Məhkəmə qərarları › İş №1(1-8)-358/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-358/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-358/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2025-ci il tarixli 1(106)-36/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Vüqar Əhmədov (sədrlik edən və məruzəçi), Nahid Hüseynov və Neymət Məmmədov) 05 iyul 2024-cü il tarixli, 1(099)-167/2024 nömrəli hökmü ilə 14 dekabr 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 9s ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X1, X2 və İsmayılov Ülzan İsmayıl oğlu da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qardaşı X1, tanışları İsmayılov Ülzan İsmayıl oğlu, X2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Nehmət» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Nehmət» adlı şəxs və qeyriləri tərəfindən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 64,706 qram (altmış dörd tam mində yeddi yüz altı qram) çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 10785,0 qram (10 kiloqram 785 qram) çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və yerdə yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Ülzan İsmayılova məlumat verildikdən sonra sonuncu cinayətkar plana uyğun olaraq sözü gedən narkotik maddələri əldə etmək, saxlamaq, daşımaq və satmaq məqsədilə Elşən Məmmədova, Rəşad Budaqova və Məhkum məlumat verdikdən sonra onlar birlikdə məlum olmayan vaxtda, məlum olmayan ünvana gedib şəxsiyyəti məlum olmayan «Nehmət» adlı şəxsin tapşırığına əsasən məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş külli miqdarda 64,706 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 10785,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı birlikdə əldə edərək əvvəlcədən satışa hazırlamaq məqsədi ilə narkotik vasitə heroinin 28,475 qramını Ülzan İsmayılov, 9,736 qramını Elşən Məmmədov və 13,407 qramını Rəşad Budaqov, 13,088 qramını isə özü götürüb üzərində saxlamaqla, həmçinin 10785,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ümumilikdə bir ədəd sintetik torbada Elşən Məmmədov idarə etdiyi “Kia Rio minik” markalı, 77-EV-412 qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2023-cü il tarixdə, saat 22:00-da Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci YPX postunun yaxınlığında saxlanılaraq həmin tarixdə saat 22:45-dən etibarən Elşən Məmmədovun idarə etdiyi “Kia Rio” markalı, 77- EV412 qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilən zaman avtomobilin arxa yük hissəsindən bir ədəd sintetik kisənin içərisində on ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1705,0 qram, 930,0 qram, 1435,0 qram, 680,0 qram, 1060,0 qram, 1125,0 qram, 1085,0 qram, 710,0 qram, 940,0 qram və 1115,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda– 10785,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin, 08 aprel 2023-cü il tarixdə saat 02:50 dən etibarən Lənkəran şəhəri, P.Təhməzov küçəsi 8 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sol yan cibindən isə bir ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda– 13,088 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Əli Əliyev və Yaşar Həşimov) 07 oktyabr 2025-ci il tarixli 1(106)- 36/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 1(099) 167/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2025-ci il tarixli 1(106)-36/2025 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın çəkilməmiş müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, düzgün istintaq araşdırılması aparılmamışdır. İbtidai istintaqda müstəntiqin qərəzli iş aparması, onda heç bir narkotik vasitə aşkarlanmadığı halda CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ağır ittiham irəli sürməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırma aparılmadan, ailə vəziyyəti, himayəsində üç övladının olması, anasının onun himayəsində olması nəzərə alınmadan ona ağır cəza təyin edilmiş, apellyasiya məhkəməsində də eyni hal təkrarlanaraq barəsində ədalətsiz qərar qəbul edilmişdir. Məhkum qeyd etmişdir ki, o, marixuana istifadəçisi olmuşdur. Narkotik vasitələrin alqı-satqısı, daşıması ilə məşğul olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyaları məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən işin hallarını və onun şəxsiyyətini kifayət qədər nəzərə almadan ona ədalətsiz ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bacısının da azyaşlı uşağı ilə onların himayəsində olmaqla ailə vəziyyətlərinin ağır olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş, CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin cəza hissəsində gəldiyi nəticə ilə razılaşmışdır. Qeyd olunmalıdır ki, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş və saxlanılmış narkotik vasitənin və ya psixotrop maddənin növü və miqdarı ilə bağlıdır. Cinayət işinin materiallarından isə görünür ki, məhkum tərəfindən qanunsuz olaraq külli miqdarda 10 kiloqram 785 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 13,088 qram çəkidə narkotik vasitə olan heroin əldə edilmiş və saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkum Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən işin halları, məhkumun qabaqcadan əlbir olan bir qrup halında törədilmiş cinayətdə rolu kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkuma təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə heç bir əsas müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və işin hallarını və məhkumun şəxsiyyətini nəzərə almadan cəzanın təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2025-ci il tarixli 1(106)-36/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2025-ci il tarixli 1(106)-36/2025 nömrəli qərarı Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar