Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-387/2026 30.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Abdullazadə Səadət Seyfulla qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə isə psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllərinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair ciinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi S.S.Abdullazadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid Ibadulla oğlu və Ismayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, ## ##### 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1ci küçə, nömrəsiz fərdi yaşayış evində yaşamış, CM-in 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və onun ərazi üzrə narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən, naməlum tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 39,874 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisinə daşımaqla satış məqsədi ilə iki hissəyə ayırdıqdan sonra bir hissəsini üzərində və digər hissəni isə yaşadığı evdə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində # #### 2023-cü il tarixdə, saat 10:30-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçədə yerləşən «Oba» marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Idarəyə gətirilib həmin gün saat 12:13-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən külli miqdarda, təmiz çəkisi 10,953 qram təşkil edən 1 ədəd büküm, həmin gün saat 13:32dən etibarən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi yaşayış evinin həyətinə öz razılığı və iştirakı ilə baxış keçirilərkən isə evin həyətindəki yarımtikilinin sol tərəfində yerləşən taxta parçalarının arasından polietilen torbada külli miqdarda, təmiz çəkisi 28,921 qram təşkil edən 1 ədəd büküm olmaqla ümumilikdə üzərindən və yaşadığı evdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı kimyəvi tərkib komponentlərinə görə eyni olan cəmi 39,874 qram çəkidə ağ rəngli kristallik formada kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib daşımaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi yaşayış evinin həyətində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində # #### 2023-cü il tarixdə, saat 10:30-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçədə yerləşən «Oba» marketin yaxınlığında saxlanılaraq həmin gün saat 13:32 dəqiqədən etibarən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 1-ci küçə, nömrəsiz fərdi yaşayış evinin həyətinə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman evin həyətindəki yarımtikilinin sol tərəfində yerləşən taxta parçalarının arasından polietilen torbada 1 ədəd zavod üsulu ilə keçmiş SSRI-də 1973-cü ildə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, PX-**** nömrəli Makarov konstruksiyalı tapança-yivli odlu döyüş silahı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağ və 5 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən ştat patronları aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi S.S.Abdullazadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi) Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək Məhkum psixotrop maddə olan 39,874 qram çəkidə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllərində satış məqsədi müəyyən edilmədiyindən onun bu əməlləri CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif olunmuş, ona həmin maddə ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3-cü maddəsinə əsasən isə həmin cəza məhkum olunmuş şəxsə hökmlə CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla sonuncuya qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından müdafiəçi S.S.Abdullazadə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxılmasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkilik edən kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63 və 71-ci maddələrinə, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında“ Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) bir çox maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında'" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq # #### 2011-ci il tarixli və ## ###### 2021-ci il tarixli Qərarlarına, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum məhkəmə iclasında verdiyi ifadələrə və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən və bir neçə dəfə eyni dəlilləri təkrarlayan müdafiəçi S.S.Abdullazadə kassasiya şikayətini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən cinayət mühakimə icraatının tərəflərin bərabərliyi və çəkişməsi prinsipləri pozulmaqla Məhkum ədalətli məhkəmə araşdırılmasına malik olmaq hüququ təmin edilməmiş, şikayətin dəlillərinə münasibətdə müdafiə tərəfinin qaldırdığı vəsatətlər isə əsassız olaraq təmin edilməmiş, bununla da iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina olunmuşdur. Halbuki Məhkum istər ibtidai araşdırma orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirli bilindiyi cinayət əməllərini törətməsi, yəni qanunsuz olaraq odlu silahı, döyüş sursatını və psixotrop maddəni əldə edərək saxlaması və daşıması araşdırılmış sübutlarla təsdiq olunmamış, lakin buna baxmayaraq o, tam əsassız olaraq bu əməlləri törətməkdə təqsirli bilinib məhkum edilmişdir. Bu haqda gəldikləri nəticələrə uyğun yekun məhkəmə aktları qəbul etmiş məhkəmələr isə toplanmış və araşdırılmış sübutlara, xüsusən də Məhkum məhkəmə iclasında verdiyi ifadələrə, guya sonuncunun yaşadığı evin həyətində aşkar edilərək götürülmüş odlu silahın üzərində onun əl-barmaq izlərinin aşkar edilməməsinə, həmin silahı əldə etməsi və saxlaması barədə hər hansı əməliyyat məlumatının hüquq-mühafizə orqanlarına daxil olmamasına, bir sıra prosessual sənədlərdə ziddiyyətli halların əks etdirilməsinə düzgün hüquqi qiymət verməmiş, iş üzrə çıxarılmış hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Şərh edilən dəlillərə əsaslanaraq müdafiəçi S.S.Abdullazadə onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum Məhkum müdafiəçisi S.S.Abdullazadənin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası onun tərəfindən hökmdən verilmiş apellyasiya şikayətinə baxarkən iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün hüquqi qiymət verilməmiş, həm hökmün, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsasını yolverilməz sübutlar təşkil etmiş, Məhkum isə hər hansı cinayət əməllərini törətməkdə təqsirli bilinmədiyi halda sonuncu qanunsuz olaraq məhkum edilmişdir. Bununla da kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqda kassasiya tələbini CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.S.Abdullazadənin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə cinayət işinin materiallarını və Məhkum barəsindəki kassasiya qaydasında mübahisələndirilən ## ###### 2025-ci il tarixli qərarın qanuniliyini və əsaslığını həmin materiallarla ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit edilmişdir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda belə təminat verən konstitusyon tələblər hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-IV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Bu konstitusiyon tələblərin mənası isə ondan ibarətdir ki, məhkəmə bu və ya digər cinayət işinə, sadələşdərilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə, habelə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında materiallara baxarkən ittiham və müdafiə tərəfinin nümayəndələri olan cinayət prosesinin iştirakçılarına çəkişmə prinsipinə uyğun olaraq bərabər şərait yaratmaqla onların məhkəməyə təqdim etdikləri sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməli, məhkəmə iclasında qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməli və qanunvericiliyin tələblərindən çıxış edərək, baxdıqları iş üzrə araşdırılmış sübutlara əsaslanaraq və onları qanuna müvafiq qaydada qiymətləndirərək qanuni və ədalətli qərar qəbul etməlidirlər. Bu tələblərin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində çıxarılmış hökm və ya məhkəmənin digər yekun aktı qanuni və əsaslı hesab edilə bilməz. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda məhkəmə hər hansı iş üzrə hökm çıxararkən və ya digər yekun qərar qəbul edərkən qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməlidir. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əmələ maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamddan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qrarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. Ittihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin Qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin Qərarda qeyd olunmuşdur ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. Ittiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qərarın 33-cü bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmün təsviriəsaslandırıcı və hazırkı qərarın “Işin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlsə də, həmin sübutları təkrarən araşdırılmasına ehtiyac görməyən apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə qismən razılaşmış və toplanmış və araşdırılmış sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəkildə onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə lazımi qiymət verərək Məhkum külli miqdarda psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri satış məqsədi olmadan törətməsini müəyyən etməklə bu əməllərin CM-in 234.4.3-cü maddəsindən CMin 234.1-1-ci maddəsinə tövsif edilməsini mümkün bilib bu haqda kassasiya qaydasında mübahisələndirilən ## ###### 2025-ci il tarixli qərarı qəbul etmişdir. Kassasiya kollegiyası da hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin qənaətin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Məhkum məhz CMin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumun özünün ibtidai araşdırmanın ilkin mərhələsində, o cümlədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması zamanı verdiyi izahat və ifadələri ilə yanaşı, ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahidlər şahid1, şahid3 və şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının # #### 2023-cü il tarixli */**** saylı, məhkəmə-ballistik ekspertizasının # #### 2023-cü il tarixli **/***R saylı və məhkəmə-tibbi ekspertizasının ## #### 2023-cü il tarixli ***/K saylı rəyləri ilə, Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması və sonuncunun yaşadığı evə baxışın və götürmənin aparılması haqqında # #### 2023-cü il tarixli, habelə bir sıra digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və maddi sübutlarla tam təsdiq edilir. Iş materiallarından görünür ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan 39,874 qram çəkidə metamfetamini, eləcə də odlu silah hesab edillən bir ədəd 9 mm kalibrli PM markalı PX-**** nömrəli tapançanı, onun komplekt hissələrini və həmin tapançadan, habelə digər odlu silahlardan istifadə edilməsi üçün nəzərdə tutulmuş 5 ədəd 9 mm kalibrli patronları əldə etmiş, saxlamış və daşımış, # #### 2023-cü il tarixdə isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və istintaq hərəkətlərinin aparılması nəticəsində bu əşyalardan 10,953 qram çəkidə metamfetamin onun üzərindən, 28,921 qram çəkidə həmin növdə psixotrop maddə, odlu silah və döyüş sursatı isə - yaşadığı evin həyətində yerləşən yarımtikilidən aşkar edilərək götürülmüşdür. Işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar əsasında işə mahiyyəti üzrə baxmış məhkəmələr fərqli nəticəyə gəlsələr də, onlar, yuxarıda qeyd olunduğu kimi, məhkəmələr tərəfindən həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırkı qərarda təsvir edilməsinə ehtiyac görmür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması da müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının fikrincə, toplanmış və araşdırılmış sübutlarla Məhkum odlu silahın və döyüş sursatının qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllərlə yanaşı, onun külli miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin subyektiv cəhətinə aid əlaməti ilə, yəni satış məqsədldə törətməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etməmiş və apardığı təhlilə və qiymətləndirməyə uyğun olaraq məhkum olunmuş şəxsin əməllərinin CM-in 228.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməsi haqqında düzgün qənaətə gəlmiş, öz qənaətini isə kifayət qədər ətraflı şəkildə əsaslandırmışdır. Kassasiya şikayətində Məhkum göstərilən cinayətləri törətməkdə təqsirsiz olması iddia olunsa da, müdafiəçi S.S.Abdullazadə bu iddianı təsdiq edən mötəbər sübutları istər apellyasiya, istərsə də kassasiya instansiyası məhkəmələrinə təqdim etməmiş, öz mövqeyini isə yalnız Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi inkaredici, özünü müdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verdiyi ifadələrinə istinad etməklə əsaslandırmışdır. Halbuki, CPM-in 139.0.6-cı madəsinin tələbinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya müraciətində Məhkum törətdiyi əməllərin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti mübahisələndirilməsə də məhkəmə kollegiyası həmin müraciətin dəlillərindən asılı olmayaraq, CPM-in 419-cu maddəsi tələb etdiyi kimi, bu məsələni də yoxlamış və bu yoxlamanın nəticəsində belə nəticəyə gəlmişdir ki, göstərilən məhkəmə sonuncunun əməllərinə münasibətdə maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş, məhkəmənin bununla bağlı ifadə etdiyi mövqeyi həm cinayət qanunvericiliyinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun tələblərinə, həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələr uyğundur. Kassasiya şikayətinin dəlilllərinə cavab olaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, bu dəlillərin əksinə olaraq iş materialları ilə CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədən toplanmış və araşdırılmış sübutlar arasında heç bir ziddiyyət müəyyən edilmir, əksinə, Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən verdiyi qismən etirafedici ifadələri bütün digər sübutlarla, o cümlədən şahid qismində dindirilmiş adları yuxarıda göstərilən polis əməkdaşlarının ifadələri ilə tam uzlaşır və işin hallarına münasibətdə onları tamamlayır. Bu baxımdan məhkəmə kollegiyası əvvəla hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən hər hansı əlavə sübutların əldə edilərək araşdırılması üçün əsaslar olmamış, məhkəmələr tərəfindən Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin əsas sübut növlərindən biri kimi qəbul etmələrində isəheç bir qanun pozuntusu görmür, çünki CPM-in 126.6-cı maddəsinin tələb etdiyi kimi, bu ifadələr digər sübutlarla tam təsdiq edilir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq hesab edir ki, iş üzrə hər hansı əlavə araşdırmanın aparılması üçün zərurət olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslar yoxdur, digər tərəfdən isə həmin məhkəmə işə apellyasiya qaydasında baxarkən və yekun qərar qəbul edərkən həmin qərarın ləğv edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində göstərilən hər hansı pozuntuya yol verməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbiri seçilərkən isə CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə riayət edilərək onun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, CM-in 59.1.4-cü maddəsinin tələbinə uyğun olaraq himayəsində iki azyaşlı uşaqlarının olmaları, CM-in 59.2-ci maddəsinə əsasən isə qardaşı X5 müharibə veteranı olması və onun “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi cəzanı yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmış və ona istər əməlinin tövsif edildiyi CM-in 234.1-1-ci maddəsi ilə, istərsə də CMin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəza təyin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda məhkum Məhkum müdafiəçisi S.S.Abdullazadənin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA L D İ: Məhkum Məhkum müdafiəçisi S.S.Abdullazadənin kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-387/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-387/2026
30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver