Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-346/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətməsinin sübuta yetirilməsi və ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilməklə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Səfərli Cavid Şamil oğlunun sədrliyi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə) ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə, ## ###### 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri M.M.Axund küçəsi ** nömrəli evdə yaşamış, hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicə alan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş, ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.2-cü maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edilmiş və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsə tapşırılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Xasməmmədov Elçin İsgəndər oğlunun sədrliyi ilə, hakimlər X4 və X6 ibarət tərkibdə) *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, 2024-cü ilin mart ayının əvvəllərində məlum olmayan digər şəxslərlə satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışından qazanc əldə etmələri ilə bağlı əvvəlcədən razılığa gəlib sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq qrup üzvü olan digər şəxslərin satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 6 (altı) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1025,0 qr; 775,0 qr; 1080,0 qr; 1035,0 qr; 1050,0 qr; və 1065,0 qr; olmaqla ümumi təmiz çəkisi 6030,0 qram olub külli miqdar təşkil edən, bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ## #### 2024cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində, yolun kənarında olan kolluq ərazidə gizlətdikdən sonra, qrup üzvündən həmin narkotik vasitənin gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat alıb əvvəlcədən razılaşdıqları kimi qeyd olunan tarixdə saat 18 radələrində özünə məxsus olan, idarə etdiyi “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik vasitənin gizlədildiyi, Lənkəran rayonu Nərimanabad qəsəbəsindəki həmin əraziyə gedib avtomobildən düşmüş, sellofan torbadakı qeyd olunan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb avtomobilə əyləşməklə satış məqsədi ilə qanunsuz olaraq həmin çəkilərdə narkotik vasitə qurudulmuş marixuananı əldə edib avtomobilin salonunda saxlayaraq Lənkəran rayonu Liman şəhəri istiqamətində daşıyarkən bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhərrayon X7 polis bölməsinin əməkdaşlarının ## #### 2024-cü il tarixdə saat 18:30 dəqiqədə Lənkəran rayonu Liman şəhəri 28 May küçəsində keçirdikləri əməliyyat tədbirləri zamanı qeyd edilən nəqliyyat vasitəsində hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib idarə etdiyi “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən külli miqdarda, 6 (altı) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1025,0 qr; 775,0 qr; 1080,0 qr; 1035,0 qr; 1050,0 qr; və 1065,0 qr; olmaqla ümumi təmiz çəkisi 6030,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana qeyd edilən nəqliyyat vasitəsinin ön sərnişin oturacağın ayaqaltı hissəsində qara sellofana bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərindən görünür ki, iş üzrə əsas mübahisələndirilən məsələ Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin qanuni və əsaslı olub-olmaması ilə bağlıdır. Protest müəllifi hesab edir ki, iş üzrə toplanmış sübutlar Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə həmin hərəkətlərə rəhbərlik etmək qabiliyyətinə malik olduğunu təsdiq edir. Bu baxımdan onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində məcburi müalicə təyin olunması barədə nəticə işin faktiki hallarına uyğun gəlmir. Məhkum edilmiş şəxs istintaq zamanı hadisənin başvermə mexanizmini ardıcıl və təfərrüatlı şəkildə izah etmiş, narkotik vasitənin əldə olunması ilə bağlı əvvəlcədən xarici ölkə vətəndaşı ilə əlaqə saxlamış, göndərilmiş koordinatlar əsasında həmin vasitəni götürmüş və sonrakı hərəkətlərini planlı şəkildə həyata keçirmişdir. Bu hallar onun davranışlarının məqsədyönlü və şüurlu xarakter daşıdığını göstərən mühüm faktlar kimi qiymətləndirilmişdir. Kassasiya protestində vurğulanır ki, ibtidai istintaq mərhələsində keçirilmiş ## ##### 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, anlaqlı hesab edilmiş və onun məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Həmin rəydə onun zaman, məkan və şəxsiyyət üzrə bələdliyinin saxlanıldığı, təfəkkürünün ardıcıl olduğu, psixopatoloji simptomların aşkar edilmədiyi və irəli sürülmüş ittihamın nəticələrini düzgün dərk etdiyi göstərilmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs əvvəllər müəyyən psixi pozuntu diaqnozu ilə qeydiyyatda olsa da, bu hal onun gündəlik həyat fəaliyyətinə və əmək fəaliyyəti ilə məşğul olmasına mane olmamışdır. Onun uzun müddət taksi sürücüsü kimi fəaliyyət göstərməsi və müstəqil həyat tərzi sürməsi həmin diaqnozun özlüyündə anlaqsızlıq halını təsdiq etmədiyini göstərir. Kassasiya protestində həmçinin bildirilir ki, birinci instansiya məhkəməsi tərəfindən sonradan təyin olunmuş stasionar və komisyon məhkəmə-psixiatrik ekspertizalarının rəyləri əvvəlki ekspertiza rəyi ilə ziddiyyət təşkil etmişdir. Həmin rəylərdə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğu göstərilsə də, belə nəticəyə hansı tibbi meyarlar və elmi metodlar əsasında gəlindiyi kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya baxışı zamanı dindirilmiş ekspert də Təqsirləndirilən şəxs hadisə zamanı anlaqsız vəziyyətdə olmasını müəyyən etməyə imkan verən konkret əlamətlər və metodikalar barədə aydın izahat verə bilməmişdir. Ekspertin ifadəsində göstərilən hallar əsasən onun sonrakı dövrdəki davranışları ilə bağlı olmuş, cinayət törədilən vaxt mövcud olmuş psixi vəziyyətin etibarlı şəkildə müəyyən edilməsini təsdiqləməmişdir. Bundan başqa, məhkəmələr ekspertiza rəylərini iş üzrə mövcud digər sübutlarla müqayisəli şəkildə qiymətləndirməmiş, Təqsirləndirilən şəxs cinayətin hazırlanması və icrası zamanı nümayiş etdirdiyi məqsədyönlü davranışlara lazımi hüquqi qiymət verməmişlər. Xüsusilə onun əvvəlcədən əlaqələr qurması, narkotik vasitənin yerləşdiyi ünvanı müəyyən etməsi, nəqliyyat vasitəsini idarə edərək həmin yerə getməsi, narkotik vasitəni götürməsi və daşıması kimi hərəkətlərin anlaqsız vəziyyətlə uzlaşmadığı göstərilmişdir. Dövlət ittihamçısı nəticə etibarilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq cinayət məsuliyyətindən azad edilməsi və onun anlaqsız hesab olunaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyini, birinci instansiya məhkəməsi tərəfindən sonradan təyin olunmuş stasionar və komisyon məhkəmə-psixiatrik ekspertizalarının rəyləri əvvəlki ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməsi və onun anlaqsız hesab olunaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair cinayət işi üzrə CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəldiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri anlaqsız vəziyyətdə törətməsinə görə cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq tətqiq olunmuş sübutlardan aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Adıçəkilən normanın mətnindən göründüyü kimi əməlin cinayət sayılması və cinayət məsuliyyətinin yaranması üçün həmin əməldə cinayət tərkibinin bütün zəruri əlamətləri mövcud olmalıdır. Məlum olduğu kimi cinayət hüququnda cinayət tərkibinin 4 zəruri əlaməti nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardan ibarətdir: 1) cinayətin obyekti (qəsdin yönəldiyi ictimai münasibətlər); 2) cinayətin obyektiv cəhəti (hərəkət və ya hərəkətsizlik, ictimai təhlükəli nəticə və əməllə nəticə arasındakı səbəbli əlaqə); 3) cinayətin subyekti (anlaqlı fiziki şəxs); 4) cinayətin subyektiv cəhəti (subyektin əmələ psixi münasibəti, yəni təqsirin forması, habelə motiv, məqsəd, niyyət və s). Sadalanan tərkib ünsürləri istənilən cinayətin zəruri elementləridir və onlardan hər hansı birinin mövcud olmaması cinayət məsuliyyətini istisna edir. Odur ki, cinayət məsuliyyətinin yaranması üçün əməldə qeyd edilən ünsürlər məcmu halında birgə mövcud olmalıdır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi, yalnız öz əməlinin faktiki xarakterini dərk edən, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görən və bunu arzu edən anlaqlı fiziki şəxs qəsdən törədilən cinayətə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Lakin belə əlamətlərə malik olmayan, o cümlədən anlaqsız şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə Lənkəran rayonu ərazisində qabaqcadan ona yeri göstərilmiş külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, daşımış və saxlamışdır. Həmin cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmiş və Təqsirləndirilən şəxs psixi cəhətdən sağlam olması, öz əməlinin faktiki xarakterini dərk etməsi və hərəkətlərini idarə etmək iqtidarında olması müəyyən edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində ittiham aktı tərtib edilməklə cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən Təqsirləndirilən şəxs psixi xəstəliyinə dair şübhələr yaranmışdır. Belə ki, məhkəmənin əldə etdiyi məlumatlara görə Təqsirləndirilən şəxs hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararsız olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş **** saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs “qarışıq tipli dissosiativ (konversion) pozuntu” adlanan psixi xəstəlik müəyyən edilmiş və bu xəstəliyin onu hərbi xidmət etmək imkanından məhrum etməsi qeyd edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən təkrar stasionar komisyon məhkəmə-psixiatrik ekspertizaları təyin edilmiş və müvafiq rəylər əldə edilmişdir. Belə ki, təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının ## ##### 2025-ci il tarixli ** nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Qarışıq tipli dissosiativ (konversion) pozuntu” müəyyən edilir. Hal-hazırda psixi vəziyyətinə görə və anamnezində özünü kəsmələrin olması nəzərə alınaraq Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müəlicəyə ehtiyacının yarandığı müəyyən edilir və onun barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman “Qarışıq tipli dissosiativ (konversion) pozuntu” xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təkrar komisyon məhkəmə-psixiatrik ekspertizasının ## #### 2025-ci il tarixli ** nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının ## ##### 2025-ci il tarixli ** nömrəli rəyinin əsaslı olubolmadığının müəyyənləşdirilməsi məhkəmə psixiatrik ekspertizasının səlahiyyətinə aid deyildir. Belə ki, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə məhkəmə ekspertizası apanlarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Bununla yanaşı qeyd olunmalıdır ki, təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının ## ##### 2025-ci il tarixli ** nömrəli rəyinin nəticəsinə əsasən cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs qarışıq tipli dissosiativ (konversion) pozuntu müəyyən edildiyindən onun təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı qənaətinə gəlinmiş və həmin şəxs törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilmişdir. Hal-hazırkı ekspertiza zamanı da ekspert komissiyası eyni qənaətə gəlmişdir. Həmçinin ## ##### 2025-ci il tarixli ** nömrəli təkrar stasionar məhkəmə psixiatrik ekspertizası və hazırkı ekspertiza zamanı əsas müayinə metodu kimi klinik-psixopatoloji metod tətbiq olunmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qarışıq tipli dissosiativ (konversion) pozuntudan əziyyət çəkir. Tibbi sənədlərə və anamnestik məlumatlara əsasən Təqsirləndirilən şəxs həmin psixi pozuntu cinayət əməlini törətməzdən əvvəl təzahür etmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən qarışıq tipli dissosiativ (konversion) pozuntudan əziyyət çəkmişdir. M.T.Rustəmli cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da qarışıq tipli dissosiativ (konversion) pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Sualın ikinci hissəsinə cavab olaraq bildiririk ki, «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə barəsində CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Göründüyü kimi, aşağı instansiya məhkəmələrində Təqsirləndirilən şəxs anlaqsız olması, yəni onun cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etməməsi, onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmaması kifayət qədər öz təsdiqini tapmışdır. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 21.1-ci maddəsinə əsasən anlaqsız hesab etmiş, onu cinayət məsuliyyətindən azad etmiş və sosial təhlükəliliyini nəzərə alaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmişdir. Kassasiya protestinin məhkumun gündəlik hərəkətlərində anlaqsızlıq halını təsdiq etmədiyini göstərən hərəkətləri ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı işə qismən məhkəmə istintaqı aparılmaqla baxılmış və ##.##.2025-ci il tarixli qərarla təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Lakin “xxxx” publik hüquqi şəxsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş ## ###### 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ekspert çatışmazlığı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində təyin olunmuş təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi mümkün deyil. Qərarda qoyulan məsələlərə əvvəlki ekspertizalarda ətraflı aydınlıq gətirilmişdir. Belə ki, apellyasiya baxışı zamanı Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin ekspertpsixiatrı, əvvəlki ekspert rəylərinin verilməsində iştirak etmiş X11 dindirilmiş və o, əvvəlki ekspert rəylərini izah etmişdir. Ekspert G.N.Mustafayeva apellyasiya baxışında qeyd etdi ki, əvvəlki ekspertizalar zamanı Təqsirləndirilən şəxs dəfələrlə stasionar şəraitdə müayinə olunmuş və ekspert komissiyası yekdilliklə onu psixi xəstə olması, həmçinin cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etməməsi, onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmaması müəyyən edilmişdir. Bundan başqa, qeyd edir ki, Təqsirləndirilən şəxs malik olduğu psixi xəstəlik onu avtomobil idarə etmək, gündəlik sərbəst hərəkət etmək, məntiqi görünən bir sıra hərəkətləri yerinə yetirmək imkanını istisna etmir. Belə ki, Təqsirləndirilən şəxs belə hərəkətləri mexaniki vərdişlərin formalaşması nəticəsində yerinə yetirir. Lakin onun törətdiyi əmələ münasibəti təfəkkür prosesidir. O, mexaniki vərdişləri yerinə yetirsə də, əqli cəhətdən törətdiyi əməlin xarakterini dərk edə bilmir və xəstəlik nəticəsində iradi sferası pozulduğuna görə ictimai təhlükəli vərdişlərdən çəkinə bilmir. Əvvəlki ekspert rəylərində də bu barədə ətraflı tədqiqat aparılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən ekspertizaların rəyləri nəzərdən keçirib nəticəyə gəlmişdir ki, həmin rəylərin əsaslılığı şübhə doğurmur, onların əsassız olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq məhkəmə baxışı zamanı keçirilmiş təkrar komisyon məhkəməpsixiatrik və psixioloji ekspertizalarının rəyləri mötəbər sübut kimi qəbul etmiş, kassasiya protestinin həmin rəylərinin əsassız olması və şübhə doğurması barədə dəlillər əsassızdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi zamanı anlaqsız vəziyyətdə olduğu üçün cinayət məsuliyyətindən azad edilməsi və onun anlaqsız hesab olunaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını əsaslı olaraq qüvvədə saxlamışdır. Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 30. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0-cı maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: 95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; 95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 95.0.3-cü maddəsinin tələblərini rəhbər tutub əsaslı olaraq Məhkum ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qərarı kifayət qədər əsaslandırılmışdır, məhkəmə hansı səbəbdən məhkəmə-psixiatrik ekspertizaların rəylərini sübut kimi qəbul etdiyini izah etmişdir. Beləliklə, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri qərarda göstərilmişdir. Odur ki, kassasiya protestinin bu barədəki dəlili əsassızdır. Həmçinin iş materiallarından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə Təqsirləndirilən şəxs anlaqsız hesab olunaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-346/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-346/2026
14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver