Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-4/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Seyfəlov Yusif Kamil oğlunun iştirakları ilə, 05.03.1996-cı il tarixdə Şərur rayonunun Muğancıq Mehrab kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, x5 qeydiyyatda olaraq həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının *(***)-*/**** nömrəli 27 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Seyfəlov Yusif Kamil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şərur Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli 9 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakim S.Ə.Qarayev) Məhkum - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il 2 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 9 oktyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının *(***)-*/**** nömrəli 27 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər F.M.Abbasov (sədrlik edən), Ə.N.Novruzov və İ.M.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli 14 yanvar 2026-cı il tarixli qərarı ilə (hakim İ.S.Ibrahimov) “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Işin halları: Məhkəmə qərarlarına görə Məhkum 27 iyul 2024-cü il tarixdə saat 03:20-də BC seriyalı ****** nömrəli sürücülük vəsiqəsi və “xxxx” MMC-nin verdiyi etibarnamə ilə idarə etdiyi “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda, buna əməl etməyərək, Şərur rayonu ərazisinə düşən həmin yolun 42-ci km-də Sədərək rayonu istiqamətində ikinci hərəkət zolağında asfalt yoldan avtomobil detal hissəsini götürməyə çalışan piyada Zərərçəkmiş şəxs vurmuş, piyadaya başın ağır küt travması, başın sağ alıngicgah nahiyələrində dərialtı yumşaq toxumalara qansızma, sağ alın sümüyünün xətti sınığı, baş beyin toxumasına, sağ alın-gicgah nahiyələrində qansızma, beyin toxumasının əzilməsi, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı, başın sağ alın-gicgah nahiyəsində hematoma və əzilmiş-cırılmış yarası, sağ göz yuvasını əhatə edən qançır, sağ said və döş qəfəsinin arxa səthində sıyrıqlarından ibarət ağırlıq dərəcələrinə görə sağlam şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Bununla da vətəndaş Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının *(***)-*/**** nömrəli 27 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, hazırki cinayət işi üzrə Məhkum münasibətdə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, bunun da nəticəsində onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisələndirilən hökmdən görünür ki, iş üzrə müdafiəçisi olduğu şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilərkən əsas sübut kimi şahid ifadələrinə, məhkəmə-tibb ekspertizasının, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərinə, hadisə yerinə baxış aparılması haqqında protokola və sair istintaq materiallarına sübut kimi istinad olunmuşdur. Baxmayaraq ki, sübut kimi istinad olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi hadisə şahidlərinin ifadələri ilə ziddiyyət təşkil etdiyi halda, nədənsə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı həmin ziddiyyətlər araşdırılmamış və aradan qaldırılmamışdır. Bunun da nəticəsində müdafiəçisi olduğu şəxsin əslində real olaraq hadisənin qarşısını almağa texniki cəhətdən imkanın olubolmaması, həmçinin baş vermiş hadisədə onun hərəkətləri ilə nəticə arasında səbəbli əlaqənin mövcud olub-olmaması obyektiv araşdırılmamışdır. Belə ki, hazırki cinayət işinin materiallarında olan baxış protokolunda kifayət qədər ziddiyyətli və araşdırılmamış məqamlar var ki, bu da öz növbəsində məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində özünü göstərmişdir. Ilk olaraq qeyd etmək lazımdır ki, hadisə yerinə baxış zamanı çox incə nüanslar diqqətə alınmamışdır. Məsələn, hadisə baş verən anda həmin ərazidə asfalt yol yağan yağış nəticəsində quru olmamışdır ki, bu da avtomobillərdən düşən işıq şüalarının böyük hissəsinin əks etdirilmədən udulması deməkdir. Yaxud piyadanın üst geyiminin qara rəngdə olması (hansı ki, zərər çəkmiş şəxs avtomobilə mindirilərək xəstəxanaya aparılmaq istərkən əynindən çıxaraq yolda qalmışdır) və məhz buna görə də sürücü Məhkum onu görə bilməməsi. Qeyd etmək yerinə düşər ki, hadisə yerinə baxış hadisənin baş verdiyi andan ən azı bir saatdan sonra keçirilmişdir. Bu onu deməyə əsas verir ki, həmin zaman aralığında asfalt yol tamamən qurumuşdur. Bunu başqa üsullarla sübut etməyə belə ehtiyac yoxdur. Çünki qəza baş verən gün havanın temperaturunun mövsümlə (qızmar yay günü) əlaqədar yüksək olması əminəm ki, heç kəsdə mübahisə və şübhə doğura bilməz. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, hadisə yerinin müayinəsi vaxtı (baxış keçirilərkən) süni işıqlandırmadan istifadə edildiyi protokolda öz əksini tapsa da, bu hal cinayət işinə əlavə olunmuş hadisə yerinin fotoşəkillərindən açıq-aşkar göründüyü kimi təkzib edilir. Işin faktiki hallarından görünür ki, X1 idarə etdiyi “Mercedes-Benz” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yüksək təhlükə mənbəyinə çevrilmiş və bunun nəticəsində təqsirləndirilən şəxs anidən önünə çıxan piyadanı vurmuşdur. Ümumiyyətlə, qanunvericilik özü-özlüyündə nəqliyyat vasitəsini yüksək təhlükə mənbəyi hesab edir. Hazırkı cinayət işində isə “Mercedes Benz” markalı avtomobilin təqsirləndirilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə təhlükə yaradıbyaratmaması texniki-hüquqi baxımdan analiz edilməlidir. Belə ki, işin faktiki hallarına detallı şəkildə yanaşdıqda aydın olur ki, hadisənin baş verməsinə dolayısı səbəb, təhlükə mənbəyi kimi təkcə həmin amil ola bilməzdi. Cinayət hadisəsinin törənmə şəraitinə nəzər yetirdikdə hadisəyə səbəb olaraq daha çox digər amillərin - havanın qaranlıq və buludlu olmasının, hadisədən əvvəl yağış yağdığı üçün asfalt örtüyünün “işığı udmasının”, zərərçəkmiş şəxsin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının, onun əynindəki paltarın (üst geyiminin) qara rəngdə olmasının, piyadanın aşağı əyilməsinin və b. buna bənzər halların - şərait yaratmasına nə ibtidai istintaq dövründə, nə də məhkəmə araşdırması zamanı düzgün hüquqi qiymət verilməyib. Iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli *** nömrəli rəyin tədqiqat hissəsindən görünür ki, “... Aparılmış hesabatdan məlum olur ki, Nissan Note markalı avtomobilin 80 km/saat sürətində onun tam dayanma yolu 62,9 metrdir. Aparılmış tədqiqata əsasən, Nissan Note markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yarandığı anda, yəni əks hərəkət zolağında dayanan Mercedes Benz markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin işıqları gözünə düşdüyü anda Nissan Note markalı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafə (Sa=150 m) Nissan Note markalı avtomobilin tam dayanması üçün lazım olan məsafədən (Sd=62,9) böyük (Sa>Sd) olduğundan ... onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur”. Ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, ekspert işin hallarına uyğun olmayan və qanunazidd məlumatları əsas götürməklə hesabatlar aparmış və yanlış nəticəyə gəlmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi”ndən bəhs edən 83-cü maddəsinin III hissəsində imperativ olaraq göstərilir ki, “Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir”. Bu isə o deməkdir ki, rəy tərtib edən ekspert müstəntiqin “Məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının təyin edilməsi barədə” qərarında nəqliyyat vasitəsinin sürətini “xüsusi cihazlar vasitəsi ilə” müəyyən etmədən (hətta bununla bağlı ifadə verən şəxslər fərqli rəqəmlər söyləməsinə və bu ziddiyətin aradan qaldırılmamasına rəğmən) 80 km/saat olaraq qəbul etmiş və qanunvericiliyin tələbini pozmaqla rəy vermişdir. Habelə, müstəntiq, eləcə də ekspertin yüksək təhlükə mənbəyi olaraq təqsirləndirilən şəxsin “Mercedes Benz” markalı avtomobili tam əminliklə 150 m məsafədən görməsi belə mübahisəlidir. Çünki, həmin avtomobilin durduğu hərəkət zolağı, avtomobilin hansı faralarından və necə - uzaq və ya yaxın işıqlandırmadan istifadə etməsi, üstəgəl üz-üzə olan sürücülərdən birinin avtomobil işığını ümumiyyətlə görməməsi müqabilində digərinin, yəni Quliyevin avtomobil işığını 150 m aralıdan görməsi heç də inandırıcı deyil. Bu vəziyyətdə konkret situasiya istintaq orqanı tərəfindən qiymətləndirilmədən, hüquqi baxımdan obyektiv şəkildə araşdırma aparılmadan ekspertizaya sənədlərin birtərəfli, natamam qaydada təqdim edilməsinə və nəticə etibarilə yanlış rəyin təıtib olunmasına şərait yaratmışdır. Belə ki, ekspert yalnız istintaq orqanının ona təqdim etdikləri sənədlərlə kifayətlənib ki, həmin sənədlərin özü belə nə işin faktiki hallarına uyğundur, nə də tətbiq edilməli olan maddi normalara. Onu da bildirmək yerinə düşər ki, hadisə yerinə baxış keçirilərkən hadisənin real təsviri görüntüsü yaradılmağa çalışılsa da, buna nail olunmamışdır. Çünki, baxış aparılana qədər artıq hadisə yerinin tamlığı pozulmuş və oradakı texniki ölçmələr yalnız mülahizələr əsasında aparılmışdır. Bunu hadisə yerinə baxış aparılarkən çəkilmiş fotoşəkillərdən də görmək mümkündür. Bütün sadalananları ümumi başlıqlar altında cəmləsək: 1) hadisə zamanı yol örtüyü yağış səbəbindən quru olmayıb. Həm bu səbəbdən, həm də zərərçəkmiş şəxs qara rəngli paltar geyindiyi və başı aşağı vəziyyətdə magistral yolda avtomobil detal hissəsi axtardığından, habelə qarşıdakı “Mercedes Benz” markalı avtomobilin işıqlarının da təsirindən sürücünün piyadanı görmək imkanı olmamış (istintaqın gəldiyi qənaətə görə) və beləliklə də məlum bədbəxt hadisə baş vermişdir. 2) Təqsirləndirilən şəxsin məhz 150 m məsafədən avtomobil işığı görməsi, ancaq qarşıdakı avtomobilin sürücüsünün onu görməməsi mümkün olan hal deyil. Üstəgəl “Mercedes Benz”in hansı zolaqda dayanması və işıqlandırma üsulu dəqiq müəyyənləşdirilməyib. Qanun pozuntusunun baş vermiş hadisə ilə əlaqələndirilməsi qətiyyən yolverilməzdir. Bununla əlaqədar olaraq hörmətli məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, ekspertin müəyyən etdiyi nəticələr işin faktiki halına uyğun deyil və kifayət qədər ziddiyyətlidir. Eləcə də həmin rəy ciddi maddi və prosessual qanun pozuntuları ilə müşaiyət olunaraq ərsəyə gəlmişdir. Buna görə də mübahisə edilən rəy sübut kimi qiymətləndirilə bilməz. Hesab edir ki, işin faktiki halları ilə ziddiyyət təşkil edən həmin sübutlar mötəbər hesab edilə bilməz və həmin sübutlar əsasında hüquqlarını müdafiə etdiyim şəxsə ittiham verilməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Hazırki hökmdən isə görünür ki, məhkəmə iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə istinad etməklə “Nissan Note” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Quliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qənaətinə gələrkən işin yuxarıda qeyd etdiyimiz faktiki halları ilə qeyd olunan ekspert rəyi arasındakı ziddiyyətləri görməzdən gəlmişdir. Beləliklə də sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmədən və lazımi hüquqi qiymət verilmədən təqsirləndirilən şəxs əsassız məhkum edilmiş və barəsində həddindən artıq ağır cəza təyin edilmişdir. Hüquqlarını müdafiə etdiyim Məhkum əməlində (əgər həmin əməl cinayət sayılırsa) heç bir ağırlaşdırıcı hal olmadığına, bunun əksinə onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi (AR CM 59.1.1.), cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi (AR CM 59.1.8.), şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi (AR CM 59.1.10.), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması (AR CM 59.1.11.), həyat yoldaşının hamilə olmasına, yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxs olmasına, zərərçəkmiş şəxsin hüquqi varisi ilə hər vəchlə barışığa cəhd etməsinə dair yüngülləşdirici hallar nəzərə alınmadan məhkəmə tərəfindən ona münasibətdə ayrıseçkiliyə yol verilərək heç bir əsaslandırma aparmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının yuxarı həddinə yaxın cəza təyin edilmişdir. Hadisə baş verdikdən dərhal sonra təqsirləndirilən şəxs ilk əvvəl zərərçəkmiş şəxsə yardım etmək, onun həyatını qurtarmaq məqsədilə onu idarə etdiyi avtomobilə qoyaraq xəstəxanaya aparmış, həm tibbi personala, həm də orada olan polis əməkdaşına yaxınlaşaraq avtoqəza törətdiyi barədə məlumat vermişdir. Yəni, könüllü gəlib təqsirini etiraf etmişdir. Cinayətin xeyli dərəcədə şəraitin təsiri altına törədilməsi cəza təyinində mütləq nəzərə alınmalıdır. Indiki vəziyyətdə zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri, o cümlədən hadisə zamanı digər nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını pozmasının baş verən bədbəxt hadisəyə münasibətdə səbəbli əlaqədə olması birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə, araşdırılmamışdır. Məhkəmənin hökmü onun gəldiyi nəticələrə münasibətdə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmadığı, sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyi (çünki, tədqiq olunmuş sübutlar olduqca ziddiyyətli və bir-birini tamamlamayan sübutlardır) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi baxımından əsaslı hesab edilə bilməz. Məhkum ilk dəfə şahid statusunda ifadə alınarkən onun özünə qarşı ifadə verməmək hüququ pozulmuşdur. Ibtidai araşdırmanın yol verdiyi bu qanunsuzluğa isə birinci instansiya məhkəməsi heç bir münasibət bildirməmiş, təqsirləndirilən şəxsin pozulmuş hüququnun bərpası üçün heç bir tədbir görməmişdir. Beləliklə də işə baxan məhkəmə müdafiə hüququnn pozuntusuna göz yummaqla yanlışın üzərinə yeni yanlış əlavə etmişdir. Cinayət işindəki prosessual pozuntular tək bunlarla bitmir. Belə ki, yolnəqliyyat hadisəsinin iştirakçılarından izahat alınmadan ifadələrinin alınması o deməkdir ki, əslində onların ibtidai istintaq zamanı verdikləri ifadələr sübut növü kimi qiymətləndirilə bilməz. Hətta, əksəriyyətinin “ifadəsi” məhkəmə iclasında sadəcə elan edilərək “tədqiq edildiyi” halda. Onu da qeyd edir ki, Məhkum barəsində təqsirləndirilən şəxs kimi cəlbetmə ilə bağlı qərar çıxarıldıqdan sonra heç bir şahid ifadəsi alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Y.Seyfəlovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə görə “bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda” üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija Ispaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı məhkum Məhkum ifadəsində göstərimişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində ailəsi ilə birlikdə Şərur rayonunun Muğancıq Mehrab kəndində yaşadığını, 3 ildir Şərur rayon Elektrik Şəbəkəsində elektrik mütəxəssisi işlədiyini, hal hazırda işsiz olduğunu, 6 ay olar ki, Naxçıvan şəhərində olan Naxçıvan avtosalondan “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobili kreditlə aldığını, həmin avtomobili kreditlə olduğu üçün “xxxx” MMC-nin Naxçıvan nümayəndəliyinə qeydiyyatdan keçirdiyini, avtomobilin ödənişini hər ay 276 manat olmaqla Naxçıvan şəhərində fəaliyyət göstərən "Azərtürk Bank"a ödədiyini, 27.06.2024-cü il tarixdə toy mərasimi olacağını, 26.06.2024-cü il tarixdə saat 22:50 radələrində qeyd etdiyi avtomobillə dayısı və qardaşının oğlu Turan ilə birlikdə hava limanından qardaşını qarşılamaq üçün Şərur rayonunun Muğancıq Mehrab kəndindən çıxdığını, saat təxminən 00:20 radələrində Naxçıvan Hava Limanına çatdığını, saat 01:53-də təyyarənin endiyini, qardaşı Orxanı və onun həyat yoldaşı Məhəbbəti götürüb Şərur rayonuna getmək üçün hava limanından çıxdığını, avtomobili özünün idarə etdiyini, qabaq sərnişin oturacaqda dayısı, arxa oturacaqda isə qardaşı Orxan, həyat yoldaşı Məhəbbət, qardaşının oğlu Turan oturduğunu, Naxçıvan şəhərindən çıxanda havanın yağışlı olduğunu, Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində ikinci hərəkət zolağında 80 km/saat sürətlə yaxın işıqlarla hərəkətdə olduğunu, Sədərək rayonu istiqamətində Şərur rayon Püsyan kənd ərazisindən keçən hissədə hərəkətdə olduğunu, 150 metr məsafədən Naxçıvan şəhəri istiqamətində bir avtomobilin işıqları yanılı vəziyyətdə dayandığını gördüyünü, həmin avtomobilin sola dönmə siqnalının yanılı olduğunu, həmin avtomobilin dönəcəyini düşündüyünü, avtomobilə yaxınlaşan zaman 5 metr məsafədən sürücünün qapısının açıq olduğunu gördüyünü, avtomobilə çatan anda təxminən 1 metr məsafədən bir nəfərin onun hərəkət zolağında qoşa xəttin yanında üzü yolun sağ kənarına tərəf əyildiyini gördüyünü, həmin an ayağını tormuza basdığını, amma məsafə çox yaxın olduğundan həmin şəxsi avtomobilin sol hissəsi ilə vurduğunu, piyadanın başının avtomobilin alın şüşəsinə dəydiyini, alın şüşənin qırıldığını, piyadanın hərəkətini uzaq məsafədən görməməsinə səbəb dayanmış avtomobilin işıqlarının gözünə düşməsi olduğunu, biraz getdikdən sonra piyadanın avtomobilinin sol tərəfinə düşdüyünü, avtomobili öz hərəkət zolağında saxladığını, avtomobildən yerə endiyini, həmin anda Naxçıvan şəhəri tərəfdən gələn tanımadığı bir avtomobil yaxınlaşdığını, avtomobilin işıqları düşən zaman əks istiqamətli zolaqda asfalt yolda uzanan piyadanı gördüyünü, həmin piyadanı dayısı və qardaşı ilə birlikdə idarə etdiyi avtomobilə qoyaraq Şərur rayon xəstəxanasına apardığını, xəstəxanaya çatıb yaralını xəsatəxanada endirdiklərini, xəstəxanada oturacaqda oturub gözlədiyini, sonradan polislərlə birlikdə hadisənin baş verdiyi yerə getdiyini, sonradan valideyinləri və digər qohumları dəfələrlə zərərçəkmiş şəxsin evinə getdiklərini, dəfn xərcini çəkmək və barışıq əldə etmək istəsələr də zərərçəkmiş şəxsin valideynlərinin bundan imtina etdiklərini, onlarla barışmadıqlarını, hazırda da ondan şikayətçi olduqlarını, etdiyi əməldən çox peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 27 iyun 2024-cü il tarixli ** nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - başın ağır küt travması, başın sağ alın-gicgah nahiyələrində dərialtı yumşaq toxumalara qansızma, sağ alın sümüyünün xətti sınığı, baş beyin toxumasına, sağ alın-gicgah nahiyələrində qansızma, beyin toxumasının əzilməsi, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı, başın sağ alın-gicgah nahiyəsində hematoma və əzilmiş-cırılmış yarası, sağ göz yuvasını əhatə edən qançır, sağ said və döş qəfəsinin arxa səthində sıyrıqlar küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Eləcə də avtomobil qəzası nəticəsində də törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə sağlam şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla mərhumun ölümü ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə baş beyin toxumasının əzilməsi səbəb olmuşdur. Iş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli *** nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “Nissan Note” markalı **-AF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir. Həmçinin məhkumun törətdiyi əməl iş üzrə dindirilmiş şahidlərin ifadələrində də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 263.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda həmin məhkəmə tərəfindən bu sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəməin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun iş üzrə təqsirliyinin sübut edilmədiyinə görə bəraət verilməli olduğunu qeyd etsə də, iş materialları ilə məhkumun təqsiri sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən ilk dəfə cinayət törətməsi, törətdiyi əməldən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım etməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmiş, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 27 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının *(***)-*/**** nömrəli 27 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-4/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-4/2026
29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver