Məhkəmə qərarları › İş №1(1-8)-354/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-354/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-354/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 1(106)- 302/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən və məruzəçi), Cavanşir Nəbiyev və Esmira Məmmədova) 23 dekabr 2024-cü il tarixli, 1(099)- 805/2024 nömrəli hökmü ilə 24 iyun 1988-ci il tarixdə Kürdəmir rayonu, Carlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Kürdəmir rayonu, Carlı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 20 iyun 2024-cü il tarixdən 22 iyun 2024-cü il tarixədək olan 2 (iki) gün müddət, ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, ona qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 20 iyun 2024-cü il tarixdə saat 00:10 radələrində Kürdəmir rayonu, Carlı kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs ilə telefonla danışarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncunun yaşadığı evin həyətyanı sahəsində özü ilə yaşadığı evdən gətirdiyi 16 kalibrli “BM” modelli 81036 №-li ov tüfəngi ilə iki dəfə Zərərçəkmiş şəxs atəş açaraq ona sol diz və sol baldır nahiyələrinin qırma yaraları, sol bud sümüyünün bayır kondilusunun yerinidəyişən açıq sınığı, dizaltı arteriya venalarının və böyük əzələ qruplarının zədələnməsi, travmatik şok, kütləvi qanitirmə, sol aşağı ətrafın (baldır və sol ayaq nahiyəsinin) infeksiyalaşmış yaraları, sol ayağın açma və bükmə funksiyalarının itirilməsinə səbəb olmuş ağırlıq dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Habil Bəhmənov) 05 mart 2025-ci il tarixli 1(106)- 302/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 1(099)-805/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 1(106)-302/2025 nömrəli qərarının ləğv edilməsini və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi tərəfindən cinayət işi tam, obyektiv araşdırılmamışdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən tərtib olunmuş 1(099)-805/2024 10/13 vərəqində qeyd olunub ki, məhkəmə tərkibi qanuni əsaslandırılmış və ədalətli cəza təyin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla lazımi cəzalandırma təsirini təmin edir. Əgər elədirsə, bəs nə üçün Zərərçəkmiş şəxs özbaşınalığı ilə əlaqədar cinayət işi başlanılmamış və ona 1200 AZN borcu olduğu halda bildirmişdir ki, “Sənin pulunu vermirəm, verməyəcəm də. Bir də məni narahat etmə. Əgər məni narahat etsən, başına 100 oyun gətirərəm”-deyib ona yumruq atmış, ona yetirdiyi xəsarətlər nəticəsində ön dişləri çıxmış, alt dişləri əyilmişdir. Yəni birinci o, məhkuma xəsarət yetirmiş və onun zərbədən sonra sağ gözünün görmə qabiliyyəti zəifləmiş və CPM-in 290.2.10-cu maddəsi tam şəkildə ibtidai istintaq orqanı tərəfindən pozulmuşdur. Cinayətin törədilmə hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməməsini, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarda formalaşdığı hüquqi mövqeyə əsasən qanunverici orqan tərəfindən cinayət hüquq norması qəbul edilərkən qanunçuluğun prinsiplərindən olan qanunun aliliyi, vahidliyi, məqsədəuyğunluğu və qanunçuluğun reallığı prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirilməli olduğuna əhəmiyyət verməyərək, hansı səbəbdən cinayət törətdiyini araşdırmadan ittiham aktını tərtib edərək məhkəməyə baxılması üçün göndərilmişdir. Bəs nə üçün onu vuran şəxsin özbaşınalığına, onu vurduğuna görə ona cinayət işi açılmamışdır. Bununla bağlı 3 nəfər şahidi olduğunu bildirməsinə baxmayaraq, müstəntiq buna məhəl qoymamışdır. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, ibtidai istintaq orqanı doğrudüzgün işin tam, obyektiv araşdırmaq, şahid qismində ifadə verən şəxslərin ifadələrinin alınması, cinayətin hansı səbəbdən baş verməsini araşdırmağından ibarət olduğu halda ibtidai istintaq orqanı öz mülahizəsi ilə qarşı tərəfə haqq qazandıraraq qarşı tərəfi məsuliyyətə cəlb etməmişdir. Məhkum yuxarıda yazılanları, müstəntiq tərəfindən ilk olaraq ona xəsarət yetirən şəxsi zərərçəkmiş şəxs qismində tanınmasını və həmin şəxsin məsuliyyətə cəlb edilməməsini, həmçinin atasının vəfat etməsini, anasının qoca, yaşlı, xəstə olması, 4 azyaşlı övladının olması və xəstə anasının təqaüdü ilə ailəsini dolandırması (yəni maddi dolanışığının ağır olduğunu) nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkum Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr məhkum Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirliliyi barədə nəticəyə gələrkən işin faktiki hallarını və məhkumun ailə vəziyyətini lazımi qaydada nəzərə almamış, habelə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinə hüquqi qiymət vermədən onun barəsində ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, məhkum zərərçəkmiş şəxsə qəsdən sağlamlığa ağır zərər vurması faktını, habelə əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə hüquqi tövsifini mübahisələndirmir. Kassasiya şikayətində əsas etibarilə məhkəmələrin işin hallarını qiymətləndirməsi və cəza təyin edilərkən nəzərə alınmalı olan xüsusatlara düzgün hüquqi qiymət verilməməsi mübahisə olunur. Məhkəmə kollegiyası cinayət işi üzrə aşağı instansiya məhkəmələri tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına riayət olunmasını yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-in 144–146cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmış, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini qiymətləndirərək onların məcmusu əsasında belə nəticəyə gəlmişdir ki, Məhkum şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin yaşadığı evin həyətyanı sahəsində sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Aşağı instansiya məhkəmələri iş üzrə gəldikləri nəticələri hansı sübutlara əsaslandırdıqlarını, ayrı-ayrı sübutlara hansı səbəblərdən üstünlük verdiklərini hökm və apellyasiya qərarında ətraflı göstərmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusunu və işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmələrin məhkum Məhkum təqsirliliyi və əməlinin hüquqi tövsifi barədə gəldikləri nəticə iş materiallarına tam uyğundur. Məhkumun təqsiri müəyyən edilərkən sübutlar Azərbaycan Respublikası CPMin 144–146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirilmişdir. İş materiallarında əks olunmuş hadisənin baş vermə şəraiti və mexanizmi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər mötəbər sübutların məcmusu ilə təsdiq edilir. Həmin sübutlar Məhkum zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasını təsdiq edən yekun və mötəbər nəticəyə gəlməyə kifayət edir. Məhkəmə baxışı zamanı qeyd olunan sübutlar bilavasitə tədqiq edilmiş, Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Məhkum qeyd edilən cinayət əməlini törətməsi barədə yekun nəticə cinayət işi üzrə ibtidai istintaq zamanı toplanmış, məhkəmə baxışında bilavasitə tədqiq edilmiş və düzgün hüquqi qiymət verilmiş sübutların məcmusuna əsaslanır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı sübutların toplanmasında , nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətində göstərmişdir ki, hadisə zamanı ilk olaraq xəsarətlər zərərçəkmiş şəxs tərəfindən ona yetirilmişdir. Bu səbəbdən də, onun fikrincə, zərərçəkmiş şəxs də cinayət məsuliyyətinə cəlb edilməli idi. Məhkəmə kollegiyası bu dəlillə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxır. Məhkəmə baxışı zamanı məhkəmə yalnız təqsirləndirilən şəxsin əməlinin hüquqi qiymətini verə, onu daha yüngül cinayət qanunu ilə tövsif edə və ya ittihamın ayrı-ayrı hissələrini istisna edə bilər. CPM-in 318.2-ci maddəsinə əsasən isə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətləri müəyyən edildikdə, dövlət ittihamçısının, qanunda nəzərdə tutulmuş hallarda isə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxa bilər. Cinayət işinin materiallarından görünür ki, müstəntiqin 26 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hərəkətlərində cinayət tərkibinin əlamətlərinin müəyyən edilmədiyi göstərilərək onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından həmçinin görünür ki, məhkum Məhkum 27 noyabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə cinayət işinin bütün materialları, o cümlədən həmin qərarla tanış olmuş, ona qarşı etiraz və ya vəsatət verməmiş, habelə həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. Belə olan halda, məhkəmə yalnız məhkuma qarşı irəli sürülmüş ittihamın əsaslılığını yoxlamaq səlahiyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxsin hərəkətlərinə hüquqi qiymət verilməməsi və ya onun barəsində cinayət təqibinin başlanmaması məhkəmənin hökmünün qanuniliyinə təsir göstərən hal hesab edilə bilməz və hökmün ləğv edilməsi və ya işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsas yaratmır. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır Bundan əlavə, birinci instansiya məhkəməsi məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etmişdir. Belə ki, məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən məhkumun himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin CM-in 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini isə CM-in 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. İş materiallarından həmçinin görünür ki, məhkum törətdiyi əmələ münasibətdə səmimi peşmançılıq nümayiş etdirməmiş, habelə zərərçəkmiş şəxslə barışmaq və vurulmuş ziyanın nəticələrini aradan qaldırmaq istiqamətində təşəbbüs göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyası həddində təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə, habelə iş üzrə müəyyən edilmiş bütün hallara uyğundur. Həmin cəza öz sərtliyinə görə açıq-aşkar ədalətsiz hesab edilə bilməz. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş əsaslardan hər hansı biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 1(106)- 302/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2025-ci il tarixli 1(106)-302/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar