Məhkəmə qərarları › İş №1(1-8)-41/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-41/2026

10.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-41/2026 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Məhkum - Məhkum iştirakları ilə, ##.##.1970-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, “Birinci Qarabağ” Müharibəsi veteranı, ünvan 6 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, ünvan 5 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə və apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X1 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər E.Nuriyev (sədrlik edən və məruzəçi), A.Tağıyev və K.Muxtarov) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 75.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Hökmlə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyana görə Məhkum qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmiş, cinayət işi üzrə xüsusi müsadirəsi təklif olunan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 525 kvadrat metr torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin, ünvan 4 ünvanda yerləşən ** nömrəli mənzilin, ünvan 1 “D”, giriş B, ** saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Hökmdən zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər E.Əliyev (sədrlik edən), Ə.Məmmədov və F.Hümbətov) 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli hökmü ilə apellyasiya şikayəti və protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ### tarixli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmiş, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı 1.409,941 manat məbləğində verilmiş mülki iddia baxılmamış saxlanılmış, iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 525 kvadrat metr torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin, ünvan 4 ünvanda yerləşən ** nömrəli mənzilin, ünvan 1 “D”, giriş B, ** saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Hökmdə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X1 isə kassasiya protesti vermişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi təqdim edib borc əvəzində şahid3 tərəfindən Zərərçəkmiş şəxs verilmiş ünvan 2 “D" ünvanında “xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “B” girişində yerləşən 105,21 kvadrat metr sahəyə malik 90.000 ABŞ dolları dəyərində ** saylı üç otaqlı mənzili cinayətkar niyyətindən çıxış edərək həmin vaxt Zərərçəkmiş şəxs ölkə hüdudlarından kənarda olduğunu səbəb kimi bəhanə edib Azərbaycan Respublikasına gəldikdən sonra həmin daşınmaz əmlakı onun adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq ## ### 2013-cü il tarixdə “xxxx” MTK-nın ünvan 2 “D” ünvanında yerləşən ofisində mənzili öz adına sənədləşdirməklə ələ keçirib sonradan başqa şəxsə 90.000 manata sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 70.200 manat təşkil edən 90.000 ABŞ dolları məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi tanıdıb guya alışına kütləvi təlabat olan Rusiya Federasiyasının Dağıstan Respublikasında çoxsaylı başmaqların yüksək qiymətə topdan satışını təşkil edib dəyərini qısa müddət ərzində tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin yaz aylarında vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə olmaqla, sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi ünvanında olan “Binə” Ticarət Mərkəzində yerləşən icarə əsasında başmaqların satışı ilə məşğul olduğu mağazasında Eren Hüseynə məxsus və sonuncu tərəfindən göndərilmiş ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.339.741 manat təşkil edən 788.083 ABŞ dolları dəyərində müxtəlif növ başmaq mallarını alaraq ələ keçirib sonradan sataraq Zərərçəkmiş şəxs heç bir ödəniş etməyib əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 1.339.741 manat məbləğində, xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittihamın ikinci epizodu üzrə əməlində cinayət tərkibi olmadığından, həmin epizodu ittihamdan xaric etmiş, birinci epizod üzrə onun əməlində CM-in 178.3.2-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmiş və CM-in 75.1.3-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, ona həmin maddə ilə cəza təyin etməmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamlarla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmiş, lakin zərərçəkmiş şəxsin cinayət işi üzrə verdiyi mülki iddianın, hökmdə cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada müzakirə edilməməsini və mülki iddiaya hər hansı formada münasibət bildirilməməsini əsas gətirərək, birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək yeni hökm çıxarmış, hökmdə irəli sürülmüş ittihamlar, maddi sübutlar və üzərinə həbs qoyulmuş əmlakların taleyi, məhkəmə məsrəfləri məsələləri ilə bağlı birinci instansiya məhkəməsi ilə eyni nəticəyə gəlmiş, əlavə olaraq zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı baxılmamış saxlamışdır. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittihamda göstərilən birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət doğru deyil və bu kimi yanlış qənaətə gəlinməsinə səbəb, məhkəmədə müəyyən edilən və hökmdə qeyd olunan dəlillərin qarşılıqlı nəzərə alınmamasından irəli gəlmişdir. Belə ki, hökmdə müəyyən edilən hallardan göründüyü kimi həmin mənzil şahid3 tərəfindən zərərçəkmiş şəxsə olan borc əvəzində verilmiş və onun etibarnamə ilə etibar etdiyi tapşırıq əsasında ##.##.2013-cü il tarixdə təqsirləndirilən Məhkum dövr edilmişdir. Zərərçəkmiş adı çəkilən mənzili yaşamaq və ya gələcəkdə mülkiyyətinə almaq niyyətində olmamışdır. Onun niyyəti həmin mənzili satıb, şahid3 borcunu bağlamaq olmuşdur və təqsirləndirilən şəxsə də etibar etmişdir. Qeyd olunan cinayət əməlinin başa çatması təqsirləndirilən şəxsin həmin mənzili öz adına rəsmiləşdirməklə deyil, həmin mənzili başqasının mülkiyyətinə verib, əvəzində aldığı 90000 ABŞ dolların, zərərçəkmiş şəxsə verməli olduğu təqdirdə verməyib, ələ keçirib, şəxsi və maddi maraqları üçün sərf etdiyi anda bitmiş olur. Ona görə də mənzilin, əslində onun dəyəri olan 90000 ABŞ dolları məbləğin ələ keçirilməsi ilə bağlı başlanmış cinayət əməli həmin mənzilin X4 adına keçirildiyi ##.##.2020-ci il tarixdə başa çatmışdır. Bu səbəbdən cinayət məsuliyyətinə cəlb etmə müddəti həmin tarixdən hesablanmalı idi. Bundan başqa, ittihamın ikinci epizodu üzrə hadisələri mülki xarakterli mübahisə kimi qiymətləndirməklə də məhkəmə səhvə yol vermişdir. Belə ki, cinayət işi üzrə müəyyən olunmuş hallara əsasən Rusiya Federasiyasında mallara böyük tələbat olduğu və böyük həcmdə malları sata biləcəyinə zərərçəkmiş şəxsi inandıraraq, 2018-ci ilin yazından başlayaraq ondan aldığı ümumi dəyəri 1.339.741 manat məbləğində nisyə göndərilmiş malın satışından təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş olmamışdır. Cinayət işi üzrə müəyyən edilən dəlillərə əsasən təqsirləndirilən şəxslə zərərçəkən şəxs arasında uzun müddət davam edən və vədləri vaxtında yerinə yetirildiyi ilə müşayiət olunan 2018ci ilə kimi olan alış-verişlər, zərərçəkən şəxsin etibarını qazanmaq üçün təqsirləndirilən şəxsin qabaqcadan düşünülmüş niyyətlə hərəkət etdiyi aşkar vəziyyətdir. Müdafiə tərəfi malların anbarda qaldığına dair mənbəsi məlum olmayan akt və videogörüntü təqdim etmişdir. Halbuki, video-görüntüdəki mallar, ümumiyyətlə zərərçəkənin göndərdiyi mallar deyildir və faktiki həcminə görə də adıçəkilən 1.339.741 manat məbləğində malın həcmindən dəfələrlə azdır. Bütün bunlar bir daha onu göstərir ki, təqsirləndirilən şəxs, qabaqcadan düşünülmüş niyyətlə hərəkət edərək, malları ələ keçirəndən sonra onları satıb, əldə etdiyi pul vəsaitlərini mal sahibinə verməyib, özündə saxlamışdır. Beləliklə, şikayət müəllifi yuxarıda qeyd edilənlərə əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində həmin maddənin sanksiyasında müəyyən edilən azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum məhz məhkəmənin cari iş üzrə hökmü ilə təqsirli bilindiyi birinci epizod üzrə ##.##.2013-cü ildə Hüseyn Erenin etibarından sui-istifadə etməklə ona qarşı külli miqdarda dələduzluq cinayətini törətməsi onların aralarında ola biləcək “etibarlı” kommersiya münasibətlərini istisna edir. Belə ki, bu halın ittihamdan çıxarılan ikinci epizod üzrə 2018-ci ilin yaz aylarına təsadüf edən əməlin törədilməsindən əvvəl olması X1rşı dələduzluq niyyətinin əvvəldən formalaşdığını göstərir. Bundan başqa, məhkəmələr mövqeyini əsaslandırarkən təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında hal-hazırda Dağıstanda olan müştərisi Kalimat adlı şəxsin icarəyə götürdüyü Abdul adlı şəxsə məxsus anbarlarda zərər çəkmiş şəxsin mallarının qalmaqda olduğunu bildirməsi, əvvəllər həmin malları ucuz qiymətə satıb borcunu qaytarmağı Hüseyn Erenə təklif etməsi, lakin sonuncunun onun bu təklifini qəbul etmədiyini bildirməsi, həmçinin həmin mallara aid olduğunu bildirdiyi video görüntü və buna dair aktın müdafiə tərəfindən məhkəməyə sübut qismində təqdim edilməsi ilə əlaqələndirmişdir. Halbuki zərərçəkmiş şəxs Eren Hüseyn sözügedən video görüntüyə baxış keçirdiyini, qeydə alınmış video görüntülərdə olan malların ona dəymiş ziyanın həcmindən 50 dəfə az olduğunu bildirmiş, Məhkum qalan malların aqibəti və həmçinin satışından əldə olunmuş gəlir barədə hazıra qədər ona heç bir məlumat vermədiyini qeyd etmişdir. Qeyd edilən hallar özlüyündə Məhkum zərərçəkmiş şəxs Hüseyn Erenin əmlakını ələ keçirməyə istiqamətlənmiş dələduzluq niyyətinin əvvəlcədən formalaşdığını, sonuncunun etibarını qazanmaq üçün süni görüntü yaratdığını və ələ keçirdiyi malların bir qisminin sonuncuya göstərilməsinin zərərçəkən şəxsi aldatmaq və məsuliyyətdən yayınmaq üçün atılan addım olduğunu bir daha təsdiq edir. Beləliklə, dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmə tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in tələblərinin pozulduğu, nəticədə əsassız olaraq Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodunun ittihamdan xaric edildiyi, kassasiya şikayətində əlavə olaraq ittihamın birinci epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin düzgün hesablanmadığı iddia edilərək, apellyasiya instansiya məhkəməsinin mbahisələndirilən qərarın ləğv edilməsi barədə kassasiya tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində məhkum Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodunun xaric edilməsi məsələsi mübahisələndirildiyindən, məhkəmə kollegiyası ilk növbədə, kassasiya müraciətlərinin həmin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə onun əməlində cinayət tərkibinin olması və təqsirliliyinin sübuta yetirilməsinə dair kassasiya şikayətinin və protestinin dəlillərini əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum qarşı CM-in 178.4-cü maddəsi ilə ittiham irəli sürmüş və bu zaman onun təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışlıq münasibətlərində olduğu Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya özünü geniş biznes əlaqələrinə malik və böyük həcmli ticarət dövriyyəsi olan güvənli şəxs kimi tanıdıb guya alışına kütləvi təlabat olan Rusiya Federasiyasının Dağıstan Respublikasında çoxsaylı başmaqların yüksək qiymətə topdan satışını təşkil edib dəyərini qısa müddət ərzində tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin yaz aylarında vahid niyyətlə əhatə olunmuş qəsdlə bir neçə dəfə olmaqla, sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi ünvanında olan “Binə” Ticarət Mərkəzində yerləşən icarə əsasında başmaqların satışı ilə məşğul olduğu mağazasında Eren Hüseynə məxsus və sonuncu tərəfindən göndərilmiş ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.339.741 manat təşkil edən 788.083 ABŞ dolları dəyərində müxtəlif növ başmaq mallarını alaraq ələ keçirib sonradan sataraq Zərərçəkmiş şəxs heç bir ödəniş etməyib əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 1.339.741 manat məbləğində, xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittihamın birinci epizodu ilə razılaraq onu CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilsə də, ittihamın ikinci epizodu üzrə onun əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlmiş və Məhkum verilmiş ittihamdan həmin epizodu xaric etmiş, ittihamın birinci epizodunun isə tədqiq edilmiş sübutlarla təsdiq olunması qənaətinə gələrək onun əməlini CM-in 178.3.2-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protestinə əsasən baxıb birinci instansiya məhkəməsinin sübutların qiymətləndirməsi və ittihamın birinci epizodu üzrə Məhkum təqsirinin sübuta yetirilməsi, ikinci epizodu üzrə isə əməlində cinayət tərkibinin olmaması barədə gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinin və protestinin (kassasiya şikayətinin və protestinin dəlilləri ilə eyni olan) dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum Məhkum ittihamın ikinci epizodu üzrə təqsirli bilinməsi üçün qanunla nəzərdə tutulmuş qaydada maddi və prosessual əsaslar müəyyən edilmir. Öyrənilmiş cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətində və protestində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, məhkəmənin tədqiq olunmuş sübutlara əsasən müəyyən etdiyi hallar gerçəkdən də Məhkum CM-in 178.4-cü maddəsi təqsirli olmasını istisna etməklə, ona qarşı irəli sürülmüş ittihamın ikinci epizodunun ittihamdan xaric edilməsini labüd etmişdir. Apellyasiya instansiya məhkəməsinin hökmündə irəli sürülmüş ittihamın ikinci epizodu üzrə Məhkum əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar kifayət qədər geniş şərhlər verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, kassasiya şikayətinin və protestinin dəlilləri ilə əlaqədar bəzi məqamların qeyd edilməsi qənaətindədir. Cinayət işinin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından, o cümlədən, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan sonuncular arasında uzun müddət davam edən ticarət münasibətlərinin olduğu, Məhkum Türkiyə Respublikasının vətəndaşı Hüseyn Erendən ümumilikdə 19 milyon manat dəyərində başmaq malları aldığı, Məhkum həmin başmaqları Bakı şəhərində “Binə Ticarət Mərkəzi”ndə yerləşən mağazasında satdığı, sonuncunun malları əvvəllər nağd formada aldığı, zərər çəkmiş şəxslə aralarında etibarlı ticarət münasibətləri qurulduqdan sonra sonuncunun Məhkum nisyə mal göndərdiyi, təqsirləndirilən şəxsin malların satışından əldə etdiyi pulla zərər çəkmiş şəxs Hüseyn Erene olan borcunu vaxtaşırı ödədiyi, beləliklə, tərəflər arasında uzunmüddətli və etibarlı kommersiya münasibətlərinin mövcud olduğu müəyyən olunur. Kassasiya müraciətlərində, eləcə də Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodunda onun “2018-ci ilin” yazından başlayaraq zərərçəkmiş şəxsdən ümumi dəyəri 1.339.741 manat məbləğində nisyə mal aldığı və göndərilmiş malın satışından zərərçəkmiş şəxsə heç bir ödəniş aparılmadığı iddia edilsə də, əvvəla iş materiallarında olan zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən görünür ki, o, “2019-cu ilin” yaz aylarında Məhkum ittihamda göstərilən məbləğdə malları nisyə olaraq göndərdiyini bildirmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs ifadələrində göndərilən malların dəyərindən 30000 ABŞ dolları məbləğində vəsatətin Məhkum tərəfindən hissə-hissə ona ödənildiyini bildirmişdir. Məhkum isə ifadələrində zərərçəkmiş şəxslə aralarında uzun müddət ticarət əlaqələrinin olduğunu, zərərçəkmiş şəxs tərəfindən ona sonuncu dəfə malların 2015-ci ilədək göndərildiyini, göndərilən malların dəyərinin isə ittihamda göstərilən dəyərdə olmadığını bildirmişdir. Bundan başqa, Məhkum məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin malların halhazırda Dağıstanda olan müştərisi “Kalimat” adlı şəxsin icarəyə götürdüyü “Abdul” adlı şəxsə məxsus anbarlarda qalmaqda olduğunu, əvvəllər həmin malları ucuz qiymətə satıb borcunu qaytarmağı Hüseyn Erene təklif etdiyi, lakin sonuncunun onun bu təklifini qəbul etmədiyini bildirmiş, həmçinin həmin mallara aid olduğunu bildirdiyi videogörüntü və buna dair akt müdafiə tərəfindən məhkəməyə sübut qismində təqdim edilmişdir. Eren Hüseyn məhkəmənin sualına cavab olaraq sözügedən videogörüntüyə baxış keçirdiyini, qeydə alınmış videogörüntülərdə olan malların bir qisminin həqiqətən də, ona məxsus mallar olduğunu bildirmişdir (baxmayaraq ki, kassasiya şikayətində videogörüntüdə olan malların zərərçəkmiş şəxsə məxsus olmadığı iddia edilmişdir). Məhkəmə hesab etmişdir ki, zərər çəkmiş Hüseyn Erene məxsus malların hətta bir qisminin belə Dağıstanda yerləşən anbarda saxlanılması, təqsirləndirilən şəxs Məhkum həmin malları ucuz qiymətə satıb zərər çəkmiş şəxsə olan borcunu ödəmək barədə Hüseyn Erene təklifi onun zərərçəkmiş şəxsi aldadıb əmlakını ələ keçirmək niyyətinin olmadığını təsdiq edən hallardır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu maddəyə görə aldatmadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Əvvəla qeyd edilməlidir ki, cinayət işinin materiallarından olan hər hansı bir mötəbər dəlil ilə zərərçəkmiş şəxsin 2018-ci ilin yaz aylarından etibarən məhkum Məhkum 1.339.741 manat dəyərində başmaq mallarını göndərməsi müəyyən olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş ##.##.2018-ci il tarixli Məhkum tərəfindən icra edilmiş əlyazmada sonuncunun zərər çəkmiş şəxsə borclu olduğu məbləğ 550.000 ABŞ dolları kimi göstərilsə də, Məhkum ifadəsi və həmin ifadə ilə uzlaşan şahidlərin, o cümlədən şahid şahid4 ifadəsinə əsasən, məhkəmələr sözügedən əlyazmanın Məhkum həqiqi iradəsini əks etdirməsinə şübhə ilə yanaşmışlar. Digər tərəfdən, məhkəmələr tərəfindən zərərçəkmiş şəxsdən nisyə aldığı başmaq mallarının pulunun zərər çəkmiş şəxsə ödənilməməsi ilə bağlı Məhkum əməlində dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə, məhkəmədə araşdırılmış sübutlar əsasında tərəflər arasında uzun müddət ərzində böyük həcmli (19 milyon manat dəyərində) ticarət dövriyyəsinin olduğu, Məhkum törətməkdə ittiham olduğu yuxarıda göstərilən əməldə dələduzluq cinayətinin zəruri tərkib elementlərinin mövcudluğunun inkar olunduğu, ona qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə sonuncunun niyyətinin zərərçəkmiş şəxsin etibarını qazanaraq və sonuncunu aldadaraq əmlakını ələ keçirmək olmadığı, onlar arasında məhz mülki münasibətlərin mövcud olduğu müəyyən edilmişdir. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına, ittihamın həmin hissəsinə yaranan ciddi şübhələrin təkzib edilməməsi fonunda apellyasiya məhkəməsi CM-in 178.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməsi barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi isə Məhkum ifadəsini, eləcə də həmin ifadə ilə uzlaşan məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları üzərində qurulmuş nəticələri təkzib edə, mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən ittihamın ikinci epizodu üzrə təqsirli bilmək üçün kifayət etməməsi, onun həmin epizod üzrə təqsirli bilinməsi üçün əsasların müəyyən edilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Məhkum qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə mənzilin ələ keçirilməsi ilə bağlı başlanmış cinayət əməlinin həmin mənzilin X4 adına keçirildiyi ##.##.2020-ci il tarixdə başa çatdığı, bu səbəbdən cinayət məsuliyyətinə cəlb etmə müddətinin həmin tarixdən hesablanmalı olması ilə bağlı zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması ilə bağlı kassasiya şikayətində göstərilən bu yanaşma uzanan cinayətlərə aid ola bilər. Çünki, uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Hüquqi cəhətdən cinayətin başa çatmış hesab edilməsi üçün təqsirli şəxsin əməlində CM ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib əlamətlərinin olması kifayətdir. Lakin uzanan cinayət faktiki cəhətdən CM ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ######## tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Dələduzluq cinayət əməli isə uzanan cinayət deyil. Belə ki, dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## #### tarixli * saylı qərarının 4-cü bəndində də qeyd olunur ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Hazırki cinayət işinə münasibətdə qeyd edilməlidir ki, Məhkum ##.##.2013-cü il tarixdə “xxxx” MTK-nın ünvan 2 “D” ünvanında yerləşən ofisində mənzili öz adına sənədləşdirməklə ələ keçirdiyi, yəni həmin əmlaka dair sərəncam vermək hüququnun yarandığı, dolayısıyla cinayətin həmin andan başa çatmış hesab edildiyi müəyyən olunur. Ələ keçirilmiş mənzilin sonradan başqa bir şəxsə satılmasının cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanmasına hər hansı təsiri yoxdur. Həmçinin, Məhkum qarşı irəli sürülmüş ittihamda da onun cinayətin predmeti olan mənzili ##.##.2013-cü il tarixdə ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi qeyd edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum mənzili ələ keçirdiyi andan dələduzluq cinayəti başa çatmış olduğundan, həmin cinayətə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətini mənzilin ələ keçirildiyi vaxtdan hesablamaqla, həmin vaxtdan hökmün çıxarılması anınadək CM-in 75.1.3-cü maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddətinin (12 il) keçməsini nəzərə alan apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin epizod üzrə Məhkum təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə cəza təyin etməmiş, bu hissədə maddi və prosessual hüquq normalarının tətbiqində hər hansı səhvə yol verilməmişdir. Qeyd olunanlar kassasiya şikayətinə və protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən olunmadığını, həmin əsaslarla apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin və protestinin təmin edilməməsinə dair Məhkum, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il # ###### tarixli hökmü verilmiş kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli hökmü verilmiş kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar