Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-347/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin (hakim: Həsənov Vaqif Iskəndər oğlunun sədrliyi) 24 noyabr 2025-ci il tarixli 1(012)-964/2025 nömrəli hökmü ilə ##.##.1995-ci ildə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, x rayonu, x ərazi dairəsi, x kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun üzərinə yaşayış yerini 20:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, onun hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bakı şəhər Probasiya Idarəsinə həvalə edilməsi, cəzaçəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanması, cəzasının icrasının Bakı şəhər Probasiya Idarəsinə həvalə edilməsi və cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ağayev Rəşadət Əhməd oğlu (sədrliyi və məruzəsi ilə), Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət məhkəmə tərkibində) 22 yanvar 2026-cı il tarixli 1(105)-906/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli hökmü dəyişdirilmiş, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 2.6-cı bəndinə əsasən Məhkum Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli 1(012)-964/2025 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2024-cü ilin avqust ayının əvvəllərindən 11.09.2024-cü il tarixədək olan müddət ərzində Abşeron rayon, x qəsəbəsi, “x MTK” yaşayış kompleksində yerləşən “xxxx” MMC-nin x 13 filialından müxtəlif vaxtlarda 300 manat dəyərində 20 kq çəkidə “Oxotnik” və “Ovçular” adlı kolbasalar, 13 ədəd hər biri 24 manat dəyərində “Golden” markalı yağlar, 15 ədəd hər biri 24 manat dəyərində “West gold” markalı yağlar, 20 ədəd hər biri 2 manat 50 qəpik dəyərində “Fanta” markalı qazlı içkilər, 23 ədəd 2 manat 50 qəpik dəyərində “Coca cola” markalı qazlı içkilər, 12 ədəd hər biri, 1 manat 15 qəpik dəyərində “Sirab” markalı qazlı sular, 25 ədəd 3 manat 19 qəpik dəyərində “Lays” markalı cipslər, 21 ədəd hər biri 2 manat 50 qəpik dəyərində “Ozmo” markalı şokoladlar, 24 ədəd hər biri 2 manat 50 qəpik dəyərində “Kinder” markalı şokoladlar, 2ədəd hər biri 3 manat 50 qəpik dəyərində “Pop kek” markalı şirniyyatlar, 12 ədəd hər biri 3 manat 20 qəpik dəyərində “Alpen gold” markalı şokoladlar, 6 ədəd hər biri 1 manat 20 qəpik dəyərində “Snickers” markalı şokoladlar, 170 manat dəyərində meyvə-tərəvəz, 1 ədəd 14 manat dəyərində bal, 5 ədəd hər biri 4 manat dəyərində “Bizim tarla” markalı turşular, 70 ədəd hər biri 80 qəpik dəyərində “Milla” markalı yoğurtlar, 6 ədəd hər biri 36 manat dəyərində “Ariel” markalı yuyucu tozlar, 7 ədəd hər biri 11 manat dəyərində “Fairy” markalı qab şampunlar, 5 ədəd hər biri 5 manat dəyərində “Papia” markalı salfetlər, 6 ədəd hər biri 13 manat dəyərində “Head and Shoulders” markalı saç şampunlar, 4 ədəd hər biri 31 manat dəyərində “Final” markalı duru yağlar, 1 ədəd 14 manat dəyərində “Montenemo” markalı yağ, 150 manat dəyərində 15 ədəd 2 kiloqram çəkidə toyuqlar, 1 ədəd 23 manat 23 qəpik dəyərində “Beta” markalı çay, 1 ədəd 12 manat 30 qəpik dəyərində “Berqa” markalı çay, 10 ədəd “Milla” markalı hər biri 3 manat 20 qəpik olan südlər, 20 ədəd hər biri 2 manat olan “Milla” markalı ayranlar, 5 ədəd hər biri 5 manat olan “Milla” markalı qatıqlar, 3 ədəd hər biri 3 manat olan “Milla” markalı kəsmiklər, 10 ədəd hər biri 4 manat 90 qəpik olan “Atena” markalı smetanlar və 26 manat dəyərində hər biri 1 manat olan doğranılmış çörəklər olmaqla ümumilikdə 2518 manat 68 qəpik dəyərində müxtəlif adda ərzaq məhsullarını vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum kassasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə vurulmuş maddi ziyanın məbləğini düzgün müəyyən etməmiş, cinayət işinin materiallarında olan video-görüntülərlə “xxxx” MMCyə 2518 manat 68 qəpik məbləğində ziyanın vurulması sübuta yetirilməmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, faktiki olaraq onun tərəfindən vurulmuş ziyan təqribən 600 manat həcmində olmuşdur və məhkəmə tərəfindən təyin edilən cəza törədilmiş əməlin ağırlığına və onun şəxsiyyətinə uyğun olmadan əsassız olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən, iş üzrə zərərçəkmiş şəxsin yenidən dindirilməsi, eləcə də işdəki digər sübutların tədqiq edilməsi zərurəti olduğundan hazırkı iş üzrə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsi zəruridir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026cı il tarixli qərarının ləğv edilərək, iş üzrə məhkəmə baxışının tam həcmdə məhkəmə istintaqı keçirilməklə aparılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, 2 az yaşlı övladı olduğunu, əməlindən peşman olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 177.1-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən detallı sadalamağa zərurət görmür. Kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, məhkum iş üzrə yeni faktiki hallardan (maddi ziyanın məbləğini düzgün müəyyən etməməsi, cinayət işinin materiallarında olan video-görüntülərlə 2518 manat 68 qəpik məbləğində ziyanın vurulmasının sübuta yetirilməməsi) çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qarşı CM-in 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi onun özünün verdiyi izahat və ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk, inventarizasiya siyahısı, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması haqqında protokollar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan yalnız videogörüntülərlə deyil, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, inventarizasiya siyahısı, istintaq zamanı toplanmış digər yazılı sübutlar və onların məcmusu ilə müəyyən edilmişdir. O cümlədən, Məhkum kassasiya şikayətində əks olunan vurulmuş maddi ziyanın bir hissəsinin guya naməlum başqa şəxs və şəxslər tərəfindən törədilmiş digər oğurluq halları ilə əlaqələndirilməsinə dair dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmlərinin gəlmiş olduğu nəticə ilə razılaşıraraq qeyd edir ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu Məhkum vahid niyyətlə, müəyyən zaman kəsiyində ardıcıl olaraq oğurluq əməli törətməsini və nəticədə zərərçəkmiş hüquqi şəxsə 2518 manat 68 qəpik məbləğində maddi ziyan vurmasını təsdiq edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Məhkum hərəkətində CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qarşı CM-in 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Məhkum, ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 177.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində azyaşlı iki övladının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəməsi araşdırılması zamanı isə Məhkum cəzasını yüngülləşdirən hər hansı yeni hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-347/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-347/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver