə də həmin telefon əlaqələri ilə bağlı digər şəxslər ətraflı şəkildə dindirilməmişdir. Əgər polis əməkdaşları doğrudan da atasına zəng edərək oğlunun saxlanıldığını bildirmişlərsə, həmin zəngləri edən əməkdaşın kimliyi müəyyən edilməli idi. Həmin əməkdaşın ifadəsi alınmalı, zəngin hansı telefondan və hansı şəraitdə edildiyi araşdırılmalı idi. Iş materiallarından isə görünür ki, bu istiqamətdə hərtərəfli araşdırma aparılmamışdır. Bundan başqa, Məhkum bildirmişdir ki, həm özünün, həm də X-in üzərində mobil telefon olmuşdur. X-in istifadəsində olduğu göstərilən nömrə ilə bağlı məlumatların tam araşdırılıbaraşdırılmadığı da məlum deyil. Həmin nömrədən edilən və qəbul edilən zənglər, mesajlar, yer məlumatları və digər telekommunikasiya məlumatları hadisələrin real xronologiyasını müəyyən etməyə kömək edə bilərdi. Lakin görünür ki, istintaq bu istiqamətdə də zəruri araşdırmalar aparmamışdır. Ən diqqətçəkən məqamlardan biri isə Məhkum ifadəsində müstəntiqin sonrakı dövrdə onunla müəyyən mobil nömrələr vasitəsilə əlaqə saxlamasını göstərməsidir. O, konkret nömrələri belə qeyd etmişdir. Əgər istintaq həqiqətən hadisələrin dəqiq rekonstruksiyasında maraqlı idisə, həmin nömrələr üzrə trafik məlumatları, əlaqə tarixçəsi və yer məlumatları da araşdırılmalı idi. Bu məlumatlar Məhkum 21 oktyabr tarixində və digər vaxtlarda harada olması, kiminlə görüşməsi və istintaq hərəkətlərinin hansı şəraitdə aparılması barədə obyektiv məlumat verə bilərdi. Nəticə etibarilə, mobil telefon məlumatları bu işdə yalnız yardımçı sübut deyil, hadisələrin xronologiyasını obyektiv şəkildə müəyyən edə biləcək mühüm sübut mənbəyi olmuşdur. Lakin istintaq və məhkəmə həmin məlumatlardan yalnız ittihama uyğun gələn hissələri seçərək istifadə etmiş, onların doğurduğu digər sualları araşdırmamışdır. Zənglərin kim tərəfindən edilməsi, kim tərəfindən qəbul edilməsi, həmin vaxt telefonun kimdə olması, telefonun yerləşdiyi ərazi, zənglərin məzmunu barədə məlumatlar, həmin əlaqələrlə bağlı şəxslərin ifadələri və digər əlaqəli hallar araşdırılmadığından, mobil rabitə məlumatları ittihamı möhkəmləndirən deyil, əksinə, əlavə şübhələr yaradan sübut mənbəyi kimi çıxış edir. Bu iki hal – faktiki tutulma ilə istintaq hərəkəti arasındakı qeyri-müəyyən zaman boşluğu və telefon əlaqələrinin natamam araşdırılması – birlikdə qiymətləndirildikdə hadisələrin ittiham tərəfinin təqdim etdiyi formada baş verməsi barədə ciddi şübhələr yaradır. Həmin şübhələr isə məhkəmə tərəfindən aradan qaldırılmadığından, onlar təqsirləndirilən şəxsin ziyanına deyil, xeyrinə şərh edilməli idi. Beləliklə, iş üzrə əməliyyat-axtarış fəaliyyətinin sənədləşdirilməsi, tutulmanın hüquqi əsaslarının göstərilməsi, tutulmanın dərhal qeydə alınması, şəxsi axtarışın keçirilmə qaydası və maddi sübutun əldə edilməsinin şəffaflığı ilə bağlı ciddi və aradan qaldırılmamış ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər ittiham sübutlarının mötəbərliyi barədə əsaslı şübhələr yaratdığından və həmin şübhələr ittiham tərəfi tərəfindən aradan qaldırılmadığından, müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü arqumentlər əsaslı hesab edilməli, aşağı instansiya məhkəmələrinin həmin dəlillərə verdiyi qiymət isə kifayət qədər əsaslandırılmış sayılmamalıdır. Təqsirsizlik prezumpsiyası və “şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir” prinsipi baxımından bu hallar təqsirin sübuta yetirilməsinə dair qənaətin etibarlılığına ciddi təsir göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış şahid ifadələrini, istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini, videomaterialları və digər sübutları tam, hərtərəfli və obyektiv şəkildə qiymətləndirməmiş, sübutların məcmusundan irəli gələn nəticələri lazımi qaydada araşdırmamışlar. Həmçinin həmin məhkəmələr tərəfindən müdafiə tərəfinin irəli sürdüyü dəlillərin rədd edilməsinin konkret motivləri göstərilməmiş, bununla da CPM-in 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, .... Gecə təxminən 3-ə qalmış Şamaxı rayonunda “Şamaxı” restoranının qarşısında yol polisi əməkdaşları onları saxlatmış, həmin vaxt avtomobili X sürmüşdür. Polislər X-in avtomobili idarə etmək üçün etibarnaməsi olmadığını bildirəndə, o, narazılığını bildirmiş və elə bu vaxt başqa bir avtomobildə əməliyyat müvəkkilləri gəlmiş, onlara cinayət törətməkdə şübhəli olduqlarını və şöbəyə getməli olduqlarını bildirmişlər. Səbəbini soruşduqda, şöbədə aydınlaşdırılacağını demişlər. Şöbəyə gələndən sonra ona təzyiq etməyə və qorxutmağa başlamışlar və hədələmişlər ki, ya 1 qram heroini boynuna götürəcəksən ya da səni külli miqdarda yükləyib tutduracayıq. O da ilk dəfə olduğundan həyəcanlanmış və qorxmuş, atası ilə danışmış, atası səhər ora yaxınlaşacağını bildirmişdir. Gecə təxminən saat 4də-5-ə işləmiş ***-***-**-** saylı mobil nömrəsindən atasına məxsus ya ***-***-**-** və ya ***-***- **-** saylı mobil nömrəsinə zəng etmişlər. Həmin vaxt adını bilmədiyi R rütbəli polis əməkdaşı atası ilə danışmış, atası ona səhər yaxınlaşacağını bildirmişdir. Səhər təxminən 10:00-10:30 radələrində atası şöbəyə gəlmiş və ona demişdir ki, nə desələr razılaş, qol çək. Qardaşı da hüquqşünas olduğundan onunla da danışmış, o da qorxmamasını, nə desələr razılaşıb qol çəkməsini bildirmiş, o da 1 qramla razılaşıb hər şeyə qol çəkmişdir. Istintaq çəkilişi olmuş, ona bir büküm maddə verib demişlər ki, “qoy cibinə, sol cibindən çıxararsan, sağ cibindən telefon çıxararsan”. O da razılaşmışdır. 48 saatdan sonra evə buraxılmış, evdə məsləhətləşmiş, qardaşı ona narahat olmamasını, haqq-ədalətin məhkəmədə yerini tapacağını bildirmişdir. ...”. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilinməsi barədə nəticə iş üzrə sübutların tam və hərtərəfli qiymətləndirilməsinə əsaslanmamış, mühüm əhəmiyyət kəsb edən faktiki hallar lazımi səviyyədə araşdırılmamış, nəticədə iş üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» 09.09.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). CPM-in 349.5-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə hökm əsaslı hesab edilir. Lakin apellyasiya məhkəməsinin gəldiyi nəticələr sübutların obyektiv təhlilinə deyil, əsasən ittiham tərəfinin ehtimallarına söykənmişdir. Kollegiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri sübutların qiymətləndirilməsi zamanı selektiv yanaşma nümayiş etdirmişdir. Belə ki, qərarın əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə əsasən şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə üstünlük vermiş, müdafiə tərəfinin təqdim etdiyi sübutların isə etibarsız hesab edilməsinin səbəblərini göstərməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmadan, təqsirliliyə şübhə yaradan məqamların əksəriyyətinə lazımi hüquqi qiymət vermədən ittiham hökmünü dəyişdirmədən saxlamışdır. Bu isə CPM-in 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş pozuntular kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə faktiki hallara uyğun olmayan nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirməmiş, cinayət-prosessual qanunun tələblərini pozmuş və nəticədə qanunsuz ittiham hökmünü dəyişdirmədən saxlanmışdır. Baxılan iş üzrə yuxarıda qeyd edilən normaların tətbiqinə araşdırarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığı və bununla da Məhkum barəsində ittiham hökmünün çıxarılmasında səhvə yol verildiyi müəyyən olunur. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən sübutların tədqiqinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə istinad olunan normativ normalara və cinayət prosessual qanunvericiliklə müəyyən olunmuş sübutların yoxlanılması, tam, hərtərəfli və obyektiv araşdırılması, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsinə dair qaydalara uyğun nəticə hesab edilə bilməz. Kassasiyası məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədə müvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayətprosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə təqsirləndirilən şəxslərə bəraətin verilməsi və ya əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə Məhkum təqsirsiz bilinməsi barədə tələblərin irəli sürüldüyü kassasiya müraciəti üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlillərə qiymət verilmədən və bu barədə araşdırma aparılmadan, müdafiə tərəfinin kassasiya şikayətində göstərdiyi sübutların tədqiqi, iş üzrə müəyyən edilmiş faktiki halları mübahisələndirdiyi barədə dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə Məhkum barəsində qərar verməsini - CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə (416.1.2) və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə (416.1.3) apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, yuxarıda təsvir edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025-ci il tarixli qərar ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yeni baxış zamanı iş üzrə bütün sübutlar CPM-in tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirilməli, sübutlar arasındakı ziddiyyətlər aradan qaldırılmalı və qanuni, əsaslı və ədalətli qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2025ci il tarixli qərarı kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar