Məhkəmə qərarları › İş №1(1-8)-359/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-359/2026

22.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-359/2026 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X3, Məhkum məhkum1, Müdafiəçi – “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, məhkum1 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü ilə (hakimlər N.Quliyev (sədrlik edən), A.Musayev və M.Məmmədov) məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Quliyev Rövşən Sahib oğlu Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş, qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən məhkumlar məhkum2, Quliyev Rövşən Sahib oğlu və məhkum1 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ##### tarixli *(***)-**/**** nömrəli qərarı ilə (hakimlər E.Əliyev (sədrlik edən və məruzəçi), İ.Əhmədov və Y.Həşimov) dövlət ittihamçısı X2 Quliyev Rövşən Sahib oğlu barəsində Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddələri ilə verilmiş ittihamın xaric edilməsi barədə vəsatəti təmin edilmiş, Quliyev Rövşən Sahib oğlunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü dəyişdirilərək, Quliyev Rövşən Sahib oğluna Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddələri ilə verilmiş ittiham ittihamdan xaric edilmiş, Quliyev Rövşən Sahib oğlunun üzərində ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum1 və məhkum2 əməlləri CM-in 234.4.1. və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,234.4.1 və 32.5,234.4.3-cü maddələrinə tövsif edilmiş, məhkum2 təyin edilmiş 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 9 ilə endirilmiş hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərarın məhkum1 və məhkum2 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5,234.4.1 və 32.5,234.4.3-cü maddələrinə tövsif edilməsi və məhkum2 cəzasının azaldılması hissəsindən dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə və məhkum məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər İ.Qılıcov (sədrlik edən və məruzəçi), İ.Rəcəbov və V.Cəfərov) kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti isə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il ## ##### tarixli *(***)-**/**** nömrəli qərarı məhkumlar məhkum2 Nuşrəvan oğluna və məhkum1 aid hissədə ləğv edilmiş, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı ilə (hakimlər H.Bəhmənov (sədrlik edən), Ə.Əliyev və A.Novruzova) məhkum2 müdafiəçisi və məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum2 və məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023cü il ## #### tarixli *(***)-**/**** nömrəli hökmü məhkum2 və məhkum1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti vermişdir. Işin halları: Məhkəmənin hökmünə görə Quliyev Rövşən Sahib oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı olan başqa bir şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin Iran Islam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Iran Islam Respublikasının vətəndaşı naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxile dilən 16370 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2515 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 1280 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının alt hissəsinə iki ədəd çantanın içərisində qablaşdırılmış vəziyyətdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Rövşən Quliyevə məlumat verdikdən sonra Rövşən Quliyev külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışları məhkum2 və məhkum1 ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş razılığa əsasən ## ###### 2021-ci il tarixə keçən gecə məhkum1 məxsus «Kia Rio» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının yaxınlığına gedib şəxsiyyəti istintaqa məlum olmayan Iran Islam Respublikası vətəndaşı tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 16370 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin olan iki ədəd çantanı cinayətkar qrupun üzvü məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib qrupun digər üzvü məhkum1 məxsus «Kia Rio» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən Quliyevin xalası şahid6 yaşadığı ünvan 2 ünvanında yerləşən evə daşıyıb həyətdə olan anbarda gizlətdikdən sonra Rövşən Quliyev əldə etdikləri külli miqdarda narkotik vasitə heroinin 45 qramını bir bükümdə qablaşdırıb satış məqsədi ilə üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Rövşən Quliyev, məhkum2 və məhkum1 ## ###### 2021-ci il tarixdə saat 08:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 98 ünvanında yerləşən Beyləqan Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda 45 qram çəkidə narkotik vasitə heroin Rövşən Quliyevin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## ###### 2021-ci il tarixdə saat 13:00-da şahid6 yaşadığı ünvan 2 ünvanında yerləşən evə Quliyev Rövşən Sahiboğlu, məhkum2 və məhkum1 iştirakı ilə baxış keçirilərkən evin arxa tərəfində yerləşən anbardan külli miqdarda 16325 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1010 qram, 1045 qram, 750 qram, 1010 qram, 600 qram, 1065 qram, 550 qram, 220 qram, 1020 qram, 345 qram, 110 qram, 260 qram, 155 qram, 1020 qram, 1025 qram, 90 qram, 1030 qram, 370 qram, 1050 qram, 1030 qram, 520 qram, 1035 qram olmaqla bir ədəd şəffaf sellofan torbadakı iyirmi üç ədəd sellofan bükümün içərisində, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 875 qram, 790 qram, 850 qram olmaqla bir ədəd göy rəngli sellofan torbadakı üç ədəd polietilen bağlamada, külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin ayrıayrılıqda təmiz çəkiləri 265 qram, 85 qram, 90 qram, 360 qram, 220 qram, 180 qram və 80 qram olmaqla bir ədəd parça torbadakı yeddi ədəd sellofan bükümlərdə aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr sübutları CPM-in tələblərinə müvafiq olaraq tədqiq etməmiş, məhkum1 təqsirliliyinə dair məhkəmə qərarlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, apellyasiya instansiyası məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, birinci instansiya məhkəməsinin hökmünü məhkum1 münasibətdə dəyişdirmədən saxlamışdır. Həmçinin apellyasiya məhkəməsi CPM-in 64.1-ci maddəsinin tələblərinə əməl etməmiş, Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarında məhkum1 münasibətdə sübutların düzgün araşdırılmadığı qeyd olunsa da, təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarındakı məsələlərə əməl edilməmişdir. məhkum1 ilk gündən bildirmişdir ki, o, Beyləqan rayonuna 2021-ci ilin avqust ayının 27-də yox, 25-də getmiş, 26-sı isə səhər vaxtları Beyləqandan çıxaraq Bakı şəhərinə qaytımış və həmin günü, yəni ## ###### 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Beyləqan rayonunda yox, məhz Bakı şəhərində Rövşənin anası olan şahid1 ilə birlikdə saxlanılaraq öz avtomobili ilə Beyləqan rayonuna yenidən aparılmış və artıq ## ###### 2021-ci il tarixdə saat 10:30-da Beyləqan şəhərində saxlanılmış şəxs kimi rəsmiləşdirilmişdir. Bununla yanaşı məhkum1 bildirmişdir ki, ## ###### 2021-ci il tarixdə Beyləqan rayonuna gedərkən Quliyev Rövşən Sahib oğlu və məhkum2 Beyləqan rayonuna hansı məqsədlə getmələrindən əvvəlcə bixəbər olmuş, sonradan artıq şübhələri öz təsdiqini tapandan sonra Rövşən Quliyevə və məhkum2 marşrutu davam etdirmək istəmədiyini dəfələrlə bildirmiş və yol pulun ödənilməsini xahiş etmişdir. Çünki Bakı şəhərinə qayıtmaq üçün pul vəsaiti yox idi. Həmçinin gecə vaxtı olduğundan Bakı şəhərinə getmək istəyən sərnişinlərin də toplanması, bununla da onlardan müvafiq ödəniş götürüb benzin alması da qeyrimümkün idi. Bundan sonra Rövşən Quliyev ona bildirmişdir ki, pulu Beyləqan şəhərində yaşayan xalasıgildən alıb ona verəcəkdir və məhkum1 məxsus «Kia Rio» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan şəhərinə artıq Rövşən Quliyev idarə etmiş, məhkum1 isə avtomobilin qabaq sağ oturacaqda əyləşmişdir. Digər təqsirləndirilən şəxslər də ifadələrində təsdiq etmişlər ki, məhkum1 Beyləqan rayonuna gedərkən hansı həqiqi məqsədlə getməsini bilmirdi. Cinayət işin materiallarında olan telefon danışıqlardan və SMS yazışmalardan, həm də anten məlumatlardan və X1 Idarəsi tərəfindən təqdim edilən videogörüntülərin çıxarış və məhkum1 barəsində qəbul edilən inzibati tənbehlərin tədbiq edilməsinə dair qərarlarının surətlərindən birmənalı şəkildə müəyyən olunur ki, məhkum1 digər məhkum edilmiş şəxs Rövşən Quliyevlə məhz ## ###### 2021-ci il tarixdə Bakı şəhərindən Beyləqan şəhərinə yollanmışlar və həmin günü Beyləqanda məhkum2lə görüşüblər, ## ###### 2021-ci il tarixdə səhər saatlarından məhkum1 Bakı şəhərinə qayıtmaq üçün yola çıxmış və həmin tarixdə saat 16 radələrində Rövşən Quliyevin anası şahid1 ilə saxlanılaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasına aparılmışlar, orada bir neçə saat qanunsuz saxlanılandan sonra isə axşam saatlarında Beyləqan şəhərinə yenidən aparılmışlar və artıq 2021-ci ilin avqust ayının 27-nə keçən gecə Beyləqan şəhərinə çatmışlar. Sadalanan sənədlərlə məhz məhkum1 və şahidlər şahid6 ilə şahid1 ifadələrinin doğruluğu və mötəbərliyi təsdiq olunaraq sübuta yetirilir, polis əməkdaşlarının isə ifadələrinin həqiqətə uyğun olmadığı müəyyən edilir. məhkum1 ##.##.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokolun imzalanmayan vərəqləri dəyişdirilmiş, həmin tarixdə keçirilmiş üzləşdirmə protokolunda müdafiəçinin imzası saxtalaşdırılmışdır. məhkum1 barəsində həbs qətimkan tədbiri seçilərkən bəzi xüsusatları məhkəməyə bildirməməsi, polis əməkdaşları tərəfindən hədələnməsi, həbs seçiləndən dərhal sonra istintaq təcridxanasına deyil, əvvəlcə BMCMI-nə qayıdacaqları ilə əlaqədar olmuşdur. məhkum1 qarşı narkotik vasitələrin satış məqsədi ilə daşınması barədə ittiham irəli sürülsə də, həm əməliyyat müvəkkillərinin cavablarına, həm də cinayət işinin materiallarına əsasən, məhkum1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satış halları müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Məhkəmələr isə faktiki olaraq həqiqəti müəyyən etməkdən yayınmış, məhkum1 CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yanlış nəticəyə gəlmişlər. Odur ki, müdafiəçi kassasiya şikayətində qeyd edilənlərə əsaslanaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, məhkum1 CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun əməlinin CM-in 307.1-ci maddəsinə tövsif edilməsi və cəzasının sonu ilə məhkəmə zalından həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in tələblərinin pozulduğu, nəticədə məhkum1 əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyi iddia edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə kassasiya tələbləri faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin mübahisələndirməsinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, kassasiya şikayətinin məzmunundan görünür ki, müdafiə tərəfi aşkar edilən narkotik vasitələrin və psixotrop maddənin məhkum1 aidiyyətinin olmadığını iddia etməklə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, kassator kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərini (o cümlədən, məhkum1 təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair hökmün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdükləri, iş üzrə müəyyən edilmiş faktlara əsaslanmayan iddialarını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə məhkəmə kollegiyasının qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkum1 hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə məhkum1 təqsirliliyi barədə yekun nəticələr işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu - onun müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi ilkin izahat və ifadələri, digər məhkumların ibtidai istintaq zamanı verdikləri ifadələr, şahidlərin ifadələri, narkotik vasitələrin və psixotrop maddənin müdafiəçilərin iştirakları ilə və videoçəkiliş aparılmaqla yaşayış yerinə baxış keçirilməsi zamanı aşkarlanması, aşkar edilmiş predmetlərin külli miqdar təşkil edən narkotik vasitə və psixotrop maddə olması barədə məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətində Ali Məhkəmənin Cinayət Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarında məhkum1 münasibətdə sübutların düzgün araşdırılmadığının qeyd olunduğu, lakin təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarındakı məsələlərə əməl edilmədiyi iddia olunsa da, şikayətin bu dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi məhkumlar məhkum2 Nuşrəvan oğlunun və məhkum1 satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınmasında bunu yerinə yetirən şəxslərlə birgə iştirak etməmələri və onlarla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmələri qənaətinə gəlməklə onların əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 32.5, 234.4.1 və 32.5, 234.4.3cü maddələrinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin bütün dispozitiv əlamətlərini göstərməmiş, həmin maddənin dispozisiyasında qrup üzvlərinin hamısının cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri birlikdə icra etmələri deyil, məhz qrup üzvünün ümumi cinayətkar niyyətə uyğun olaraq maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini icra etməsinin şəxsin əməlində cinayət tərkibini yaratmasını nəzərə almamışdır. Iş materiallarından görünür ki, müdafiə tərəfinin məhkum1 CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya şikayəti ilə eyni olan) onun barəsində verilmiş apellyasiya şikayətinə təkrar baxılması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmiş, məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Bundan başqa, müdafiəçi kassasiya şikayətində məhkum məhkum1 ibtidai istintaq zamanı ilkin izahat və ifadəsini təzyiq altında verməsini iddia etsə də, müdafiə tərəfi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də psixi təsir və təzyiq kimi rəftar daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, məhkum1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini deməmişdir. Bütün bunlar isə məhkumun təzyiq altında etirafedici izahat və ifadə verməyə məcbur edilməsi barədə müdafiəçinin kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduqları ilkin ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından məhkəmələr həmin ifadələri mötəbər sübut kimi qiymətləndirməkdə haqlı olmuşlar. Aşkar edilən narkotik vasitələrin və psixotrop maddənin məhkum1 aidiyyətinin olmamasına dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, onun digər məhkumlar Rövşən Quliyev və məhkum2 ilə cinayət əməlinin real icrası prosesində əməlin obyektiv cəhətinin həyata keçirilməsi zamanı birgə hərəkət etməsi iş materialları ilə təsdiq olunur. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aşkar görünür ki, məhkum2 və X4 rayonu, Daşburun qəsəbəsində Xanbağı adlanan yerdəki çayxanada görüşüb söhbət edən zaman məhkum1 da həmin söhbətdə iştirak etmişdir. Beləliklə məhkum1 narkotik maddənin məhz onun iştirakı və ona məxsus avtomobillə olduğu yerdən götürülüb daşınmasını bilmiş, əməlin ictimai təhükəli olmasını dərk etmiş, həmin əməlin birgə icra olunmasının iştirakçılığından imtina etməmiş, bununla da onun hərəkətləri ilə vahid cinayətkar nəticə arasında səbəbli əlaqə yaranmışdır. Bu zaman onun mütləq olaraq narkotik vasitəni olduğu yerdən götürübgötürməməsinin, yaxud avtomobildən götürülüb Rövşən Quliyevin qohumunun evinə yerləşdirilməsində şəxsən iştirakının olub-olmamasının əhəmiyyəti yoxdur, onun cinayətin törədilməsində icraçıya bilavasitə yardım göstərməyə yönəlmiş hərəkətləri (məhz özü də bilavasitə həmin şəxslərlə birlikdə getməklə narkotik vasitənin onun avtomobili ilə daşınmasına şərait yaratması) cinayətin digər əlamətlərinin nəticəsinə xidmət etmişdir. Müdafiəçinin kassasiya şikayətində qeyd etdiyi digər dəlillər isə cinayət əməlinin törədilməsindən sonrakı müddətdə istintaq orqanının yol verdiyi nöqsanlarla əsaslandırılmışdır, halbuki qeyd olunan nöqsanlar əsaslı olmuş olsa belə, onlar məhkum1 cinayət əməlini törətməsi faktını təkzib etmir. Odur ki, həmin dəlillər əsassız hesab olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə məhkum məhkum1 cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cinayətin törədilməsində iştirakının xarakteri və dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, ona CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirməsi üçün heç bir əsas müəyyən etməmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü məhkum1 münasibətdə dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.15-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı məhkum məhkum1 aid hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı məhkum məhkum1 aid hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar