Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-389/2026 19.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Ilkin Qismət oğlundan ibarət tərkibdə, X1 Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili müdafiəçi3 iştirakları ilə, ##.##.2002-ci il tarixdə Cəlilabad rayonu, Səhradabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Səhradabad kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli hökmündən məhkumun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli hökmü (hakimlər A.Qurbanova (sədrlik edən və məruzəçi), F.Namazov və T.Hüseynov) ilə Məhkum Azərbaycan Respublikası CM-in 126.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, ona CM-in 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilməsi və 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi, təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələrinin qoyulması, onun davranışı üzərində nəzarətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər H.Məmmədov (sədrlik edən və məruzəçi), C.Hüseyn və A.Musayev) apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli hökmü ləğv edilmiş, Məhkum CM-in 126.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-in 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzadan CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə qaldığı 1 (bir) il 1 (bir) ay 14 (on dörd) gün müddət çıxılmaqla Məhkum üzərində qəti olaraq 5 (beş) il 1 (bir) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli hökmündən məhkumun müdafiəçisi müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Ittihama əsasən Məhkum xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, ## ###### 2023-cü il tarixdə, saat 01 radələrində şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Aydın» adlı şəxlə bir qrup şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Şollar” adlanan kafenin daxilində olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, həmin kafedə müştəri qismində olan zərərçəkmiş şəxs2 ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədərək, sifət nahiyəsinə yumruqla bir neçə zərbə vuraraq, sol göz ətrafı yumşaq toxumaların qançırı və bu fonda gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirib kafenin həyət hissəsinə çıxdıqdan sonra arxasınca gələn Aydın adlı şəxs də heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vuraraq, sol tərəfli almacıq – orbita kompleksinin (almacıq sümüyünün və qövsünün) sınığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına az ağır zərər vurmuş, bundan sonra da o, öz cinayətkar niyyətini davam etdirərək, zərərçəkmiş şəxs2 ilə birlikdə kafedə müştəri qismində istirahət edən dostu zərərçəkmiş şəxs1 qarın nahiyəsinə heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməyən bıçaqla bir dəfə vuraraq, qarının ön divarının sol yarısının qabırğaaltı nahiyədən periton boşluğuna nüfuz edən, mədəni zədələyən, daxili qanaxmaya (qarın boşluğunda 200 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyatı üçün təhlükəli olan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır xəsarət yetirmiş, bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, səs-küyə toplaşan insanların olmasına və onları aralamasına baxmayaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozaraq xuliqanlıq etmişdir. Məhkum törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun əməli Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə tövsif olunaraq təqsirli bilinmişdir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, Məhkum xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır xəsarət yetirmiş, digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qarşı şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Aydın» adlı şəxlə bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Apellyasiya instansiya məhkəməsi isə toplanmış sübutları qiymətləndirməklə Məhkum əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olması, lakin Məhkum əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması, onun əməlində CM-in 126.2.4cü maddəsinin tərkibinin olması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaqda olduğu kimi, apellyasiya instansiyası tərəfindən işə baxılan zaman hər-hansı araşdırma aparılmadan qeyriobyektiv, birtərəfli, qərəzli və qanunsuz qərar çıxarılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında münaqışə zərərçəkənlərin təşəbbüsü və onların qeyri-qanuni hərəkətləri ilə başlamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin hərəkətlərində zərərçəkmiş zərərçəkmiş şəxs1 münasibətdə xuliqanlıq motivinin olmaması, Məhkum zərərçəkmiş şəxslərin ona qarşı qanunsuz hərəkətləri nəticəsində cinayət törətməsi qənaətinə gəlib, onun əməlini CM-in 126.1-ci maddəsi ilə tövsif etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir, təqsirləndirilən şəxs anadangəlmə ağır ürək xəstəliyindən əziyyət çəkir və ürəyindən əməliyyat olunmalıdır, atası ruhi xəsta olmaqla 2-ci qrup əlil, anası broxial astma xəstəsi olmaqla 3-cü qrup əlil, qardaşı ürək xəstəsi olmaqla 2-ci qrup əlildir, yəni ailənin bütün üzvləri bu və ya digər ağır xəstəliklərdən əziyyət çəkir. Bütün bunları nəzərə alan birinci instansiya məhkəməsi onun əməlini CM-in 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1 və 221.2.1-ci maddələrinə tövsif etməklə CMin 70-ci maddəsinə əsasən təyin edilən cəzanı şərti tətbiq etmişdir. Lakin təəssüf ki, apellyasiya instansiya məhkəməsi fərqli və yalnış mövqe nümayiş etdirərək birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək məhkum barəsində yeni ittiham hökmü çıxarmış və onun əməlini CM-in 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Müdafiəçi yuxarıda göstərilənlərə əsasən, Məhkum barəsində olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmünün dəyişdirilərək, Bakı Ağir Cinayətlər Məhkəməsinin 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli hökmünün öz qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduğunu, məhkumun xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirli olması, bununla da onun əməlinin CM-in 126.2.4-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticəsinin əsassız olduğunu iddia etməklə, apellyasiya məhkəməsinin hökmünün dəyişdirilməsi, məhkumun təqsirli bilindiyi CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan əməlinin həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi haqqında kassasiya tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Iş materiallarından görünür ki, Məhkum əməlinin CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməsinə dair hissədə apellyasiya instansiya məhkəməsinin hökmü ittiham və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində yalnız Məhkum CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə apellyasiya instansiya məhkəməsinin hökmü mübahisələndirilmiş, onun həmin əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi Məhkum əməlinin CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif edilməli olmasını iddia etsə də, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143, 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və Məhkum zərərçəkmiş zərərçəkmiş şəxs1 qarşı olan cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onu CM-in 126.2.4-ci maddəsi ilə təqsirli bilmişdir. Sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Müdafiəçi kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xəsarət yetirərkən əməlində xuliqanlıq niyyətinin olmadığını göstərmiş və bunu hadisənin zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlaması, mübahisə zamanı Məhkum özünü qorumaq məqsədi ilə zərərçəkmiş şəxsi bıçaqla vurması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Məhkum zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurma ilə bağlı əməlində xuliqanlıq niyyətinin olmaması barədə müdafiə tərəfinin mövqeyi ilə razılaşa bilmir. Belə ki, cinayət hüququ baxımından xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin - fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti çox vaxt heç bir əsaslı səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Həmçinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında əvvəlcə sözlü mübahisə baş vermiş və sözlü mübahisədən sonra Məhkum kafedə öz masasında əyləşmişdir. Bundan sonra zərərçəkmiş zərərçəkmiş şəxs2 acıqlı bir şəkildə həmin masaya yaxınlaşaraq Məhkum danışmaq üçün çölə çağırmışdır. Bu zaman Məhkum ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əqlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq yumruqla zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. Kafedə olan şəxslər onları ayırdıqdan sonra zərərçəkmiş şəxs2 kafedən çölə çıxmış, Məhkum da onun ardınca kafedən çölə çıxaraq kafenin həyətində zərərçəkmiş şəxslə mübahisə edib onunla əlbəyaxa olmuş, bu vaxt Məhkum onları ayırmaq üçün araya girən zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmişdir. Hadisə zamanı zərərçəkmiş şəxs1 Məhkumla mübahisə etməsi və onunla dalaşması müəyyən edilməmişdir. Göründüyü kimi Məhkum hadisə vaxtı bu cür davranması onun hərəkətlərinin məhz xuliqanlıq niyyətindən – özünü zərərçəkmiş şəxslərdən üstün, adi sözə görə “cəzalandırmaq hüququna” malik olan şəxs kimi görməsindən irəli gəldiyini göstərir. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş, hazırki iş üzrə hökmdə təsvir edilmiş Məhkum zərərçəkmiş zərərçəkmiş şəxs1 qarşı qəsdən törədilən əməli ona isnad edilən, dispoziyasına əsasən xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma cinayətinə görə məsuliyyət müəyyən edən CM-in 126.2.4-cü maddəsi ilə tam uzlaşır. Məhkum həmin hərəkətlərinin faktik məzmunu ilə CM-in 126.2.4-cü maddəsinin dispozisiyası arasında uyğunluğun olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bu maddədə nəzərdə tutulmuş cinayət tərkibinə verdiyi təfsirdən də aydın görünür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli qərarının 6-cı bəndinə görə “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.4-cü maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş Məhkum zərərçəkmiş zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan CM-in Xüsusi Hissəsinin norması və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, məhkumun əməlində CM-in 126.2.4-cü maddəsinin deyil, CM-in 126.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında müdafiə tərəfinin iddiasının əsassız olduğu, onun həmin əməlində CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Apellyasiya instansiya məhkəməsinin Məhkum zərərçəkmiş zərərçəkmiş şəxs1 məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, CPM-in cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş və şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə, digər sübutlara əsaslanır. Odur ki, məhkəmə kollegiyası işin faktik hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (mübahisələndirilən əməlin hüquqi tövsifi), Məhkum CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə apellyasiya instansiyası məhkəməsinin nəticələrini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-in 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, barışmalarını, ailə üzvlərinin xəstəliklərini, evin yeganə qazanc gətirən şəxsi olmasını, özünün ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını ən aşağı həddə təyin etmişdir və kassasiya baxışı zamanı onun cəzasının yüngülləşdirilməsi üçün əlavə hər hansı hal müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırki işdə məhkumun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti tətbiq edilməsi üçün də əsaslar mövcud deyildir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-in 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiə tərəfinin CM-in 70-ci maddəsində nəzərdə tutulmuş güzəştli institutun tətbiq edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi onu deməyə əsas verir ki, məhkum azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir ki, o, islah olunsun, sosial ədalət bərpa olunsun, eləcə də həm o, həm də digər şəxslər yeni cinayətlər törətməkdən çəkinsinlər. Kassasiya şikayətində apellyasiya məhkəməsinin bu hissədə qənaətini (cəzanın şərti tətbiq edilməməsi barədə) təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən kassasiya şikayətində sadalanan və məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan halları onun barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi CM-in yuxarıda təsvir olunmuş məsələni tənzimləyən normalarının pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası bu məsələdə (işin müəyyən edilmiş hallarının şərti məhkum etmənin tətbiqinə əsas verməməsi mövzusunda) fərqli nəticəyə gəlmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsində olan 2026-cı il ## ###### tarixli hökmü verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmü verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-389/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-389/2026
19.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver