Məhkəmə qərarları › İş №1(1-8)-40/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-40/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-40/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, 17 sentyabr 1984-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, x3 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-*(***)-****/**** nömrəli 11 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli 11 mart 2024-cü il tarixli hökmünə əsasən (hakimlər F.A.Namazov (sədrlik edən), R.N.Ələkbərli və A.E.Məmmədov) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli 10 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 4 (dörd) il 10 (on) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 13 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** nömrəli 11 mart 2024-cü il tarixli qərarına əsasən cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı olan hissədə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-*(***)-****/**** nömrəli 11 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər H.H.Əhmədov (sədrlik edən), Z.N.Hüseynov və Ə.Q.Ələkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli 11 mart 2024-cü il nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli 10 mart 2026-cı il tarixli qərarı ilə (hakim S.M.Məmmədli) Məhkum “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Işin halları: Ittiham aktına əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Məhkum, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınsöndürən kimi işə qəbul edilməsinə köməklik edilməsi məqsədilə 2020-ci ilin yay aylarında özünə cinayətdən xəbərsiz tanışı zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun qohumu zərərçəkmiş şəxs3 Quba rayonu ərazisində istintaqa məlum olmayan yerdə görüşləri zamanı zərərçəkmiş şəxs1 vasitəsilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə zərərçəkmiş şəxs3 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, zərərçəkmiş şəxs3 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin hissə-hissə verilməsi barədə zərərçəkmiş şəxs1 vasitəsilə razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin yay aylarının sonlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinin inzibati binasının qarşısında 5000 manat, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının yaxınlığında 2000 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs1 vasitəsilə şəxsən alaraq, eyni niyyətlə “xxxx” ASC-nin Quba rayon filialında yerləşən təcili pul köçürmələri terminalından 12.02.2021-ci il tarixdə 1000 manat, 05.03.2021-ci il tarixdə 1000 manat məbləğində pul vəsaitlərinin zərərçəkmiş şəxs1 vasitəsilə öz adına göndərilməsinə nail olaraq həmin pul vəsaitlərini nağdlaşdırıb, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 9000 (doqquz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə zərərçəkmiş şəxs3 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına ali təhsil almaq üçün qəbul edilməsinə köməklik edilməsi məqsədilə 2021-ci ilin əvvəllərində özünə müraciət etmiş tanışı, Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni, R zərərçəkmiş şəxs1 Quba rayonu ərazisində istintaqa məlum olmayan yerdə görüşləri zamanı özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına ali təhsil almaq üçün qəbul edilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Fövqəladə Hallar Nazirliyinin Akademiyasına ali təhsil almaq üçün qəbul edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, zərərçəkmiş şəxs1 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin hissə-hissə verilməsi barədə razılığını almaqla sövdələşib, həmin niyyətlə “xxxx” ASC-nin Quba rayon filialı vasitəsilə 12 fevral 2021-ci il tarixdə 1500 manat, 17 mart 2021-ci il tarixdə 4000 manat məbləğində pul vəsaitlərinin öz adına göndərilməsinə nail olub həmin pul vəsaitlərini nağdlaşdıraraq, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə zərərçəkmiş şəxs1 təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınsöndürən kimi işə qəbul edilməsinə köməklik edilməsi məqsədilə 2021-ci ilin avqust ayında özünə cinayətdən xəbərsiz tanışı zərərçəkmiş şəxs1 vasitəsilə müraciət etmiş sonuncunun dostu zərərçəkmiş şəxs2 aralarında aparılan telefon danışığı zamanı zərərçəkmiş şəxs1 vasitəsilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə zərərçəkmiş şəxs2 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu zərərçəkmiş şəxs1 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, zərərçəkmiş şəxs2 maddi imkanı ilə əlaqədar qeyd olunan pul vəsaitinin hissə-hissə verilməsi barədə zərərçəkmiş şəxs1 vasitəsilə razılığını almaqla sövdələşib, həmin niyyətlə 31 avqust 2021-ci il tarixdə “xxxx” ASC-nin Şimal filialından 6000 manat məbləğində pul vəsaitinin cinayətdən xəbərsiz tanışı zərərçəkmiş şəxs1 vasitəsilə öz adına olan ******************** saylı kart hesabına göndərilməsinə nail olub həmin pul vəsaitini nağdlaşdıraraq, eyni niyyətlə 2021ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarının qarşısında 2000 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz tanışı zərərçəkmiş şəxs1 vasitəsilə şəxsən alaraq, əldə etdiyi pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə zərərçəkmiş şəxs2 təkrarən təhrik etmiş, sonuncu aldadıldığını başa düşməsi səbəbindən razılaşdıqları pul vəsaiti üzrə qalan məbləği vermədiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini zərərçəkmiş şəxs2 almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus 9000 (doqquz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı olan hissədə xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş 3 dekabr 2025-ci il tarixli kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarının dəyişdirilib, cəza müddətinin azaldılması barədə qərar çıxarılması xahiş edilir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə yüngülləşdirici hallar düzgün nəzərə alınmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkum ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” əməli məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində bu əməl “təkrar törədildikdə” və Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində bu əməlin “xeyli miqdarda ziyan vurmaqla” törədilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməllər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CMnin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli ** nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən himayəsində 2 azyaşlı uşağının olması, vurulmuş maddi ziyandan qismən, yəni hər birinə 2000 manat olmaqla, cəmi 6000 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 ödəməsi onun cəzasını yüngülləşdirən hal kimi və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmamasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi də verilmiş apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsi üçün göstərilən hallar artıq məhkəmələr tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Kassasiya kollegiyası həmçinin məhkumun amnistiya aktına əsasən cəzadan azad olunmasını da nəzərə alır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-*(***)-****/**** nömrəli 11 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-*(***)- ****/**** nömrəli 11 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar