Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-381/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası – hakimlər Abdullayev Ilkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hacıyeva Nuran Fəzli qızının, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, məhkum Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.Kərimov, hakimlər L.S.Əsgərova-Məmmədova və R.Ə.Sadıxovdan ibarət məhkəmə tərkibi) ## ###### 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2022-ci ildən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Məmmədov, hakimlər M.Ə.Abbasov və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi4 apellyasiya şikayətləri təmin olunmamış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən), V.C.Cəfərov və T.A.Muxtarovdan ibarət tərkibdə) ## ###### 2026-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 170.3, 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, on səkkiz yaşına çatmış olduğu halda ##.##.2022-ci il tarixdə, saat 23:30 radələrində özgənin əmlakını ələ keçirmə məqsədi ilə yetkinlik yaşına çatmayan tanışı ##.##.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qazanc əldə edəcəklərinə dair vədlər vermə vasitəsi ilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə, yəni cinayətkar fəaliyyətinə cəlb edərək, sonuncu ilə ağır cinayətin törədilməsi üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, cinayətkar qrupun tərkibində, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs «Samsung A9» markalı mobil telefonunu qaytarmaq adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən dayanacağın yanına çağırmış, oradan birlikdə Rəsulzadə qəsəbəsindəki parkda yerləşən təmirdə olan kafenin yaxınlığına gəlmiş, həmin təmirdə olan kafenin yaxınlığında Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edib açıq formada nümayiş etdirərək, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib, həmin kafenin pəncərəsindən içəri girməsini bildirmiş, kafenin içərisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əllərini tutmuş, özü isə hücuma məruz qalmış Zərərçəkmiş şəxs basqın edib yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası, sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, sonuncunun əlindəki dəri materialdan olan pul qabının içərisindən 34 manat nağd pulu, içərisində ümumilikdə 552 manat 47 qəpik olan Azərpoçta məxsus məvacib kartını və əlində saxladığı 60 manat dəyərində olan qızılı rəngli, 16 GB yaddaş tutumlu, «Huawei Y5» markalı, «MYA-U29» model mobil telefonu içərisində olan 4 manat dəyərində 070-711-23-03 «Azerfon» GSM nömrəsi və 4 manat dəyərində 055-xxx-xx-xx «Bakcell» GSM nömrəsi ilə birlikdə ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 654,47 (altı yüz əlli dörd manat qırx yeddi qəpik) məbləğində ziyan vurmaqla quldurluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib, qiymətləndirilməmiş, nəticədə əməlində yetkinlik yaşına çatmayanı ağır cinayətin törədilməsinə cəlb etmə cinayətinin tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, məhkəmələr tərəfindən tədqiq olunmuş sübutlarla, baş vermiş quldurluq cinayətinin təşəbbüsünün məhz yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs gəldiyi mübahisəsiz qaydada təsdiq olunsa da, bu hal diqqətdən kənarda qalmış, onların birlikdə həmin cinayəti törətmələri faktı Cinayət Məcəlləsinin 170.3-cü maddəsinin zəruri tərkibyaradıcı elementi kimi qəbul edilmişdir. Bundan başqa məhkum iddia edir ki, ona cəza təyin edilərkən və apellyasiya qaydasında cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən II qrup əlil olması və ürək xəstəliyindən əzab çəkməsi nəzərə alınmamış, nəticədə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilən əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarının dəyişdirilməsini, ittihamın Cinayət Məcəlləsinin 170.3-ci maddəsi ilə olan hissəsi üzrə cinayət işi üzrə icraata xitam verilməsini, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin isə azaldılmasını məhkəmə kollegiyasından xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Məhkum Məhkum kassasiya şikayətində sübutların düzgün tədqiq edilmədiyi və qiymətləndirilmədiyini, nəticədə əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə cinayətinin tərkibi olmadığı halda, əsassız olaraq həmin maddə ilə təqsirli bilindiyini, habelə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəza təyin edildiyini göstərərək, məhkəmə qərarının Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməsini, həmin hissədə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini və Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb etmiş, bu tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən Cinayət-Prosessual Məcəlləsinin 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkum Məhkum kassasiya şikayətini Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində müəyyən edilmiş səlahiyyət hədləri daxilində baxılmalı kassasiya müraciəti hesab edərək, bu şikayət ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkuma aid hissədə yoxlayıb, həmin araşdırmanın nəticələrinə əsasən aşağıdakıları qeyd edir. Kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi mübahisələndirilməmişdir. Bu səbəbdən, həm də Məhkum ona istinad edilən, hazırkı qərarın “Işin halları” bölməsində təsvir edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyadan istifadə etməklə quldurluq əməlini törətməsi birinci instansiya məhkəməsində Cinayət- Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edildiyindən, məhkəmə kollegiyası ittihamın bu hissəsi üzrə məhkəmələrin gəldikləri nəticələri şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin ilk dəlilinin, yəni məhkumun əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsinin tərkibinin olmamasına dair iddianın qiymətləndirilməsi üçün əvvəlcə Cinayət Məcəlləsinin 170-ci maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə cinayətinin obyektiv cəhətinin əlamətləri təhlil edilməlidir. Uşaqların cinayət-hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə Cinayət Məcəlləsinin 170ci maddəsində yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməli kimi təsbit edilmişdir. Cinayətin obyektiv cəhətini yetkinlik yaşına çatmayanın cinayətkar fəaliyyətə cəlb edilməsi təşkil edir ki, bu da şəxsdə cinayətkar fəaliyyətlə məşğul olmaq arzusu və qətiyyətinin yaradılmasına yönəlmiş fiziki və ya psixoloji təsirlə müşayiət olunan aktiv hərəkətlərdə ifadə olunur. Cinayətkar fəaliyyətə cəlb etmənin qanunla nəzərdə tutulmuş üsulları Cinayət Məcəlləsinin 170.1 və 170.3-cü maddələrinin dispozisiyalarında müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 170.1-ci maddəsinə görə, cinayətkar fəaliyyətə cəlb etmə aldatma, vədlər vermə və ya hədə-qorxu yolu ilə, 170.3-cü maddəsinə görə isə zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədilə bilər. Buna görə də Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə cinayət məsuliyyəti yalnız qanunda nəzərdə tutulmuş bu təsir üsullarından istifadə edilməklə yetkinlik yaşına çatmayanın cinayətkar fəaliyyətə cəlb edilməsi hallarında yaranır. Beləliklə, Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə cinayətinin obyektiv cəhətinin zəruri əlaməti təqsirkarın yetkinlik yaşına çatmayan şəxsə qarşı qanunda nəzərdə tutulmuş fiziki və ya psixoloji təsir üsullarından (aldatma, vədlər vermə, hədə-qorxu, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi) istifadə etməklə onu cinayətkar fəaliyyətə sövq etməsidir. Bu baxımdan, belə təsir üsullarından hər hansı birinin tətbiq edilməsi sübuta yetirilmədiyi hallarda əməl Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə tövsif edilə bilməz. Yetkinlik yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət əməli törətməsi halında belə, Cinayət Məcəlləsinin 170.1 və ya 170.3-cü maddələrində nəzərdə tutulmuş təsir üsullarından hər hansı birinin tətbiqi sübuta yetirilmədiyi təqdirdə, yalnız həmin halın mövcudluğu (birgə iştirak) Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə məsuliyyətə səbəb olmur. Analoji hüquqi mövqe “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2024-cü il tarixli qərarında da əks olunub. Həmin qərara əsasən Cinayət Məcəlləsinin 170-ci maddəsində nəzərdə tutulmuş əməl hər bir halda təqsirkarın yetkinlik yaşına çatmayan şəxsə qarşı aşkar surətdə yönəlmiş fiziki və ya psixoloji təsirlə müşayiət olunan aktiv davranışları nəticəsində törədilir. Yetkinlik yaşına çatan şəxsin yetkinlik yaşına çatmayanla birlikdə cinayət əməlinin törədilməsində iştirak etməsi faktı isə özü-özlüyündə həmin Məcəllənin 170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır. Belə olan halda, məhkum Məhkum əməlində Cinayət Məcəlləsinin 170-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olub-olmamasının müəyyən edilməsi üçün, ilk növbədə, onun tərəfindən yetkinlik yaşına çatmayan şəxsə qarşı Cinayət Məcəlləsinin 170.1 və ya 170.3-cü maddələrində nəzərdə tutulmuş təsir üsullarından hər hansı birinin tətbiq edilməsinin iş üzrə toplanmış sübutlarla təsdiq edilib-edilmədiyi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hallardan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ## #### 2022-ci ildə avtobusdan düşdükdən sonra mobil telefon aparatının üzərində olmadığını müəyyən etmiş, həmin an telefonunun avtobusda yanında sərnişin kimi əyləşmiş Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmişdir. Zərərçəkmiş şəxs növbəti günlərdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Təqsirləndirilən şəxslə rastlaşmış və sonuncudan mobil telefon aparatını qaytarmasını tələb etmiş, əks halda hüquq mühafizə orqanlarına şikayət edəcəyini nəzərinə çatdırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs telefonu avtobusda oturacağın üstündən götürdüyünü etiraf etmiş, hazırda telefonu tanışına müvəqqəti istifadə üçün verdiyini bildirmiş və qısa müddətə qaytaracağına dair vəd vermişdir. Təqsirləndirilən şəxs ## ###### 2023-cü ildə saat 23.30-da Məhkumlə birlikdə olarkən sonuncuya Zərərçəkmiş şəxs barədə məlumat vermiş və Zərərçəkmiş şəxsi dəvət edərək ondan pul almalarını təklif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs mobil telefonunu qaytarmaq adı ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən dayanacağın yanına çağırmış, oradan birlikdə Rəsulzadə qəsəbəsindəki parkda yerləşən təmirdə olan kafenin yaxınlığına gəlmiş və orada sonuncuya qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə quldurluq cinayəti törətmişlər. Yuxarıda qeyd olunan hüquqi mövqenin işığında məhkəmələr tərəfindən müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hallar təhlil edildikdə müəyyən olunur ki, məhkum Məhkum yetkinlik yaşına çatmayan tanışı – ## #### 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətlə məşğul olmaq niyyəti və qətiyyətinin formalaşdırılmasına yönəlmiş, fiziki və ya psixoloji təsirlə müşayiət olunan hər hansı aktiv hərəkətlər etməmiş, o cümlədən onu aldatmaq, vədlər vermək, hədə-qorxu gəlmək, zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə cinayətkar fəaliyyətə sövq etməmişdir. Əksinə, işin müəyyən edilmiş hallarından görünür ki, baş vermiş quldurluq cinayətinin təşəbbüskarı, eləcə də Məhkum həmin cinayətin törədilməsinə “cəlb edən” şəxs məhz Təqsirləndirilən şəxs olmuşdur. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə, şəxsin əməlində konkret cinayət tərkibinin bütün zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün ona istinad edilən əməl Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri ilə müqayisəli şəkildə hüquqi qiymətləndirilməlidir. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarından da irəli gəlir. Həmin qərarda göstərilmişdir ki, cinayətin tövsifi törədilmiş konkret əməlin faktiki əlamətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri arasında uyğunluğun müəyyən edilməsindən ibarət olub, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələr doğuran əmələ verilən cinayət-hüquqi qiymətdir. Məhkum Məhkum qarşı Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə müəyyən edilmiş və yuxarıda təsvir olunmuş faktiki hallar qeyd olunan hüquq normaları baxımından qiymətləndirildikdə aydın olunur ki, o, yetkinlik yaşına çatmayan şəxsi Cinayət Məcəlləsinin 170.1 və 170.3-cü maddələrində nəzərdə tutulmuş üsullardan istifadə etməklə cinayətkar fəaliyyətə cəlb etməmişdir. Belə olan halda, onun əməlində həmin cinayətin obyektiv cəhətini təşkil edən zəruri əlamətlər mövcud olmadığından, Cinayət Məcəlləsinin 170.3-cü maddəsinin tətbiqi üçün hüquqi əsas yaranmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 və 39.3-cü maddələrinə əsasən, əməldə cinayət tərkibinin olmaması cinayət təqibini istisna edən, başlanmış cinayət təqibinə isə bəraətverici əsasla xitam verilməsini şərtləndirən hallardan biridir. Cinayət-prosessual qanunun 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı zamanı şəxsin əməlində cinayət tərkibinin olmadığı müəyyən edildikdə, həmin şəxsə münasibətdə ona irəli sürülmüş ittiham üzrə bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəllənin 416.1.11-ci maddəsində məhkəmənin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq ittiham hökmü çıxarması (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə ittiham hökmü çıxarması) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Odur ki, qeyd olunan hallara görə mübahisələndirilən hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı Cinayət-Prosessual Məcəlləsinin 416.1.11-ci maddəsində göstərilən pozuntunun mövcud olmasına görə Məhkum Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə cinayət işi üzrə icraata cinayət prosessual qanunun 39.1.2-ci maddəsində göstərilən bəraətverici əsasla (əməldə cinayət tərkibi olmadığına görə) xitam verilməli, yekun məhkəmə aktlarından Məhkum Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, Məhkum üzərində yalnız ona hökmlə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzaları saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin olunmuş həmin cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, ədalət prinsipinin tələblərinə (CM, maddə 8) cavab verən cəza hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs və Məhkum barəsində olan ## ##### 2025-ci il tarixli qərarı məhkum Məhkum aid hissədə yuxarıda təsvir edilən qaydada ləğv edilməli və dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü Məhkum Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə məhkum edilməsi hissəsində ləğv edilsin, həmin hissədə cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla – Məhkum əməlində cinayət tərkibi olmadığına görə xitam verilsin. Məhkum aid hisssədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü dəyişdirilərək, həmin yekun məhkəmə aktlarından Məhkum Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən - cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin, Məhkum üzərində yalnız Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum Məhkum aid hissədə qərar və hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-381/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-381/2026
24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver