Məhkəmə qərarları › İş №1(1-8)-386/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-386/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-386/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Ilkin Qismət oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum Məhkum və onun müdafiəçisi X3 iştirakları ilə, 13 may 1982-ci il tarixdə Gürcüstan SSR-in Bolnisi rayonunda doğulmuş, Gürcüstan vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, x3i yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2288/2025 nömrəli 24 dekabr 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1284/2025 nömrəli 10 oktyabr 2025-ci il tarixli hökmü ilə (hakimlər F.A.Namazov (sədrlik edən), T.Q.Hüseynov və A.A.Qurbanova) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 2288/2025 nömrəli 24 dekabr 2025-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Musayev (sədrlik edən), M.A.Məmmədov və H.Ç.Məmmədovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Ittiham aktına əsasən Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,430 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 68 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 23 yanvar 2025-ci il tarixdə saat 17:15-də Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 68 ünvanın yaxınlığında olan zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirilmiş, həmin tarixdə saat 19:01-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə külli miqdarda 6,430 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə məhkumun əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2288/2025 nömrəli 24 dekabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ilkin ifadəni polis əməkdaşlarının təzyiqi və fiziki təsiri nəticəsində vermişdir. Eyni zamanda təqsirləndirilən şəxsin üzərinə baxışın keçirilməsi və bununla əlaqədar tərtib edilmiş protokol da qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Belə ki, polis əməkdaşları tərəfindən Məhkum Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektinin yaxınlığında saxlanıldığı göstərilmiş və onun üzərində baxış keçirilən zaman şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümündə 6,430 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edildiyi bildirilmişdir. Nəzərə çatdırılır ki, Məhkum üzərində həmin vaxt heç bir narkotik vasitə olmamışdır. Cinayət işinin materiallarından da görünür ki, Məhkum həmin gün saxlanılan zaman əməliyyat-axtarış tədbiri video çəkiliş aparılmadan icra olunmuş və yalnız onu polis idarəsinə apardıqdan sonra üzərinə baxış keçirməklə belə bir qanunsuz protokol tərtib etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi Y.Bağırovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 23 yanvar 2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Məhkum üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 1 ədəd “Iphone” markalı mobil telefonu və 1 ədəd avtomobil açarını, qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Məhkum təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Məhkum üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Həmçinin cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, habelə 23 yanvar 2025-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Məhkum özünün razılığı və iştirakı ilə idarə etdiyi “Opel” markalı, **-HA- *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/352/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Məhkum...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,430 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Məhkumun törətdiyi əməl şahidlər Şahid, X1 və X2 ifadələri ilə də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Ibtidai istintaq orqanı tərəfindən məhkumun əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunsa da, iş materialları ilə məhkumun narkotik vasitənin satışı ilə məşğul olması sübut edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.1-1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən cəzasını yüngülləşdirən hal kimi iki azyaşlı uşağının olmasını və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2288/2025 nömrəli 24 dekabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 2288/2025 nömrəli 24 dekabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar