Məhkəmə qərarları › İş №1(1-8)-376/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-376/2026

14.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-376/2026 14.04.2026 ALI MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli Isgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, ##.##.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, həbs edilərkən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanadək X ünvanında yaşamış, hazırda cəzaçəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2025-ci il tarixli, 1(103)-2146/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 1(101)-1167/2025 nömrəli hökmü ilə (hakimlər: V.M.Seyidov (sədrlik edən), K.Ç.Əliyev və N.A.Imanova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisi Kərimov Mehram Məlik oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qərarı ilə, (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən), F.Z.Hümbətov və E.Z.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. Işin halları: Hökmünə əsasən Məhkum tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədilə ## ###### 2024-cü il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə görüşdüyü zaman əlini bel nahiyəsinə qoyaraq sonuncunu üzərində hər hansı bir kəsici-deşici alət olmasına görüntü yaradıb Zərərçəkmiş şəxs həmin alətlə bədən xəsarətləri yetirəcəyini deyib psixi təsir etməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın əsasında Zərərçəkmiş şəxs “Iphone 13 Pro" markalı 256 GB yaddaş tutumlu mobil telefonu götürərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 1.185 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-in 181.1 və 67.1-ci maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, apellyasiya şikayəti versə də, apellyasiya instansiyası həmin hökmü dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkum kassasiya şikayətində onun əməlinə düzgün hüquqi qiymət verilməsini, təyin olunmuş cəzanın ağır olduğunu göstərərək cəzanın aşağı endirilməsini və bu istiqamətdə ona köməklik göstərilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu yol verdiyi əməlinə düzgün hüquqi qiymət verilmədiyini, habelə ona ağır cəza verildiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPMin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş iddialarla bağlı ilk növbədə qeyd edir ki, CPM-in 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-in 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin dispozisiyasına görə həmin norma özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il tarixli qərarının 5-ci bəndinə əsasən, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində izah olunmuşdur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Doğrudur, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il tarixli müvafiq qərarında basqınla bağlı anlayış verilməmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında” # #### 1996-cı il tarixli 1 saylı qərarında, zərərçəkmiş üzərində zor tətbiq etməklə cinayətkar nəticənin əldə edilməsi və ya dərhal zor tətbiq edilməsi üçün real təhlükə yaratmağa yönəldilmiş hərəkətlər basqın etmə kimi qiymətləndirilməlidir” kimi anlayış verilmişdir. Plenum qərarının şərhindən də göründüyü kimi, zorakılıq hərəkətləri basqın anlayışının tərkib elementi kimi qiymətləndirilmişdir. Hüquq ədəbiyyatında isə basqın dedikdə, “təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiqi və ya zor tətbiq edilməsi hədəsilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür”. Anlayışdan göründüyü kimi basqının hücum və zorakılıq əlamətlərindən ibarət olması, qəflətən törədilməsi, habelə onun həyat və ya sağlamlıq üçün təhlükəli xarakteri bilavasitə ifadə olunmuşdur. Həmçinin Ali Məhkəmənin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il tarixli qərarının 23-cü bəndində izah olunur ki, CM-in 181.1ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları:—cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkaranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş və məhkəmələrin razılaşdıqları ittihamın mahiyyətinə diqqət etdikdə müəyyən olunur ki, Məhkum isnad edilən əməl CM-in 181-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılığın bilavasitə tətbiqi ilə deyil, məhz belə zorakılığın tətbiq ediləcəyi hədənin irəli sürülməsi ilə əlaqələndirilmişdir. Ittihamın məzmununa görə Məhkum isnad edilən hərəkətlərin əsasında fiziki zorakılıq deyil, məhz həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi dayanır yəni o, ## ###### 2024-cü il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə görüş zamanı əlini bel nahiyəsinə aparmaqla üzərində kəsici-deşici alət olması görüntüsünü yaratmış, bu görüntü ilə müşayiət olunan “səni deşik-deşik edərəm” məzmunlu hədə ifadəsi vasitəsilə zərərçəkmişə psixi təsir göstərmiş və məhz bu hədənin təsiri altında onun iradəsini sındıraraq “iPhone 13 Pro” markalı mobil telefonu ələ keçirmiş, nəticədə zərərçəkmişə 1.185 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkum Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə məhkum edilməsinə dair aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarına baxdıqda, aydın olur ki, məhkəmələr həmin mövqeylərini “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” # #### 2005-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışlar və işin faktiki hallarının yuxarıda – hazırkı qərarın “Işin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə həlledici şəkildə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələri əsas olmuşdur. Məhkəmələr müəyyən etmişlər ki, təqsirləndirilən şəxs əlini bel nahiyəsinə aparmaqla üzərində kəsici-deşici alət olması görüntüsü yaratmış, “telefonu verməsən, səni deşik-deşik edəcəyəm” deməklə zərərçəkmişə psixi təsir göstərmiş və nəticədə zərərçəkmiş real təhlükə hiss edərək mobil telefonu ona vermişdir. Əlavə olaraq telefonun kodunun açılması, məlumatların silinməsi, sonradan telefonun lombarda qoyulmağa cəhd edilməsi və daha sonra 900 manata satılması kimi hallar təqsirləndirilən şəxsin əmlak üzərində sərəncam vermək məqsədilə hərəkət etdiyini göstərən xususatlar kimi dəyərləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə CM-in 181.1-ci maddəsinin tətbiqi üçün silahın faktiki nümayiş etdirilməsinin və ya istifadəsinin zəruri olmadığını, “deşik-deşik edərəm” ifadəsi ilə əlini belinə aparmaq hərəkətinin - zərərçəkmiş tərəfindən real təhlükə kimi qəbul edilməsi üçün yetərli olduğunu qeyd etmişdir. Kollegiya zərərçəkmişin Məhkum əvvəlki məhkumluğunu bilməsini, fiziki cəhətdən özündən güclü hesab etməsini, telefonun kodunu açmasını, məlumatları silməsini və lombarda getməyə razılaşmasını həmin hədənin real qəbul edilməsinin göstəricisi kimi qiymətləndirmiş, şahid xin zor və hədə görmədiyi barədə ifadəsini isə onun hadisənin həmin hissəsini görməməsi və təqsirləndirilən şəxsin tanışı olması səbəbilə mötəbər hesab etməmişdir. Kollegiya qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Ilk əvvəl qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən Məhkum “səni deşik-deşik edərəm” kimi ifadəni ümumiyyətlə işlədib-işlətməməsi, “əlini belinə aparmaq” kimi hərəkəti icra etməsi barədə nəticə yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs sonrakı mərhələlərdə verdiyi ifadələrinə əsaslandırılmış, həmin halı təsdiq edən heç bir müstəqil, obyektiv və mötəbər sübuta istinad edilməmişdir. Halbuki iş materiallarının təhlili göstərir ki, zərərçəkmiş şəxsin istintaqın müxtəlif mərhələlərində və məhkəmə baxışı zamanı verdiyi ifadələr hadisənin əsas halları üzrə sabit olmamış, bir-biri ilə uzlaşmayan və mahiyyəti üzrə ciddi ziddiyyətlər yaradan məlumatlarla müşayiət edilmişdir. Belə ki, ilkin ## ###### 2024-cü il tarixli izahatında o, telefonu xa danışmaq üçün verdiyini, xın danışa-danışa uzaqlaşdığını və geri qayıtmadığını bildirmiş, hər hansı hədə, psixi təsir, “deşikdeşik edərəm” ifadəsi, əlini belinə atma və ya lombard epizodu barədə ümumiyyətlə məlumat verməmişdir. Sonrakı ifadələrində (##.##.2024-cü tarixli) isə artıq hadisəni “ölüm hədəsi”, “silah görüntüsü”, “qorxu altında telefonun verilməsi” və “birlikdə lombarda getmə” kimi tamamilə fərqli formada təqdim etsə də, eyni zamanda həmin ifadəsində telefonu danışmaq üçün könüllü verməsini, taksinin pulunu 7 manat məbləğində özü tərəfindən ödəməsini, xın ona “telefonu lombarda qoyub 200 manat pul götürək” deməsini, özünün isə Əhmədli tərəfdə tanış lombard yerinin olduğunu bildirməsini və həmin yerə birlikdə getmələrini göstərmişdir. Xüsusilə diqqətəlayiq hal ondan ibarətdir ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə belə daxili ziddiyyətlərlə müşayiət olunur. Bir tərəfdən o, x adlı şəxsi yaxından tanımadığını bildirsə də, digər tərəfdən onunla əvvəllər birlikdə çay içdiklərini və ortaq tanışlar vasitəsilə əlaqələrinin olduğunu qeyd etmiş, eyni zamanda əvvəlcə lombarda getmədiklərini və ittiham aktında lombardla bağlı yazılanların doğru olmadığını bildirsə də, daha sonra Əhmədliyə lombarda taksi ilə getdiklərini, həmin lombardın dostunun tanışı olduğunu, ora getməyi özünün təklif etdiyini, lombardda telefonun qəbul edilməməsi üçün işarə ilə problem olduğunu çatdırdığını, əlavə olaraq müstəntiqə xın əvvəllər məhkum olunmasından məlumatının olmadığını dediyini, xın əvvəllər bıçaq gəzdirdiyinin şahidi olmadığını, həmin an bıçaq görmədiyini, sadəcə əlini belinə atdığını gördüyünü, ona hədə-qorxu gələn zaman telefonun xın əlində olduğunu, lombarda gedəndə telefonun kodunu sildiyini göstərmişdir. Göstərilənlərdən fərqli olaraq, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında ardıcıl və dəyişməz qalan ifadələrində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı zor tətbiq etmədiyini, “səni deşik-deşik edərəm” kimi ifadə işlətmədiyini və əlini bel nahiyəsinə aparmaqla silah və ya kəsici-deşici alət görüntüsü yaratmadığını bildirmiş, hadisənin tərəflər arasında mövcud olan 200 manat borc münasibəti zəminində baş verdiyini göstərmişdir. Buna baxmayaraq, məhkəmələr Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında mahiyyət etibarilə dəyişməyən və bir-biri ilə uyğunluq təşkil edən ifadələrinə hər hansı əsaslandırılmış hüquqi qiymət verməmiş, həmin ifadələri formal şəkildə özünümüdafiə xarakterli hesab edərək rədd etmiş, onların hansı konkret sübutlarla təkzib olunduğunu göstərmədən yalnız zərərçəkmiş şəxsin müxtəlif mərhələlərdə dəyişən, bir-biri ilə ziddiyyət təşkil edən ifadələrinə üstünlük vermişlər. Diqqət yetirdikdə, hətta tərəflər arasında 200 manat pulun alınıb-verilməsi ilə bağlı xüsusatlarda belə zərərçəkmiş şəxsin ifadələri təqsirləndirilən şəxs Məhkum ifadələri ilə müəyyən hissədə uyğunluq təşkil edir. Belə ki, zərərçəkmiş şəxs sonrakı ifadələrində xın ona “telefonu lombarda qoyub 200 manat pul götürək” dediyini, həmin məqsədlə birlikdə Əhmədli istiqamətində lombarda getdiklərini bildirmişdir ki, bu da tərəflər arasında müəyyən pul münasibətinin mövcud olması və telefonun həmin münasibət zəminində verilməsi ilə bağlı müdafiə tərəfinin mövqeyini tam olmasa da müəyyən dərəcədə təsdiqləyir. Buna baxmayaraq, məhkəmələr həmin xüsusata ayrıca və obyektiv hüquqi qiymət verməmiş, əksinə onu ittiham versiyasına uyğun şəkildə şərh etməklə kifayətlənmişlər. Yuxarıda sadalanmış hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 124 və 126cı maddələrinin tələbləri baxımından zərərçəkmiş şəxsin ifadəsinin mötəbər sübut kimi qiymətləndirilməsi üçün həmin ifadə hadisənin baş vermə şəraitini bilavasitə qavramış şəxsin ardıcıl, daxili ziddiyyətlərdən uzaq, işin faktiki halları və digər sübutlarla uyğunluq təşkil edən məlumatlarına əsaslanmalıdır. Bu baxımdan, təqsirli şəxsin əleyhinə yönəlmiş zərərçəkmiş ifadəsi, xüsusilə cinayətin törədilməsini təşkil edən hallara dair yeganə və ya əsas sübut olduqda, yalnız əlavə və obyektiv sübutlarla dəstəkləndiyi (təsdiqləndiyi) halda hüquqi əhəmiyyət kəsb edə bilər. Əks yanaşma CPMin 21.2 və 145.3-cü maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası və “şübhənin təqsirləndirilən şəxsin xeyrinə təfsiri” prinsiplərinin pozulması ilə nəticələnər. Hazırkı işdə zərərçəkmiş şəxsin ifadəsi: _ müxtəlif mərhələlərdə bir-birini təkzib edən məzmun daşıyır; _ ilkin izahatlarda ümumiyyətlə qeyd olunmayan “deşik-deşik edərəm” hədəsi sonrakı mərhələlərdə ortaya çıxır; _ hadisənin inkişaf mexanizmi fərqli təqdim olunur; _ 200 manat pulun alınıb-verilməsi ilə bağlı hissədə təqsirli şəxsin ifadəsi uyğunluq təşkil edir; _ şahid ifadələri ilə ziddiyyət təşkil edir. Belə olan halda, zərərçəkmiş şəxsin ifadəsi iş üzrə əsas və həlledici sübut kimi qəbul edilərkən həmin ifadənin CPM-in 124, 126 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq digər obyektiv sübutlarla müqayisəli şəkildə yoxlanılması, ifadələrdə mövcud olan ziddiyyətlərin aradan qaldırılması, həmçinin zərərçəkmiş şəxsin müxtəlif mərhələlərdə verdiyi məlumatların nə qədər ardıcıl, həmçinin ümumiyyətlə verilmiş ifadənin etibarlı və mötəbər olmasının ayrıca araşdırılması tələb olunurdu. Cinayət-Prosessual Məcəllənin 126.6-cı maddəsinin hüquqi məntiqindən də görünür ki, hətta təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi belə yalnız digər sübutların məcmusu ilə təsdiq olunduqda hüquqi nəticə doğurursa, müxtəlif mərhələlərdə dəyişən, bir-birini təkzib edən və daxili ziddiyyətlərlə müşayiət olunan zərərçəkmişin ifadəsinin də əlavə və obyektiv sübutlarla təsdiqlənməsi tələb olunur. Lakin məhkəmələr bu istiqamətdə hər hansı real araşdırma aparmamışlar, zərərçəkmişin ifadələrinin hansı konkret obyektiv sübutlarla təsdiqləndiyini göstərməmiş, əksinə həmin ifadələri digər sübutlarla müqayisə etmədən və mövcud ziddiyyətləri aradan qaldırmadan təkbaşına ittihamın əsasını təşkil edən sübut kimi qəbul etmişlər. Digər sübutlar dedikdə isə birinci instansiya məhkəməsi tərəfindən əlavə şahid qismində dindirilmiş xin ifadəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sonuncu məhkəmə iclasında ifadə verərkən nə zor tətbiqini, nə hədə-qorxunu, nə də hər hansı silah və ya silah görüntüsünü müşahidə etmədiyini, Məhkum Zərərçəkmiş şəxs borcunu ödəyənə qədər telefonun onda qalacağını bildirdiyini, telefon verilən zaman özü də yaxın məsafədə olduğunu və həmin anda hər hansı zor tətbiqi, hədə-qorxu və ya silah görüntüsünün olmadığını göstərmişdir. Şahid həmçinin qeyd etmişdir ki, Tural telefonu verməzdən əvvəl 2–3 dəqiqə ərzində mesajlarını silmiş, daha sonra “hal-hazırda imkanım yoxdur, telefonu götür” deyərək telefonu xa vermiş, sonradan isə lombarda getmək məsələsi müzakirə olunmuşdur. Maraqlı fakt budur ki, şahid X1 ifadələri özü özlüyündə ziddiyyətsiz olmaqla məhkum Məhkum ifadələri ilə üst-üstə düşdüyü halda, birinci instansiya məhkəməsi nədənsə həmin ifadələrin mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına almış (formal olaraq şahidin təqsirləndirilən şəxs Məhkum tanışı olması ilə əlaqələndirmiş, hədə-qorxu anını görmədiyinə istinad edilmiş), apellyasiya məhkəməsi isə daha irəli gedərək şahid ifadələrinə münasibətdə seçmə və birtərəfli yanaşma nümayiş etdirmişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hadisənin bilavasitə baş vermə anını müşahidə etmədiyi müəyyən olunan (məhkəmələrin dəyərləndirməsi) şahid xin ifadəsi bir tərəfdən mötəbər hesab edilməmiş, digər tərəfdən isə ittihamı dolayısı ilə təsdiqləyən sübut kimi istifadə olunmuşdur. Kollegiya bu ziddiyyətli yanaşmanın səbəblərini izah etməmiş, sübutun hansı meyarlar əsasında selektiv qiymətləndirildiyini açıqlamamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, şahidin təqsirləndirilən şəxslə tanış və ya yaxın münasibətdə olması öz-özlüyündə onun ifadəsinin mötəbərliyini aradan qaldıran hal kimi qəbul edilə bilməz və məhkəmə həmin ifadənin hansı konkret hissəsinin iş materiallarında olan digər sübutlarla təkzib olunduğunu, nə üçün etibarsız hesab edildiyini və hansı əsasla zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrindən daha aşağı sübut dəyərinə malik olduğunu əsaslandırmalı idi. Digər tərəfdən hər nə qədər məhkəmələr şahid xin guya hədə-qorxu anını görmədiyinə istinad etsələr də, sonuncu birinci instansiya məhkəməsində hadisənin baş verdiyi yerdə olduğunu, tərəflərlə yaxın məsafədə dayandığını, nə zor tətbiqini, nə hədə-qorxunu, nə də hər hansı silah və ya silah görüntüsünü müşahidə etmədiyini bildirmişdir. Belə olan halda, şahid ən azı tərəflər arasında real gərgin münasibətin olub-olmaması, hədə və təhdid xarakterli davranışların davam edib-etməməsi, təqsirləndirilən şəxsin əlini bel nahiyəsinə aparmaqla hər hansı nümayişkaranə hərəkət edib-etməməsi, ümumilikdə hadisənin hansı şəraitdə və necə inkişaf etməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məlumatlar verə biləcək şəxs olmuşdur. Lakin məhkəmələr bu istiqamətdə hər hansı real təhlil aparmamış, nəticədə müdafiə tərəfinin mövqeyini möhkəmləndirən əsas sübutlardan biri faktiki olaraq araşdırılmadan və hüquqi qiymət verilmədən kənarda saxlanılmışdır. Bundan əlavə, zərərçəkmiş şəxsin özü məhkəmə iclasında Əhmədli qəsəbəsində yerləşən lombardın onun dostunun tanışı olduğunu və ora getməyi məhz özünün təklif etdiyini bildirdiyi halda, istintaq orqanı və məhkəmələr tərəfindən həmin şəxsin müəyyən edilərək dindirilməsi, lombardda baş vermiş danışıq və davranışların obyektiv şəkildə araşdırılması istiqamətində hər hansı real səy göstərməmişlər. Halbuki həmin şəxs hadisənin inkişaf mexanizmi, tərəflərin davranışı və zərərçəkmiş şəxsin özünü həqiqətən real təhlükə altında hiss edib-etməməsi baxımından mühüm əhəmiyyət kəsb edən məlumatlar verə biləcək şəxs olmuşdur. Buna baxmayaraq həmin xüsusat tamamilə araşdırılmadan saxlanılmışdır. Digər tərəfdən, məhkəmələr zərərçəkmiş şəxsin guya xın əvvəlki məhkumluğunu bilməsini əsas götürərək (hərçənd birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs verilmiş suala cavab olaraq müstəntiqə xın əvvəllər məhkum olunmasından məlumatının olmadığını bildirmiş) onda “real qorxu” hissinin yarandığını göstərmiş və məhz bu xüsusatı hədənin həyat və sağlamlıq üçün təhlükəli xarakter daşımasını təsdiqləyən dolayı sübut kimi qiymətləndirmişlər. Halbuki şəxsin əvvəllər məhkum olunması öz-özlüyündə onun konkret hadisə zamanı həqiqətən silah tətbiq etmək niyyətində olmasını və ya əlini belinə atmasının avtomatik olaraq real təhlükə yaratmasını sübut edən hal hesab edilə bilməz. Əslində isə mövcud işdə məhkəmələr obyektiv sübut çatışmazlığını zərərçəkmiş şəxsin subyektiv təəssüratı ilə doldurmağa çalışmışlar. Çünki iş materiallarında nə silah müəyyən olunmuş, nə hər hansı predmet nümayiş etdirilmiş, nə də hədənin real xarakter daşımasını təsdiq edən obyektiv hallar müəyyən edilmişdir (əksinə məhkəmə iclasında verilmiş suala cavab olaraq zərərçəkmiş xın əvvəllər bıçaq gəzdirdiyinin şahidi olmadığını bildirmişdir). Buna baxmayaraq həm birinci instansiya məhkəməsi həm də apellyasiya məhkəməsi “x əvvəllər məhkum olunub, ona görə qorxdum” məzmunlu yanaşmanı əsas götürərək real təhlükənin mövcudluğu barədə nəticəyə gəlmişlər. Halbuki CPM-in 145-ci maddəsinin tələbinə görə məhkəmə nəticələri ehtimal və fərziyyələrə deyil, bir-biri ilə uzlaşan mötəbər sübutların məcmusuna əsaslanmalıdır. Burada isə obyektiv sübutların yerini zərərçəkmiş şəxsin həm özü özlüyündə, həm də iş üzrə digər sübutlarla uzlaşmayan, müxtəlif mərhələlərdə dəyişən və bir-birini təkzib edən ifadələri, eləcə də onun şəxsi təəssüratı tutmuşdur. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum zorakılıq tətbiq ediləcəyi hədənin irəli sürülməsi ilə bağlı hərəkətlərinə verdiyi hüquqi qiymətə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Ali Məhkəmənin Plenumun qərarının 23-cü bəndinin 7-ci abzasında qeyd edilən müddəasının hüquqi mahiyyəti ondan ibarətdir ki, özgə əmlakının ələ keçirilməsi zamanı işlədilən hər bir hədə avtomatik olaraq CM-in 181.1-ci maddəsi ilə nəzərdə tutulan quldurluq cinayətinin tərkibini yaratmır. Əgər tətbiq ediləcəyi deyilən zorakılıq qeyri-müəyyən xarakter daşıyırsa, yəni konkret silahın, konkret xəsarət yetirmə üsulunun və ya real təhlükənin obyektiv əlamətləri müəyyən olunmursa, bu halda əmələ hüquqi qiymət verilərkən yalnız zərərçəkmişin subyektiv qorxu hissinə deyil, işin bütün obyektiv hallarına birlikdə qiymət verilməlidir. Məhz bu səbəbdən Plenum məhkəmələrdən tələb edir ki, belə hallarda: _ cinayətin törədilmə yeri və vaxtını, _ basqın edən şəxslərin sayını, _ zərərçəkmişin hədələndiyi predmetin xarakterini, _ fiziki zor tətbiq etmək niyyətini təsdiq edən nümayişkaranə hərəkətlərin olub-olmamasını, _ hadisənin ümumi inkişaf mexanizmini kompleks şəkildə araşdırsınlar. Başqa sözlə, Plenum “qorxdum” ifadəsini kifayət hesab etmir və həmin qorxunun obyektiv əsaslarının olub-olmamasının ayrıca müəyyən edilməsini tələb edir. Bu baxımdan, hazırkı işdə “səni deşik-deşik edərəm” kimi qeyri-müəyyən xarakter daşıyan ifadənin işlədilməsi və əlini bel nahiyəsinə aparmaq hərəkəti öz-özlüyündə həyat və sağlamlıq üçün real təhlükə yaradan hədə kimi qiymətləndirilə bilməzdi. Çünki iş materiallarında: _ hər hansı silah və ya kəsici-deşici predmet müəyyən edilməmiş, _ belə predmetin nümayiş etdirilməsi təsdiq olunmamış, _ üçüncü şəxslər tərəfindən zor və ya hədə müşahidə edilməmiş, _ fiziki hücum xarakterli nümayişkaranə hərəkətlər aşkar olunmamışdır. Əksinə, hadisənin baş verdiyi şərait – açıq mühitdə görüş, tərəflərin sonrakı mərhələdə birlikdə hərəkət etməsi, Əhmədliyə lombarda taksi ilə getmələri, həmin lombardın zərərçəkmiş şəxsin dostunun tanışı olması və ora getməyi məhz zərərçəkmiş şəxsin özünün təklif etməsi, habelə onun prosesdə aktiv iştirak etməsi – Plenumun tələb etdiyi “real və obyektiv təhlükə” modelini zəiflədən hallar kimi çıxış edir. Belə ki, özünü həyat və sağlamlıq üçün real və ani təhlükə altında hiss edən şəxsin normal davranış modeli təqsirləndirilən şəxslə birlikdə hərəkət etmək, onunla eyni taksidə lombarda getmək, girov qoyma variantını müzakirə etmək və bu prosesdə aktiv iştirak etmək deyil, əksinə, dərhal uzaqlaşmaq və hüquq-mühafizə orqanlarına operativ müraciət etmək olmalı idi. Xüsusilə diqqətəlayiq hal ondan ibarətdir ki, zərərçəkmiş şəxsin öz ifadəsinə görə təqsirləndirilən şəxs artıq telefonu tam nəzarətinə götürmüş, telefonun kodunu açdırmış və məlumatları sildirmiş olduğu halda, guya quldurluq yolu ilə artıq ələ keçirilmiş telefonun sonradan birlikdə lombarda aparılması, hətta həmin lombardın zərərçəkmiş şəxsin dostunun tanışı olması və ora getməyi özünün təklif etməsi məntiqli görünmür. Eyni zamanda, guya quldurluq nəticəsində telefonu əlindən alınmış şəxsin həmin telefonu sonradan lombarda qoymaq variantını özü müzakirə etməsi və prosesdə aktiv iştirak etməsi hadisənin klassik quldurluq modeli ilə uyğunluq təşkil etmir. Buna baxmayaraq, məhkəmələr qeyd olunan halları obyektiv və məntiqi şəkildə təhlil etmək əvəzinə, qeyri-müəyyən xarakterli hədə ifadəsini və jesti avtomatik olaraq CM-in 181.1-ci maddəsi üzrə “real təhlükə yaradan hədə” kimi qəbul etmişlər ki, bu da Plenumun hüquqi mövqeyinin geniş və əsassız şərhinə gətirib çıxarmışdır. Mövcud işdə isə zərərçəkmiş şəxsin davranışı əksinə, hadisənin zor tətbiqi ilə müşayiət olunan qəfil quldurluq yox, tərəflər arasında davam edən ünsiyyət, razılaşma və koordinasiya elementləri ilə inkişaf etdiyini göstərir. Apellyasiya instansiyası məhkəməsi bu halları obyektiv və məntiqi şəkildə təhlil etmək, zərərçəkmiş şəxsin davranışının niyə quldurluq nəticəsinə uyğun gəldiyini əsaslandırmaq əvəzinə, həmin davranışları formal şəkildə “hədənin real qəbul edilməsi” kimi qiymətləndirməklə kifayətlənmişdir. Halbuki, zərərçəkmiş şəxsin sonrakı davranışı onun ifadə etdiyi “ani və real təhlükə” modeli ilə açıq şəkildə ziddiyyət təşkil edir və ən azı hadisənin məhz hansı hüquqi münasibət çərçivəsində baş verməsi barədə ciddi və aradan qaldırılmamış şübhələr yaradırdı. Sadalanmış ziddiyyətli hallar, nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya məhkəməsində təhlil edilərək obyektiv qiymət verilmədiyindən məhkəmələr tərəfindən aparılmış araşdırılma tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması olaraq qəbul edilə bilməz, əksinə göstərilən xüsusatlar məhkəmələr tərəfindən natamam və səthi araşdırmanın aparılmasının göstərici kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirləndirildiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunması yalnız mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından CPM-in tələblərinə uyğun qaydada qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırıla bilər. Iş üzrə mövcud olan və digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilənin yararlanma qaydasına uğun dəyərləndirilmə aparılmalı və bu prinsipə əsasən təqsirləndirilənin ehtimal olunan cinayətdən təqsiri şübhəyə yol verilməyən əminliklə isbat edilməlidir. Eyni yanaşma Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoang Fransaya qarşı” işində qeyd etmişdir ki, iş üzrə bütün sübutlar diqqətlə və hərtərəfli qiymətləndirilmədən hüquqi fərziyyələr əsasında nəticəyə gəlinməsi təqsirsizlik prezumpsiyasının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda, “Barbera, Messegue və Jabardo Ispaniyaya qarşı” işində Avropa Məhkəməsi vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası prinsipi tələb edir ki, məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edilən cinayəti törətməsinə dair əvvəlcədən formalaşmış mövqedən çıxış etməsinlər, sübutetmə yükü tam şəkildə ittiham tərəfinin üzərinə düşsün və iş üzrə mövcud olan hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunsun. Belə olan halda, məhkəmələrin yalnız zərərçəkmiş şəxsin müxtəlif mərhələlərdə dəyişən, bir-biri ilə ziddiyyət təşkil edən və obyektiv sübutlarla təsdiq olunmayan ifadələrinə əsaslanmaqla, Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı konkret olaraq hansı hərəkətləri etdiyini, həmin hərəkətlərin CM-in 181.1-ci maddəsində nəzərdə tutulan həyat və sağlamlıq üçün real təhlükə yaradan hədə meyarına necə uyğun gəldiyini müəyyən etmədən onun təqsirliliyi barədə nəticəyə gəlmələri əsaslı hesab edilə bilməz. Iş üzrə gəlinmiş yekun nəticəni təsdiq edən bir-biri ilə uzlaşan, obyektiv və mötəbər sübutlar təqdim edilmədiyi halda Məhkum CM-in 181.1-ci maddəsi ilə məhkum olunmasının hüquqi əsasları nə kassasiya müəllifinə, nə də məhkəmə kollegiyasına aydın deyildir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri proses iştirakçıları tərəfindən mübahisələndirildiyi halda (bununla bağlı tələbləri), həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2025-ci il tarixli, 1(103)-2146/2025 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum Məhkum kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 noyabr 2025-ci il tarixli, 1(103)-2146/2025 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar