Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-355/2026 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1972-ci il tarixdə Sabirabad rayonu, Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il # ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçiləri müdafiəçi3 və müdafiəçi2 tərəfindən birgə, müdafiəçi müdafiəçi1 tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər N.Məmmədov (sədrlik edən və məruzəçi) X.Nuriyev və O.Cəlilov) Məhkum Azərbaycan Respublikası CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CMin 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il # ###### tarixli *(***)- ***/**** nömrəli qərarı ilə (hakimlər C.Sultanov (sədrlik edən), P.Hacıyev və Q.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il # ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçiləri müdafiəçi3 və müdafiəçi2 tərəfindən birgə, müdafiəçi müdafiəçi1 tərəfindən ayrılıqda kassasiya şikayətləri verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2025-ci ilin aprel ayının əvvəllərində Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən evinin həyətyanı sahəsi ilə üzbəüz olan qamışlıq ərazidə məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını metal və plastik çəlləklərdə, torpaqda qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq etməklə külli miqdarda 621 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, ## ### 2025-ci il tarixdə Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı həyətyanı sahəyə və göl qırağına baxış keçirilərkən ümumilikdə külli miqdarda 621 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 3700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 485,29 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə edib, bir hissəsini yaşadığı Sabirabad rayonu, Nərimankənd kəndindəki evinin həyətyanı sahəsində qoyulmuş ağ rəngli plastik su çəninin altında, qalan hissəsini evinin qarşısındakı göl qırağında, qamışlıq ərazidə plastik qutunun içərisində saxlamış, ## ### 2025-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı həyətyanı sahəyə və göl qırağına baxış keçirilərkən həyətyanı sahədə su çəninin altında 1 ədəd sellofan bükümdə 7,76 qram, gölün kənarında qamışlıq sahədə isə 2 ədəd plastik qutularda, birində 65,0 qram, 5,0 qram, 155,0 qram, 170,0 qram və 40 qram olmaqla 5 ədəd sellofan bükümdə, digərində isə 40,0 qram və 2,53 qram olmaqla 2 ədəd sellofan bükümdə, ümumilikdə 8 ədəd sellofan bükümdə xeyli miqdarda 485,29 qram çəkidə orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçilər müdafiəçi3 və müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, Məhkum əməli düzgün tövsif olunmamışdır. Belə ki, polis əməkdaşları tərəfindən baxış keçirilərək götürülən narkotik tərkibli çətənə bitkilər məhkuma məxsus olmuşdur. O, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı bir il öncə əkilmiş bitkilərdən toplayaraq şəxsi istifadəsi üçün saxlamışdır. Narkotik vasitələrdən heç kimə verməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa, müvafiq raportda Məhkum Sabirabad rayonunun Nərimankənd kəndində narkotik vasitələrin satışı ilə məşğul olması göstərilsə də, onun narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamış, bükümlərə bölünmədən başqa satışa dəlalət edən heç bir sübut aşkar edilməmişdir. Müdafiəçilər kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il # ###### tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən sübutlar mövcud olmamış, məhkəmələr işin faktiki və həqiqi halları üzrə düzgün nəticəyə gəlməmişlər. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, Məhkum cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Halbuki iş materiallarından görünür ki, Məhkum himayəsində İ Qarabağ müharibəsinin qazisi, birinci dərəcəli əlil qardaşı, yetkinlik yaşına çatmayan övladı və azyaşlı nəvəsi vardır. CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Bundan əlavə, məhkəmələr Məhkum törətdiyi əməldən səmimi peşmançılığını bildirməsini, əməliyyat-axtarış tədbirləri keçirilən zaman könüllük prinsipi üzrə saxladığı, əkib-yetişdirdiyi çətənə kollarının saxlandığı yeri mübahisəsiz qaydada polis əməkdaşlarına bildirmişdir. Bütün bu diqqətəlayiq hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsaslanaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il # ###### tarixli *(***)-***/**** nömrəli qərarının dəyişdirilməsini, Məhkum təyin edilmiş cəzanın həddinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçilər kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin düzgün tövsif edilmədiyini, həmçinin cəza təyini zamanı cinayət qanununun normalarının düzgün tətbiq olunmadığını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il # ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni 2025-ci ilin aprel ayının əvvəllərində Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən evinin həyətyanı sahəsi ilə üzbəüz olan qamışlıq ərazidə məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını metal və plastik çəlləklərdə, torpaqda qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq etməklə külli miqdarda 621 ədəd (ümumi çəkisi 3700 qram olan) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etməsi, həmçinin satış məqsədi ilə qanunsuz xeyli miqdarda 485,29 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə edib, bir hissəsini yaşadığı evin həyətyanı sahəsində qoyulmuş ağ rəngli plastik su çəninin altında (1 büküm), qalan hissəsini isə (7 bükümdə) evinin qarşısındakı göl qırağında, qamışlıq ərazidə plastik qutunun içərisində saxlaması, müvafiq olaraq da onun əməlində CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə (özünün qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbiri qismində fərdi yaşayış evinə, yaşayış və qeyriyaşayış sahəsinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş videoçəkiliş, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübut və digər sənədlər) müəyyən edilmişdir. Iş materiallarından görünür ki, müdafiə tərəfi Məhkum CM-in 237.2.3-cü maddəsi ilə təqsirliliyini nə apellyasiya şikayətində, nə də kassasiya şikayətində mübahisələndirməmiş, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərinin məzmunundan görünür ki, şikayət müəllifləri məhkum Məhkum narkotik vasitəni satış məqsədi ilə saxlamadığını, onun əməlinin CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia etmişlər. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə həmin norma (hazırkı işin kontekstində) satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il ## #### tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il ## #### tarixli * saylı qərarının 9-cu bəndində izah olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Işin hallarından görünür ki, Məhkum yaşadığı evin həyətyanı sahəsində və evin qarşısındakı gölün kənarında qamışlıq ərazidə plastik qabdan ümumilikdə 8 bükümdə narkotik vasitə marixuana aşkar edilmiş, aşkar edilmiş narkotik vasitənin miqdarı isə xeyli miqdar (485,29 qram) təşkil etməklə, şəxsi istehlak miqdarından (5 qramadək) dəfələrlə çox, hətta külli miqdarın aşağı həddinə (500 qram) yaxın miqdarda olmuşdur. Müdafiə tərəfinin aşkar edilmiş narkotik vasitənin satış niyyəti ilə deyil, şəxsi istehlak məqsədilə əldə edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, Məhkum külli miqdar təşkil edən 621 ədəd çətənə bitkisini avqotexniki qaydada qulluq etməklə əkib yetişdirməsi və şəxsi istehlak miqdarından dəfələrlə artıq (97 dəfə) miqdarda 485,29 qram qudurulmuş marixuananı bükümlərə bölüb müxtəlif yerlərdə saxlaması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına və qurudulmuş marixuananı da satış məqsədilə əldə edərək saxlamasına dəlalət edir. Müdafiə tərəfinin kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən Məhkum şəxsiyyətinin və cəzasını yüngülləşdirən halların nəzərə alınmadan ona ağır cəzanın təyin edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli ** saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4- cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan cinayət-hüquqi normaları nəzərə alınmaqla kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə edib yoxladıqda, müdafiə tərəfinin məhkuma münasibətdə ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və belə qənaətə gəlmişdir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzalar həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bu hissədə də apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (əkilmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin sayının çox olması, saxlanılmış qurudulmuş marixuananın miqdarı), onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona CM-in 234.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası, CMin 237.2.3-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq kultivasiya edilmiş və əldə edilmiş narkotik vasitənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi məhkum Məhkum 621 ədəd çətənə kolunu əkib-becərmiş, təmiz çəkisi 485,29 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il ## #### tarixli ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr» başlıqlı “İ siyahı”nın 12-ci sətrinə əsasən marixuana-kannabis narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi qurudulmuş üçün 5 qram, qurudulmayan üçün 25 qram, külli miqdarının aşağı həddi qurudulmuş üçün 500 qram, qurudulmayan üçün isə 2500 qramdır. Həmin Qanunla təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” başlıqlı “III siyahı”nın 1-ci sətrinə əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə bitkisinin (onun hissəsinin) xeyli miqdarı – 3-15 ədəd (6-30 hissə), külli miqdarının aşağı həddi isə 16 ədəd (31 hissə)-dir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkum Məhkum apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən düzgün olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkumun əməlində cəzasını ağırlaşdıran halların olması müəyyən edilməsə də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Müdafiə tərəfi kassasiya şikayətində məhkumun cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını iddia etsə də, nəzərə alınmalıdır ki, cəzanı yüngülləşdirən hallar dedikdə, cinayət tərkibindən kənarda qalan, təqsirkarın şəxsiyyətini müsbət xarakterizə edən və ya əməlin ictimai təhlükəlilik dərəcəsini azaldan, buna görə də daha yüngül cəza təyin edilməsinə əsas verən hüquqi faktlar və vəziyyətlər başa düşülür. Kassasiya şikayətində sadalanan hallara münasibətdə qeyd edilməlidir ki, Qarabağ müharibəsi qazisi birinci dərəcəli əlil qardaşının və azyaşlı nəvəsinin məhkumun himayəsində (öhdəsində) olması rəsmi sənədlərlə təsdiq olunmadığından, övladları isə azyaşlı olmamaqla, biri tələbə, digəri isə hərbi xidmətdə olduğundan, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq bu halları onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq insanların həyat və sağlamlığına, cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərər vurulmasına, insanların narkotik bəlasına düçar olmasına şərait yaradan şəxsin daha yüngül cəza təyin edilməsi yolu ilə islah olunması, eləcə də cəzanın məqsədlərinə nail olunması məhkəmə kollegiyasına real və inandırıcı görünmür. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il # ###### tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçilər müdafiəçi3 və müdafiəçi2 tərəfindən birgə, müdafiəçi1 tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsində olan 2026-cı il # ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-355/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-355/2026
22.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver